Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2965/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5052/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1728 manat borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 1728 manat dəyərində olan Zanussi kondisioneri satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 144 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, qalan 1728 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5052/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən 1728 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5052/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2017-ci il tarixdə,"Maqnit"mağazasından ona lazım olan və 90 (doxsanlıq) kondisioner almaq üçün alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilə bağlayan zaman cavabdehin epilepsiya pristupu tutmuşdur və o həmin pristupdan iki saat sonra ayılır, ayıldıqdan sonra müəyyən vaxt yaddaşını itirir və nə etdiyindən xəbəri olmur. 44 (qırx dörd) ildir cavabdeh epilepsiya xəstəsidir, həmin xəstəliklə əlaqədar ömürlük 1-ci qrup əlildir, ruhi əsəb xəstəlikləri dispanserində uşaqlıqdan qeydiyyatdadır. Bir neşə saat sonra mağazadan çıxıb evə gəlmiş və sabahı gün ustalar gəlib kondensionerı quraşdırarkən həmin kondisionerin 90 (doxsanlıq) deyil 70 (yetmişlik) olduğunu müəyyən etmiş və həmin kondisionerin dəyişdirilməsini istəmişdir. Həmin kondesionerin dəyişdirilməsini cavabdehə söz versələr də bu günə kimi həmin kondesioner "Maqnit"mağazası tərəfindən dəyişdirilməmiş, cavabdehin ünvanına borclu olmağına baxmayaraq gəlinməmiş və kondisioner mağazaya geri aparılmamışdır. Halbuki, cavabdeh telefonda da və mağazaya gedərək də onlara bildirmişdir ki, kondesioner istifadə olunmamışdır və gəlib kondisioneri apara bilərlər, lakin mağazanın nümayəndələri kondesionerin qaytarılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Müqavilənin "Satıcının vəzifə və hüquqları"hissəsinin 5.1.6.maddəsində- Qarantiya müddəti ərzində qüsurlar aşkar edilmiş əşyanı (komplekləşdirici məmulatı) təmin etmək və ya əvəz etmək. Həmin müqavilənin "Tərəflərin Məsuliyyətfhissəsinin 8.2-ci maddəsində -"Alıcı" satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda, "Satıcının" öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını "Alıcıdan" tələb edə bilər. Bu tələb "Alıcı" tərəfindən 3 (üç) gün müddətində yerinə yetirilməlidir. Həmin müqavilənin "Tərəflərin Məsuliyyəti"hissəsinin 8.7-ci maddəsində-"Satıcı"alqı-satqı müqaviləsini pozaraq "Alıcıya" müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə və ya əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə “Alıcı"çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin "Müqavilə şərtlərinin dəyişdirilməsi, müqaviləyə xitam verilməsi" hissəsinin 10.2-ci maddəsində- "Alıcı"və "Satıcı"müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə xitam verə bilər. Qeyd olunanlardan görünür ki, iddiaçı tərəf aylardı ödəmə olmamasına baxmayaraq, cavabdehin onları dəfələrlə kondensionerin dəyişdirilməsi və qaytarılması barədə xəbərdarlıqlar etməyinə baxmayaraq heç bir tədbir görülməmiş və 3 (üç) il sonra məhkəməyə müraciət olunmuşdur. Adı şəkilən kondisioner hazırda da durur və iddiaçı istədiyi vaxt onu geri götürə bilər. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Abbasov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli 298406 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1728 manat dəyərində olan Zanussi kondisioner satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 1728 manat əsas borcu vardır. İş materiallarında olan məhsulun təhvil verilməsi haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh dəyəri 1728 manat olan Zanussi kondisioneri təhvil almışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Kollegiya qeyd edilən hallara əsasən hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 298406 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən həmin müqaviləyə əsasən 1728 borcun tutularaq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində epilepsiyası tutduğundan nə etdiyindən xəbərinin olmaması, kondisionerin qaytarılması üçün satıcıya məlumat verməsi hallarına istinad etsə də, həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5052/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2965/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver