Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3000/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinin qaytarılması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2024-cü il tarixli qərardaddan ərizəçinin prosessual hüquqi varisi olan X3 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, nəvəsi – X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəsindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilən Əhməd Əhmədov xx.xx.2024-cü il tarixdə valideynlərini, bacısını və qardaşını öldürmüşdür. Əhməd Əhmədov həmin hadisəni anlaqsız vəziyyətdə törətmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında (iş № 1(101)-1890/2024) öz əksini tapmışdır. Buna görə də, Əhməd Əhmədov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 317.2-ci maddəsinə görə isə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə buna səlahiyyəti olmayan şəxs – nənə tərəfindən verilmiş və imzalanmışdır. Ərizə buna səlahiyyəti olan şəxs tərəfindən verilmədiyi və imzalanmadığı üçün qaytarılmalıdır. Ərizəçi öldüyündən onun prosessual hüquq varisi olan övladı Bədəl Bədəlov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizənin icraata götürülərək, baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizədə qeyd edildiyi kimi, Əhməd Əhmədov xx.xx.2024-cü il tarixdə valideynlərini, bacısını və qardaşını öldürmüşdür. Bu səbəbdən də “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəni Əhməd Əhmədovun nənəsi Ərizəçi vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinin mənasına görə, nənələr də yaxın qohum sayılırlar. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə Ərizəçi tərəfindən imzalanmışdır. Lakin Rayon Məhkəməsi hesab etmişdir ki, ərizə imzalanmayıb. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətinin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Qanun üzrə vərəsələr” adlı 1159-cu maddəsinin və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Nikahın bağlanmasına mane olan hallar” adlı 12-ci maddəsinin mənasına görə, nənələr yaxın qohum sayılırlar. Lakin nəzərə alınmalıdır ki, MPM-in “Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlı 33-cü fəslinin 317.2-ci maddəsində psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizənin verməyə hüququ olan şəxslərin dairəsi imperativ qaydada müəyyən edilmişdir ki, həmin şəxslərin dairəsinə nənələr daxil deyil. Buna görə də Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad əsaslıdır. Şikayətin dəliləri qərardadın ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsaslı deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi prosessual hüquqi varisi olan X3 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3000/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3000/2025
06.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver