Məhkəmə qərarları › İş №2(103)-2958/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2958/2020

21.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2958/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı işə bərpa və təzminatın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə qarşı işə bərpa və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə işə qaytarılması və əlavə olaraq 9.500 manat məbləğində təzminatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə əmək kitabçasında qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün xx.xx.2019cu il tarixdə idarənin rəisi V.Həsənova işdən çıxma ərizəsini geri götürməsi ilə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur etmişlər. Ərizəni təzyiq altında yazmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Teleqramdan sonra xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müraciətlərinə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «q» bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İşdən azad olunduğuna görə o, maddi zərərə düşmüşdür. Ailəlidir, 2 azyaşlı övladı var, üstəlik banka kredit borcu vardır. O, işinə bərpa olunmaq və mənəvi təzminat almaq istəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən "Azəriqaz" İB Təmir-Tikinti idarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə qəbul olmuşdur. xx.xx.2019-cu il tarixdə əmək kitabçasmda qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün xx.xx.2019-cu il tarixdə idarənin rəisi cənab Vidadi Həsənova işdən çıxma ərizəsini geriyə götürməyi ilə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, "Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarhq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur." Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə iddiaçıya heç bir rəsmi xəbərdarlıq olunmamışdır. Bundan başqa rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də əslində belə deyil. İddiaçını ərizə yazmağa məcbur ediblər. Ərizəni təzyiq altında yazmışdır. ƏM-nin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, "İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır." Teleqramdan sonra 10 və xx.xx.2019-cu il tarixli müraciətlərə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. ƏM-nin 9-cu maddəsinin "9" bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İddiaçı işdən azad olunduğuna görə maddi zərərə düşmüşdür. Ailəlidir, 2 azyaşlı övladı var, üstəlik banka kredit borcu vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili T.Seyidov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Nəsirov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 28-k saylı əmək müqaviləsinə əsasən İddiaçı «Azəriqaz» İB-nin Təmir-Tikinti İdarəsinə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə iddiaçıya 10-cu dərəcə təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli, SOCAR19291 saylı əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan maddələrin tələbinə əsasən, cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi iddia tələbinin rədd edilməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsinin məhkəməyə müraciət edilməsi üçün yuxarıda qeyd olunan maddənin tələbinə müvafiq olaraq, 1 aylıq iddia müddətinin ötürülməsinə dair əsaslandırmasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçının həmin müddəti ötürməməsi iş materiallarına əlavə edilmiş zərflə (i.v 27) müəyyən olunur. Belə ki, həmin zərfin üzərindəki möhürə əsasən, iddia ərizəsi xx.xx.2019-cu il tarixində poçt xidmətinə təhvil verilmiş, xx.xx.2019-cu il tarixində isə qəbul edilmişdir. Odur ki, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələblərinə əsasən ötürülməmişdir. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. İddia tələbinin 9500 manat məbləğində təzminatın verilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iddiaçının həmin təzminatı tələb etməsinin hansı hüquqi əsasının olması iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan müəyyən edilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Beləliklə, kolegiya hesb edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Əli oğluna məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar