Məhkəmə qərarları › İş №2(103)-2991/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2991/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2991/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi-vəkili X2, Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “pul tələbinə dair”, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-961/2020 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən xx xxxx 2019-cu il tarixli A-12/19 və A-13/19 saylı maliyyə arayışları və müqavilələr üzrə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzil və həmin binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə görə ödənilən 125000 manat məbləğində vəsaitin və əlavə olaraq öhdəliyin vaxtında icra edilməməsinə görə 24000 manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi, ödəniləcək məbləğin göstərilən mənzillərin məcburi qaydada hərraca çıxarılıb satılaraq ödənilməsi yolu ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanan xx xxxx 2019-cu il tarixli 12/19 saylı müqavilənin – Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilə dair və xx xxxx 2019-cu il tarixli 13/19 saylı müqavilənin - Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə dair – etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2606/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun qaytarılması tələbinə dair” 2(005)-961/2020 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 961/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 125000 manat məbləğində pulun ilkin iddia üzrə İddiaçı1 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 15-ci mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m olan 3 otaqlı, 104 saylı mənzilə dair xx xxxx 2019-cu il tarixdə bağlanmış A-12/19 nömrəli və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 16-cı mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m olan 3 otaqlı, 107 saylı mənzilə dair xx xxxx 2019-cu il tarixdə bağlanmış A-13/19 nömrəli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi-vəkili apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia üzrə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Aygün Abbasovanın nümayəndəsi-vəkili qeyd etdi ki, tərəfindən də apelyasiya şikayəti verilmişdir, belə ki, apelyasiya şikayəti «e-kabinet» vasitəsi ilə göndərilmişdir. Odur ki, tərəfindən verilmiş apelyasiya şikayətinə də müvafiq qaydada baxılmasını xahiş etdi. İddiaçı Aygün Abbasova da qətnamədən narazı olduğundan verdiyi apelyasiya şikayətinə müvafiq qaydada baxılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili mülki işin apelyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış birləşdirilmiş iş üzrə İddiaçı2 məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-961/2020 saylı qətnaməsindən İddiaçı1 nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Apelyasiya baxışı zamanı “AZEMİS” Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı1 nümayəndəsi-vəkili tərəfindən «e-kabinet» vasitəsi ilə verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 961/2020 saylı qətnaməsindən İddiaçı1 nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar