Məhkəmə qərarları › İş №2(103)-2946/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2946/2025

13.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2946/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-45/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən özbaşına tikinti obyekti ilə bağlıdır. Reyestr çıxarışına görə, 12/5 nömrəli fərdi yaşayış evinin “A” tikilisinə iddiaçının mülkiyyət hüququ xx.xx.2013-cü ildə, “D” tikilisinə cavabdehin mülkiyyət hüququ xx.xx.2017-ci ildə dövlət reyestrində qeydə alınıb, torpaq isə dövlət mülkiyyətindədir (iş v. 14). 2.Həmin ünvanda evin texniki pasportunda əksini tapmayan əlavə tikili inşa edilib. Əlavə tikilinin ümumi sahəsi 5,8 kv.m, tikinti altı sahəsi 6,2 kv.m təşkil edir. Əlavə tikili “D” tikilisinin giriş qapısının qarşısında, “A” tikilisinin divarına bitişik inşa edilib. Bu hal Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2942 nömrəli ekspert rəyi ilə təsdiq olunur (iş v. 86). 3.Qeyd olunan əlavə tikili cavabdehin sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, həmin fərdi yaşayış evinin “D” tikilisində qanunsuz olaraq inşa edilmiş əlavə tikililər cavabdehin hesabına sökülərək “D” tikilisi əvvəlki vəziyyətə, yəni texniki pasportda əks olunan ölçülərə qaytarılsın. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Xətai rayonu, Yavər Əliyev küçəsi, 12/5 nömrəli evin texniki pasportunda qeyd edilməyən, ümumi sahəsi 5,8 kv.m, tikinti altı sahəsi 6,2 kv.m təşkil edən əlavə tikili özbaşına tikinti obyektidir. Həmin tikili dövlət mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr alınmadan inşa edildiyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsininin tələbi baxımından özbaşına tikinti obyekti sayılır. 10.İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malik olan subyektlərdən biri “maraqlı tərəf” kimi göstərilib. Aşağıda göstərilən iki hal iddiaçının maraqlı tərəf sayılmasına əsas verir. 11.Birinci, özbaşına tikinti obyekti iddiaçının mülkiyyətində olan “A” tikilisinin divarına bitişik inşa edilib. Bu hal ekspert rəyi təsdiq olunur. Mülkiyyətə bitişik olma faktı mülkiyyətçinin maraqlı tərəf sayılması üçün kifayətdir. Özbaşına tikinti obyektini başqasının mülkiyyətinə bitişdirmə ilk növbədə təhlükəsizlik qaydalarına ziddir. Bununla yanaşı, həmin hal mülkiyyətçini bir sıra imkanlardan məhrum edir. Məsələn, zərurət olduqda xarici dirvarlarda təmir-bərpa işləri aparma və s. 12.İkinci, özbaşına tikinti obyektinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, yəni cavabdehin mülkiyyətində deyil. Belə ki, “A” və “D” tikililəri vahid daşınmaz əşyanın - 12/5 nömrəli fərdi yaşayış evinin tərkib hissələridir, həmin evin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Evin reyestr çıxarışında torpaq sahəsi üzərində hüququn növü “istifadə” kimi qeyd olunub (iş v. 14). Cavabdeh yazılı formada etiraf edib ki, özbaşına tikinti obyektinin yerləşdiyi torpaq sahəsi ümumi istifadədədir (iş v. 143). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2942 nömrəli ekspert rəyində qeyd olunub ki, ev 12/5 ünvanında yerləşən torpaq sahəsinin faktiki (mövcud) vəziyyəti, planlı yerləşməsini və digər texniki göstəriciləri (giriş-çıxış qapısının bir ədəd olması, üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunması) nəzərə alınaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin bölgüsü (istifadə qaydalarının müəyyən edilməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil (iş v. 86). Özbaşına tikinti obyektinin ümumi istifadədə olan həmin torpaq sahəsində yerləşməsi iddiaçının torpaqdan istifadə hüququnu pozur. 13.Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, ünvan 1 ünvanında, “D” tikilisinin giriş qapısının qarşısında, “A” tikilisinin divarına bitişik inşa edilmiş, ümumi sahəsi 5,8 kv.m, tikinti altı sahəsi 6,2 kv.m təşkil edən əlavə tikili cavabdehin hesabına sökülməlidir. İddiaçının vəkili və nümayəndəsi apellyasiya icraatı zamanı bildirmişdir ki, iddia ərizəsində həmin tikilinin sökülməsi tələb olunub. Odur ki, tikilinin sökülməsi ilə iddia təmin olunmuş sayılır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-45/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Xətai rayonu, Yavər Əliyev küçəsi, 12/5 nömrəli fərdi yaşayış evinin “D” tikilisinin giriş qapısının qarşısında, “A” tikilisinin divarına bitişik inşa edilmiş, ümumi sahəsi 5,8 kv.m, tikinti altı sahəsi 6,2 kv.m təşkil edən əlavə tikili Cavabdeh hesabına sökülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (yüz əlli) manat Cavabdeh alınaraq iddiaçı X2 verilsin. Ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar