Məhkəmə qərarları › İş №2(103)-295/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-295/2025

26.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-295/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər:avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyriyaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri X7, X5 (sədr), Vəkil1 (vəkil), cavabdehin nümayəndələri X9 (qardaşı), X6 (vəkil) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 26 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 05 mart 2013-cü il tarixli, 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin direktoru X10 Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsini (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) 140.000 manata Cavabdeh satmışdır.

2. ünvan 1 ünvanda fəaliyyət göstərən İddiaçı 05/1427-14 qeydiyyat nömrəsi ilə 28 yanvar 2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(005)- 3040/2022 saylı qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” barədə iddiası rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC (bundan sonra - üçüncü şəxs) ilə cavabdeh arasında bağlanmış 5 mart 2013-ci il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında mübahisəli avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi üçüncü şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Cavabdeh qeyd olunan müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşən qeyri yaşayış sahəsini satın alaraq orada avtoyuma məntəqəsi yaratmışdır. Həmin avtoyuma məntəqəsinin dəfələrlə təhlükəli olduğu bildirilsə də, cavabdeh tərəfindən onun bağlanması ilə bağlı hər hansı tədbir görülməmişdir. Avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayaqlarına kəskin şəkildə ziyan vurduğundan onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil. Sözügedən məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyinə müraciət etmiş və həmin qurumların cavabları da iddiaçının mövqeyini dəstəkləsə də konkret addımlar atılmamışdır. Bununla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində avtoyuma məntəqəsinin bağlanılması ilə bağlı üçüncü şəxsə qarşı iddiaçı tərəfindən iddia qaldırılmış, həmin işə baxılanda məlum olmuşdur ki, üçüncü şəxs avtoyuma məntəqəsini cavabdehə satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı eyni məzmunda qaldırdığı iddia ərizəsi rədd edilmiş və həmin qətnamə ilə iddiaçıya konkret olaraq cavabdehə qarşı iddia qaldırmaq hüquqi izah edilmişdir. Həmin qətnamə ilə qeyd edilmişdir ki, "xxxx" MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 1, 2, 3 və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya "xxxx" MMC tərəfindən hər hansı maneənin yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə "xxxx" MMC-yə yönəlmişdir. Belə olan halda mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil. “Qətnamə”-dən həmçinin aydın olur ki, avtoyuma məntəqəsinin yerləşdiyi sahə texniki zirzəmisi və mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır. Texniki zirzəmidə fəaliyyət göstərən avtoyuma məntəqəsi binanın özülünə kəskin zərər vurur ki, bu da orada yaşayan minlərlə insanın həyat və sağlamlığını sual altında qoyur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)- 3161/2023 saylı qətnaməsi ilə (hakim S.Əbilova) iddia təmin edilmiş, cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması, habelə üçüncü şəxsdən 140.000 manat pulun tutularaq cavabdehə verilməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, mübahisələndirilən zirzəmi sahəsi iddiaçıya məxsusdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, üçüncü şəxsin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 1, 2, 3 və 4-cü yaşayış binalarının qeyriyaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya cavabdeh üçüncü şəxs tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə üçüncü şəxsə yönəlmişdir. Belə olan halda mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın olmamışdır.

8. Texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” cilalanma və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə üçüncü şəxsə qarşı yönəltmişdir. Halbuki həmin qeyri-yaşayış sahələrinə dair üçüncü şəxslərlə müvafiq müqavilələr bağlanmış və onlar tərəfindən həmin qeyri-yaşayış sahələrinə dair pay haqları tam məbləğdə ödənilmişdir. Həmin müqavilələr mövcud olduğu halda “Carbeauty" və avtoyuma məntəqəsinin bağlanması barədə iddiaçının tələbi təmin oluna bilməz.

9. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisələndirilən müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Belə ki, üçüncü şəxsin direktoru X10 ilə cavabdeh arasında bağlanmış 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin bağlanmasında lazımi subyektlərin iştirakı olmamışdır. Belə olan halda müqavilənin etibarlı olması üçün həmin müqavilənin subyekt tərkibinə dair şərt pozulmuşdur.

10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilənin digər tərəfi hazırkı iş üzrə üçüncü şəxs olmuşdur. Hazırkı mülki iş üzrə prosessual hüquqi baxımından statusu cavabdeh olsa da, üçüncü şəxs kimi mülki işə cəlb edilmiş və bununla da sonuncu məhkəmə iclaslarında iştirak etmiş, iddia ilə bağlı nümayəndəsi öz mövqeyini bildirmiş, bu baxımdan da üçüncü şəxs cavabdeh kimi cəlb edilməsə də, əslində mülki prosessual hüquq baxımından həmin statusda olmuşdur. Üçüncü şəxsin cavabdeh deyil, üçüncü şəxs kimi cəlb edilməsi hazırkı halda hüquqi əhəmiyyət kəsb etməmiş, yəni mübahisənin məğzini dəyişməmişdir.

11. Məhkəmə üçüncü şəxsin etirazının dəlili kimi istinad etdiyi “müqavilənin bağlandığı vaxt MMMC-nin olmadığı” barədə məsələyə münasibətdə qeyd etmişdir ki, məhkəmə təcrübəsində üçüncü şəxsdə qanuni əsaslarla müqavilə bağlayaraq mənzilin inşasının yekunlaşmasını gözləyən vətəndaşlar sonradan həmin mənzilə arxa tarixə tərtib edilmiş saxta müqavilələrin qurbanına çevrilməsi hallarına əksər hallarda rast gəlindiyi hər kəsə məlumdur. Bu baxımdan mülki işlərə baxılması təcrübəsi göstərir ki, üçüncü şəxsdə anoloji halların tez-tez təkrarlanması adi hal almışdır. Belə olan halda üçüncü şəxslə cavabdeh arasında mübahisəli əqd bağlanarkən vicdanlı hərəkət etməsi yəni müqavilənin məhz 2013-cü il tarixdə bağlanması inandırıcı deyil. Bundan əlavə həmin müqavilə 2013-cü il tarixdə bağlanmış olsa belə üçüncü şəxsin belə bir müqavilə bağlama hüququ mövcud olmamışdır. Çünki Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddənin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.4, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 339.6, 354.2-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 35.1, 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər.

14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin mülkiyyətində olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxs-məhdud məsuliyyətli cəmiyyət tərəfindən inşa olunduğunu nəzərə almamışdır. Qeyd edilənlərdən əlavə onu da nəzərə almaq lazımdır ki, həmin bina təşkilati hüquqi formasına görə "xxxx" (MTK) tərəfindən deyil, məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən inşa edilmişdir. Məhkəmə MTK ilə MMC-nin inşa etdiyi binalarda olan sahələrdə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı münasibətlərə tətbiq edilməli olan normaları düzgün tətbiq etməmiş, MMC-nin inşa etdiyi binadakı sahələrə mülkiyyət hüququnun yaranmasının fərqli əsaslara söykəndiyinin fərqinə varmamışdır. Məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasının, subyektiv hüququn pozulub-pozulmaması, daha sonra cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunanlardan göründüyü kimi, üçüncü şəxsin cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamağa subyektiv hüququ olmuşdur. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “.......2013-cü ildə iddiaçının mövcud olmadığını, şirkətin mülkiyyətçilər qarşısında heç bir öhdəliyinin olmadığını, zirzəminin əmlak kimi ayrı-ayrı şəxslərə satıldığını, mübahisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.” İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayanıqlığına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil.” Həmin məsələyə münasibətdə qeyd etməsi zəruri hesab edilir ki, üçüncü şəxs tərəfindən inşa edilən hündürmərtəbəli binanın tərtib edilmiş eskiz layihəyə uyğun olaraq, müvafiq qurumların razılığı ilə həmin zirzəminin avtomobil dayanacağı kimi istismarına icazə verilmişdirsə, deməli həmin zirzəminin binanın dayanıqlığına təsir göstərməsi ilə bağlı hər hansı hal mövcud deyil.

15. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti göstərir. Həmin ünvanda yerləşən üçüncü şəxsə məxsus hündürmərtəbəli yaşayış kompleksinin Eskiz Layihəsində zirzəmilər təyinatına görə avtomobil dayanacağı kimi nəzərdə tutulmuşdur. Etibarsız hesab edilən 24 saylı, xx.xx.2013-cü il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hər hansı norma pozulmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(103)- 1029/2024 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), K.Əkbərov və E.Kazımov) apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-3161/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış və iddia rədd olunmuşdur.

b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1608/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İsfəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2(103)-1029/2024 saylı qətnaməsi qismən - “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək onun rədd olunmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi də apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

21. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətlərinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı iş üzrə apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin “avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsi təşkil edir. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı həmin tələb rədd olunmuş, lakin kassasiya məhkəməsi kifayət qədər araşdırma aparılmadığını əsas gətirərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv edib yeni apellyasiya baxışına göndərmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı bu hissədə, yəni avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması tələbinə aid hissədə rədd edərkən iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli araşdırmamış, qeyd olunan avtoyuma məntəqələrinin fəaliyyətinin sözügedən binada yaşayan sakinlərin öz sahələrindən istifadə etmələrində hər hansı maneçilik yaradıb-yaratmadığını, nəticədə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmadığını müəyyən etməmiş, Fövqəladə Hallar Nazirliyinin mübahisəli məsələyə dair işə əlavə edilmiş məktublarına diqqət yetirmədən, avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin sözügedən binanın özülünə, dayaqlarına ziyan vurub-vurmadığını, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün təhlükə törədib-törətmədiyini və sair xüsusi bilik tələb edən bu sualları aydınlaşdımaq üçün öz təşəbbüsü ilə iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan qərar qəbul etmişdir.

28. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

29. Məhkəmə kollegiyası adı çəkilən normanın tələblərini nəzərə alaraq yeni apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlər çərçivəsində araşdırma apardı və aşağıdakıları müəyyən etdi.

30. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı sözügedən binanın zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqələrinin təhlükəli olduğunu, avtoyuma məntəqələrinin fəaliyyət göstərməsinin binanın özülünə, dayaqlarına kəskin şəkildə ziyan vurduğunu, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün təhlükə törətdiyini və sair göstərib, avtoyuma məntəqələrinin fəaliyyətinin dayandırılmasını iddia edir.

31. Cavabdeh isə binanın avtodayanacaq hissəsində fəaliyyət göstərən sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində hər hansı nöqsanların və zədələrin müşahidə olunmadığını, avtoyuma məntəqələrinin binanın dayaqlarına, habelə həmin binada yaşayan sakinlərin həyat və sağlamlıqlarına hər hansı ziyan vurmadığını göstərib iddiaya etiraz etmişdir.

32. İşə əlavə edilmiş 5 mart 2013-cü il tarixli, 24 saylı müqavilə və eyni tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, üçüncü şəxs, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən, ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsini 140.000 manata Cavabdeh satıb.

33. Digər tərəfdən, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina üçüncü şəxs tərəfindən inşa olunub və həmin qeyri-yaşayış sahəsi binanın zirzəmi hissəsində yerləşir. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin bir hissəsindən avtoyuma məntəqəsi kimi istifadə edir.

34. Daha sonra işdən, habelə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinə yerində baxış keçirilərək müəyyən olunub ki, obyektdə maye və təbii qazdan istifadə olunmur. Lakin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan qeyri-yaşayış sahəsinin (avtodayanacağın) bir hissəsinin təyinatı dəyişdirilərək, oradan iki ədəd avtoyuma məntəqəsi; üç ədəd avto-xidmət məntəqəsi; bir ədəd idman zalı və bir ədəd anbar kimi istifadə olunur. Həmçinin həmin obyektin istismarının X12 Xidməti ilə razılaşdırılmadığı, elektrik təchizatının “Elektrik qurğularının quraşdırılması Qaydaları”-nın tələblərinə uyğun olmadığı, habelə obyektin yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilmədiyi müəyyən olunur.

35. Eyni zamanda, cavabdehin etiraz ərizəsindən və ona əlavə olunmuş “Azkommunlayihə” KLİ-in 8 fevral 2024-cü il tarixli “Texniki rəyin”-dən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllədə üçüncü şəxsə məxsus binanın avtodayanacaq hissəsində fəaliyyət göstərən cavabdehə məxsus sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsinə (zirzəmiyə) vizual texniki baxış zamanı nöqsanlar və zədələr müşahidə olunmamışdır. Avtoyuma məntəqələrində çirkab su quyularında su sızıntılarının baş verməməsi üçün mütəmadi olaraq quyuların tullantılardan təmizlənməsi və ildə bir dəfə texniki müayinə olunması tövsiyə olunmuşdur.

36. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə dair işə əlavə edilmiş sənədlər arasında (qeyd olunan məktub və texniki rəy arasında) müəyyən ziddiyyətlər vardır.

37. Kollegiya Ali Məhkəmənin qərarında şərh olunan göstərişləri və eləcə də apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq yeni apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında avtoyuma məntəqələrinin fəaliyyətinin binanın özülünə və dayaqlarına ziyan vurub-vurmaması, bu fəaliyyətin sözügedən binada yaşayan sakinlərin həyat və sağlamlığına təhlükə törədib-törətməməsi barədə sual qoyulmuşdur.

38. Eyni zamanda, ekspertin vəsatətinə əsasən ekspertiza qarşısında qoyulmuş sualların həll edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyindən müvafiq rəy verilməsi də xahiş olunmuşdur. Lakin həmin Agentlik müvafiq mütəxəssis rəyinin verilməsini təmin etməmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi xx.xx.2024-cü il tarixli məktubla işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonlarını əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Agentliyə tapşırıldığı və bu sahədə Agentliyin mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq ekspertiza tədqiqatının aparılması üçün mütəxəssis ayırmağın mümkün olmadığını bildirmişdir.

39. Kollegiya iş materialları əsasında rəy verilməsi üçün işi yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qaytarmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə (iş v. 2-ci cild, səh.60) ekspertiza qarşısında qoyulmuş sualları müəyyən etməyin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığı əsas gətirilərək rəy verilməsindən imtina olunmuşdur. Nəticə etibarilə, Məhkəmə Ekspertizası Mərkəzi ekspert qarşısında qoyulan sualların tədqiqatının Mərkəzin səlahiyyətinə aid olmaması əsası ilə rəy verilməsindən imtina etmişdir.

40. Bundan sonra iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş, qoyulan suallar üzrə səlahiyyətləri həddində rəy verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik hüquqi şəxsin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinə həvalə edilmişdir.

41. Cavabdeh özü isə müstəqil şəkildə “X8” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən 177 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərməsi, binanın heç bir yükdaşıyıcı konstruksiyalarına (daşıyıcı atmalara (riqellərə), daşıyıcı dirəklərə (kalonlara) və örtük tavasına) zərər yetirilməsinə zəmin yaratmadığına görə tikinti-norma və qaydalarının tələblərinə uyğundur və binanın konstruksiyasına mövcud vəziyyəti üzrə hər hansı bir real təhlükə yaratmır.

42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, səs-küyün səviyyəsinin yol verilən həddən artıq olması insan sağlamlığına mənfi təsir göstərə bilər. Səs-küyün yol verilən səviyyələri “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə tənzimlənir. Səs-küyün səviyyəsinin məntəqəyə yaxın olan yaşayış mənzillərində ölçülməsi məqsədilə əməkdaşları tərəfindən İddiaçı sədri Yenişad Namazova müraciət edilmişdir, lakin o buna etiraz edib, ekspertizanın keçirilməsində iştirak etməyəciyini bildirmişdir. Buna baxmayaraq, əməkdaşları avtoyuma məntəqəsinə yaxın olan, onun üst mərtəbəsində yerləşən 1, 2, 3, 4 və 5 saylı mənzillərdə səs-küyün səviyyəsini ölçmək istədikdə, 4 saylı mənzilin sakini Mehparə Cümşüdova və 5 və 9 saylı mənzillərin sakinləri ölçmələrin aparılmasına etiraz etmişdir. Göstərilən tarixdə digər mənzillərdə qapını açan olmamışdır. Bu səbəbdən Qərardadda qoyulan 4-cü və 11-ci suallara cavab vermək mümkün hesab edilmir. 6-cı suala cavab olaraq qeyd edilir ki, avtoyuma məntəqəsinin havalandırma sistemi təbii yolla və 4 ədəd oxlu ventilyator vasitəsi ilə həyata keçirilir. 7-ci sualla bağlı aşağıdakılar bildirilir: Avtoyuma məntəqəsində döşəmə və divarları kaşı ilə, tavan hissəsi isə lambir materialı ilə örtülmüşdür. Məntəqənin işıqlanması təbii və süni yolla (led lampalarla) təşkil olunmuşdur. Havalandırma sistemi əsasən təbii yolla və eyni zamanda süni yolla (4 ədəd oxlu ventilyatorlarla) təşkil olunmuşdur. Məntəqədə çalışan 2 nəfər xüsusi iş geyimindən istifadə edirlər. İşçilərin soyunub-geyinmə və qidalanmaları üçün otaq ayrılmışdır. Məntəqədə avtomobil yumaq üçün avto şampun (köpük) çiləyicisi və təzyiqli su vurma cihazları yerləşdirilmişdir. Çirkab suların axıdılması üçün 2 ədəd üstü dəmir barmaqlıqlı qum çökdürücülər quraşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, avtoyuma məntəqəsinin sanitariya-gigiyenik vəziyyətini sanitariya qaydaları və normaları baxımından qənaətbəxş hesab etmək olar. 8-ci suala dair qeyd edilir ki, məntəqədə avtomobillərin kimyəvi maddələrlə yuyulmasının binada yaşayan insanların sağlamlığına təsiri yuyulma zamanı istifadə olunan kimyəvi maddələrin təhlükəlik dərəcəsindən asılıdır.

43. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, keçirilən monitorinq zamanı qeyd olunan ünvanda fəaliyyət göstərən avtoyuma məntəqəsində avtomobillərin yuyulması üçün istifadə olunan suyun mərkəzi şəbəkədən götürüldüyü və istifadədən sonra formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə axıdıldığı müəyyən olunmuşdur. Monitorinq müddətində avtoyuma fəaliyyətdə olan zaman yaşayış binasının ətrafında və avtoyuma məntəqəsinin giriş hissəsində ətraf mühitə yayılan səs-küy səviyyəsini və atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə PCE-322A və SKY2000-R5 səyyar cihazları vasitəsilə analiz ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən səs-küy səviyyəsi 63-65 dBa (norma: 70 dBa), dəm qazı (CO) – 2.1 mq/m3 (norma: 5 mq/m3 ), hidrogen sulfid (H2S) – 0.0 mq/m3 (norma: 0.008 mq/m3 ), azot 4 oksid (NO2) – 0.0 mq/m3 (norma: 0.085 mq/m3 ), kükürd 4 oksid (SO2) – 0.0 mq/m3 (norma: 0.5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən qatılıq həddi daxilində olduğu müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası alınmış mütəxəssis rəylərini ümumiləşdirərək belə qənaətə gəlir ki, avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi sözügedən binanın özülünə, dayaqlarına hər hansı ziyan vurmur, orada yaşayan sakinlərin həyat və sağlamlıqları üçün hər hansı təhlükə törətmir və sakinlərin öz sahələrindən istifadəsinə hər hansı maneçilik yaratmır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında məhz bu məsələlərin yenidən araşdırılması tövsiyə olunmuşdu.

46. Fövqəladə Hallar Nazirliyinin 16 may 2022-ci il tarixli məktubuna gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, Fövqəladə Hallar Nazirliyinin həmin məktubu 16 may 2022-ci il tarixdə, yəni üç il bundan əvvəl verilmişdir. Hazırkı apellyasiya baxışında isə Fövqəladə Hallar Nazirliyi müvafiq rəy verilməsini təmin etməmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş kompleks ekspertiza üzrə qoyulan suallar isə yuxarıda adı çəkilən orqanlar (Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən cavablandırılmış və avtoyuma məntəqəsinin bu günkü vəziyyəti əsas götürülməklə mütəxəssis rəyləri verilmişdir. Digər tərəfdən, həmin məktubda qeyd olunan əsas nöqsan obyektin istismarının X12 Xidməti ilə razılaşdırılmamasından ibarətdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu hal bilavasitə həmin orqanla obyekt sahibi arasında mövcud olan münasibətlərə aiddir və ayrılıqda avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması üçün əsas vermir.

47. Məhkəmə kollegiyası qeyd olunanları, yəni mütəxəssislər tərəfindən yerində müayinə aparıldığını və əsaslandırılmış mütəxəssis rəyləri təqdim olunduğunu nəzərə alaraq avtoyuma məntəqəsinə yerində baxış keçirilməsinə ehtiyac görmədi.

48. Mülki Məcəlləyə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (maddə 171.1).

49. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir, iddiaçı onun bu hüququnu mübahisələndirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin tələbi rədd olunmuşdur. Yeni apellyasiya baxışı zamanı aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə etməsi həmin binada yaşayan digər sakinlərin öz sahələrindən istifadə etməsinə hər hansı maneçilik yaratmır. Eləcə də, avtoyuma məntəqəsinin fəaliyyəti binanın dayaqlarına, habelə həmin binada yaşayan sakinlərin həyat və sağlamlıqlarına hər hansı ziyan vurmur. Ən azından iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

50. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə isə sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

51. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

52. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işdə iddiaçı cavabdehə məxsus avtoyuma obyektinin fəaliyyətinin onun hüquqlarına xələl gətirdiyini bildirsə də, iş materiallarında olan sübutlardan görünür ki, həmin yeraltı dayanacaqda, cavabdehdən başqa digər şəxslərə məxsus sahələrdə də eyni fəaliyyət – avtomobillərin yuyulması xidməti həyata keçirilir və cavabdehə qarşı irəli sürülən iddianın əsasını təşkil edən faktlar həmin şəxslərin fəaliyyətinə də aid edilə bilər. Lakin iddiaçı eyni yerdə, eyni fəaliyyətlə məşğul olan bir neçə şəxsdən yalnız cavabdehə qarşı iddia qaldırmış və yalnız onun fəaliyyətinin qadağan edilməsi tələbini irəli sürmüşdür. Belə olan halda yalnız cavabdehin fəaliyyətinin qadağan edilməsinin iddiaçının nail olmaq istədiyi məqsəd xaricində olması aşkardır və eyni növ fəaliyyətlə məşğul olan digər şəxslərə münasibətdə cavabdeh üçün ədalətsiz nəticə yaratmağa hədəflənmişdir.

55. Məhkəmə kollegiyası bunları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeni nəzərə alaraq iddiaçının bu hərəkətini hüquqdan sui-istifadə hesab edir.

56. X1 adı çəkilən qərarda qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

57. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1, 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

58. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

59. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

60. Onu da nəzərə almaq lazımdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsi yalnız mülki norma deyil, həmçinin konstitusion norma olmaqla Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqdan sui-istifadəyə yol verilmir.

61. Bundan əlavə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.2-ci maddəsinə əsasən heç kəs öz hüquqlarından və azadlıqlarından suiistifadə etməməlidir.

62. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

63. Hüquqdan sui-istifadə hallarının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətlərinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmalı, yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə rədd edilməlidir.

65. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

66. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

67. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

68. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

69. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

71. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması” tələbinin təmin olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv.metr olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar