Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2983/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, Cavabdeh mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100(yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi hasar iddiaçının məhkəməyə müraciət etməmişdən 2 il yarım əvvəl çəkilib. Hasar çəkiləndə hasarı çəkən ustaların - X6, X7 və X2 şahidliyi ilə iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilmişdir. Həmin vaxt Möhlət metrənin arxa tərəfindən tutub, bir tərəfindən də ustalardan - X8 tutub 4,5 m məsafə yol saxlayaraq hasarın yerini işarə edib. Həmin işarə qoyulmuş yerdən hasar 1 metr hündürlükdə hörülmüşdü. Səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m olduğunu gördü və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmüş və arxaya çəkmişdir. Bundan hasar tikilib, üzlənib başa çatdıqdan 20-25 gün sonra iddiaçı öz qaraj qapısını daha əvvəldən yolu zəbt edib həyətinə birləşdirməyinə baxmayaraq, bundan əlavə qapının yenidən 3 metr irəli çəkmək istəyirdi. İddiaçının qapısını yenidən 3 metr irəli çəkilməsi onun giriş çıxış qapısına mane olduğu üçün buna etiraz etmiş və mübahisə yarandı. Hətta hasarının qanuni olmasını yoxlamaq üçün “jekin” və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən gəlib baxıblar. Əldə olan sənədlərlə mövcud tikililər yoxlanıldıqdan sonra bildirdilər ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1,2 m arxadan çəkilib, yəni onun hal-hazırda hasarını hətta 1,2 m irəli çəkmək hüququ da var. Orada özbaşına tikili tikilməmişdir. 2004-cü ildən Bakı şəhər İcra Hakimyyətinin təsdiqi ilə layihə və sərəncam var. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, M.K. Atatürk prospekti 28 b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28 b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, ekspert onların layihəsini nəzərə almayıb. Hasarın tikilməsi iddiaçının əri ilə razılaşdırılıb. Razılıq olmasa idi hasar çəkilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mülkiyyətçinin hasarın tikilməsinə razı olması heç nə ilə sübut olunmur. Texniki pasportda evin giriş-çıxışın harada yerləşməsi qeyd olunub. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçısı nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28V saylı evin mülkiyyətçisi İddiaçıdır. Onun evinin həyətə giriş yolu hissəsində qonşusu Cavabdeh tərəfindən həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikilinin inşa edildiyini görüb bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin Cavabdeh onun həyətə giriş qapısını bağlamışdır. O, mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalıdır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qalır. Həmçinin, həmin ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaradır. Bununla bağlı xx.xx.2020ci il tarixdə mübahisəli sahəyə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış keçirilərkən Cavabdeh qanunsuz tikilmiş hasarın onun tərəfindən inşa edildiyini bildirmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti ev 28 V saylı ünvanda olan əmlaka keçid qapısı hörülmüş və Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti ev 28 B saylı ünvana aid hasarın arxasında qalmışdır. xx.xx.2020-ci il tarixdə mübahisəli sahəyə məhkəmə tərəfindən baxış keçirilmiş və baxış keçirilərkən Cavabdeh qanunsuz tikilmiş hasarın onun tərəfindən inşa edildiyini bildirmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırki mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə həmin hallar iddiaçının hazırki iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq- aşkar təsdiq olunur. İkincisi, məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz. Üçüncüsü, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2983/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2983/2021
12.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver