Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2945/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh1 və Ramin Geidarovun iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Geidarov Ramin və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr çıxarışının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-449/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev № 23-də yerləşən 9 №-li mənzilə dair cavabdeh (satıcı) Cavabdeh1 ilə cavabdeh (alıcı) Ramin Geidarovun arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və həmin müqavilənin əsasında mənzilə dair alıcının adına verilmiş reyestr çıxarışı ləğv olunsun. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Ramin Geidarov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil Cavabdeh1 mülkiyyətində olub. O, xx.xx.2024-cü il tarixli alaqı-satqı müqaviləsi əsasında mənzili cavabdeh Ramin Geidarova satıb. İddiaçı həmin müqavilənin etibarsız sayılması barədə tələbi onunla əsaslandırıb ki, mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, lakin müqavilə onun razılığı olmadan bağlanıb. Bu hal müqavilənin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, AR Konstitusiya Məhkəməsinin “Ə.Ə.İbrahimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilən hüquqi mövqe ifadə olunub: “Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. Mənzil ümumi mülkiyyətdə olmamış, satıcının ayrıca mülkiyyətində olmuşdur. Yaşayış yeri üzrə qeydiyyat öz-özlüyündə mənzilə istifadə hüququ yaratmır. Əgər iddiaçının mənzildən istifadə hüququ olmuşdursa, o, bunu təsdiq edən sübutları təqdim etməklə həmin hüquqa görə kompensasiya ödənilməsi barədə satıcıya Cavabdeh1 qarşı iddia qaldıra bilər. Beləliklə, məhkəmə AR Konstitusiya Məhkəməsinin hüqiqi mövqeyinə və AR Mülki Məcəlləsinin 337-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-449/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2945/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2945/2025
30.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver