Məhkəmə qərarları › İş №2(103)-2951/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2951/2024

08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2951/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ( üçüncü şəxs 31 saylı Notariat ofisi, 25 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının anası X2 18 iyun 2022-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmış və miras qoyanın 3 vərəsəsi müəyyən edilmişdir. Daha sonra vərəsələrdən Vasif Qasımov miras qalmış əmlakın ona düşən payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. İddiaçı digər cavabdeh olan dayısı Cavabdeh2 etibarnamə verərək, miras əmlakdan payı bağışlamaq və digər hərəkətləri etməyi ona etibar etmişdir. Cavabdeh2 həmin etibarnamə əsasında 08 fevral 2023-cü il tarixdə bağışlama müqaviləsi ilə ünvan ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsində və AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 463136 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2013-cü il olan Renault Tondar minik markalı ** VU *** dövlət nömrə nişanlı avtomobildə 1/2 hissə vərəsəlik payını bütövlükdə Cavabdeh1 bağışlamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 onun etibarından sui-istifadə edərək ona sənədləşmə işlərinin aparılması üçün etibarnamə verilməsini istəmiş, o da baş etibarnamə (yəni, mülki etibarnamə, bütün hərəkətlərin edilməsi barədə) vermişdir. İddiaçı notariat ofisini tərk etdikdən sonra, halbuki vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixində verilmiş, notarius ona şəhadətnamə təqdim etməmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində dayısı Cavabdeh2 etibarnamədən sui-istifadə edərək, hazırkı Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixində əmlakın bağışlanması haqqında müqavilə bağlayaraq hazırkı cavabdehə, ona vərəsəlik qaydasında verilmiş 1/2 payı bağışlamışdır. Sonradan ona bu hallar məlum olmuşdur, dərhal dayısı Cavabdeh2 vermiş olduğum etibarnaməni ləğv etdirmiş, notariat ofisinə müraciət etmiş və məlum olmuşdur ki, ona vərəsəlik qaydasında verilmiş torpaq sahəsi dayısının imzası ilə cavabdehə bağışlanmışdır. Bundan başqa öyrənmişdir ki, torpaq sahəsi hələ də mərhum anasının adındadır. O, əmlakı öz iradəsi ilə qardaşına bağışlamış olmuş olsa idi, elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində bunu edərdi və əmlakı bağışlayardı, deməli o payını bağışlamaq istəməmişdir, payından istifadə etmək niyyəti olmuşdur. 31 saylı notariat ofisi qanunsuz fəaliyyətinə görə nəzarətə götürülmüş və notarius Hümmətov Ramiz işindən vaxtından əvvəl kənarlaşdırılmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-508/24 saylı iş üzrə 01 mart 2024cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ərizəsində sənədləşmə işlərini aparmaq üçün dayısına etibarnaməni 08 fevral 2023-cü il tarixdə verdiyini və dayısının da məhz həmin tarixdə bundan sui-istifadə edərək bağışlama müqaviləsini bağladığını göstərsə də, iş materialları ilə bunun əksi sübut olunur. Belə ki, iş materiallarında olan sözügedən etibarnamənin surətindən görünür ki, iddiaçı tərəfindən dayısına həmin etibarnamə 08 dekabr 2022-ci il tarixdə verilmiş və dayısı tərəfindən sözügedən bağışlama müqaviləsi həmin tarixdən 2 ay müddət keçdikdən sonra bağlanmışdır. Bundan başqa iddia tələbinin əsassızlığını təsdiq edən dəlillərdən biri də budur ki, iddiaçı 08 fevral 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsızlığını tələb etməsinə baxmayaraq, məhkəmənin 21 fevral 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında vermiş olduğu izahatından bəlli olmuşdur ki, o, həmin müqavilə ilə qardaşına bağışlanmış nəqliyyat vasitəsi və torpaq sahəsindən yalnız torpaq sahəsinə münasibətdə müqavilənin etibarsızlığını istəyir. Belə ki, nəqliyyat vasitəsinin qardaşına bağışlandığına etirazı yoxdur. Həmin iclasda iddiaçı eyni zamanda bildirmişdir ki, dayısına etibarnaməni heç bir hədə-qorxu və kənar təsir olmadan öz iradəsinə əsasən vermişdir və dayısından onun əvəzinə vərəsəliklə bağlı işlərin görülməsini xahiş etmişdir. Burdan da görünür ki, iddiaçı dayısına vərəsəlik payının bağışlanması hərəkətini etməyi etibar edərkən, müqavilə ilə bağışlanmış əmlaklara dair əqd bağlamaqda maraqlı olmuş və bu hərəkətləri onun əvəzinə etməyi dayısına şüurlu olaraq, heç bir kənar təsir olmadan etibar etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 359.1, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ancaq avtomobilin qeydiyyata alınması və torpaq sahələrinin sənədləşməsi üçün etibarnamə vermişdir. Cavabdeh indiyə qədər torpaq sahəsini dövlət qeydiyyatına alınması barədə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Çünki cavabdeh bilirdi ki, bunu o, biləcək və dərhal iddia qaldıracaq, ona görə də 1 illik müddətin başa çatmasını gözləmişdir.

9. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası ərizənin (vəsatətin) əsaslandırılmadığını və məhkəmə iclasının təxirə salınmasına əsas verə bilən sübutlar (sənədlər) təqdim olunmadığını nəzərə alaraq vəsatəti əsassız saydı və rədd etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayır.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi ünvan ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibrasız hesab olunması barədədir.

19. İddiaçı tələbini Cavabdeh2 vərəsəliklə bağlı sənədləşmə işlərini aparması üçün etibarnamə verməsi və sonuncunun onun etibarından sui-istifadə edərək onun payını qardaşına bağışlaması ilə əsaslandırmışdır.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad edilən halların öz təsdiqini tapmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir və buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.

22. Mülki Məcəlləyə müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1).

23. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3).

24. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

25. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

26. B.Qasımovun şikayəti üzrə 2019- cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarda da gösərilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

27. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, müqavilə bağlanarkən qanunvericiliklə tələb olunan subyekt tərkibi, forma və məzmunla bağlı şərtlərə əməl edilməklə bərabər, əks edilmiş iradə ifadəsi də tərəflərin iradəsinin həqiqi məzmunu və hüquqi niyyətlərini müəyyən etmişdir. Yəni, iddiaçının torpaq sahəsinə olan payını bağışlamaqda məqsədi qardaşı Cavabdeh1 zənginləşdirmək olmuşdur. Əmlakın yeni mülkiyyətçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması bağışlama müqaviləsi üzrə iradə ifadəsinin zədələnməsinə və ya qeyrihəqiqiliyinə səbəb ola bilməz.

28. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

29. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.

30. Beləliklə, tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilə bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Odur ki, göstərilən hallarda əqdin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Belə ki, müqavilə iddiaçı tərəfindən könüllü imzalanmış, müqavilə imzalanarkən aldatma, zor, hədə təsiri altında yanılma hallarının mövcudluğu sübut edilməmişdir. Bu baxımdan iddia əsassızdır və təmin oluna bilməz.

31. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 01 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar