Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2944/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Bakı Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanının **********50000 nömrəli abonent hesab nömrəsinə artıq hesablanmış 3672 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********50000 nömrəli abonent hesab nömrəsi verilmiş, o da həmin evdə smart qaz sayğacından istifadə edir. Təbii qazdan sayğacdan kənar şəkildə qanunsuz olaraq 3 dəfə istifadə etdiyi üçün Cavabdeh İB tərəfindən barəsində xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında 1036,80 manat borc, xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında 2073,60 manat borc, xx.xx.2023cü il tarixdə ******* nömrəli akt əsasında 950,40 manat borc, ümumilikdə 4060,80 manat məbləğində zərər borcu hesablanmışdır. Barəsində tərtib edilmiş aktların hər üçünü də qismən qəbul edir. Belə ki, aktlarda qeyd olunanları, qaz işlədicilərinin günlük iş rejimi 8 saatdan, hesabat müddəti 30 gündən və təbii qazın dəyəri 0,12 manatdan olmaqla qəbul edir. Hesab edir ki, 4060,80 manat məbləğində ümumi borcun 3672 manat hissəsi əsassız olaraq artıq hesablanmışdır, bu səbəbdən də abonent hesabından silinməlidir. Qaz işlədicilərinin günlük iş rejimi 24 saat müddəti olmaqla təbii qazdan istifadə etmiş olmağına dair Cavabdeh İB-nin tərtib etdiyi aktlar əsassızdır. Təbii qazdan qeyri-qanuni olaraq 24 saat müddətində istifadə etməmiş, bu hal inandırıcı və ağlabatan da deyildir. Təbii qazdan sayğacsız istifadə etmiş olduğu dövrdə gün ərzində maksimum 8 saat istifadə etmiş olardı. 60, 90 və 180 gün müddətlərində təbii qazdan qeyri-qanuni istifadə etmiş olmağına dair Cavabdeh İB-nin tərtib etdiyi aktlar əsassızdır. Təbii qazdan sayğacsız 3 dəfə, hər dəfəsində də yalnız 30 gün müddətinə istifadə etmişdir və hər növbəti sayğac yoxlanması zamanı Cavabdeh İBnin əməkdaşları tərəfindən bu fakt aşkar edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanı üzrə (abonent kodu: **********50000) üzrə İddiaçı hesablanmış 538,80 (beş yüz otuz səkkiz manat səksən qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qanunsuz qoşulma nəticəsində əlavə sərfiyyatın düzgün hesablanmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orda göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, həmçinin birinci instansiyada icraat zamanı tərəflərindən verilmiş rəyi müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan və dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdehin sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, bu səbəbdən də 8640 m3 həcmində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İşdə olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan və dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdehin sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, bu səbəbdən də 17280 m3 həcmində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İşdə olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan və dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdehin sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş, bu səbəbdən də 7920 m3 həcmində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İşdə olan İddiaçı məxsus **********50000 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2022-ci ilin yanvar ayı üzrə 1.036,80 manat, 2022-ci ilin dekabr ayı üzrə 2.073,60 manat, 2023-cü ilin fevral ayı üzrə 950,40 manat borcu mövcud olmuşdur. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.5-ci maddəsinin aktların tərtib olunduğu dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin hallarından və təqdim olunmuş sübutlardan (aktlar və s.) göründüyü kimi, iddiaçı qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyinə görə barəsində xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü illlərdə müvafiq aktlar tərtib olunmuşdur. İddiaçının özü iddia ərizəsində cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş hər üç akta əsasən qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə etməsini etiraf etmiş, lakin hesab etmişdir ki, əlavə sərfiyyata görə məbləğlər düzgün hesablanmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etməsi halına görə məsuliyyət daşıyır və bununla əlaqədar vurulmuş ziyanı (əlavə sərfiyyat) ödəmək öhdəliyini daşıyır. İşdən göründüyü kimi, iddiaçıya məxsus ünvanda qızdırıcılardan bir ədəd PQ-4, bir ədəd İran istehsalı olan istilik sobası, bir ədəd QSSQ və bir ədəd dəmir soba mövcud olmuşdur. Birinci instansiyada icraat zamanı alınmış Azərbaycan Respublikası Enerji X1 Bakı Filialının xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus olan Qobu qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 5 D ünvanında yerləşən fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində 29346 m3 həcmində, yəni 3522 manat məbləğində təbii qazın talanması müəyyən edilmişdir.. Göründüyü kimi, birinci instansiya məhkəməsi mütəşəssis rəyi almaqla da cavabdehin tərtib etdiyi hər üç akta əsasən əlavə sərfiyyatın məbləğini dəqiqləşdirmişdir. İddiaçı isə bunun əksini əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, iddiaçının mövqeyinə görə qaz işlədicilərinin günlük iş rejimi 8 saat, hesabat müddəti 30 gün və təbii qazın dəyəri 0,12 manat olmaqla hesablanmalıdır. Belə olan halda isə aktlara görə hesablanmış 4060,80 manat məbləğində əlavə sərfiyyatın 3672 manat hissəsi əsassız olaraq artıq hesablanmışdır, bu səbəbdən də abonent hesabından silinməlidir. Lakin, iddiaçı hesablanmanın nəyə görə qeyd edilən əsaslarla aparılmalı olmasını göstərməmiş, şəxsi mülahizələrdən çıxış etmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Mütəxəssis rəyindən isə görünür ki, əlavə sərfiyyat qaz işlədiycilərinin gücü nəzərə alınmaqla, əsaslandırılmış şəkildə nəzərə alınmaqla hesablanmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hər üç akt məhz ilin qış fəslinə (dekabr, yanvar və fevral) təsadüf etmişdir. Belə olan halda qızdırıcıların məhz günün 8 saatı üzrə işləməsi ağlabatan olmamaqla, əsaslandırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası mütəxəssi rəyindən qeyd edilmiş 12 saatlıq müddətlə razılaşır. Bununla yanaşı, abonent saldısundan da göründüyü kimi, aktın tərtib edildiyi müddətlərdə sayğac üzrə qaz sərfi, eləcə də müvafiq ödənişlər qeydə alınmamışdır. Aklar arası müddətlər isə təqribən 1 il təşkil etmişdir. Bu səbəbdən də əlavə sərfiyyatın 1 il müddət üzrə hesablanması da qanuni olmuşdur. Göründüyü kimi, iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2944/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2944/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver