Məhkəmə qərarları › İş №2(103)-2949/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2949/2021

09.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2949/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızı və İddiaçı5 cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Hərrac Mərkəzi) qarşı “hərracın nəticələri haqqında yekun protokolunun və əmlakın alğı-satqısı barədə müqavilənin və onların doğurduğu bütün hüquqi nəticələrin etibarsız sayılması tələbi barədə” iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, cavabdeh Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişlər ki, Tərtər Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli qətnaməsi (İş № 2(061)- 99/2017) ilə hazırki iş üzrə cavabdeh olan Bankın hazırki iş üzrə iddiaçılara qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” ilk iddiasının qismən təmin edilməsi, 22.11.2013-cü il tarixli, 15R000004688 saylı “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cəmi 16.133,78 ABŞ dolları, 22.07.2014-cü il tarixli, 15R000005713 saylı “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cəmi 1.258,80 ABŞ dolları məbləğində pulun iddiaçılardan müştərək qaydada Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı2 məxsus və Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10-da yeləşən 4 “A” saylı fərdi yaşayış evinə və 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsini, həmin daşınmaz əmlakların ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə oluna biləcək pul vəsaitin borcun ödənilməsinə yönəldilməsini, həmin məbləğin borcun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qala biləcək borcun ümumi qaydada tutulmasını, qalan hissədə ilk iddianın təmin edilməməsini, hazırki iş üzrə iddiaçıların Banka qarşı irəli sürdükləri “kredit, ipoteka və zaminlik müqavilələrinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında tərtib edilmiş icra vərəqəsi icra edilməsi üçün Tərtər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı hərracın təşkili və keçirilməsi üçün həmin İcra Şöbəsi tərəfindən Hərrac Mərkəzinə 11.07.2019-cu il tarixli, 128122/05 nömrəli məktub ilə sifariş verilmişdir. 18.10.2019-cu il tarixdə Hərrac Mərkəzi ipoteka predmeti olan evin və torpaq sahəsinin satılması üçün açıq hərrac keçirmiş, ilk iki hərrac baş tutmadıgına görə cavabdeh Bank ilə hərracın təşkilatçısı olan Hərrac Mərkəzi arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən keçirilən 2 hərrac baş tutmadıgına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə istinad edən ipoteka saxlayan Bank hərracın təşkilatçısı olan Hərrac Mərkəzindən ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş fərdi yaşayış evini son satış qiyməti olan 28.688 manata almışdır. Cavabdehlər hərracı kobud qanun pozuntuları ilə, qanunvericiliyin tələblərinə zidd olaraq keçirmiş, iddiaçıların hüquqlarını kobud şəkildə pozmuşlar. Belə ki, hərracın keçirilmə vaxtı və yeri barədə iddiaçılara heç bir bildiriş verilməmiş, formal olaraq hərrac keçirməklə onlara məxsus fərdi yaşayış evini Banka verilmişdir. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Tərtər Rayon İcra və Probasiya Şöbəsi göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 17.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. İddiaçılar və cavabdeh Hərrac Mərkəzinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-99/2017 №-li iş üzrə qəbul etdiyi 25.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə cavabdeh olan Bankın hazırki iş üzrə iddiaçılara qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” ilk iddiasının qismən təmin edilməsi, 22.11.2013-cü il tarixli, 15R000004688 saylı “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cəmi 16.133,78 ABŞ dolları, 22.07.2014-cü il tarixli, 15R000005713 saylı “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə cəmi 1.258,80 ABŞ dolları məbləğində pulun iddiaçılardan müştərək qaydada Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı2 məxsus və Tərtər şəhəri, H.Əliyev prospekti, döngə 10-da yeləşən 4 “A” saylı fərdi yaşayış evinə və 0,05 ha həyətyanı torpaq sahəsinə yönəldilməsini, həmin daşınmaz əmlakların ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə oluna biləcək pul vəsaitin borcun ödənilməsinə yönəldilməsini, həmin məbləğin borcun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qala biləcək borcun ümumi qaydada tutulmasını, qalan hissədə ilk iddianın təmin edilməməsini, hazırki iş üzrə iddiaçıların Banka qarşı irəli sürdükləri “kredit, ipoteka və zaminlik müqavilələrinin və onların doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. İşdə olan sənədlərdən görünür ki, yuxarıda Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Tərtər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı hərracın təşkili və keçirilməsi üçün həmin İcra Şöbəsi tərəfindən Hərrac Mərkəzinə 11.07.2019-cu il tarixli, 128122/05 nömrəli məktub ilə sifariş verilmişdir. Hərrac Mərkəzi tərəfindən təşkil edilmiş hərrac 18.10.2019-cu il tarixinə təyin edilmişdir. Hərrac Mərkəzi tərəfindən hazırki iş üzrə iddiaçılara ünvanlanmış “Hərracın təşkili barədə bildirişlərdən” görünür ki, Hərrac Mərkəzi 18.10.2019-cu il tarixinə təyin edilmiş hərrac, hərracın yeri və şərtləri barədə onlara məlumat vermişdir. Qeyd edilən bildirişlər hazırki iş üzrə iddiaçılara 24.09.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarından daha sonra görünür ki, 18.10.2019-cu il tarixdə Hərrac Mərkəzi ipoteka predmeti olan evin və torpaq sahəsinin satılması üçün açıq hərrac keçirmiş, ilk iki hərrac baş tutmadıgına görə cavabdeh Bank ilə hərracın təşkilatçısı olan Hərrac Mərkəzi arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən keçirilən 2 hərrac baş tutmadıgına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə istinad edən ipoteka saxlayan Bank hərracın təşkilatçısı olan Hərrac Mərkəzindən ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş fərdi yaşayış evini son satış qiyməti olan 28.688 manata almışdır. Hərrac Mərkəzi təyin edilmiş hərraclar barədə iddiaçılara hər dəfə “Hərracın təşkili barədə bildirişləri” çatdırmışdır. İddiaçılar bildirirlər ki, təşkil edilmiş hərraclar barədə onlara məlumat verilməmişdir. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçılar, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsələr də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi tərəf iddiaçılara məlumat verilmiş və iddiaçılar həmin bildirişləri qəbul etmişlər. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçılar tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Odur ki, hesab edilməlidir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri əsassızdır; Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və başqalarının birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar