Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2973/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin cavabdeh X3 qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin cavabdeh X3 qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il il tarixli, 2(001)-250/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)- 250/2023 nömrəli qətnaməsinə əsasən, İddiaçı şirkətinin X3 qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə iddiası təmin edilməmişdir.
2. Qətnamə 27 may 2023-cü il tarixdə tərəflərə rəsmi qaydada təqdim olunmuşdur.
3. İddiaçı şirkəti tərəfindən həmin qətnamədən 12 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı ilə şikayət Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır, qərardad 19 iyun 2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada verilmişdir.
5. İddiaçı 03 iyul 2023-cü il tarixdə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, şikayətə müddətin bərpasına dair ərizə də əlavə etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadı iddiaçıya 20 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Həmin qərardadda göstərilənlərə hazırki şikayətdə əməl olunmuşdur. Qeyri-iş günlərini və ilk iş gününün 03 iyul 2023-cü il tarixə təsadüf etdiyini nəzərə alaraq, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürülməmiş hesab edilməlidir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad iddiaçının elektron kabinetinə 14 iyul 2023-cü il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.
8. 05 mart 2024-cü il tarixdə iddiaçı həmin qərardaddan şikayəti vermiş, şikayətə müddətin bərpasına dair ərizə də əlavə etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından şirkət həmin qərardadla tanış olmamış və rəsmi əldə edə bilməmiş, yalnız 04 mart 2024-cü il tarixdə həmin qərardadı rəsmi olaraq əldə etmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)-250/2023 nömrəli qətnaməsi 27 may 2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməklə iddiaçıya çatdırılmış, iddiaçının apellyasiya şikayəti isə 12 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı ilə şikayət Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardad iddiaçının elektron kabinetinə 19 iyun 2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı yenidən 03 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti və onun verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad iddiaçının elektron kabinetinə 14 iyul 2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı həmin qərardaddan 05 mart 2023-cü il tarixdə şikayət və onun verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir.
15. İddiaçı qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi şirkətin ümumi serverində və internet şəbəkəsində yaranmış uzunmüddətli problemlə əlaqədar, şirkət tərəfindən mütəmadi olaraq elektron informasiya sistemi vasitəsilə şəxsi kabinetə daxil olmaq və sənədləri nəzarətdə saxlamaq mümkün olmadığından şirkət həmin qərardadla tanış olmamış və rəsmi əldə edə bilməmiş, yalnız 04 mart 2024-cü il tarixdə həmin qərardadı rəsmi olaraq əldə etdiyini göstərmişdir. Lakin, bu halı təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən işə baxan məhkəmələrə təqdim edilməmişdir. Bu o halda üzrlü səbəb kimi qəbul edilə bilərdi ki, iddiaçı qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət daxilində belə bir texniki nasazlığın yarandığını, bu nasazlığın davam etdiyi müddəti, bunun aradan qaldırılması üçün cəhdlər göstərdiyini sübut edə bilsin. Hazırkı halda isə, bu xüsusatların heç biri öz təsdiqini tapmır.
16. Bundan başqa, iddiaçının texniki nasazlığın yarandığını iddia etdiyi 14 iyul 2023 – 04 mart 2024-cü il tarixləri əhatə edən 7 ay gün müddət ərzində yalnız Bakı Apellyasiya Məhkəməsində baxılan müxtəlif işlər üzrə iddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, o cümlədən digər müraciətlər elektron kabinetə yerləşdirilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəbdən müddətin bərpası barədə ərizə əsaslı hesab edilə bilməz.
17. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı şirkəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il il tarixli, 2(001)-250/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2024-cü il il tarixli, 2(001)- 250/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev