Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2946/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1148.75 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1178.75 manat məbləğində pulun tutularaq İddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə yaranmış 1148.75 manat məbləği ödəməli olduğu halda, heç ödəniş etməmiş və nəticədə xx.xx.2018-ci il tarixə abonentin 1148.75 manat borcu yaranmışdır. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə xx.xx.2018-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, ötən illər ərzində istifadə etdiyi xidmətlərə görə heç bir ödəniş etməmişdir. Abonent Cavabdeh ünvan 1 ünvanına İddiaçı ASC-nin Suraxanı rayon Sukanal İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 17002792 nömrəli su saygacı quraşdırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2405/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1148.75 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2405/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin həqiqi hallarını bilməyərək qətnamə çıxarmışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, ona məhkəmə iclası barədə məlumat verməmişdir. Onun İddiaçıya heç vaxt su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yaranmamışdır. İddia ərizəsində yazılanlar yalandır və həqiqəti əks etdirmir. Məhkəmə işin bu hallarına qiymət verməmişdir, bu məsələni ümumiyyətlə araşdırmamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, onun evinə bir neçə il əvvəl su xətti çəkilsə də, həmin xəttdə heç vaxt su olmamışdır. Kanalizasiya xətti isə ümumiyyətlə olmamışdır. Ümumiyyətlə, onların yaşadığı məhəlləyə su verilməmişdir. Bu səbəbdən də hesab edir ki, ona hesablanmış borc əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, abonentin ünvanına su xətti uzun müddətdir ki, çəkilmişdir. 2017-ci ildə isə həmin ünvanda sayğac quraşdırılmışdır. Sayğacın göstəricilərinə əsasən müəyyən edilir ki, abonent 2017-ci ildən hal-hazıradək keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 manat dəyərində sudan istifadə etmişdir. Buna baxmayaraq, cavabdehə hesablanmış borc məbləği ona sayğac quraşdırılmamışdın əvvəlki dövrü əhatə edir. Buna görə də, apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixinə 1.148.75 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 67-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 3.1.1-ci maddəsinə əsasən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin cavabdehdən tutulması qənaətinə gəlməklə səhvə yol vermişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İddiaçı ASC tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx xxx 2020-ci il tarixdə cavabdehin yaşadığı ünvanda sayğac yoxlanılmış və xəttə baxış keçirilmişdir. Bunun nəticəsində abonentin suyunun gəlmədiyi, çirkab su xəttinin olmadığı, şambo olduğu və quyu suyundan istifadə olunduğu qeyd olunmuşdur. Həm İddiaçı ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktla, həm də mübahisəli ünvanda quraşdırılmış sayğacın göstəricisi ilə (3 il ərzində 3 manatlıq su sərfiyyatı) müəyyən edilir ki, Cavabdeh məxsus ünvanda su xətti olsa da, həmin xəttdə su verilməmiş, həmçinin bu ünvanda yerləşən ev kanalizasiya xəttinə qoşulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi tələb olunan borc məbləğinin hansı müddətləri əhatə etməsini, hansı göstəricilər əsasında və hansı normativlər əsasında hesablanması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda, həmin ünvana 1.148.75 manat məbləğində borcun hesablanmasını məhkəmə kollegiyası ağlabatan hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 77.1, 77.2, 88ci maddələrinə və Mülki Məcəllənin 5.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 1148.75 manat borcun cavabdehdən tutulması qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2405/2019 saylı xx xxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2946/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2946/2020
06.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver