Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2963/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-4517/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 46 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-572 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iş yoldaşı olmuş, 2016-cı ildə qızının toyuna görə sonuncudan pul almış və həmin borcu aldığı kimi hissə-hissə qaytarmışdır. Buna baxmayaraq cavabdeh onu və qızını şantaj edərək polisə verməklə və başqa vəzifəli qohumlarını misal çəkməklə hədələmiş, daha sonra müqavilə bağlayacağı halda əl çəkəcəyini bildirmişdir. Belə olan halda onların arasında Bakı şəhəri 46 saylı notariat kontorunda Kredit Müqaviləsi bağlanmışdır. O, müqavilə bağlandıqdan sonra da borcunun qalanını ödəmişdir. Cavabdeh bütün ödənişləri nəzərə alaraq borcunu bağlayacağını düşünsə də, ondan yenidən 35000 manat pul tələb edir. Halbuki, onun cavabdehə borcu yoxdur və həmin müqaviləni də cavan nişanlı qızını polislərə verməsin deyə cavabdehin və onun vəkilinin hədələri ilə məcburiyyət qarşısında qalaraq imzalamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 4517/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qəbul edilərkən iddia tələbi lazimı qaydada araşdırılmamış, əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiqlənmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 35.000 manat borc vermişdir. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı 35000 manat (20588 ABŞ) məbləğində borc pulu 2 ay 725 manat, növbəti aylarda isə 1525 manat olmaqla, xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı hazırda müqaviləni hədə-qorxu təsiri altında, cavabdehin cavan qızı barəsində polislərə müraciət etməməsi səbəbindən imzaladığını iddia edərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlillərini (pulu almamasını və müqaviləni hədə-qorxu təsiri altında bağladığını) sübuta yetirə bilməməsinə, həmçinin iddiaçının əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən belə qənaətə gəlmişdir ki, iddia təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə olan borcun qaytarılmasını iddia etdiyindən, bunu sübutetmə yükünü daşıyır, lakin bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut (ödənişlər barədə qəbz və pulun ödənilməsini təsdiq edən hər hansı sübut) təqdim edə bilməmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət müəllifi göstərdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, tələbini əsaslandırmamışdır. Apelyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, iddianın dəlillərindən asılı olmayaraq, əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırkı işdən isə aşkar şəkildə görünür ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsini özü şəxsən imzalamış və həmin müqavilə notariat qaydada təsdiq olunmuşdur. Buna baxmayaraq iddiaçı həmin əqdi 1 il müddətində mübahisələndirməmiş, bununla da məhkəmə müdafiə hüququnu itirmişdir. Yəni, hər iki halda (əqdin mübahisə edilən və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq) məhkəmə müdafiəsi ilə bağlı müddət buraxılmışdır. Beləliklə, əqdin etibarsızlığı ilə bağlı da iddianın və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4517/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2963/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2963/2021
15.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver