Məhkəmə qərarları › İş №2(103)-2991/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2991/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2991/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əsassız hesablanmış borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona (abonent kodu **********00000) əsassız hesablanmış 14162,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, ünvanı Cavabdehnə ünvan 2 və **********00000 nömrəli abonent kodu verilmişdir. Bir müddət əvvəl müəyyən etmişdir ki, həmin ünvana quraşdırılmış sayğac çıxarılaraq aparılmışdır. Səbəbini araşdıranda ona məlum olmuşdur ki, abonent hesabına borc yazılmış və ödədiyi puldan tutulmalar aparılır. Səbəbini aydınlaşdıranda ona abonent saldosu təqdim olundu və bildirildi ki, 14162,60 manat borcu var. Həmin abonenet saldosuna nəzər yetirdikdə ona məlum oldu ki, aktlar əsasında abonent hesabına 2016-cı ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək müxtəlif ayda və müxtəlif məbləğlərdə cəmi 13412,6 manat borc yazılmışdır. Aktların səbəbini soruşanda cavabdehin əməkdaşları ona bildirdi ki, guya ünvanında qeyri-qanuni xətt olmuşdur. Heç vaxt ünvanında qeyri-qanuni xətt olmamış və cavabdehlərin əməkdaşları tərəfindən ünvanına baxış keçirilməmişdir. Həmin aktlar əsassızdır və qanunsuz yazılmışdır.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Emin Məmmədli) ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 14162,60 (on dörd min yüz altmış iki manat, altmış qəpik) manat məbləğində borcun silinməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:

4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şikayətinin əsas dəlili onlar tərəfindən kifayət qədər sübutlar təqdim edildiyi halda, iddiaçı tərəfindən qaz sayğacına əlavə qoşulmanın yoxlanılması üçün rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi ilə bağlıdır. Onların əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi T.Hacıyev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onlar sayğaca müdaxilə yox, sayğacdankənar qoşulma ilə bağlı ziyanın ödənilməsini tələb etmişlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. Mülki iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019- cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019- cu il tarixli ******* saylı aktların surətlərindən görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur.

8. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna ümumilikdə aktlar üzrə 14162,60 manat borc hesablanmışdır.

9. Mülki iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********02500 nömrəli abonent koduna aktlar üzrə 3045,60 manat borc hesablanmışdır.

10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı X3 məxsus ünvanda “Zenner” tipli “G 4” markalı sayğac quraşdırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 2 ünvanda (abunə kodu **********00000) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilməsi sualı qoyulmuşdur.

12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilmədiyi müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

21. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

22. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

23. Eyni zamanda, Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin rayon məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi ilə barədə dəlili ilə əlaqədar mülki iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin etmiş, ekspert qarşısında ünvan 2 ünvanda (abunə kodu **********00000) qaz sayğacın üzərində hər-hansı müdaxilə izinin olub-olmaması, izlərin yaradılma üsulu, səbəbi və xarakteri müəyyən edilməsi sualı qoyulmuşdur.

24. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilmədiyi müəyyən edilmişdir.

25. Apellyasiya şikayətində qeyd edilir ki, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

26. Məhkəmə Kollegiyası həmin dəlillə bağlı bildirir ki, qeyd edilən foto şəkillərin ksero surətləri mülki iş materiallarına əlavə edilmişdir (i/v 13-16; i/v 131-133), lakin onların məhz iddiaçının ünvanına məxsus olması mübahisəsiz qaydada müəyyən edilmədiyindən, onlar mötəbər sübut hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

27. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəliləri aparılan məhkəmə araşdırmaları nəticəsində təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Cavabadeh Cavabdeh İB-dən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş manat) manat alınaraq X2, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar