Məhkəmə qərarları › İş №2(103)-2995/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2995/2020

03.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2995/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının hüquqi varisi X6 vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı adından vəkili və nümayəndəsi X8 Cavabdeh firmasına qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlə iddiaçının adından qardaşı X12 ilə bağlanmış 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin istifadəsinə verilməsi barədə xx.xx.2011-ci il tarixli 1xx-xx-1192 saylı müqavilənin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin istifadəsinə verilməsi barədə 234-108-1193 saylı müqavilənin və 1-ci zona, 7ci sıra, 9-cu korpusdakı 50 kv.metrlik 219-cu yerin istifadəsinə verilməsinə dair 179-219- 1194 saylı müqavilənin etibarsız hesab edilməsi, binalara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, iddiaçıya vurduğu mənəvi zərərə görə ondan kompensasiyanın əvəzi olaraq 20000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh firmasına qarşı müqavilələrin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi və mənəvi zərərə görə pul tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı müqavilə, xx xxxxxx 2011-ci il tarixli MİM/234-108-1193 saylı müqavilə və xx xxxxxx 2011-ci il tarixli MİM/179- 219-1194 saylı müqavilələrin ləğv edilməsi, İddiaçı tərəfindən ticarət obyektlərinin tikintisi üçün ödədiyi 36900 (otuz altı min doqquz yüz) manat məbləğində pul Cavabdeh firmasından alınaraq İddiaçı ödəniməlsi, İddiaçı qanunsuz icarəyə verməklə əldə etdiyi 22600 (iyirmi iki min altı yüz) manat məbləğində pulun tutularaq Cavabdeh firmasına ödənilməsi və hər iki ödənişləri eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı vəkili və nümayəndəsi X8 apellyasiya şikayəti verərək qətnaməni tamamilə ləğv edərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, hazırkı mülki işə baxan Qaradağ rayon Məhkəməsi, onun "Cavabdeh” Firmasına qarşı göstərilən mağaza binalarına sahiblik və istifadə hüquqlarının müdafiəsinə və digər tələblərinə dair iddia ərizəsinə baxıb və iddianın qismən təmin edilməsi barədə 2(002)-1380/2011 saylı, xx xxxxxxx 2011-ci tarixli qətnamə çıxarıb. Qətnamə qanuni qüvvəsini alıb. MPM-nin 19.1.3-ci maddəsinə görə hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakimin işə baxmasına yol verilmir. O, hazırkı mülki işə baxarkən hakimin tamamilə təsir altında olmasına, iş üzrə obyektiv və qanuni yekun məhkəmə qərarı çıxarılmasının imkansız olmasına, hakimin işin nəticəsində maraqlı olmasına dair ciddi şübhələr yarandığına görə hakimə etiraz etmişdir. Etiraz baxılmaq üçün məhkəmənin sədrinə göndərilmək əvəzinə, hakim özü etirazı qərardadla qanunsuz olaraq baxılmamış saxlamışdır. İkincisi, müqavilələrin bağlanması üçün İddiaçı Asəf Kərimova etibarnamə vermədiyi, məhkəmə iclasında şahid qismində ifadə verən Asəf Kərimov hər üç müqaviləni qardaşının məlumatı və razılığı, etibarnamə olmadan bağladığını göstərdiyi halda məhkəmə belə mühüm halları nəzərə almayıb. Beləliklə, 2007-ci ildə müqavilə İddiaçı özü tərəfindən imzalanıb. 2011-ci ildə isə müqavilələr İddiaçı etibarnaməsi, məlumatı və razılığı olmadan qardaşı Asəf Kərimov tərəfindən imzalanmaqla bağlanıb. Üçüncüsü, qarşılıqlı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş iki ədəd tələbin surətindən görünür ki, 1-ci ərazi, 8-ci sıra, 3-cü korpusda yerləşən 36 nömrəli 33 kv.metrlik yerin iddiaçıya verilməsi barədə xx xxxxxx 2011-ci il tarixli, MİM/1xx-xx-1192 saylı müqavilə ləğv edilməsi ilə bağlı tələb müqavilədə tərəf olan İddiaçı deyil, həmin obyektdə icarə əsasında işləyən X10, 50 kv.metrlik obyektə aid bildiriş isə X4 təqdim edilmişdir. Hər iki tələb Firmanın dəftərxanasında rəsmi qeydiyyatdan keçirilməyib və möhürlə təsdiq edilməyib. Dördüncüsü, X9 və X1 İddiaçı ödənişlər etmələri barədə ərizələrinin əsilləri tələb edilsə də, onları məhkəmədən almaq mümkün olmamışdır. Beşincisi, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Firmasının İddiaçı qarşı xx.xx.2011-ci il tarixli, 1xx-xx-1192 saylı, 234-108-1193 saylı və 179-219-1194 saylı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbinə iddia müddəti tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 8134/2019 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1398/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasının qismən təmin edilərək, İddiaçı istifadəsində olan 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin, 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv. metrlik 219-cu yerin istifadəsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1634/19 saylı qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 6434/2019 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1398/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasının qismən təmin edilərək, İddiaçı Cavabdeh Ticarət Mərkəzində yerləşən 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerdən, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerdən, 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv. metrlik 219-cu yerdən istifadəsinə maneçilik törədilməsinin Cavabdeh Firmasına qadağan edilməsi, ilk iddia üzrə qalan tələblərin təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 30.4 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.4 manat olmaqla, cəmi 45.8 manatın 15.8 manatının İddiaçı aid edilməsi, 30 manatının isə Cavabdeh Firmasından tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh Firmasına aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7840/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Firması tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 6434/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2995/2020 saylı qərardadı ilə İddiaçı vəfat etdiyindən onun hüquqi varisi X11 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X6 vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, təmsil etdiyi şəxs mübahisə predmeti olan mağazaların tikilməsi və istifadəsinə verilməsi üçün 36.900 manat pul ödəmişdir. Həmin obyektlər tikilərək iddiaçıya verilsə də sonradan onların istifadəsinə Cavabdeh firması tərəfindən maneçilik yaradılmışdır. Bununla əlaqədar İddiaçı iddiası Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin olunmuş və hər üç obyektin onun istifadəsinə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra xx.xx.2011-ci ildə hər sahə üçün ayrıca müqavilə bağlanmışdır. Həmin müqavilələrdə tərəflər arasında guya icarə münasibətinin olmasına dair bəzi müddəalar daxil edilsə də, əslində İddiaçı icarəçi deyil. Buna baxımayaraq Cavabdeh firması yenə də həmin obyektlərin təmsil etdiyi şəxsə aid olmadığını bildirərək onlardan istifadəyə maneçilik yaradır. Birinci apellyasiya baxışında mübahisəli ticarət sahələrindən istifadəyə törədilən maneçiliyin qadağan edilməsi tələblərinin təmin olunması ilə razılaşmış və digər tələblərin rədd edilməsi ilə bağlı kassasiya şikayəti verməmişlər. Hazırda da hesab edirlər ki, İddiaçı obyektlərdən istifadəsinə maneçilik aradan qaldırılmalıdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh firmasının nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi mülki işə cəlb edilmiş X7 və X14 məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin bötövlükdə və qarşılqlı iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız ilkin iddia üzrə iddiaçı qeyd edilən hissələrdə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ rayon məhkəməsinin 2(002)-1380/2011 saylı xx xxxxxxx 2011-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ticarət mərkəzində yerləşən 8-ci sıradakı 2-ci korpusun 33 kv.metrlik 42 saylı anbar binası və 2-ci zona 3-cü sıradakı 4-cü korpusun 40 kv.metrlik 108 saylı anbar binasının İddiaçı istifadəsinə verilməklə ona qaytarılması, Cavabdeh ticarət mərkəzində yerləşən 2-ci zona, 4-cü sıradakı 3-cü korpusun 50 kv.metrlik 93 saylı anbar binası söküldüyü üçün onun əvəzinə Cavabdeh ticarət mərkəzindən həmin zonadan eyni ölçüdə, oxşar şəraitli anbar binasının iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş topdan satış anbarının qeydiyyat vəsiqələrinin surətlərindən görünür ki, 3841 saylı müqavilə üzrə 40 kv.metr sahəsi olan 2-ci zona 3-cü sıra, 4-cü korpus, 108 saylı yer xx.xx.2007-ci ildə İddiaçı, 3841 saylı müqavilə üzrə 50 kv.metr sahəsi olan 2-ci zona 4-cü sıra, 3-cü korpus, 93 saylı yer xx.xx.2007-ci ildə İddiaçı, 3841 saylı müqavilə üzrə 33 kv.metr sahəsi olan 2-ci zona 8-ci sıra, 2-ci korpus, 42 saylı yer xx.xx.2007-ci ildə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” 3841 saylı müqavilənin surətindən görünür ki, yeni ticarət mərkəzinin təşkil olunması üçün firmaya Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2007-ci il tarixli, 07 saylı sərəncamı ilə Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocacən yolunun cənub-şərq hissəsində 50 ha torpaq sahəsi ayrılmışdır. Həmin müqavilənin 1.4-cü bəndində göstərilir ki, firma təsdiq olunmuş tikinti-layihə sənədlərinə müvafiq olaraq yeni ticarət mərkəzinin hüdudlarında sahibkara 123 kv.metr ölçüdə ticarət, iaşə və ya digər xidmət sahəsi üçün yer ayırmağı, həmin sahədə anbar tikintisini son bəzək tamamlama işlərinədək təşkil etməyi, sahibkar isə ayrılmış torpaq sahəsində son bəzək tamamlama işlərindək tikintinin həyata keçirilməsi üçün 36900 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsində göstərilir ki, sahibkar mərkəzdə mağazanın tikintisi üçün ona ayrılmış 123 kv.m yerdə mağazanın tikilməsinin müəyyənləşdirilməsi üçün 36900 manatı bir dəfəyə 2007-ci ilədək firmanın sərəncamına verir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağıdakı kimidir:1 zona,7-ci sıra, 9-cu korpus ,219-cu yer, 50 kv.metr. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağıdakı kimidir:1 zona,8-ci sıra, 3-cü korpus, 36-cı yer, 33 kv.metr. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/234-108-1193 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağıdakı kimidir: 2 zona,3-cü sıra, 4-cü korpus, 108-ci yer, 40 kv.metr. Həmin müqavilələrin 2-ci maddəsinin “g” bəndində göstərilmişdir ki, firma istifadəicarə haqqının vaxtlı-vaxtında ödənilməsini tələb edir. Həmin maddənin “k” bəndində göstərilmişdir ki, firma öz mülkiyyətinə sərəncam vermək hüququnu özündə saxlayır. Həmin müqavilələrin 2.5-ci maddəsində göstərilir ki,sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə, onu sata (notarial və digər qaydalarda) və özəlləşdirə bilməz. Həmin müqavilələrin 8.2-ci maddəsində göstərilir ki, hazırki müqavilənin qüvvəyə minməsi ilə tərəflər arasında daha öncə bağlanmış bütün müqavilələr, razılaşmalar və protokollar öz hüquqi qüvvəsini itirir və etibarsız hesab edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş X1 xx.xx.2018-ci ikl tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən surətindən görünür ki, Cavabdeh firması ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən zona-1, sıra- 7,korpus 9-da yerləşən ümumi sahəsi 50 kvm olan 219 nömrəli obyektə görə o, xx.xx.2011 –ci il tarixdən hal–hazırki müddətə qədər aylıq 50 manat pul ödəyir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə əlavə ərizədə göstərdikləri halları əsaslandırmaq üçün X9 və X1 xx xxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrinə istinad etsələr də məhkəmədə aydın oldu ki, həmin ərizələr həmin şəxslərin özləri tərəfindən xx xxx 2018-ci il tarixdə notarial qaydada ləğv edilməklə etibarsız hesab edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/179-219-1194 saylı,xx xxxxxx 2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı və xx xxxxxx 2011-ci il tarixli MİM/234-108- 1193 saylı müqavilələrin firma ilə icarəçi arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən tərəflər hazırkı müqaviləni birtərəfli qaydada ləğv etmək hüququnu özlərində saxlayırlar. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən tərəfin öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməməsi halında müqavilə birtərəfli pozula bilər. Bu öhdəliklərə qarşılıqlı razılıq əsasında müəyyən olunmuş icarə haqqının ödənilməməsi, sanitariyagigiyena qaydalarının pozulması, qadağan olunmuş saxta malların satılması, yanğın, partlayışın və digər insanların həyatına ciddi təhlükə yaradacaq hadisələrin törədilməsi, ticarət obyektinin şəxsən özü tərəfindən işlədilməməsi halında, icazəsiz tikintilərin, dəyişikliklərin və söküntülərin aparılması, ticarət obyektinin icazəsiz (yazılı müqavilə olmadan) 3-cü şəxslərə icarəyə-istifadəyə verilməsi, hər hansı forma və metodlardan istifadə edilərək (notarial qaydada da daxil olmaqla) satılmalıdır. İş materiallarından görünür ki, iddiaçı uzun illərdir ki, firmanın razılığı olmadan, ticarət obyektini qeyri-qanuni yolla 3-cü şəxsə subicarəyə verməklə qüvvədə olan müqavilələrin 2.5-ci bəndinin tələblərini pozmuşdur İddiaçı ilə ”Cavabdeh” firması arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/179-219-1194 saylı, xx xxxxxx 2011-ci il tarixli MİM/1xx-xx- 1192 saylı və xx xxxxxx 2011-ci il tarixli MİM-234-108-1193 saylı müqavilələrdə iddiaçı tərəfindən subicarəyə vermək barədə hüquq verilməsi göstərilməmişdir. İddiaçının məqsədi ticarət obyektini qeyri-qanuni yolla 3-cü şəxslərə subicariyə verməklə qazanc əldə etmək olmuşdur. Ticarət obyektinin iddiaçı tərəfindən Cavabdeh firması ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi, 8-ci sıra, 3-cü korpusda yerləşən 36 nömrəli, 33 kv.m yeri 3-cü şəxs hesab edilən X10 qeyri qanuni icarəyə verməklə ayda 500 manat ondan almış və xx xxxxxx 2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi,7-ci sıra,9-cu korpusda yerləşən 219 nömrəli, 50 kv.m olan obyekti isə X4 icarəyə verilmiş və ayda 50 manat icarə haqqı almışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən “Sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə,onu sata (notarial və digər qaydada) özəlləşdirə bilməz” Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisənin qanuni və ədalətli həlli üçün tərəflər arasında bağlanmış müqavilənin təkcə hərfi mənası deyil, onlar arasındakı münasibətin həqiqi mənası əsas götürülməli, bu zaman mülkiyyətçinin, eləcə də digər əmlak hüququ sahibinin hüquqları qorunmalıdır. Mülkiyyət hüququnun, o cümlədən daşınar və daşınmaz əşyaya mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə növləri sırasında birgə fəaliyyət haqqında müqavilə növü nəzərdə tutulmasa da, Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Birinci instansiya məhkəməsi birgə fəaliyyət müqaviləsini düzgün olaraq icarə müqaviləsi kimi tanımış və qanunvericiliklə icarə müqaviləsinə aid normaları tərəflər arasındakı hazırki münasibətə tətbiq etmişdir. Belə ki, iddiaçı cavabdehin əldə etdiyi 40329 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan ondan alınaraq iddiaçıya verilməsini tələb edir. Həmçinin iddiaçı tərəf qeyd olunan müqavilələr üzrə Cavabdeh Ticarət firmasına vaxtlı-vaxtında icarə haqlarının ödənilməsini bildirməklə aralarındakı münasibətlərin məhz icra münasibətləri olmasını təsdiq edir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilələrin 2.2 “f” və “g” bəndlərindən görünür ki, iddiaçı ticarət obyektindən sahənin ölçülərinə görə istifadə-icarə xərclərinin ödənilməsini təmin etməli və iddiaçı ticarət obyektini özü işlətməlidir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər Həmin Məcəllənin 683.1-cü maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 1xx-xx-1192 saylı müqavilə əsasında 1-ci zona, 8-ci sıra, 3-cü korpusda 33 kv.metrlik 36 saylı, xx xxxxxx 2011-ci il tarixli 234-108-1193 saylı müqavilə əsasında 2-ci zona, 3-cü sıra, 4-cü korpusda 40 kv.metrlik 108 saylı və xx xxxxxx 2011-ci il tarixli 179-219-1194 saylı saylı müqavilə əsasında 1-ci zona, 7-ci sıra, 9-cu korpusda 50 kv.metrlik 219 saylı obyektlərə dair Cavabdeh firması sərəncam vermək hüququnu özündə saxlamaqla sahibkar İddiaçı istifadəsinə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilələrə əsasən firma sahibkardan istifadə-icarə haqqını vaxtlı vaxtında ödənilməsini tələb edə bilər və sahibkar onun istifadəsinə verilmiş ticarət obyektini firmanın yazılı razılığı olmadan üçüncü şəxsə icarəyə, sub icarəyə və istifadəyə verə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında xx xxxxxx 2007-ci il tarixdə 123 kv.metr sahəyə dair 36900 manat dəyərində bağlanmış bir müqavilə sonradan xx xxxxxx 2011-ci il tarixdə tərəflər arasında bağlanmış üç yeni müqavilələrlə əvəz edilmişdir. Yuxarıda qeyd olunan müqavilələr əsasında ticarət obyektləri İddiaçı istifadəsinə (icarəsinə) verilmişdir. Yeni müqavilələr hər iki tərəfin razılığı əsasında bağlanaraq heç bir qanunsuzluğa yol verilməmiş, məhkəmə iclasında həmin müqavilələrin etibarsızlığına dair hər hansı bir sübut təqdim edilməmiş və müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanmış əvvəlki müqavilə öz qüvvəsini itirmişdir. Bu səbəbdən də xx xxxxxx 2007-ci il tarixli müqavilənin qüvvədə hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, həmin müqavilə qüvvədə olmadığından və həmin müqavilənin yenidən bərpa edilməsi üçün heç bir əsas olmadığından ilkin iddia tələbində qoyulmuş digər tələblər də təmin edilə bilməz. Bundan başqa iddiaçı tərəf qeyd olunan müqavilələr üzrə Cavabdeh Ticarət firmasına vaxtlı-vaxtında icarə haqlarının ödənilməsini bildirsələr də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi şahid (eyni zamanda iddiaçının qardaşı) X12 öz ifadəsində 2007-ci ildə bağlanmış müqaviləni qardaşı tərəfindən verilmiş etibarnamə əsasında, sonrakı müqavilələri isə qardaşının adından etibarnamə olmadan onun tərəfindən imzaladığını göstərsə də məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı tərəf həmin müqavilələri könüllü olaraq cavabdeh təşkilatla bağlamış və bunun əsasında Cavabdeh ticarət mərkəzində fəaliyyət göstərməklə qazanc əldə etmişlər. Hazırkı məhkəmə prosesində də cavabdeh təşkilat müqavilələrin etibarsızlığını mübahisələndirməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi yox, ləğv edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Belə ki, həmin müqavilələr bağlanarkən hər iki tərəf sərbəst şəkildə iradələrini ifadə etmişlər. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri İddiaçı tərəfindən pozulmuş, icarəyə götürdüyü ticarət obyektlərini firmanın yazılı və şifahi razılığı olmadan qeyri-qanuni üçüncü şəxsin istifadəsinə vermişdir. Müqavilənin şərtləri İddiaçı tərəfindən birtərəfli qaydada pozulduğundan həmin müqavilələr ləğv edilməlidir. Lakin Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(002)- 1380/2011 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı həmin ticarət obyektlərinin tikintisi üçün firmaya 36900 manat pul ödəmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqavilələr ləğv edildiyindən İddiaçı ödədiyi həmin məbləğ Cavabdeh firmasında alınaraq ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda müəyyən edilir ki, İddiaçı istifadəsinə verilmiş sahəsi 33 kv.m olan ticarət obyektini X10 64 ay müddətinə 200 manat, 12 ay müddətinə isə 500 manata icarəyə vermiş, 50 kv.m olan ticarət obyektini isə X4 76 ay müddətinə 50 manata icarəyə vermişdir. Göründüyü kimi İddiaçı müqavilənin şərtlərini pozaraq həmin ticarət obyektlərini icarəyə verərək firmanın razılığını almamış və qanunsuz gəlir eldə etməklə 22600 manat məbləğində vəsait əldə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin məbləğ də İddiaçı alınaraq Cavabdeh firmasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətlərində göstərilən dəlillə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərlə və iş materialları ilə təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar