Məhkəmə qərarları › İş №2(103)-2996/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2996/2025

06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2996/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (ərazi aidiyyatı, müstəsna aidiyyat) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(008)-2981/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(008)- 2981/2025 nömrəli qərardadına əsasən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsidir və məhkəmə hesab edir ki, tələb qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aiddir və daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Belə olan halda hazırki iddia tələbi müstəsna aidiyyata aid olduğundan Sabunçu Rayon Məhkəməsində baxıla bilməz.

4. İddiaçı X5 tərəfindən həmin qərardaddan şikayət verilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə yeganə Cavabdeh Sabunçu rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. İddiaçılar eyni məzmunlu ərizə ilə Suraxanı Rayon Məhkəməsinə də müraciət etmişlər, həmin məhkəmənin e-2(010)-2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsi əsas gətirilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddia tələbinə MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət üzrə baxılmasından imtina edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(008)- 2981/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

7. Sonradan iddiaçı X5 ərizə ilə müraciət edərək bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qərardadından verilmiş şikayətə dair Bakı Apellyasiya Məhkəməsində hakim Vahid Sadıqovun sədrliyi ilə baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2602/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadına əsasən şikayət təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə müstəsna aidiyyət qaydasında baxılması üçün iş Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(103)-2602/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2036/2025 nömrəli 25 fevral 2025-ci il tarixli qərardadı ləğv edilərək mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 iyul 2021-ci il tarixli Qərarı: Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış qiymətləndirmə ilə razılaşır və apellyasiya şikayətində hər hansı bir xüsusi dəlil irəli sürülmədiyindən əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.

12. Ərazi aidiyyatı üzrə yaranmış mübahisələr üzrə apellyasiya instansiyasının son instansiya olması, iddiaçıların eyni məzmunlu ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(103)-2602/2025 nömrəli qərardadına əsasən mülki işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, artıq mübahisə həllini tapdığından yenidən araşıdırma aparılmasına da zərurət qalmamışdır. Lakin şikayət geri götürülmədiyindən məhkəmə kollegiyası tərəfindən yekun qərar

13. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(008)- 2981/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2(008)- 2981/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar