Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-30/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “tikilinin cavabdehlərin hesabına sökülməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2545/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin faiktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 b saylı bağ sahəsinə bitişik, sahəsi 20 kv.m qeyri-yaşayış sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdehlər həmin bağ sahəsinin hasarına bitişik sahəsi təxminən 20 kv m olan ictimai-iaşə obyekti inşa etmiş və həmin obyekt faktiki olaraq istifadəsiz saxlanılmışdır. Cavabdehlər tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmış, həmçinin bağ sahəmin hasarını tikintinin arxa divarı kimi istifadə etmişdir. Bağının hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki tamamilə bağlanmışdır. Qeyd etmişdir ki, bağ sahəmin hasarı köhnə tikili olduğundan həmin hasarın tamamilə sökülüb yeni hasar çəkilməsinə zərurət var. Belə ki, hasar qəzalı vəziyyətdədir, hər an uça bilər. Lakin cavabdelılər obyektin divarı kimi istifadə etdiyindən, hasarın yenidən işlənməsi mümkünsüzdür. Yaranmış problemlərlə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, onlar, obyektin sökülməsinə razılıq verməmişdir.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-2545/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 b saylı bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur, cavabdehlər bağ sahəsinin hasarına bitişik sahəsi təxminən 20 kv.m olan ictimai-iaşə obyekti inşa etmiş, həmin obyekt faktiki istifadəsizdir, bağ sahəsinin hasarı qəzalı vəziyyətdədir, hər an uça bilər, cavabdehlər hasarın divarını obyektin divarı kimi istifadə etdiyindən həmin hasarın yenidən tikilməsi mümkün deyil, dəfələrlə müraciət etsə də, onlar obyektin sökülməsinə imkan vermir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10746/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2022-ci il tarixli, 10/3095 nömrəli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.
7. Məhkəmə qərardadı icra olunması üçün təkrarən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
8. Məhkəməyə Məhkəmə Ekspertiza Mərkəzinin 10/6630 nömrəli, 28 oktyabr 2022-ci il tarixli ekspert rəyi daxil olmuş, iş üzrə icraat təzələnmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-91/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1643 nömrəli, 25 iyun 2023-cü il tarixli ekspert rəyi (xx.xx.2023-cü ildə) daxil olmuş, iş üzrə icraat təzələnmişdir.
11. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-91/2023 nömrəli, xx.xx.2023cü il 2 tarixli qərardadı ilə iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(112) 7272/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/24 nömrəli, 13 mart 2024-cü il tarixli Qərarı ilə qeyd edilən iddia təmin edilməmiş və qərar qanuni qüvvəsini aldığından iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehlər ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, Cavabdeh2 izahatında əlavə olaraq bildirdi ki, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi uzun müddətdir ki, onların istifadəsində olmaqla yanaşı, həmin sahə onun xüsusi mülkiyyətində olmaqla müvafiq çıxarış da əldə etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
15. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,15 ha ibarət 210b saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 10/6630 nömrəli, 28 oktyabr 2022-ci il tarixli məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə, Bakı şəhəri, ünvan 1 ünvanda iddiaçıya məxsus olan tikili arasında yerləşən hasarın iddiaçıya məxsus olduğu və bağ sahəsi ilə cavabdehə məxsus olan tikili arasında ayrı hasar olmadığı müəyyən edildi. Qərardadın ikinci sualı üzrə, həmin ünvanda cavabdehə məxsus tikilinin dam örtüyünün bir hissəsinin iddiaçıya məxsus hasarın bir hissəsinin üstündə yerləşdiyi müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə, mülki iş materiallarında olan məlumatlara əsasən, cavabdehin istifadəsində olan tikiliyə (bərbərxana) dair hüquqmüəyyənedici və texniki sənədlər olmadığı təqdirdə həmin tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun deyildir. Eyni zamanda mülki iş materiallarında olan məlumatlara əsasən iddiaçının iddia etdiyi Bakı şəhəri, ünvan 2 ünvanda cavabdehin istifadəsində olan tikili arasında yerləşən hasarın iddiaçıya məxsus olduğu nəzərə alınaraq həmin hasarın yenilənməsi-bərpa olunması zamanı cavabdehin istifadəsində olan tikilinin maneə yaratması istisna olunmur.
17. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1643 nömrəli, 25 iyun 2023-cü il tarixli məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq qeyd olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən 6.8 metr uzunluğunda divarın 4.3 metr hissəsi üzrə döngə nöqtələrinin koordinatları kəsişdiyinə görə, həmin hissəsinin iddiaçının bağ sahəsinə və ya cavabdehə aid tikiliyə məxsusluğunu müəyyən etmək mümkün olmadı. Cavabdehə aid tikilinin dam örtüyünün çıxıntısının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olduğu müəyyən olundu. Lakin həmin dam örtüyünün iddiaçının bağ sahəsinin hasarının üstündə quraşdırılıb-quraşdırılmamasının müəyyən olunması mülkiyyətə verilmiş sahələrin sərhədləri dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı cavabdeh tərəfindən təqdim olunan qeyri-yaşayış tikilisinin texniki göstəricilərinin (daxili və xarici ölçülər, otaqların yerləşmə vəziyyəti) həmin tikiliyə dair xx.xx.2022-ci il tarixdə tərtib olunmuş **********57-06301 reyestr nömrəli Texniki Pasportun "Tikilinin planı" bölməsində olan sxemin göstəriciləri ilə eynilik təşkil etdiyi müəyyən edildi. Qeyd: Mərkəzə təqdim olunan qərardadın müşayiət məktubunda qeyd olunanlara (mülki iş materiallarının 143-cü və 144-cü vərəqlərində qeyd olunan suallar) cavab olaraq bildirilir ki, Cavabdeh2 verilmiş texniki pasportda hasara bitişik divarın (mübahisə predmeti olan tikilinin arxa divarı) qalınlığının 0.45 m, digər hissələrdə isə 0.2 metr olduğu müəyyən olunur. Müvafiq mütəxəssis rəyi daxil olmadığına görə, digər sualların cavablandırılması mümkün olmadı.
18. Cavabdeh2 təqdim etdiyi daşınmaz əmlakın **********57-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı, ümumi sahəsi 11,80 kv.m olan daşınmaz əmlak və 0,001730 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/24 nömrəli, 13 mart 2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tətbiq edilən maddi hüquq normaları:
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tətbiq edilən prosessual hüquq normaları:
24. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, mülki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının 0.15 ha torpaq sahəsi mülkiyyətindədir, torpaq sahəsinin hasarına bitişik cavabdelərə məxsus qeyriyaşayış sahəsi mövcuddur. İddiaçı cavabdehlərin tikinti işlərini apararkən tikinti norma və qaydalarını pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkini tikinti ərazisinə qatmaları, həmçinin iddiaçının bağ sahəsinin hasarını tikintinin arxa divarı kimi istifadə etmələri, bağın hasarının tikintinin divarı kimi istifadə edilməsi nəticəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin tamamilə bağlanmasına istinad edərək, cavabdehlərə məxsus tikilinin sökülməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
39. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin təqdim etdiyi inventar nömrəsi 04/1805 olan texniki pasport və daşınmaz əmlakın **********57-06301 reyestr nömrəli çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanı, ümumi sahəsi 11,80 kv.m olan daşınmaz əmlak və 0,001730 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir.
40. Həmçinin işə apellyasiya qaydasında baxılarkən mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(112) 7272/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır.
41. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-877/24 nömrəli, 13 mart 2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh2 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmiş və qərar qanuni qüvvəsini almışdır.
42. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan çıxarış inzibati qaydada mübahisələndirilsə də, iddia tələbi təmin edilməmişdir, həmin qərar qanuni qüvvəyə minmişdir.
43. Beləliklə, iddiaçının özbaşına tikinti olduğunu iddia edərək hazırda sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir.
44. Belə olan halda bəlli olur ki, apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi (50+50=100) 100 (yüz) manat şikayəti vermiş iddiaçıdan tutulmalıdır.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xəzər Rayon Məhkəməsinin 2(003)-2545/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi (50+50=100) 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.