Məhkəmə qərarları › İş №2(103)-2980/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2980/2020

10.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2980/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, Səfərov İddiaçı2, İddiaçı3, İddiaçı4 (3-cü şəxs: Maraqlı şəxs) Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, Səfərov İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Səfərov İddiaçı2 verdiyi etibarnamə əsasında İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-10566060 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsində yerləşən 43 saylı ev iddiaçı Səfərov İddiaçı2 xüsusi mülkiyyətindədir və DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Həmin evdə İddiaçı2ov ailə üzvləri ilə birlikdə yaşayır. Evin sahəsi 100,8 kv.metrdir. Həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə Səfərov İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 birgə mülkiyyət hüququ ilə məxsusdur. 2016-cı ilin yay aylarında iddiaçı Ş.Səfərovun ürəyi xəstə olduğundan və müalicəyə ehtiyacı olduğu, həmçinin gözləri görmədiyi üçün bu sahədə də müalicəyə ehtiyacı olduğu üçün, oğlu Səbuhinin həyat yoldaşı Səfərova Günay ağır xəstə olduğundan onlara təcili pul lazım olmuş və bu səbəbdən də tanışlara müraciət etmişlər. Onlardan biri, yəni Nadir adlı şəxs X2 tanış etmiş və bildirmişdir ki, o, faizlə pul verir. X3 ilə görüşmüş, dərdini danışmış və ondan 25000 manat pul istəmişdir. İ.Rəhimov isə Samirə 25000 manat pul verəcəyini bildirmiş, əvəzində ondan girov qoymağı tələb etmişdir. Samir İlqara bildirmişdir ki, evdən başqa heç bir əmlakları yoxdur, axırıncı yaşayış yerləridir, orada ailə üzvləri yaşayır. Cavabdeh Rəhimov Samirə bildirmişdir ki, formal olaraq onunla evlə və birgə mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsi ilə əlaqədar alqı-satqı etsinlər, 25000 manatı geri qaytardıqdan sonra evi və torpağı onlara geri qaytaracaq. Ş.Səfərov oğlu Samirə etibarnamə vermişdir. Ş.Səfərovun və oğlu Səbuhinin həyat yoldaşının ağır xəstəliyinin olması və onları itirmək qorxusu Samirin cavabdehə inanıb onunla razılaşmasına səbəb olmuşdur. Cavabdeh hər ay iddiaçılardan faizlər almışdır. Bu yaxınlarda iddiaçıların evinə icra şöbəsindən əməkdaşlar gələrək onların evdən çıxmalarını tələb etmiş və bildirmişlər ki, bu barədə məhkəmə qətnaməsi var. Samir cavabdehlə əlaqə saxlayıb nə baş verdiyini soruşduqda o, Samirə bildirmişdir ki, evi və torpağı formal yox, həqiqətən alıb və geri qaytarmayacaq. Cavabdeh Rəhimov İlqar iddiaçıları aldadaraq girov kimi formal alqı-satqı deyərək, əslində 150000 manat dəyərində olan evi və torpağı 25000 manata öz mülkiyyətinə keçirmişdir. Evin və torpağın dəyəri isə 25000 manat yox, 150000 manatdır. Heç kim 150000 manatlıq evini və torpağını 25.000 manata satmaz. Onlar qəbul edirlər ki, Cavabdeh borc pul almışlar, faizlərini ödəmişlər, bu insan onları aldadıb, evlərini müvəqqəti olaraq girov kimi qəbul edib. Evin qiyməti 25000 manat deyil, 150000 manatdır. Ailənin yeganə yaşayış yeri olan evi 150000 manata satıb, onun borcunu ödəyib, qalan pula özlərinə koma alıb yaşaya bilərdilər. Heç kim 150000 manatlıq evini alqı-satqı ilə 25000 manata satmaz. Özözlüyündə də görünür ki, bu aldatma yolu ilə edilib və onları çox ağır vəziyyətə salmışdır, başqa sözlə desək əməldə Azərbaycan Respublikasını MM-nin 339-cu maddəsinin tərkibi vardır.Məhkəmə özü onlara sübutları təqdim etməyə imkan verməmişdir. Belə ki, onlar məhkəmədə evin dəyərinin 25000 manat deyil, 150000 manat olduğunu bildirmiş və məhkəmə ekspertizası təyin edilməsini, evin qiymətləndirilməsini xahiş etmiş və bununla bağlı vəsatət vermişlər. Eyni zamanda, cavabdehin məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişlər. Lakin məhkəmə bütün vəsatətləri rədd etmişdir. Məhkəməyə nə cavabdeh, nə nümayəndəsi, nə də vəkili gəlməmiş, məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır. Məhkəmə iclasında cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçılara və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. İddiaçılar ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmələri barədə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçıların və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli, AN seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar İddiaçı1, Səfərov İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100.8 kv/m yaşayış evini tam mülkiyyət üzrə alıcı Cavabdeh satmışlar. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140.1, 324.1, 337.1-ci maddələrini tətbiq etməklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1, Səfərov İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-10566060 saylı alqı-satqı müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. İddiaçılar cavabdehlə bağladıqları alqı-satqı müqaviləsinin etibarsızlığına əsası kimi irəli sürdükləri hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanarkən həmin əqdin tərəfləri öz iradə ifadələrinə uyğun olaraq qeyd olunan əqdi imzalamış və öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Əqdin imzalanması və rəsmiləşdirilməsi anında onun etibarsızlığına səbəb olan hallara yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Digər tərəfdən, mülki qanunvericilik əqdin etibarsız hesab edilməsi üçün konkret qanuni əsaslar müəyyən edir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2 və 77.1-ci maddələrinə əsasən həmin halların mövcudluğunu sübut etmək yükü əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-972/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar