Məhkəmə qərarları › İş №2(103)-2982/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2982/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2982/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkil və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli, 10/4793 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadan, əlavə mənzilin bayır və ara divarlarının altı nəzərə alınmadan) 78 m2 təşkil etdiyi müəyyən olunur. Mənzilin arakəsmə divarlarının və şaxtaların yerləşdiyi ərazi daxil olmaqla (müvafiq azalma əmsalları tətbiq olunmaqdan) sahəsinin 83,36 m2 (78+5+0,36) təşkil etdiyi, bayır və ara divarların altı nəzərə alındıqda (müvafiq azalma əmsalları tətbiq olunmadan) sahəsinin 94, kv.m təşkil etdiyi müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilədə qeyd edilmiş 83,71 kv.m sahənin hansı qaydada hesablanması (bayır və ara divarların altı nəzərə alınmaqla və ya alınmamaqla) göstərilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakının 4 saylı Abşeron ərazisi xx.xx.2021-ci il tarixli məktubunda göstərilən 74,6 kv.m sahə hesablanarkən arakəsmə və bayır divarların altı nəzərə alınmadığından və balkon 0,3 azalma əmsalı ilə hesablandığından , həmin sahə ilə mənzilin faktiki 78 kv.m ümumi sahəsi (müvafiq azalma əmsalları tətbiq olunmaqdan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan ), eyni zamanda bayır və ara divarların altı nəzərə alınmaqla hesablanmış 93,2 kv.m ümumi sahəsi arasında fərq yaranmışdır;

2. xx.xx.2023-cü il tarixli, 10/8052 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən 36 saylı mənzildə görülmüş təmir-tikinti işləri nəticəsində mənzilin faktiki ümumi sahəsinin 0,43 kv.m azaldığı müəyyən edilmişdir;

3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 243/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "Real-Ko İnşaat” MMC-dən İddiaçı xeyrinə 3451,2 manat pul vəsaitinin tutulması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1299/2024 saylı qərarıdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-243/2023 nömrəli qətnaməsi mübahisələndirilən hisssədə-iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır;

4. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "Real-Ko İnşaat” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)243/2023 saylı qətnaməsi ilə 3451,2 manat ödəniş edilmişdir;

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 25, mənzil 36 İddiaçı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 74.6 kv.m qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh "Real-Ko İnşaat” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Real-Ko İnşaat” MMC-dən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 74,6 kv.m olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzil (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) üçün artıq ödənilmiş 2068,2 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "Real-Ko İnşaat” MMC arasında xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 83,71 kv.m olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzil (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) barədə alqı-satqı müqaviləsi bağlanmışdir. xx.xx.2015-ci il tarixdə ümümi sahəsi 83.71 kv.m olmaqla hər kv.m. üçün 540 manat olmaqla, cəmi 45203 manat məbləğində mənzilin tam dəyərini ödəmişdir. ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 74,6 kv.m-dir, yəni 9,11 kv.m üçün 5519 manat artıq pul ödənilmişdir. O, "Real-Ko İnşaat” MMC-yə qarşı məhkəməyə müraciət etmiş və iddia təmin edilməmişdir. Apellyasiya şikayəti vermiş, şikayət təmin edilməmişdir. Kassasiya şikayəti qismən təmin edilmişdir. ƏMDK yanında DƏDRX-nın xx.xx.2024-cü il tarixdə verdiyi texniki pasportdan çıxarışdan məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 74.60 kv.m-dir, Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş sahədən 3,83 kv.m azdır. Müqavilə şərtlərinə tam əməl edərək üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin "Real-Ko İnşaat” MMC tərəfindən mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını Ali Məhkəmənin qərarından sonra bilmişdir.

8. Cavabdeh "Real-Ko İnşaat” MMC iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilir ki, yaşayış binaları kompleksinin tikintisi payçıların vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcminin təşkil edən məbləğə uyğun cəmiyyət üzvlərinə mənzillər verilməlidir. Ümumi sahəsi layihə üzrə 83.75 kv.m təşkil edən mübahisələndirilən mənzilin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi payçı ilə razılaşdırılır. Müqavilənin bəndində məhz ümumi sahə binanın layihəsi üzrə müəyyən edilən kvadratla payçıya verilməsi və onun razılaşdırılması müqavilədə göstərilir. Müqaviləni tərəf könüllü imzalamaqla qəbul etmişdir. Müqavilə ilə əldə edilmiş razılığa görə, mənzilin sahəsinə daxili divarlar və arakəsmələrin yerləşdiyi yer də aiddir. Ekspert tərəfindən isə müqavilədə göstərilən şərtlərə uyğun araşdırma aparılmamışdır. Ekspertiza tərəfindən verilmiş 10/8052 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə rəydə isə, iddiaçı tərəfindən mübahisəli mənzildə aparılmış təmir-tikinti işləri nəticəsində mənzilin ümumi sahəsinin 0,43 kv.m azaldığı müəyyənləşdirilmişdir. Lakin ekspert bu nəticəyə gəlməsi ücün hansı araşdırmaların aparıldığını, mənzilin divarlarının və ara-kəsmələrinin hansı ölçüdə genişləndirilib-genişləndirilmədiyini öz rəyində əsaslandırmamışdır. Halbuki, ekspert tərəfindən mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin yaşayış otaqlarından birinin şimala baxan divarı, digər yaşayış otağının isə pilləkən dəhlizinə baxan divarı iddiaçı tərəfindən əlavə divarla örtülərək qalınlaşdırılıb. Layihə üzrə divar qalınlıqları 30 sm nəzərdə tutulsa da, divarların faktiki qalınlığı 47 sm-dir. Ekspert tərəfindən mənzilə baxış keçirilərkən yaşayış otaqlarında olan divarların qalınlıqlarının layihə üzrə qalınlığından 17 sm artıq olması ekspert rəyində nəzərə alınmasa da, həmin mənzilin arakəsmə divarlarının və şaxtaların yerləşdiyi ərazi nəzərə almaqla (müvafiq azalma əmsalları tətbiq olunmadan) sahəsinin 83,36 kv.m təşkil etdiyi, bayır və ara divarların altı nəzərə alınmaqla sahəsinin 94,4 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. İşi təkrar apellyasiya baxışına qaytaran kassasiya instansiya məhkəməsi öz qərarında iddia müddətinin ötürülüb-ötürülmədiyinin araşdırılmasının zəruri olduğunu, bu məqsədlə iddiaçının iddia tələbində göstərdiyi hüquqlarının pozulduğunu hansı tarixdə bildiyinin araşdırılmasının vacibliyini qeyd etmişdir. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu göstərişinə əməl etməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Bu edilsə idi iddia müddətini ötürüldüyü müəyyən edilərdi. Müqavilə 5 ildən çox müddət əvvəl bağlanmışdır və iddiaçı bir illik iddia müddətini ötürmüşdür. İddiaçının xeyrinə hesablanmış 3451,2 manat pul vəsaiti "Real ko İnşaat” MMC tərəfindən ödənilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim X2).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzillə bağlı apellyasiya məhkəmə icraatlarında mənzilin sahə fərqinin hesablanması üçün ekspertiza təyin olunmuş və mənzilin faktiki sahəsinin 78 kv.m olduğu müəyyən edilmişdir. Lakin iddiaçı həmin mənzilə hüquqlarını qeydiyyata alarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş l9.09.2024 cü il tarixli çıxarışda mənzilin ümumi sahəsi 74.6 kv.m kimi qeyd edilmişdir. Belə ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı tərtib olun sənədlərdə müəyyən azaltma əmsalları tətbiq olunur və bu sənədlərdə göstərilən sahə mənzilin faktiki sahəsini əhatə etmir. Həmçinin bu azaltma əmsalları tərəflər arasında mənzilin satılmasına dair alqı-satqı müqaviləsi bağlanan zaman da nəzərə alınmır. Belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə müəyyən olunan sahəsi arasında olan fərq ekspert rəyi əsasında qanunvericilik normalarına uyğun hesablanmış və yaranan sahə fərqinə görə artıq ödənilmiş vəsait iddiaçıya qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Real-Ko İnşaat” MMC-yə qarşı yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1ci, 386.1-ci, 752.1-ci, 752.2-ci, 753-1-ci, 762.1-ci, 766-cı, 776.1-ci maddələri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1-ci, 3-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə iki məsələdə səhvə yol verib. Əvvəlcə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə cavabdehin iddiaçıya verməli olduğu sahə “faktiki sahə” olaraq deyil, “ümumi” sahə olaraq göstərilir (baxın müqavilənin 1.2-ci hissəsinə). Ümumi sahənin hesablanma qaydalarına görə də, faktiki sahə ümumi sahədən daha böyük olur, belə ki faktiki sahədə tikilinin çöl və arakəsmə divarları sayıldığı halda, ümumi sahənin hesablanmasında bunlar nəzərə alınmır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 10/4793 nömrəli ekspert rəyini əsas götürərək, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıya borcunun qalmadığını irəli sürməsi əsassızdır; çünki ekspert rəyində göstərilən 78 kv.m. sahə ümumi sahə deyil, faktiki sahədir, fərqə görə ödəniş ümumi sahənin 78 kv.m. olması kimi götürülməklə təyin edilmişdi. Lakin bu 3451.2 manatlıq ödəniş həyata keçirildikdən sonra DƏDRX-in verdiyi çıxarışdan müəyyən olur ki, ümumi sahə 78 kv.m. deyil, 74.6 kv.m. təşkil edir. Əgər ekspert qarşısında qoyulmuş sualda mənzilin faktiki sahəsi deyil, ümumi sahəsinin hesablanması soruşulsaydı, ekspert rəyində 78 kv.m., müvafiq azalma əmsalları tətbiq olunmaqla 74.6 kv.m. sahə göstəriləcəkdi. Məhkəmənin “...Tərəflər arasında bağlanmış xx.xx.2014- cü il tarixli müqavilədə qeyd edilmiş 83,71 kv.m sahənin hansı qaydada hesablanması (bayır və ara divarların altı nəzərə alınmaqla və ya alınmamaqla) göstərilməmişdir. Həmçinin bu azaltma əmsalları tərəflər arasında mənzilin satılmasına dair alqı-satqı müqaviləsi bağlanan zaman da nəzərə alınmır....” kimi qeyd etməsi də qanuna ziddir, çünki “ümumi sahə” ifadəsi müqavilədə istifadə edilib və xx.xx.2014-cü il tarixli müqavilədə ümumi sahənin necə hesablanacağı tərəflər razılaşdırmadıqlarına görə, bununla bağlı Tikinti və Şəhərsalma Məcəlləsinin 59.3-cü maddəsi, habelə NK qərarı ilə təsdiq edilmiş məcburi Qaydaların 3.8-ci maddəsi tətbiq olunur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəmsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi borcludur. Əgər həmin şəraitdə podratın yalnız podratçıya şərtləşdirilmiş muzd ödəməyə muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1- ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1- ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

26. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh "Real- Ko İnşaat” MMC arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzilin (hazırda Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25, mənzil 36) alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə sözügedən mənzilin ümumi sahəsi 83,71 kv.m kimi göstərilmişdir. İddiaçı mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsi arasında fərq olduğunu müəyyən edərək, məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı ekspert rəyi əsasında mənzilin faktiki sahəsinin 78 kv.m olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-243/2023 saylı qətnaməsi ilə cavabdeh "Real-Ko İnşaat” MMC-dən İddiaçı xeyrinə 3451,2 manat pul vəsaitinin tutulması qət edilmiş və qətnamə cavabdeh tərəfindən icra edilmişdir. Daha sonra iddiaçı həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024cü il tarixdə çıxarış almış və çıxarışına əsasən mənzilin ümumi sahəsinin 74.6 kv.m olduğu görmüşdür.

28. Hazırda iddiaçı mənzilin sahəsinin qətnamə ilə müəyyən edilmiş sahədən daha az olması və bu səbəbdən müqavilə üzrə daha az məbləğ ödəməli olduğunu əsas gətirərək, yaranmış fərqin dəyərini ona ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etməyərək qeyd edir ki, mübahisəli mənzillə bağlı əvvəllər məhkəmə qətnaməsi ilə mənzilin sahəsi üçün artıq ödənilmiş 3451,2 manat pul vəsaiti iddiaçıya ödənilmişdir.

29. Qeyd edilməlidir ki, mübahisəli mənzillə bağlı apellyasiya məhkəmə icraatlarında mənzilin sahə fərqinin hesablanması üçün ekspertiza təyin olunmuş və mənzilin faktiki sahəsinin 78 kv.m olduğu müəyyən edilmişdir. Lakin iddiaçı həmin mənzilə hüquqlarını qeydiyyata alarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024 cü il tarixli çıxarışda mənzilin ümumi sahəsi 74.6 kv.m kimi qeyd edilmişdir. Belə ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı tərtib olun sənədlərdə müəyyən azaltma əmsalları tətbiq olunur və bu sənədlərdə göstərilən sahə mənzilin faktiki sahəsini əhatə etmir.

30. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən mənzilin sahəsi hesablanarkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamalıdır. Bundan başqa balkon və terras sahələri 0.3 əmsallarına vurulmaqla hesablanmalıdır.

31. Həmçinin bu azaltma əmsalları tərəflər arasında mənzilin satılmasına dair alqısatqı müqaviləsi bağlanan zaman da nəzərə alınmır. Belə ki, mənzilin faktiki sahəsi ilə müqavilədə müəyyən olunan sahəsi arasında olan fərq ekspert rəyi əsasında qanunvericilik normalarına uyğun hesablanmış və yaranan sahə fərqinə görə artıq ödənilmiş vəsait iddiaçıya qaytarılmışdır.

32. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla, baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar