Məhkəmə qərarları › İş №2(103)-2987/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2987/2020

10.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2987/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6881/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 18000 manat kompensasiya ödənilməklə mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 2 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6881/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş arayışa istinad etməsi əsassızdır. Çünki hazırda həmin ərazidə 3 otaqlı mənzillərin qiyməti 65000-75000 manatdan artıqdır, kirayə haqqı isə 400 manatdan yuxarıdır və 500 manata kimi davam edir. Həmçinin mübahisəli mənzildən obyekt kimi istifadə olunması nəzərdə tutulub və ona görə də, mənzilin kirayə haqqı 1000 manatdan başlayır. İddiaçıların təklif etdiyi 18000 manat isə adekvat kompensasiya məbləği kimi qəbul edilə bilməz. Belə ki, həmin məbləğ həddindən artıq azdır və əvəzləşdirməyə uyğun deyildir. Çünki onlar həmin kompensasiya məbləği ilə istifadəçi kimi davamlı surətdə əvvəlki mənzildə xas olduqları şəraitlə müqayisədə yaşaya bilməzlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, 34 saylı evin 2 nömrəli mənzilinin 1/3 hissəsi İddiaçı2 Qazəhməd qızının, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi İddiaçı3 xüsusi mülkiyyətindədir. Cavabdeh1 İddiaçı3 ilə xx xxxx 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və ailə qurduqdan sonra həmin mənzilinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Tərəflər arasındakı nikah xx xxxxxx 2015-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və uşaqlar anaları Cavabdeh1 yanında saxlanılmışlar. Hazırda cavabdehlər həmin mənzildə yaşayır və onların həmin evə istifadə hüquqları mövcuddur. İddiaçılar bildirirlər ki, hazırda cavabdehlərin onların paylı mülkiyyətlərində olan mübahisəli mənzildən istifadə etməsinə razı deyillər və hesab edirlər ki, onların həmin mənzilə olan istifadə hüquqlarına 18000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz edir, öz etirazlarını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır və əlavə olaraq bildirirlər ki, mübahisəli mənzil onların yeganə yaşayış yeridir və başqa yaşayış yerləri yoxdur. Daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan fiziki şəxs X3 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi ərazisində 3 otaqlı 60 kv.m sahəsi olan mənzillərin aylıq kirayə haqqı 300-380 manat civarında, satış qiyməti isə 65000 manat- 75000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçılar tərəfindən təklif olunan kompensasiya məbləğinin 18000 manat və mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqqının 300- 380 manat təşkil etdiyini, yəni təklif olunan kompensasiya məbləğinin 4-5 il müddətdə kirayədə yaşamağa kifayət etdiyini və bununla da, cavabdehlərin davamlı sürətdə və qeyd olunan müddət daxilində əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etdiklərini, bu müddət ərzində Cavabdeh3 yetkinlik yaşına çatmasını, analoji işlər üzrə məhkəmə təcrübəsini və hazırkı işdə həmin təcrübənin nəzərə alınmaması üçün əsasların, yəni cavabdehlərin maddi və fiziki durumu ilə bağlı müstəsna halların olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə tam uyğundur. Ona görə də, iddiaçı tərəf həmin məbləğdə kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, cavabdehlərin həmin mənzildən çıxarılması tələbləri də əsaslıdır. Belə ki, cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına xitam verildikdən sonra onların həmin evdən istifadəsi qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla yanaşı kollegiya hesab edir ki, qətnamənin icra qaydası müəyyən edilməli və cavabdehlərin mənzildə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması ilə onlara kompensasiya ödənilməsi eyni vaxtda icra edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Cavabdehlərin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Mübahisəli mənzilin aylıq kirayə haqqı barədə arayışın şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki cavabdehlər istinad etdiyi halların təsdiqi barədə hər hanı sübut təqdim etməmişlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək icra qaydası müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6881/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 mənzildə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması ilə onlara kompensasiya ödənilməsi eyni vaxtda icra edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar