Məhkəmə qərarları › İş №2(103)-2995/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2995/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2995/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2995/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 avqust 2024cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının yaşadığı ünvan 1 ünvanında ona məlum olmayan səbəblərdən istehlakçıya 720.72 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qeyd edilən 720.72 (yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və iddiaçı hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları iddiaçının mülkiyyətində olan mənzilə dair heç bir səbəb olmadan 720.72 manat borc yazmışdırlar. Bununla əlaqədar "xxxx" ASC tərəfindən iddiaçıya bildirilmişdir ki, guya ki, sayğaca baxış keçirilən zaman quraşdırılan sayğacla bağlı borc yaranmış, bunun nəticəsində 720.72 manat borc yazılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş borc ədalətsizdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən əsassız yazılmış 720,72 (yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat məbləğində borcun **********1000B nömrəli abunə hesabından silinməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 qaydaları»nın 7.1, 7.6, 7.10, 7.11, 8.2, 8.17, 8.17-1, 8.17-2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 104.1, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası,ev 551 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********1000B) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğac sxemindən kənar xətti daxil olunduğu ,həmin kənar xətt sayğacın giriş və çıxış faza xətləri eyni yuvaya bərkidilməsi və sayğac dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşlar (B.Abdullayev və A.Məmmədov.) tərəfindən xx.xx.2023-cü il tarixli NDM 033363 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli NDM 033363 saylı akt üzrə 5.544 kvts (11kvt*(0,7)*24saat*30gün) itirilmiş elektrik enerjisinin dəyəri 720,72 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********1000B) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspertiza təyin olunan zaman onlar tərəfindən hazırda kənar xəttin varlığı sübut oluna bilməzdi, çünki xətt mövcud olan zaman akt tərtib edilmiş, bundan 3-4 gün sonra kənar xətt götürülmüşdür. İddiaçıya məxsus mənzildə artıq 3-cü dəfədir ki, kənar xətt aşkar olunur.

10. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, videoçəkilişdə göstərilən sayğacın onun evinə məxsus olub-olmamasını müəyyənləşdirə bilmir, balkon isə onların evinə aiddir. O, əməliyyat olunmuşdur və qanunsuz qoşulma halından xəbərləri yoxdur. Yoldaşı yaşlıdır, qanunu bilmir, hər dəfə cavabdehin əməkdaşları gəlib onu qorxudurlar.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır

14. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilməsi “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”

15. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.

16. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

17. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

18. Bənd 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər .

19. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

20. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

21. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsasıı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını aydınlaşdırmamış, bundan irəli gələn maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

31. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya MA, No 0076701) Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 551 (reyestr nömrəsi: **********79-10301) ünvanında yerləşən 2 mərtəbəli olan fərdi yaşayış evinin 3 otaq y/s-51.2 kv.m, k/s-26.1 kv.m hissəsi (qeydiyyat nömrəsi: **********) xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

32. 17 iyul 2023-cü il tarixli NDM 033363 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı (abonent kodu: **********1000B) məxsus Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən evin sayğacına X1 Qaydalarına uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt sayğacın giriş və çıxış faz xətləri ilə eyni yuvaya bərkidilmişdir. Sayğac dövrədən kənarlaşdırılmışdır. Nəticə olaraq Qaydalara uyğun sayğacın sxeminin bərpa olunması barədə qərar qəbul edilmişdir.

33. Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə 18 iyul 2023-cü il tarixli tələblərdən görünür ki, 17 iyul 2023-cü il tarixli NDM 033363 nömrəli akta əsasən abonent İddiaçı (abonent kodu: **********1000B) Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmişdir. Belə ki, həmin kənar xətt sayğacın giriş və çıxış xətləri eyni yuvaya bərkidilmişdir, sayğac dövrədən kənarlaşdırılmışdır. 720,72 manat enerjinin sərfinin və sxemin bərpa edilməsi qərara alınmışdır.

34. İddiaçı məxsus Nərimanov rayonu, Daş karxanası ünvanında yerləşən 551 nömrəli evə (abunə kodu **********1000B) aid abunə haqqında sənədin “Bağlanan aktlar” bölməsindən görünür ki, xx.xx.2023-cü ildə “EİQ pozulması” qeydi ilə NDM033363 nömrəli akt üzrə 720,72 manat məbləğində borc yazılmışdır.

35. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, **********1000B nömrəli abunə kodu üzrə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 551 ünvanında yerləşən elektrik sayğacına baxış keçirilərkən, fərdi yaşayış evinə sayğacdan kənar xəttin daxil olduğu aşkar edilərək, NDM 033363 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən “X1 Qaydaları”na uyğun olaraq 1 aylıq hesabat aparılaraq, 5544 kvt.s, 720,72 manat dəyərində itirilmiş elektrik enerjisi sərfiyyatı bərpa edilmişdir.

36. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsində mühəndisdir. xx.xx.2023cü ildə səhər saat 6-da xidməti vəzifəsinin icrası zamanı iddiaçıya məxsus evin elektrik sayğacına baxış keçirərkən sayğacın alt qapaq möhürünün qırılması və kənar xətt qoşulması faktı müəyyən edilmişdir. Faktla bağlı video çəkiliş aparılmışdır.

37. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 (Mamedov Akiph) ifadəsində bildirdi ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsində mühəndisdir. Rəhbərliyin tapşırığı ilə reyd keçirərkən iddiaçıya məxsus evin qapısını açan olmadığından, abonentin iştirakı olmadan elektrik sayğacına baxış keçirilmiş və sayğacın alt qapaq möhürünün qırılması, kənar xətt qoşulması faktı müəyyən edilmişdir.

38. Kollegiya ill növbədə qeyd edir ki, hazırki mübahisənin düzgün həll olunması üçün iddiaçının, həqiqətən də, ona məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına kənar xəttin qoşulub-qoşulmamasının müəyyən olunmasından irəli gəlir və məhkəmə kollegiyasının qənaətinə görə elektrik enerjisindən bu cür qeyri-qanuni istifadə hallarının baş verib-verməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edir. Buna görə də həmin halların ekspertiza tədqiqatında araşdırılması işin obyektiv həlli baxımından labüd olsa da, birinci instansiya məhkəməsi tərəfindən bu araşdırılmanın aparılması təmin edilməmişdir.

39. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

40. Buna görə də apellyasiya baxışında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-traseoloji ekspertizası təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar tərtib edilmiş 3-16-16/2-3/916-9-4175 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, təqdim edilmiş elektrik sayğacı ünvan 1 ünvanında yerləşən evin hasarına təxminən yerdə ən 1400 mm yuxarıda olan elektrik şitinin içərisinə bərkidilmiş vəziyyətdədir. Elektrik sayğacından elektrik ötürücüsü rolunu oynayan naqillər sayğacdan ayrılmış vəziyyətdədir. Təqdim edilmiş elektrik sayğacına təbii işıq altında baxış keçirilmiş və baxış zamanı, yəni hal-hazırki vəziyyətdə elektrik sayğcında və onlara birləşən naqillərdə hər hansı kənar predmetin (şəxsin) müdaxiləsindən yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir.

41. Bundan əlavə apellyasiya baxışında məhkəmənin eyni tarixli məktubu ilə mütəxəssis rəyi alınması üçün müraciət edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X6 Agentliyinin Bakı filialından daxil olmuş xx.xx.2024cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə **********9 nömrəli elektrik sayğacının sxemindən kənar xəttin daxil olduğu, sayğacın giriş və çıxış faz xətlərinin eyni yuvaya bərkidildiyi və sayğacın dövrədən kənarlaşdırıldığı, alq qapaq möhürünün siminin qırıldığı əsas gətirilərək NDM 033363 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta "xxxx" ASC-də fəaliyyət göstərən Akt komissiyası tərəfindən baxılaraq abonent hesabına 30 gün üçün 5544 kvts (dəyəri 720,72 manat) elektrik enerjisi sərfiyyatı yazılmışdır. Kənar xəttin olmasını sübut edən video görüntü "xxxx" ASC tərəfindən Agentliyin Bakı filialına təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, NDM 033363 nömrəli akta əsasən aparılmış hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.17-1-ci və 8.17-2-ci bəndlərinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. 42 Beləliklə, yuxarıda qeyd edilən rəylərdən də göründüyü kimi cavabdeh tərəfindən aktın tərtib olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmiş, sayğacda aşkarlanan kənar xətt sonradan ləğv olunduğundan rəydə də məhz halhazırki vəziyyətdə kənar təsirin olmadığı qeyd edilmişdir.

43. Bundan əlavə sayğacın olduğu yerdə cavabdehin əməkdaşları tərəfindən aparılmış və mütəxəssis tərəfindən də baxış keçirilmiş video görüntülər apellyasiya baxış zamanı da tədqiq edilmişdir. Həmin görüntülərdə də kənar xəttin mövcudluğu öz əksini tapmış, iddiaçı həmin görüntülərdəki balkonun ona məxsus evə aid olduğunu öz izahatında təsdiq etmişdir.

44. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən tərtib edilən aktlar qanuni və əsaslı olduğuna görə həmin akta əsasən hesablanmış borcun silinməsinə dair iddia tələbi əsaslı hesab edilməməli, buna görə də cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul iddiaçıdan tutulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-911/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Apellyasiya baxışında keçirilən ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar