Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2958/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "kommunal xərclərlə bağlı istehlakçıların hüquqlarının müdafiəsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(011)-5521/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 1993-cü il tarixdə ailə üzvləri ilə birlikdə Fizuli rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanda məskunlaşmışlar. Yaşadıqları ərazi üzrə işıq mütəxəssisi barələrində akt tərtib etmişdir. Güya ki, onların sayğacı evin sahəsinə görə az enerji yazır və şübhəli hallar vardır. Belə ki, onun fərziyyələrinə görə, onlar işıq naqillərinə müdaxilə etmişlər və əlavə xətlə evə elektrik enerjisi vermişlər. Lakin dedikləri fərziyyə olduğundan heç bir şeyi sübut edə bilməmişdir. Həmin sayğaca tərəflərindən ümumiyyətlə müdaxilə olunmamışdır. Cavabdeh isə əsassız olaraq protokol tərtib edərək, güya 900 manat borcunun olduğu barədə ona bildiriş vermədən xəbərdarlıq etmişdir. Daha sonra, təxminən 3-4 gün əvvəl, sentyabr ayının 13-ü heç bir bildirişsiz evə gələn elektrik xəttini kəsmiş və evi işıqsız qoymuşdur. Həmin ev yenicə tikildiyindən ora təzəliklə köçmüşlər, evdə 4 nəfər yaşayır, yəni onların qeyd etdiyi məbləğdə borcun yaranması absurddur. xxxx ASC-nə borcun silinməsi barədə rəsmi müraciət etməyinə baxmayaraq, borcu əsassız olaraq silinməmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh xxxx ASC tərəfindən (abunə kodu **********0002A) ünvan 2 ünvanında yerləşən evə əsassız yazılmış 900 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(011)-5521/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(011)-5521/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan akt tərtib edilərkən hal şahidlərinin olmamasını əsas gətirərək aktın etibarsız hesab edilməli olması qənaətinə gəlmişdir. Halbuki, aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktını inkar etməyə əsas vermir. Həmçinin, 08.08.2020-ci il tarixdə iddiaçının sayğacına keçirilən baxışın və bu zaman aşkar olunmuş qüsurların “xxxx” ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmışdır. Hesab edirlər ki, məhkəmə təqdim edilmiş sübutların qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh ASC-nin tərtib etdiyi 08 avqust 2020-ci il tarixli NDM 019469 nömrəli aktın və icra vərəqənin surətindən görünür ki, ünvan 1 ünvanda abonent İddiaçı məxsus olan işıq sayğacına baxış keçirilmiş, sayğacın baxış tablosunun oxunmadığı, impuls lampasının vurmadığı, sayğacın dövrədən axan yükü qeyd etmədiyi və sayğacın alt qapaq möhürünün siminin qırıq olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 11.10.2017-ci il tarixli abunə haqqında məlumatlardan görünür ki, ünvan 3 ünvanında abonent İddiaçı 04.09.2020-ci il tarixdə 0,00 manat borcu vardır. Həmin aydan əvvəlki aylar üçün 5-10 manat arasında məbləğdə işıq sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 10.14-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə isə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi videoçəkilişdə sayğacın baxış tablosunun oxunmadığı, impuls lampasının vurmadığı, sayğacın dövrədən axan yükü qeyd etmədiyi və sayğacın alt qapaq möhrünün siminin qırıq olduğu göstərilsə də, həmin qüsurların həqiqətən də iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığı sübut olunmur. Məhkəmə kollegiyası videoçəkilişdə əks olunanlarla bağlı onu da qeyd etməyi zəruri sayır ki, görüntülərdən sayğacın quraşdırılığı evdə çəkiliş zamanı elektrik enerjisinin istehlak edilib- edilmədiyini müəyyən etmək mümkün deyil, evdə elektrik enerjisinin istehlak edilməməsi halında isə impuls lampasının vurmaması və sayğacın dövrədən axmayan yükü qeyd etməməsi təbiidir, eyni zamanda sayğacın alt qapaq möhrünün siminin çəkiliş anında və ya bundan əvvəl qırılması, baxış tablosunun oxunaqlılığının itməsi kimi halların müdaxilə nəticəsində baş verib-verməməsi, həmçinin bu müdaxilədə iddiaçının təqsirli olmasını müəyyən etmək mümkün deyil. Ümumiyyətlə, görüntülərdən çəkiliş zamanı sayğacın elektik yükü altında olması və iddiaçıya məxsus evdə quraşırılması da təsdiq edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə əsaslı şübhədən kənar sübutlarla iddiaçının abonenti olduğu ünvanda quraşdırılmış sayğaca müdaxilə edib cavabdehi zərərə uğratması halı təsdiq edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məcəllənin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(011)-5521/2020 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2958/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2958/2021
06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver