Məhkəmə qərarları › İş №2(103)-2927/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2927/2022

22.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2927/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 oğunun iştirakı ilə, İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(001)-5297/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 12 mart 2021-ci il tarixli təsis payının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» müqaviləsi 12 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış «Təsis payının alqı-satqı» müqaviləsinin şərtlərinə əsasən - Cavabdeh1 satıcı qismində, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 24.05.2019-cu il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51800, VÖEN-********** «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının 50 manat nizamnamə kapitalındakı payı 50 pay, nizamnamə kapitalındakı faizi 50% olan paydan 40 manat məbləği, 40%-i alıcı Cavabdeh2 mülkiyyətinə verir, sonuncu isə payı qəbul edir və bu razılaşmanın müqavilində razılaşdırılmış 40 manat məbləği satıcıya ödəyir. Notarius ofisində sənədlərin monitorinqi aparılmaqla, iş qovluqlarında olan sənədlərin cildlənməsi və siyahıların tərtibatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmaqla yüklü edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs qoyulmuşdur. Deməli, Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 50 payı üzərinə həbs olduğundan, yəni həmin pay yüklü olduğuna görə həmin payın özgəninkiləşdirilməsi müqaviləsi maddi hüquq normasının tələbinə müvafiq aparılmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, cavabdehlər arasında bağlanmış 12 mart 2021-ci il tarixli «Təsis payının alqı-satqı» müqaviləsi məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Odur ki, hazırkı halda, qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(001)-5297/2021 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, müqavilə üzrə alıcının satıcıya cəmi 40 manat ödəməklə, əslində 700-800 min manat dəyərində olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin notariat qaydada təsdiqlənməsinə nail olması, həmin əqdin açıq-aşkar yalan əqd olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 12 mart 2021-ci il tarixli «Təsis payının alqı-satqı» müqaviləsindən görünür ki, həmin alqı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 12.12.2018-ci il tarixli arayışdan görünür ki, "X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə İdarədə olan reyestrdə heç bir məlumat yoxdur. İşdə olan X2 və X3 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar "X6 TƏSƏRRÜFATİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Dövlət qeydiyyat nömrəsi (VOEN) **********) nizamnamə kapitalında Cavabdeh1 məxsus olan 50 payın satılmasına etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 54 sayli notariat ofisi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış 12 mart 2021-ci il tarixli «Təsis payının alqısatqı» müqaviləsi Notarius ofisində təsdiq edilərkən, «Elektron notariat» informasiya sistemində «Qara inək X1 Məsuliyyətli Cəmiyyətinin adına Dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak barədə, eləcə də Cavabdeh1 MMC-nin nizamnamə kapitalındakı 50 payı üzərində məhkəmə qərardadı əsasında həbsin olması barədə məlumat aşkar edilməmişdir. Birinci isntansiya iddianın əsassız olması nəticəsinə gələrkən – iddiaçının əqdi mübahisələndirməkdə müvafiq subyektiv hüquqa malik olmamasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni mübahisə predmeti olan əqdin mübahisələndirilməsi üçün tələb hüququnun mövcudluğu; 2) Əgər müvafiq sübyektiv hüquq mövcuddursa, cavabdehlərin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, iddiaçının mübahisələndirdiyi 12 mart 2021-ci il tarixli əqdə əsasən - Cavabdeh1 «X6 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətində olan payın bir hissəsini alıcı Cavabdeh2 mülkiyyətinə vermiş, sonuncu isə payı qəbul edərək dəyərini ödəmiş, iddiaçı isə Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu kimi həmin əqdi təsdiq etmişdir. “Notariat haqqında” Qanunun 26-cı maddəsinə əsasən xüsusi notarius bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. Həmin Qanunun 17-ci maddəsinə əsasən notarius həmçinin əqdləri təsdiq edir. Həmin Qanunun 45-ci maddəsinə əsasən Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Hazırda iddiaçı xüsusi notarius olaraq özünün təsdiq etdiyi əqdi mübahisələndirmiş, əqdin yalan, uyğurma əqd olmasını (digər şəxslər arasında borc münasibətlərinin olması və s.), sonradan payın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmasının məlum olmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmlaka dair hər hansı hüququ olmadığından, təsis payına dair bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildir. Əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin iddiaçı təsis payının alqı-satqısından ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarını hansı formada pozulmasını sübuta yetirə bilməmişdir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Azərbaycan Respublikasının qanunvericiliyi isə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Əgər qanunda iddiaçının ərizəsində göstərdiyi iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının müqavilə bağlanan vaxt təsis payının üzərində həbsin olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, məhz iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, müqavilə təsdiq olunan zaman elektron portalda həmin təsis payının üzərində heç bir həbs mövcud olmamışdır. Ona görə də notariat ofisi həmin vaxt o, müqaviləni təsdiq etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, müqavilə tərəfləri əqdi mübahisələndirməkdə müvafiq tələb (subyektiv) hüququna malikdirlər. Eyni zamanda, əqdi onun bağlanması nəticəsində hüquq və vəzifələrinə toxunan digər şəxslər də mübahisələndirmək hüququna malikdir (məsələn, ər-arvadın ümumi birgə əmlakı üzərində digər tərəfin razılığı olmadan sərəncam hüququnun həyata keçirilməsi və s.). Lakin, bu hüquq hazırki vəziyyətdə əqdi təqdim etmiş notariusa (iddiaçıya) münasibətdə mümkün sayıl bilməz. İddiaçı əqdin başqalarının hüquqlarına toxunmasına istinad etməklə də hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. MPM başqalarının əvəzinə (onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi ilə bağlı) iddia qaldırmaq imkanını tanısa da, iddiaçı hazırki vəziyyətdə həmin kateqoriya şəxslər qrupuna daxil deyildir. MPM-in 5.1 və 5.2-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. MPM-in 49.3 və 49.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin digər şəxslərin borcla bağlı münasibətləri üzrə dəlillərini də araşdırmağı zəruri hesab etmir. Həmçinin, əqdin bağlanması nəticəsində maraqlarına toxunan şəxslərin icraata cəlb edilməməsi barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Hər bir halda maraqlı şəxslərin müstəqil qaydada əqdi mübahisələnlirmək hüquqları istisna olunmur. Bununla yanaşı, iddiaçının digər dəlili, yəni əqdin bağlanması zamanı müvafiq verginin düzgün ödənilməməsi barədə dəlilləri də əqdin etibarsızlığı ilə bağlı hazırki iddianı qaldırmaqda tələb hüququnu ehtiva edə bilməz. İddiaçı həmçinin “Notariat haqqında” Qanunun 11-ci maddəsinə istinad etmişdir. Qeyd edilən normaya əsasən - notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qanun norması notariusun məsuliyyətini müəyyən etməklə, özlüyündə onun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurduğu halı ehtiva edir. Bu hal da hazırki vəziyyətdə notaiusa özünün təsdiq etdiyi əqdi mübahisələndirmək istiqamətində tələb hüququnu müəyyən etmir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə müvafiq subyektiv (tələb) hüquqlara malik deyildir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbini əsaslandırmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı xüsusi notarius İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(001)-5297/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(001)- 5297/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar