Məhkəmə qərarları › İş №2(103)-2995/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2995/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2995/2025 01.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sadıqova (İsmayılova) Nazirə Emin qızına və Bakı şəhəri Tİ və MHQİ-yə qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 yanvar 2004-cü il tarixli qətnaməsindən cavabdeh Sadıqova (əvvəlki soyadı İsmayılova) Nazirə Emin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Mübahisə predmeti Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi ev 23, mənzil 43-dür. Cavabdeh Sadıqova (əvvəlki soyadı İsmayılova) Nazirə Emin qızı həmin mənzili Bakı şəhəri 17 saylı dövlət notariat kontorunda təsdiq olunmuş və 3ma- 14 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və həmin alqı-satqı müqaviləsinə əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2003-cü il tarixdə cavabdehlər İsmayılova (hazırkı soyadı Sadıqova) Nazirə Emin qızına və Bakı şəhəri Tİ və MHQİ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsindəki 23 saylı evin 43cü mənzilinə dair alqı-satqı əqdinin onunla N.E.İsmayılova arasında bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 1 otaqdan ibarət olmaqla cavabdeh Nazirə İsmayılovanın mülkiyyətindədir. Həmin məznili 1997-ci ildə cavabdehə 3500 ABŞ dolları verərək almış, sonuncu mənzili ona verərək xx.xx.1997-ci ildə baş etibarnamə vermişdir. Aldığı gündən ailə üzvləri ilə mənzildə yaşayır. Cavavbdeh etibarnamə verəndən sonra alqı-satqını rəsmiləşdirəcəyini bildirmiş, lakin anidən Rusiya Federasiyasına köçüb getmişdir. Cavabdehi gözləmiş, etibarnamənin 3 illik müddəti cavabdehin təqsiri üzündən üzürlü olaraq ötürülmüşdür.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-163/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə X4 arasında Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 23 saylı evin 43-cü mənzilinə dair alqı-satqı əqdi bağlanmış hesab edilmiş, həmin mənzilin İddiaçı mülkiyyətinə verilməsi, mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinin Bakı şəhəri Tİ və MHQ İdarəsinə həvalə olunması qət edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh mülkiyyətində olmuş mənzili 1997-ci ildə iddiaçıya satmış və razılaşdırılmış pul məbləğini alaraq mənzili onun mülkiyyətinə vermişdir. Həmin vaxtdan iddiaçı mənzildə yaşayır. Tərəflər əqdi tamamilə icra etdiklərindən həmin ev üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə redaksiyada) 43.2, 228-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçını tanımır. Mənzilin alqısatqısına dair aralarında razılaşma olmayıb. Mübahisəli mənzil xx.xx.1997-ci ildə alqı-satqı müqaviləsi əsasında onun adına özgəninkiləşdirilmişdir. Cavabeh mənzili məcburi köçkün olan Rövşən adlı şəxsə və onun bacısına kirayə vermişdir. Bundan sonra o, ailə vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasına köçmüş, mənzilə gediş-gəlişi olmamışdır. Cavabdeh iddiaçıya etibarnamə verməyib. İddiaçı saxta qeydiyyat vəsiqəsi təqdim etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apelyatorun (cavabdehin) nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin uzyn müddət icraatda olduğunu və məhkəmə iclasının təxirə salınması prosessual əsaslar olmadığını nəzərə alaraq ərizəni təmin etməmişdir.

11. Lakin cavabdeh X5 özü əvvəlki məhkəmə iclaslarının hamısında iştirak etmiş, izahat vermiş və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

13. 11.09.1964-cü il tarixli Qanunla təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlamış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. - 228-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunduğundan və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. İşdən göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsindəki 23 saylı evin 43-cü mənzilinə dair onunla X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir.

18. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmişdir.

19. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi 01.09.2***-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 43, 228-ci maddələrini rəhbər tutaraq iddia tələbini əsaslı saymış və hesab etmişdir ki, cavabdeh mülkiyyətində olmuş mənzili 1997-ci ildə iddiaçıya satmış və razılaşdırılmış pul məbləğini alaraq mənzili iddiaçının mülkiyyətinə vermişdir. Tərəflər əqdi tamamilə icra etdiklərindən həmin ev üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır.

20. Cavabdeh uzun illər sonra qətnamədən xəbər tutaraq apellyasiya şikayəti vermiş, və işə baxılmasından xəbəri olmadığını, eləcə də iddiaçıya hər hansı etibarnamə vermədiyini, ona mənzil satmadığını bildirmişdir.

21. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnamə ilə gəldiyi bu nəticə işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır:

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Hazırkı işdə iddiaçı mübahisəli hüquq münasibətinin 1997-ci ildə yarandığını bildirdiyindən maddi hüquq norması kimi 01.09.2***-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normaları, işə 2004-cü ildə baxıldığına görə isə hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin normaları tətbiq olunmalıdır.

24. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında hər hansı bildiriş göndərilməmişdir.

25. Azərbaycan Respublikası MPM-nin 387.2, 387.2.2-ci maddələrinin tələbinə görə bu hal, yəni işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.

26. İddianın əsaslı olub-olmaması ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

28. Hazırkı işin hallarından və iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı mübahisəli evi cavabdehdən 1997-ci ildə aldığını, dəyərini ödədiyini, iddiaçı tərəfindən ona 3 il müddətinə etibarnamə verildiyini, lakin etibarnamənin müddəti bitdiyindən alqı-satqı müqaviləsini rəsmiləşdirməyin mümkün olmadığını bildirmişdir.

29. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Bakı şəhəri 4 saylı Notariat ofisinə müvafiq sorğular göndərilmişdir. Alınmış cavablar əsasında müəyyən olunmuşdur ki, 1997-ci ildə rəsmiləşdirilmiş etibarnamələr hazırda notariat ofisində saxlanılmır, məhv edilmişdir. Lakin həmin dövrdə aparılmış notariat hərəkətlərinin qeydiyyatı reyestrində xx.xx.1997-ci il tarixdə X2 adından həqiqətən də etibarnamə verilməsi ilə bağlı notariat əməliyyatı aparılmış və 748 reyestr nömrəsi ilə qeydə alınmışdır. Ancaq həmin reyestrdəki qeydlərdən görünr ki, etibarnamə X2 adından verilsə də, imza bölməsində R.N.Quliev adlı şəxs tərəfindən imza olunmaqla sənədin götürüldüyü qeyd edilmişdir. Bu isə cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmədiyini təsdiq edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, həqiqətən də belə bir etibarnamə verilmiş olsaydı, iddiaçının həmin etibarnamənin qüvvədə olduğu 3 il ərzində alqı-satqı müqaviləsini rəsmiləşdirməsinin qarşısını heç nə almırdı və o, bu hüququndan istifadə edə bilərdi.

31. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisəli evin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hər hansı əsas vermir. Həmin normalar hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir və notariat qaydasında təsdiq edilməli olan əqdlərə, əqdin notarial formasına riayət edilməməsinin nəticələrinə aiddir.

32. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir (“İ.K.Rəcəbovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı).

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından ləğv edilməli və iddia tələbi rədd olunmalıdır.

34. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin bağlanmış hesab olunmasına əsas olan halların mövcudluğunu sübut etmək bunu tələb edən tərəfin üzərinə düşür.

35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. MPM-nin 77.1-ci maddəsinnin məzmunundan da göründüyü kimi sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

38. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Sadıqova (İsmayılova) Nazirə Emin qızının apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 yanvar 2004-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X3 və qeyrisinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar