Məhkəmə qərarları › İş №2(103)-2959/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2959/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2959/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı işi üzrə Q ƏT N A M Ə S İ Açar sözlər: (“vurulmuş maddi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-245/2023 saylı işi üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 700 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-245/2023 saylı işi üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 13.4, 25.1.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sözügedən maddədə "qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki halda cavabdeh sözügedən avtomobili atası Cavabdeh1 razılığı və onun iradə ifadəsinə uyğun olaraq idarə etməsi işin mübahisə olunmayan halıdır. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda "əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir.Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması(avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, "sürücü” kimi iştirak edir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada "sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə "sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır.Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən "hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir(məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il tarixli, 4 saylı Bülletenində İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü bəndinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair sərgilədiyi mövqeyə əsaslanmışdır).Cavabdeh2 avtomobili atası Cavabdeh1 razılığı və iradəsinə uyğun olaraq idarə edib. Belə ki, bu faktın əksi iş materialları ilə müəyyən edilmir. 01 dekabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobilin mülkiyyətçisi Cavabdeh1 olaraq avtomobili idarə edən Cavabdeh2 həmin avtomobilə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” sayılmayıb və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA75245 saylı sığorta aktı, cari hesabdan çıxarış və təhvil-təslim aktına əsasən sığortalı Cavabdeh1 məxsus olan sığortalanmış “Hyundai H100” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, S.Bəhlulzadə küçəsində “MercedesBenz” E220” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bunun nəticəsində X4 məxsus olan avtomobilə "xxxx" MMC-nin tərtib etdiyi akta əsasən 700 manat məbləğində ziyan dəymiş və sığorta şirkəti tərəfindən X4 700 manat məbləğində sığorta ödənişi edilmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumata əsasən sığortaçı "xxxx" ASC sığortalı Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış PXA********** saylı müqaviləyə əsasən “Hyundai H100” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdı; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən “Hyundai H100” markalı minik, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X2, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olmuşdur. Cavabdeh2 hadisə zamanı avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmiş və ayıq vəziyyətdə olmuşdur. Hadisə xx.xx.2020-ci il tarixdə 17:30 radələrində baş vermis və nəticədə X3 mülkiyyətində olan “MERCEDES BENZ E220” CDİ minik markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir; - "xxxx" ASC tərəfindən Cavabdeh2 03 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən hadisə zamanı onun nəqliyyat vasitəsini etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyini nəzərə alaraq 700 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına 7 iş günü ərzində könüllü ödəməsi təklif edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 214 saylı qiymətləndirmə aktına əsasən “MERCEDES BENZ E220” CDİ minik markalı, **-DK-*** dövlət nömrəli nişanlı avtonəqliyyat vasitəsinə 700 manat dəyərində təmir işləri görülmüşdür(iş səh.29-40). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı iddianın əsaslarına uyğun apellyasiya şikayəti verərək (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2; Mülki Məcəllənin 1096, 1097.3; İnzibati Xətala Məcəlləsinin 332; Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddələrinə istinadən) Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2023-cü il, e-2(010)-245/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına və apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 214 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDE BENZ E230” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə 700 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 700 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil,yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi dedikdə sürücülük vəsiqəsini, etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlaması deməkdir. Qeyd olunan maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan, lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başqa qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır müddəası da yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) maddəsi birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 883, 885, 922-927, 1096, 1097, 1108, 1114, 1115; Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 372, 385-390; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 12-25, 58, 63, 77-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

9. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mövqeyindən münasibətlərə qiymət verildiyi təqdirdə tələb edilən məbləğin cavabdehlərə aidiyyəti baxımından onların təqsirliliyinə aid belə mötəbər sübutlar (inzibati xəta haqqında qərar və s.) təqdim edilməmişdir.

10. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

11. Bundan əlavə, iddia səciyyəsinin müstəvisində münasibətlərə qiymət verdikdə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı, müvafiq əmlakın buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi baxımından, subroqasiya hüququnun hər iki cavabdehə yönəlməsi də anlaşılan deyildir.

12. Beləliklə, birinci instansiya məhkəməsinin subroqasiya hüququn yaranması baxımından qiymət verilməsi qanuni və əsaslı olmaqla yanaşı diqqətə çatdırılmalıdır ki, iddia tələbinin əsasları baxımından onun hər bir cavabdehə qarşı sübuta yetirilməsi belə təmin edilməmişdir.

13. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməsi nəzərə alınmalı və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmaması izah edilməlidir.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-245/2023 saylı işi üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar