Məhkəmə qərarları › İş №2(103)-2950/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2950/2021

07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2950/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-2705/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə **********60011 saylı abonent hesabına yazılmış aktların etibarsız hesab edilməsi və “xxxx” ASC tərəfindən hesablanmış 1928,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********60011 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1928,76 manat məbləğində borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanına (abonent kodu **********60011) hesablanmış 1928,76 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-2705/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx” ASC tərəfindən ünvan 1 ünvanına (abonent kodu **********60011) əsassız hesablanmış 1928,76 manat borcun silinməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-2705/2020 saylı qətnaməsinin ləğv olunması və ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, abonent İddiaçı adına olan **********60011 nömrəli abunə hesabının təhlili zamanı silinməsi tələb edilən borcun xx.xx.2007-xx.xx.2009-ci il dövrü ərzində istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı X1 adına olan **********30027 nömrəli abunə kodunun təhlili zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektro energetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 2705/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan ünvan 1 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********60011 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışın bağlanan aktlar bölməsindən görünür ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək aktlar əsasında sayğac quraşdırma üçün 86,76 manat, əlavə sərfiyyata görə 1471,68 manat, sayğacsız, dəbbə və digər səbəblərə görə ümumilikdə 1928,76 manat məbləğində borc iddiaçının abonent hesabına hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdəsaxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək iddiaçının abonent hesabına enerjitəchizatı müəssisəsi tərəfindən aktlar əsasında sayğac quraşdırılmasına görə, əlavə sərfiyyata görə, sayğacsız, dəbbə və digər səbəblər görə ümumilikdə 1928,76 manat məbləğində borc hesablanmışdır. Həmin aktlar hazırda olmadığından cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamış, iddiaçının cavabdeh qarşısından elektrik enerjisinin istehlakçısı kimi yaranmış 1928,76 manat məbləğində borcunun əsasını – yalnız iddiaçının abunə hesabına aktlar əsasında aparılmış hesablamalar (borc məbləğləri) təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, mülki mübahisəyə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 1927,76 manat məbləğində borcun əsasını - enerjitəchizatı müəssisəsi (cavabdeh) tərəfindən aktlar əsasında abonentin (iddiaçının) abunə hesabına müxtəlif vaxtlarda (fərqli səbəblərlə) hesablanmış pul məbləğləri olduğundan, yaranmış borcun əsaslı olması halı barədə sübut etmə yükü cavabdehin üzərinə düşür. Hansı səbəblərə görə sayğacın quraşdırılmasına, akta görə əlavə sərfiyyat (cavabdehin nümayəndəsinin izahatına əsasən həmin akt hazırda olmadığından məhkəməyə təqdim edilməmiş), sayğacsız, dəbbə və digər hallara görə ümumilikdə 1927,76 manat məbləğində iddiaçının öhdəliyinin yaranmasının mötəbərliyini əks etdirən sübutlar məhkəməyə təqdim olunmadığından və həmin borcun yaranmasının əsaslı olması müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 2705/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar