Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2988/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.07.2021-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda “prosessual müddətin bərpası barədə” ərizə verərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və onun tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçıya təqdim edilməyib. İddiaçı həmin qətnamə barədə məlumatı başqa mülki işin baxılması zamanı təsadüfən almışdır. Bu səbəbdən o, apellyasiya şikayətini indi hazırlamış və məhkəməyə təqdim etmişdir. Qətnamənin iddiaçıya guya çatdırılması barədə 14.07.2021-ci il tarixli poçt qəbzindəki imza iddiaçıya məxsus deyil. Bu səbəbdən, həmin imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsini müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmalıdır. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.02.2022-ci il tarixli qərardad ilə ərizəni təmin edilməməsini və apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.03.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaçı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclas protokolundan görünür ki, həqiqətən də iddiaçıdan 5 vərəqdə imza nümunələri götürülmüş, bundan sonra iddiaçı, məhkəmə iclas zalını tərk etmişdir. Rayon Məhkəməsi iddiaçı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə 07.02.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, qətnamənin iddiaçıya çatdırılması barədə 14.07.2021-ci il tarixli poçt qəbzindəki imzanın iddiaçıya məxsus olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-xətt ekspertizası təyin edilməlidir. Bu kimi ekspertiza tədqiqatının keçirilməsi üçün iddiaçıya imza nümunələrinin verilməsi təklif edilmiş, lakin o, kifayət qədər nümunə vermədən məhkəmə iclas zalını tərk etmişdir. Bununla da, iddiaçı, ekspertizanın keçirilməsinə mane olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, poçt qəbzindəki imzanın ona məxsus olmaması barədə iddiaçının bildirdikləri əsassızıdır; müddətinin üzürlü səbəbdən ötürülməsi təsdiq edilmir; “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə əsassızdır. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qeyd edilən hala bu qaydada yanaşması səhv olmuşdur. Çünki məhkəmə iclas zalında iddiaçıdan alınmış eksperimental imza nümunələrinin ekspertiza tədqiqatının keçirilməsi üçün kifayət edib-etməməsinə həmin nümunələr əsasında ekspertizanı keçirəcək ekspert tərəfindən qiymət verilə bilər. Bundan başqa nəzərə alınmalıdır ki, iş materiallarında qeyd edilən həmin eksperimental nümunələrdən başqa nümunələr də var ki, həmin nümunələr də ekspertiza tədqiqatının obyekti ola bilər. Bu baxımdan hesab edilməlidir ki, yaranmış və yuxarıda təsvir edilmiş hala Rayon Məhkəməsinin yanaşması və həmin hala münasibətdə qəbul etdiyi qərardad səhvdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası MPM-nin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2988/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2988/2022
01.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver