Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2933/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi və Abşeron Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “hərracın nəticələri barədə protokolun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, X3 iaşə və digər tikinti məqsədilə 0,24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2001-ci il tarixli, dövlət aktı qeydiyyat kitabında qeyd edilmiş 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının, sözügedən torpaq sahəsi ilə bağlı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş “Vərəsəlik hüququ haqqında şəhadətnamənin”, 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində xx.xx.2012-ci il tarixdə edilmiş qeydiyyat əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* nömrəli “Reyestrindən çıxarışın” etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi (keçmiş H.Hacıyev), Məmmədəli Məmmədəliyev küçəsi, 86 saylı ünvanda yerləşən keçmiş “Azərsutikinti” X2 Birliyinin 7 saylı kafesi, ümumi sahəsi 214,7 kv.m olan özəlləşdirilən obyekt və yerləşdiyi 252,0 kv.m olan torpaq sahəsini Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci il tarixli, 08/01 saylı hərrac yolu ilə 17.500 manata almışdır. “Alğı-satqı müqaviləsini” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim edib adına “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2018-ci il tarixdə “Çıxarış” almışdır. Lakin qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin obyektə sahib ola və ondan istifadə edə bilmir. Belə ki, Cavabdeh1 qeyri-yaşayış sahəsini zəbt edərək iddiaçını ora buraxmır. Həmin torpaq sahəsinə dair sənədlərinin olduğunu bildirir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsinə çıxarışı vardır. Həmin torpaq sahəsi ona atasından vərəsəliklə qalmışdır. Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0,24 hektar torpaq sahəsi X3 ayrılmışdır. Həmin qərar əsasında ona torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonra isə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 həmin torpaq sahəsini öz adına sənədləşdirərək çıxarış almışdır. İddiaçı, mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
3. Cavabdeh1 də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə ilk iddia üzrə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, 126526 nömrəli “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Məmmədli kəndindəki 0,24 ha torpaq sahəsi Məmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə Cavabdeh1 atası Nahid Əliyevə ayrılmışdır. Həmin qərar əsasında Nahid Əliyevə torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Nahid Əliyev vəfat etdikdən sonra torpaq sahəsi vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. Daha sonra Cavabdeh1 məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin 252 kv.m olan hissəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən iddiaçının mülkiyyətinə verilmiş və “Daşınmaz əmlakın dövlət reyestrindən” sonuncunun adına xx.xx.2018-ci il tarixli “Çıxarış” verilmişdir. Torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, bir hissəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə hərrac vasitəsilə cavabdehə satılması onun məlumatı və razılığı olmadan həyata keçirildiyi üçün etibarsızdır. Cavabdeh1 mülkiyyət hüquqları pozulmuşdur. b) tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iclaslarda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
5. İş üzrə iddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etmiş, ilk iddianın məzmuna uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşdüyü, Cavabdeh1 adına qeydiyyata alınmış 0,24 ha torpaq sahəsinin Kürdəxanı qəsəbəsində yerləşdiyi müəyyən edilmişdir. Onun (iddiaçının) iddiası əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1820/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarı ilə (cavabdehin atası) Nahid Əliyevə ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsinin həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmadığı, başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə etdiyi müəyyən edilmiş və Məhəmmədi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmişdir.
6. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddiaya etiraz etmiş, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Məhəmmədi bələdiyyəsi tərəfindən başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilməsi əsası Cavabdeh1 vərəsəlik hüququ əsasında torpaq üzərində mövcud olan hüquqlarını tamamilə aradan qaldırmır.
7. Digər cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə işə baxmış Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmiş, iddia tələblərinə dair etiraz və mülahizələrini Rayon Məhkəməsinə təqdim etməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə ilk iddia üzrə icraata qismən, yəni Nahid Əliyevə iaşə və digər tikinti məqsədilə 0,24 hektar torpaq sahəsinin ayrılmasına dair Məmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının və dövlət aktı qeydiyyat kitabında 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilərək ləğv edilməsi barədə hissədə xitam vermişdir.
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə ilk iddia tələbinin qismən təmin edilməsini, Məhəmmədi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı əsasında Nahid Əliyevə verilmiş Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0,24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamənin”, həmin Şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş “Çıxarışın” ilk iddia üzrə iddiaçıya məxsus olan 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsini, ilk iddia tələbinin qalan hissəsinin, qarşılıqlı iddianın isə tam rədd edilməsini qət etmişdir.
10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının (hazırkı iş üzrə tərəf olmayan) Məhəmmədli bələdiyyəsinə qarşı (üçüncü şəxs (hazırkı iş üzrə qarşılıqlı iddiaçı) Cavabdeh1) “qərarın ləğv edilməsi tələbi barədə” iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Məhəmmədi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti və eləcə də apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Hazırki vəziyyətdə məhkəmə tərəfindən gəlinən nəticə ondan ibarətdir ki, Məhəmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarı ilə Nahid Əliyevə, ayrılmış torpaq sahəsinin 252 kv.m hissəsi nəinki həmin bələdiyyənin ehtiyat fonduna və ərazisinə aid olmayan, hətta başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilmiş ərazini əhatə edir. Həmin Bələdiyyənin xx.xx.2001ci il tarixli, 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi özü-özlüyündə ilk iddia tələbi üzrə iddiaçının iddiasını hüquqi mövqedən əsaslı etməklə Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2012-ci il tarixli, “Daşınmaz əmlakın dövlət reyestrində” 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın məhz torpaq sahəsinin 252 kv.m hissəsinə münasibətdə etibarsızlığına əsas yaradır. İlk iddia tələbinin təmin edilməsi, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bələdiyyənin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarının “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qarşılıqlı iddia tələbinin özlüyündə əsassız hesab edilməsinə hüquqi əsas yaratdığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
11. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin qismən təmin olunması və qarşılıqlı iddia tələbinin təmin olunmaması hissələrində ləğv edilməsi və ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə görə təşkilatçı hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etməli olduğu halda bunu etməmişdir. Halbuki Cavabdeh1 hərrac predmetinin satın alınmasında üstünlük hüququna malik idi. Belə ki, Cavabdeh1 hərrac predmeti olan torpaq sahəsinin uzun müddətdir ki, istifadəçisidir. Belə olan halda məhkəmə bələdiyyə torpaqlarının mülkiyyətə verilməsini tənzimləyən "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini hazırkı mübahisəyə tətbiq etməli və dövlət torpağı olan hazırkı hərrac predmetinin mülkiyyətə verilməsini zamanı Cavabdeh1 satınalmada üstünlük hüququnu nəzərə almalı idi. e) iş üzrə qəbul edilmiş məhkəmə aktları
13. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad (iş № 2(103)- 4728/2022) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” hissəsində və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməsini və həmin hissələrdə iş üzrə icraata xitam verilməsini qərara almışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qalan hissəsinin təmin edilməməsini, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qalan hissədə ilk iddia üzrə “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
15. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qərardaddan və qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayətləri vermişdir.
16. Qətnamədən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar (iş № 2(102)-645/2025) ilə özünün xx.xx.2025-ci il tarixli “qətnamədən verilmiş kassasiya şikayətinin icraata qəbulu barədə” qərardadını ləğv edərək, qətnamədən verilmiş kassasiya şikayətin baxışdan çıxarmışdır.
17. Qətnamədən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar (iş № 2(102)-645/2025) ilə qərardaddan verilmiş kassasiya şikayətinin təmin edilməsini, BAM-n xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, ilkin iddianın xitam verilməsi barədə hissəsinə və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. f) apellyasiya baxışının hədləri barədə məlumat
18. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, hazırkı apellyasiya baxışının predmeti çərçivəsində Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız ilk iddianın “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və qarşılıqlı iddianın “hərracın nəticələri barədə protokolun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” hissələrində yoxlanılmışdır. g) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
19. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
20. İlk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Araz Husiyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi.
21. İş üzrə digər cavabdehlərin nümayəndələri və apellyator olan qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh1 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
22. Məhkəmə, qeyd edilən halların işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
23. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, ilk iddianın “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” hissəsinə qiymət verən Məhkəmə hesab edir ki, həmin tələb əsaslıdır.
25. Çünki daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına sözügedən qeydiyyat Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparılmışdır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
27. Həmin Qanunun 8 və 8.0.3-cü maddələrinin mənasına görə, vərəsəlik hüququ haqqında şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi çıxış edir.
28. İlk iddia üzrə iddiaçı müzakirə edilən tələbini onunla əsaslandırmışdır ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız olduğu üçün onun hüquqi nəticəsi kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış da etibarsız hesab edilməlidir.
29. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbindən irəli gəlməklə həmin tələbin həllindən asılıdır.
31. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini qət etmişdir. Qətnamənin həmin hissəsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə qüvvəyə minmişdir.
32. Beləliklə Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edildiyini müəyyən edən Məhkəmə bununla bağlı əlavə araşdırma aparmağa zərurət görməyərək belə qənaətə gəlir ki, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.
33. Məhkəmə qarşılıqlı iddianın “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı tələbə qiymət verərək bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin tələbin rədd edilməsi hissəsində əsaslıdır.
34. Belə ki, ilk iddia üzrə Cavabdeh1 bildirir ki, Abşeron rayonu, Məmmədli kəndində 0,24 ha torpaq sahəsi Məmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə cavabdeh onun atası Nahid Əliyevə ayrılmışdır. Həmin qərar əsasında Nahid Əliyevə torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Nahid Əliyev vəfat etdikdən sonra torpaq sahəsi vərəsəlik şəhadətnaməsi əsasında onun mülkiyyətinə keçmişdir. Daha sonra ona məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin 252 kv.m olan hissəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokoluna əsasən ilk iddia üzrə iddiaçının mülkiyyətinə verilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Torpaq sahəsinin onun (Cavabdeh1) mülkiyyətində olmasına baxmayaraq, bir hissəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi ilə birlikdə hərrac vasitəsilə iddiaçıya satılması onun məlumatı və razılığı olmadan həyata keçirildiyi üçün etibarsızdır. Onun mülkiyyət hüquqları pozulmuşdur.
35. Müzakirə edilən tələbin qanuni əsasını Mülki Məcəllənin 416.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
36. Qeyd edilən normanın dispozitiv şərtlərini nəzərə alan Məhkəmə hesab edir ki, hərracın keçirilmə qaydalarının pozulub-pozulmaması halının işdə olan sübutlar əsasında araşdırılmasından öncə, Cavabdeh1 hazırkı tələbi irəli sürmək hüququ olan maraqlı şəxs kateqoriyasına aid olub-olmadığı yoxlanılmalıdır. Çünki prosessual qənaət prinsipinə uyğun olaraq cavabdehin maraqlı şəxs kimi hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmadığı müəyyən ediləcəyi halda, onun tələbi əsasında hərracın keçirilmə qaydalarına riayət edilməsinin yoxlanması zərurəti də aradan qalxmış olacaqdır.
37. Məhkəmə qeyd edir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətlərə malik olur. Həmin səbəblərin müxtəlifliyi etibarsızlığın da fərqli növlərini meydana gətirir. Etibarsızlığın belə növlərindən biri də sırf məhkəmə qərarı ilə etibarsız sayılan əqdlərdir. Həmin əqdlər özlüyündə etibarsız deyil və bir tərəfin digər tərəf qarşısında əqdi mübahisə etməsi ilə də etibarsız hala gəlmir. Belə əqdlərin bağlanması bilavasitə dövlət orqanlarının iştirakı ilə həyata keçirilməklə, həmin orqanlara etimad prinsipi tərəflərdə əqdin etibarlılığına inam yaratdığı üçün etibarsızlıq halını təsdiq edən məhkəmə qərarı olana kimi etibarlılıq prezumpsiyası qüvvədə olur. Belə hallarda iddiaçı məcburi hüquq qaydalarının pozulması nəticəsində mülkiyyət hüquqlarının müdafiəsini tələb etmək üçün məhkəməyə müraciət etmək hüququna malik olur. Qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın etibarsızlığı da məhz etibarsızlığın belə növlərindən biridir.
38. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Mülki Məcəllənin 416.1-ci maddəsindən göründüyü kimi qanunverici “maraqlı şəxs” ifadəsindən istifadə etmişdir. Hərracın nəticələrinin şəxsin hər hansı marağına toxunması halı ona hərracın etibarsız hesab edilməsini tələb etməyə hüquqi ixtiyar vermiş olur. Bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. İş materiallarından görünür ki, Məmmədli bələdiyyəsi tərəfindən verilmiş JN- 0580 saylı, Kod 30800108 nömrəli Dövlət aktından görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0,24 hektar torpaq sahəsi Cavabdeh1 atası Nahid Əliyevə verilmişdir.
41. Bakı Şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Nahid Əliyevdən miras qalmış əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli 3460 nömrəli arayışına və “Torpağa Mülkiyyət Hüququna dair” JN 0580 nömrəli 30800108 kod, dövlət aktı qeydiyyat kitabında 5845 nömrə ilə qeydiyyata alınmış xx.xx.2001-ci il tarixdə verilmiş dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən 0,24 hektar torpaq sahəsindən ibarətdir.
42. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı, 30,06.2012-ci il tarixli “Çıxarışdan” görünür ki, Məmmədli kəndində 0,24 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.
43. İşdə olan və 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Məhəmmədli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarının “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilməsi qərara alınmışdır.
44. Həmin qərara yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və bu səbəbdən də, qanuni qüvvəsini almışdır.
45. Göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı ilə Məhəmmədi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 nömrəli qərarı “İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi” hissəsində ləğv edilmişdir.
46. Məhəmmədi bələdiyyəsi tərəfindən başqa bələdiyyə ərazisində olan dövlət torpağı kimi xüsusi mülkiyyətə verilməsi əsasının Cavabdeh1 vərəsəlik hüququ əsasında torpaq üzərində mövcud olan hüquqlarını tamamilə aradan qaldırmaması ilə bağlı cavabdeh tərəfin dəlili də əsassızdır. Belə ki, vərəsəlik hüququ mülkiyyət hüququnun davamı kimi çıxış edir.
47. Həmçinin artıq yuxarıda qeyd edildiyi kimi 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir.
48. Göründüyü kimi Cavabdeh1 İddiaçıla mübahisəli olan əmlakın üzərində hər hansı hüququnun olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinin satılması ilə bağlı hərracın keçirilməsi yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmadığını, buna dair bildirişin onlara ümumiyyətlə təqdim edilmədiyini, bu səbəbdən də hərracın keçirilməsindən məlumatı olmadığını, keçirilmiş hərracda iştirak edə bilmədiyini əsas gətirərək Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. i) apellyasiya baxışının nəticəsi
49. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmetində qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
51. Məhkəmə həmçinin bildirir ki, ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanıldığından ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə digər şəxslər isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
52. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni ilkin iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi, “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh1 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.