Məhkəmə qərarları › İş №2(103)-2940/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2940/2024

03.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2940/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qızına qarşı iş üzrə Açar sözlər: ("qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Vəkil3 və Cavabdeh nümayəndəsi Vəkil4 iştirakları ilə, iddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı "qeyriyaşayış sahəsinin sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-222/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin (kafenin) cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-222/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 dövlət rüsumunun və "X8” MMC-nin bank hesabına ödənilmiş 400 manat ekspertiza xərcinin Cavabdeh iddiaçı "Zirvə- A” Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir : - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 36 ünvanında yerləşən, sahəsi 36,50 kv.m olan 9 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir; - Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamına əsasən: 1. "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin 10 aprel 2014-cü il tarixli 01 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilsin. 1.1. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "Zirvə-A” Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilsin. 2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək. 2.2. Sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək; - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli ayrıc aktına əsasən, "Zirvə-A” Mənzil-Tikinti Kooperativinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954cü məhəllədə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə cizgidə göstərilən sərhədlər daxilində 1.2509 hektar torpaq sahəsi verilmişdir; - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "Zirvə-A” Mənzil-Tikinti Kooperativi 22 fevral 2006-cı il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********06 nömrəli 10 yanvar 2022-ci il tarixli məktuba əsasən, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 36, 9 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi haqqında məlumat (sənəd) arxiv qovluğunda aşkar edilməmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********48 nömrəli 05 oktyabr 2022-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərə əsasən, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 36, 6 otaqlı 9 saylı mənzil ilkin olaraq 06 sentyabr 1997-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 06 sentyabr 1997-ci il tarixli 3MA-572 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 3 otağı X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı DNK-nın 05 noyabr 1997-ci il tarixli 3MA-144 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 özünə məxsus 3 otağı X4 bağışlamışdır. Nərimanov Rayon İcra Hakimiyyətinin 114 nömrəli 12 mart 2003-cü il tarixli sərəncamına və 700 nömrəli 08 noyabr 2004-cü il tarixli sərəncamına əsasən A.V.Ələkbərovaya məxsus mənzilin yaşayış sahəsi 96,9 kv.m, köməkçi sahəsi 107,55 kv.m olmaqla 7 otaqlı hesab edilmişdir. Həmin sərəncamlara, eyni zamanda ailə üzvlərinin razılıq ərizələrinə və forma-2 arayışına əsasən 04 yanvar 2005-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 11 oktyabr 2008-ci il tarixli 2V-1-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 3 otaq (36,5 kv.m) X3 adına qeydiyyatdan keçmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 547 nömrəli 29 dekabr 2017-ci il tarixli sərəncamına əsasən 7 otaqlı olan mənzilin təyinatı dəyişdirilmiş və qeyri-yaşayış sahəsinə keçirilmişdir. 17 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 54 saylı DNK-da 8İ-6325 reyestr nömrəsi ilə təsdiqlənmiş bölgü sxeminə əsasən 3 otaqlı mənzil X5 və qeyriyaşayış sahəsi X4 bölünmüşdür. Bakı şəhəri 54 saylı DNK-nın 2V-49 reyestr nömrəli 10 oktyabr 2020- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-28 reyestr nömrəli 17 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X9 3 otaqlı (36,5 kv.m) mənzili Cavabdeh bağışlamışdır və 06 fevral 2020ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda da sonuncunun mülkiyyətindədir; - 04 noyabr 2021ci il tarixli yerli baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərir. Həmin evin qarşısında artırma vardır və sahəyə daxil olduqdan sonra evdən həyətə qapı açılır; - “X8” MMC-nin 295 nömrəli 17 dekabr 2021-ci il tarixli rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın “Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportu ekspertiza tədqiqatına təqdim olunmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün olmadı. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudları ilə toqquşduğu müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir; - Qeyd edilən ekspert rəyi məhkəmə iclasında həmin ekspertizanı həyata keçirmiş "X8” MMC-nin tikinti-texniki eksperti X7 iştirakı ilə tədqiq olunmuş və X12 məhkəməyə bildirmişdir ki, sxemin fotoşəkilindən də göründüyü kimi 1.2509 ha torpaq sahəsi sərəncam vasitəsi ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Cavabdehə faktiki sahəsi 169,18 kv.m təşkil edən Bakı şəhəri Nərimanov rayonu X.Şuşinski küçəsi 36 mənzil 9 məxsusdur. Həmin sahənin 129,46 kv.m sahəsi iddiaçı "Zirvə-A” Mənzil- Tikinti Kooperativinə məxsus olan qeyri-yaşayış sahəsinin hüdudları ilə toqquşur. Belə ki, qərardadda sual olaraq toqquşub-toqquşmaması qoyulduğundan o, toqquşur kimi qeyd etmək məcburiyyətində qalmışdır. O, toqquşur dedikdə, həmin hissənin "Zirvə-A” Mənzil- Tikinti Kooperativinin hüdudları daxilinə düşdüyünü nəzərdə tutmuşdur. Eyni zamanda, mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür; - Ekspertiza xərci 400 manat iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Mərkəzin bank hesabına ödənilmişdir; - "X8” MMC-nin 18 nömrəli 30 iyun 2022-ci il tarixli rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın faktiki (naturada) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyi, əmlakın "Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsi olduğu və tədqiq olunan əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən 132,68 kv.m artıq olduğu müəyyən edilir. Tədqiq olunan əmlakın ilkin vəziyyətini əks etdirən texniki pasportun tədqiq edilməsi mümkün olmadığına görə həmin əmlakın ilkin vəziyyəti ilə mövcud vəziyyətini müqayisə edib mübahisəli əmlakın sənəd üzrə 36,5 kv.m-dən artıq olan sahənin (tikililərin) əmlakın hansı hissəsində sonradan əlavə olaraq inşa olunmasını müəyyən etmək texniki baxımdan mümkün deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 fevral 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən, sənəd üzrə ümumi sahəsi 36,5 kv.m olan daşınmaz əmlakın və həmin əmlakın sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan 129,46 kv.m hissəsinin faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin (ayrıc aktı əsasında "Zirvə-A” Mənzil-Tikinti Kooperativinə verilmiş 1.2509 ha torpaq sahəsi şimaldan səki və M.Sənani küçəsi ilə, şərqdən elektrik yarımstansiyası, 9 mərtəbəli yaşayış binaları və Azadlıq prospekti ilə, cənubdan səki və N.Yusifbəyli küçəsi ilə, qərbdən isə səki, X.Şuşinski küçəsi və 7 mərtəbəli bina ilə həmsərhəddir) hüdudları ilə üst-üstə düşdüyü müəyyən edilir. Sənəd üzrə nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən, ümumi sahəsi 39,72 kv.m olan sahənin (həmin sahəyə 28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı daxildir) "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1.2509 hektar torpaq sahəsinin hüdudlarından (sərhədlərindən) kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir;

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının l3, 29, Mülki Məcəllənin 5.3, 14.2.1, 18, 139.1, 152, 157.8, 158.1, 158.4, 180.1, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 68, 111-ci, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadən) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(005)-222/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli həmin ekspert rəyində göstərilmişdir ki: 1) ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir; 2) Cavabdehin faktiki (naturada) istifadəsində olan əmlakın ("Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsi) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyini nəzərə alınaraq, tədqiq olunan əmlakın sənəd üzrə 36,5 kv.m sahədən 132,68 kv.m (169,18 - 36,5) artıq olduğu müəyyən edilir; 3) ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli çıxarışında göstərilən 36,5 m2 sahəsinə edilmiş artırmaların inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 №-li Qərarına əsasən AzDTN 1.6-2 "Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun deyil; 4) tədqiq olunan 9 saylı mənzil kimi qeydiyyata alınmış, hazırda isə vahid əmlak kimi daşınmaz obyekt olaraq təyinatı üzrə yeməkxana kimi fəaliyyət göstərən qeyri- yaşayış sahəsinin 129,46 kv.m olan hissəsi faktiki olaraq Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün, 14/243 nömrəli ayrıc aktı ilə MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, nəzərdə tutulmuş sahədən artıq olan və mübahisəli əmlaka bitişik vəziyyətdə yerləşən ümumi sahəsi 39,72 kv.m olan sahənin (28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı) MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşdüyü müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat məbləğində müəyyən edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 373/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1477/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxşına qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.2.1, 18, 139.1, 152, 157.8, 158.1, 158.4, 180.1, 180.3, 180.4; Torpaq Məcəlləsinin 68, 111; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, MTK tələbinin əsası kimi cavabdehin mülkiyyətində olan mənzilin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsinə, cavabdehin həmin mənzilə bitişik qanunsuz tikili inşa etməsinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarına görə ünvan 5 ünvanında yerləşən 9 nömrəli mənzil cavabdehin xüsusi mülkiyyətindədir, mənzilin ümumi sahəsi 36,50 m2, faktiki-naturada isə 169,18 m2-dir. Qeyd olunan daşınmaz əmlakın 132,68 m2 hissəsində cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan tikili inşa edilmiş və yeməkxana kimi fəaliyyət göstərir. Ekspert rəyinə əsasən cavabdehin mülkiyyətində olan mənzil Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 saylı ayrıc aktı ilə MTK-ya verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilindədir, cavabdehin faktiki (naturada) istifadəsində olan əmlakın ("Tut Ağacı” adı altında yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi) ümumi sahəsinin 169,18 kv.m təşkil etdiyini nəzərə alınarsa, tədqiq olunan əmlak sənəd üzrə 36,5 kv.m sahədən 132,68 kv.m (169,18 - 36,5) artıqdır. Hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq təyinatı üzrə yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 129,46 kv.m olan hissəsi faktiki olaraq MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdehin mənzilinə bitişik vəziyyətdə yerləşən ümumi sahəsi 39,72 kv.m olan sahə (28,89 kv.m-lik həyət, həyətin daxilindəki 9,03 kv.m-lik mətbəx və 1,80 kv.m-lik sanitar qovşağı) MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənar, faktiki olaraq M.Sənani küçəsi tərəfdə, piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun (səki) üzərinə düşür.Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, hazırda vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin 92,96 kv.m olan hissəsi MTK- nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 92,96 kv.m olan hissə cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edildiyi üçün qanunsuz tikilidir. Qanunsuz tikili olduğu üçün həmin sahəyə dair cavabdehin məqbul və "qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Cavabdehin həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır. Məhkəmələr iddianı göstərilən əsasla təmin edərkən düzgün nəticəyə gəlməmişlər. İşin ekspert rəyinə əsasən müəyyən edilən hallarından görünür ki, MTK-nın istifadəsinə verilmiş 1,2509 ha torpaq sahəsinin hüdudları daxilində olan 92,96 kv.m olan tikili cavabdehin mülkiyyətində olan mənzilə bitişik olmaqla vahid əmlak kimi daşınmaz obyekt olaraq yeməkxana kimi fəaliyyət göstərir.Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Yaşayış binalarının layihələndirilməsi haqqında” 166 nömrəli 15 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "Zirvə-A” Mənzil- Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir. Sərəncamın 2.2-ci bəndinə görə isə MTK sahəni yerində qəbul etməlidir. Göründüyü kimi, iddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 166 nömrəli 15 aprel 2014cü il tarixli sərəncamına görə MTK sahəni yerində qəbul etməlidir. Bu baxımdan, 14/243 saylı ayrıc aktı ilə MTK-ya ayrılmış 1,2509 ha torpaq sahəsinin MTK tərəfindən hansı vəziyyətdə qəbul edilməsi, mübahisədə adı keçən özbaşına tikilinin torpaq sahəsinin qəbul edilmə anında mövcud olub-olmaması, mövcud olduğu halda iddiaçının həmin ərazini özbaşına tikili ilə qəbul edib-etməməsi, yaxud həmin tikilinin cavabdeh tərəfindən sonradan, yəni torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edildiyi vaxtdan sonra inşa edilməsi halları işdən görünmür. Bundan əlavə, cavabdehin tikilidən nə vaxtdan istifadə etməsi, tikilinin kommunal xidmətlərlə təchiz edilib-edilməməsi, həmin tikilinin sökülməsi ilə bağlı müvafiq dövlət və ya bələdiyyə orqanının hər hansı təşəbbüsünün olub-olmaması müəyyən edilməyib. Nəzərə alınsa ki, Sərəncamın 1.1ci bəndinə görə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilməlidir, qeyd edilən hallar müəyyən edilmədən iddiaçı tərəfindən hər hansı kompensasiya məbləği ödənilmədən, başqa sözlə, qarşılıqlı razılaşma olmadan iddianın təmin edilməsi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası məsələ ilə bağlı diqqəti "Poleks” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarına da çəkir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında hesab etmişdir ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi kompensasiyanın həcminin onun özbaşına tikilliyə və qanuni əsaslarla əldə edilən əmlaka görə eyni meyarlara əsasən hesablanmasını düzgün saymamaqla, özbaşına tikiliyə görə də kompensasiyanın ödənilməsini istisna etməmiş, yalnız kompensasiyasının həcminin eyni meyarlara əsasən hesablanmasının düzgün olmadığını vurğulamışdır. Başqa sözlə, özbaşına tikilinin onu inşa etmiş şəxs üçün iqtisadi dəyərə malik olması istisna edilmir. İşin müəyyən edilmiş hallarına görə cavabdeh inşa etdiyi tikilidən "Tut Ağacı” adı altında yeməkxana kimi istifadə edir. Bu baxımdan, məhkəmələr Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən işdə əks edilən hüquqi mövqeyini nəzərə almadan, iş üçün mühüm əhəmiyyət daşıyan hallara (58-59-cu bəndlər) aydınlıq gətirmədən iddiaçının kompensasiya təkilif etmədən cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakının sökülməsini qət etməklə səhvə yol vermişlər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının istinad edilən norması geniş anlamda hər bir vətəndaşa düçar olduğu məhrumiyyətin əvəzinin ödənilməsinə təminat verir. Buna görə də cavabdehin inşa etdiyi tikilinin özbaşına tikili olması müəyyən edilsə də, tikilinin inşa edilməsinin vaxtı, tikilinin kommunal xidmətlərlə təchiz edilibedilməməsi, cavabdehin ondan istifadəsinə dövlət və ya bələdəyyə orqanları tərəfindən hər hansı etirazın bəyan edilib-edilməməsi və s. bu kimi işin hallarına aydınlıq gətirmədən iddiaçının kompensasiya təklif etməyərək cavabdehin onun üçün iqtisadi dəyər daşıyan əmlakının sökülməsi tələbini irəli sürməsi və həmin tələbin təmin edilməsi hər bir vətəndaşın layiqli həyat səviyyəsinə təminat verən konstitusion hüquqlarına xələl gətirərdi. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil4 qarşı tərəfin həmin torpaq sahəsindən istifadə və sahiblik hüququnu təsdiq edən hüquqmüəyyənedici çıxarışın olmadığını, yalnız sərəncamın mövcud olduğunu, lakin həmin sərəncamın iddiaçıya sahiblik və istifadə hüququnu vermədiyini, qarşı tərəfin istinad etdiyi əlavə sahənin iddiaçıların mübahisələndirdiyi sahənin hüdudları daxilində yerləşmədiyini, kənarda yerləşdiyini, digər sahənin isə hüquqlarını müdafiə etdiyi şəxsə vərəsəlik qaydasında keçən əmlak olduğunu, yalnız bazar dəyəri əvvəlcədən ödənilməklə və yaxud kompensiya verilməklə daşınmaz əmlakdan çıxarılmalarının mümkün olduğunu, tikilinin nə vaxt tikilməsinə dair isə tərəflər arasında mübahisənin olmadığını qeyd etmiş, iddia tələbinin əsassız olduğunu, iddiaçının istifadədə olan torpaq sahəsi üzərində sərəncam vermək hüquqlarını təsdiq edən sənədin olmadığını və bu səbəbdən də subyektiv hüququnun olmadığını qeyd etmiş və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Vəkil3 subyektiv hüququn olmamasına dair qarşı tərəfin arqumentini əsassız hesab etdiklərini, belə ki, əvvəkli məhkəmə baxışlarında həmin halın araşdırıldığını, Ali Məhkəmənin isə qərarında həmin hissəyə toxunmadığını qeyd etmiş, iş üzrə keçirilmiş ekspert rəyi ilə həmin sahənin İcra hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinin müəyyən edildiyini, sadacə olaraq, birinci instanasiya məhkəməsinin 9 kv.m-dən ibarət kiçik bir çıxıntı üzərində iddiaçı tərəfin subyketiv hüququnu tanımadığını bildirmişdir. Ali Məhkəmənin qərarında da subyektiv hüququn olmamasına dair hər hansı göstərişin olmadığını qeyd etmişdir. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, 92,96 kv.m sahədə olan qanunsuz tikili üçün çəkilən xərcləri verməyi təklif etdiklərini, hələlik 1 kv.m sahə üçün nə qədər kompensasiya veriləcəyini müəyyən etmədiklərini, lakin mütəxəssisləri tərəfindən təxmini hesablama aparıldığını və tikili köhnə tikili olduğundan 1 kv.m sahə üçün 150 manatdan daha artıq məbləğdə xərc çəkilmədiyinin müəyyən edildiyini bildirmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolu: - Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

14. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139- 1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar.158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.190. Daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. 191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir. 191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir. 191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yolverilməzdir. 191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir. 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. 244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə əsasən, siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz), 7.3.3-cü maddəsinə görə isə ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər və bu Qanunla müəyyən edilmiş qaydada itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.

18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139, 152, 157, 158, 180, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə; Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390, 420-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla əhatə edilərək, müəyyən edilmiş faktlardan və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərində də qeyd edildiyi kimi, iddiaçı tərəfin cavabdehin sahibliyində olan torpaq sahəsinə müvafiq kompensasiya verilmədən onun gözləntisi müəyyən edilən torpaq sahəsindən məhrum edilməsi, cavabdehin əmlak mənafelərinin əhəmiyyətli pozuntusu ilə nəticələnə və bir sıra əlaqəli hüquqlarının məhdudlaşmasına hüquqdan sui-istifadəyə şərait yaratmış ola bilər. İşin yenidən araşdırılması zamanı iddiaçı (nümayəndəsi) mübahisənin razılıq yolu ilə həll etmək istədiklərini, hələlik kompensasiyanın miqdarı ilə bağlı konkret məbləğ müəyyən etmədiklərini, lakin ümumi razılığa gələ biləcəklərini bildirmişdir.

19. Beləliklə, iddia əsassız olduğundan, habelə tələb üzrə kompensasiya və sair əvəzləşdirmə olmadığından, hazırki mərhələdə isə barışıqla (müəyyən kompensasiya və s.) mübahisəni həll etmək mümkün olmasa da, iddiaçının qarşı tərəflə razılıq əldə etmə barədə mövqeyi, lakin bunun məhkəmədənkənar müzakirə edilməməsi, hazırki tələb həddində isə əlavə kompensasiya və ya digər əvəzləşdirmə təklifinin olmadığı prosessual vəziyyətdə kollegiyanın tələbdən kənar hallara qiymət vermək imkanının olmaması, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməli olmasını, məhkəmə xərclərinin onu ödəyən şəxslərə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin isə iddiaçıya aid edilməsi qənaətini formalaşdırır.

20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-222/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - iddia tələbinin təmin edilən (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 14/243 nömrəli ayrıc aktı ilə "Zirvə-A” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən müvafiq icazə sənədi olmadan inşa edilmiş sahəsi 92,96 kv.m olan qanunsuz qeyri-yaşayış sahəsinin cavabdehin hesabına sökülməsi və ərazinin ilkin vəziyyətinin bərpa edilməsi) hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilsin. İddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və "X8” MMC-nin bank hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci iddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativinə aid edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı "Zirvə-A” Mənzil-Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar