Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3002/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “istehlakçı hüquqlarının bərpa edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndələri (vəkili) Vəkil4 və (bacısı) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, satıcı olaraq onunla alıcı olaraq cavabdeh arasında “Hailun VD6” markalı pianonun alğı-satqısı dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.800 manat, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 500 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət ilə bağlı vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat, ümumilikdə 6.687 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olan iddiaçı, musiqi alətlərinin satışı ilə məşğul olur və bununla bağlı olaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Piano Gallery” mağaza acımışdır. Cavabdeh fortepiano və pianino alətindən kifayət qədər anlayışı olan qarmon ifaçısıdır. Cavabdeh dostu üçün mağazadan pianino bəyənmiş və almışdır. Cavabdehin özünün də qeyd etdiyi kimi Bakı şəhərində yerləşən bütün musiqi alətləri mağazalarını gəzib araşdırmış və müəyyən etmişdir ki, iddiaçıya məxsus mağazada olan pianinolar digər mağazalarda olan pianinolardan qat-qat keyfiyyətli və üstündür. 2022-ci ilin sentyabr ayında cavabdeh 2-3 dəfə mağazaya gələrək mağazada yerləşən akustik fortepianoların hamısında ifa etməklə səslənmələrinə qulaq asmış, alətləri texniki göstəricilərinə görə test edərək təcrübədən keçirmişdir. Cavabdeh, xx.xx.2022-ci il tarixdə iddiaçının mağazasına yenidən müraciət edərək piano seçimində qətiləşdiyini bildirmişdir. Bununla da onlar aralarındakı razılaşmaya əsasən cavabdehlə “Hailun VD6” markalı pianonun 8.800 manat dəyərində alğı-satqısına razılaşmışlar. Cavabdeh qeyd olunan vəsaitin 3.000 manatını ilkin ödəniş olaraq, qalan 5.800 manatını 8 ay, hər ay 725 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. “Alğı-satqı müqaviləsi” şifahi qaydada bağlansa da, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə yazılı qaydada “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmış və yuxarıda qeyd edilən şərtlər həmin müqaviləyə daxil edilmişdir. Razılaşmaya əsasən alətin daşınmanın xərci və məsuliyyəti cavabdehin üzərində idi. Həmin gün pianino cavabdehin göstərdiyi ünvanda yerləşən binanın 5-ci mərtəbəsindəki mənzilə (iddiaçının yaşadığı mənzilə) iddiaçının işçiləri tərəfindən qaldırılmış və cavabdehə təhvil verilmişdir (videolar əlavə olunur). Elə həmin gün daşınma həyata keçirən şəxslərin yanında cavabdeh mağazaya video görüntülü zəng edərək, pianinonun qapağının açılıb-bağlanmasında problem olduğunu bildirdilər. mağazanın əməkdaşları tərəfindən cavabdehə bildirildi ki, bu normal haldır, istənilən pianino bir yerdən başqa yerə daşınanda yeri tarazlaşdırılmalıdır, heç bir detala toxunmasınlar, növbəti gün mütəxəssis gəlib alətə baxacaq və problemi aradan qaldıracaq. Növbəti gün, günün birinci yarısında mağazanın satış meneceri (iddiaçının hazırkı iş üzrə nümayəndəsi, bacısı) Nümayəndə və təmir üzrə mütəxəssis usta Ruslan cavabdehin mənzilinə getmiş və cavabdehin arvadının yanında 2-3 dəqiqə ərzində pianinonu dayaq nöqtələrini tarazlamış, problemi aradan qaldırmışlar. Bununla bağlı yerində video çəkiliş aparılmışdır (disk əlavə olunur). Elə həmin gün günorta saatlarında cavabdeh yenidən onlarla əlaqə saxlayaraq, pianinonun sağ tərəf dillərindən (klavişlərindən) bir və ya ikisində xırda problemlər olduğunu bildirdi. Mağazanın meneceri Nümayəndə və piano kökləyicisi Valeh adlı şəxs elə həmin gün axşam cavabdehgilə gedərək, cavabdehin və cavabdehin mütəxəssis qismində dəvət etdiyi Milli Konservatoriyanın fortepiano müəllimi, pianoçu Rəna xanımın yanında piano kökləmişlər. Cavabdeh və Rəna xanım bütün məqamları yoxladıqdan sonra pianino cavabdehə təhvil verilmişdir (bütün prosedurun video görüntüsü əlavə olunur). Hətta pianodan çox razı qalan cavabdeh həmin axşam qalıq borcundan bir qismini ödəniş etmək niyyətində olduğunu bildirdi, ancaq o an tərəflərindən kassa çeki təqdim edə bilmədiklərinə görə ödənişi qəbul edə bilməmişlər. Bundan sonra 2-3 gün ərzində cavabdehdən xəbər çıxamamışdır. Lakin 3 gündən sonra cavabdeh yenidən zəng edərək pianonun 1-2 dilinin onu qane etmədiyini və pianinonu yenisi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının işləri buna etiraz etmişlər və bildirmişlər ki, pianinoda heç bir problem yoxdur, olan kiçik problemi də artıq aradan qaldırmışlar. Daha sonra cavabdeh özü mağazaya gələrək, pianinonu geri götürülməsini tələb etmiş, lakin iddiaçının işçiləri cavabdehə bildirmişlər ki, onlar tərəfindən pianinoya baxış keçirilməli və pianinonun istifadəsindən hər hansı bir problem yaranmadığı halda onu geri götürə bilərlər. Bununla bağlı ertəsi gün onların xahişi ilə mütəxəssis qismində dəvət etdikləri Bakı Musiqi Akademiyasının professoru, pianoçu, bəstəkar Könül Hüseynova ilə birlikdə cavabdehin evinə getmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən cavabdeh özü də öz hesabına mütəxəssis dəvət etməli idi, həmin şəxs də orada idi. Onlar cavabdehin mənzilində pianinoya baxış keçirmişlər və müəyyən olundu ki, pianinonun texniki göstəricilərində heç bir qüsur yoxdur, ancaq onlar pianoya tam baxış keçirən zaman müəyyən etmişlər ki, pianonun əmtəə görünüşü pozulub, ona kənar müdaxilə olunub və çoxsaylı gözlə görünən cızıqlar və zədələr əmələ gəlib (video və şəkillər əlavə olunur). Bu səbəbdən də onlar cavabdehə bildirmişlər ki, pianinonu geri götürə bilməzlər. xx.xx.2022-ci il tarixdə alətin texniki tərəfinə baxmaq üçün piano kökləyicisi Akif Mirzəyev və alətin əmtəə görünüşündə yaranmış problemi araşdırmaq üçün daşınmada iştirak etmiş şəxsin iştirakı ilə yenidən cavabdehin mənzilinə getmişlər, çünki cavabdeh təkidlə demişdir ki, yeni yaranmış cızıqlar və zədələr istehsal qüsuru və daşınma zamanı olmuşdur. Bu dəfə isə aşkar etmişlər ki, pianinoya başqa usta tərəfindən müdaxilə olmuş, pianonun ön tərəfində, qapağında gözlə görünən, ciddi zədələr və cızıqlar var. Bu zaman daşınmada iştirak edən şəxs Şahid cavabdehin üzünə qarşı bildirmişdir ki, piano təhvil verilən zaman onun xarici görünüşündə heç bir zədələnmə olmamışdır. Elə həmin gün tərəflərindən akt tərtib olundu və video çəkiliş aparıldı. Akta mağazanın meneceri Arzu Təhmozova, mütəxəssis Akif Mirzəyev, pianonun daşınmasında iştirak edən Şahid imza etdilər, lakin cavabdeh akta imza etməkdən imtina etdi. Aktda qeyd edilmişdir ki, pianinoda heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Alətin zahiri görünüşündə yaranan zədələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil. Buradan da göründüyü kimi, faktiki nöqsanlar nə istehsalçı tərəfindən, nə də ki, daşınma zamanı baş vermişdir. Qeyd olunan nöqsanlar cavabdehin özü tərəfindən yaranmışdır. Buna görə də tərəflərindən pianonun qaytarılması mümkün olmayacağı barədə cavabdehə bildirilmişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyini hal-hazıradək yerinə yetirməmiş, ödəməli olduğu 5.800 manat məbləği ödəməkdən boyun qaçırmışdır. Pianino hal-hazıradək cavabdehin mənzilində və istifadəsindədir (video və görüntülər əlavə olunur). Cavabdeh qərəzli olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, lakin həmin Xidmət müraciətinin təmin olunmasından haqlı olaraq imtina etmişdir.
3. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, xx.xx.2022-ci il tarixli razılaşmanın ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması (pianonun iddiaçıya və pianinoya görə cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş kimi verilmiş 3.000 manatın iddiaçı tərəfindən cavabdehə qaytarılması), qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ilə bağlı vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya ilkin olaraq 3.000 ödəməklə aldığı və qiyməti 8.800 manat olan pianino iddiaçının işçiləri tərəfindən cavabdehin yaşadığı ünvanına çatdırılmış və mağazanın ustaları tərəfindən həmin tarixdə cavabdehin mənzilində qurulmuşdur. Cavabdeh, elə həmin gün alətin qapağının açılmadığını görüb pianinonu gətirmiş işçilərin yanında mağazanın satış meneceri olan Nümayəndə zəng edərək, bu barədə məlumat vermiş, Nümayəndə isə ona bildirmişdir ki, alətə toxunmasınlar, sabah mütəxəssislə gəlib, problemi aradan qaldıracaqlar. Səhəri günü cavabdeh, işdə olduğu vaxt Nümayəndə mağaza ustası ilə yaşadığı ünvana gələrək, yoldaşının iştirakı ilə alətə müdaxilə edib qapağı düzəltmiş, ona zəng edib heç bir problem olmadığını, aradan qaldırıldığını və istifadəyə tam yararlı olduğunu, alətin kökləndiyini bildirmişdir. Cavabdeh, nahar fasiləsində işdən evə gəlmiş və aləti yoxladıqda məlum olmuşdur ki, alətin dilləri işləmir, basılı qalıb geri qayıtmır və pianinonun üzərində cızıqlar var. Cavabdeh dərhal Nümayəndə zəng edərək, bu barədə məlumat vermiş və Nümayəndə ona bildirmişdir ki, sabah yoluna qoyulacaq. xx.xx.2022-ci il tarixdə cavabdeh işdə olduğu zaman Nümayəndə mütəxəssislə mənzilinə gəlmiş, guya pianonu düzəltmişlər. Həmin gün işdən qayıtdıqdan sonra cavabdeh pianonun dillərini yoxlamış və musiqi təhsilli olduğundan alətin düzgün işləmədiyini müəyyən etmişdir. Daha sonra pianinonun vin kodu (vin kod: 81354) ilə araşdırma aparılan zaman məlum oldu ki, ümumiyyətlə bu kod altında tamamilə başqa alət qeydiyyata alınıb. Yenidən Arzu xanıma bu barədə məlumat vermiş, mübahisə etmişlər və yekunda ona bildirilmişdir ki, «“istəsəniz də istəməsiniz də alət belə “işləyir”». Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən hər gün Nümayəndə zəng edib gəlib pianinonu götürməyi və ödədiyi pulu geri qaytarmağı tələb etməyinə baxmayaraq zənglərinə heç bir əhəmiyyət verilməmiş, müxtəlif bəhanələr gətirilərək istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Bu səbəbdən cavabdeh pozulmuş hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2022-ci il tarixdə pianinonu aldığı mağazaya və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək, ona satılmış qüsurlu malın geri götürülməsini və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Təxminən 2 həftə sonra mağazanın əməkdaşı cavabdehlə əlaqə saxlayaraq mütəxəssis iştirakı ilə pianoya baxış keçirməyi xahiş etmişdir. Cavabdeh razılaşmış və özünü mütəxəssis kimi təqdim edən Akif adlı şəxsin, mağaza meneceri və əməkdaşının iştirakı ilə pianoya baxış keçirilmiş və guya heç bir qüsur olmadığı, alətin yüksək fortepiano standartlarına cavab verdiyini, pianinonun görünüşündə olan zədələrin onun özbaşına müdaxiləsi nəticəsində yaradığı barədə akt tərtib etmişlər. Cavabdeh, tərtib edilmiş saxta aktla razılaşmadığını və həmin aktı imza etməyəcəyini bildirmişdir və musiqi təhsili olduğundan pianonun dillərinin işlək vəziyyətdə olmadığını, kökləndikdən sonra qısa müddətdə kökdən düşməsinin real olmadığını, alətin dillərində problem olduğunu və aləti geri götürməklərini, ödədiyi məbləği geri qaytarmaqlarını tələb etmişdir. Lakin tələblərinə heç bir əhəmiyyət verməyib pianonu zədələdiyini və bu səbəbdən qaytarılmanın mümkün olmadığını bildirmişlər. Pianinonun daşınması cavabdeh tərəfindən deyil, iddiaçıya məxsus mağazanın işçiləri tərəfindən edilmiş və cavabdeh tərəfindən alətə hər hansı müdaxilə qətiyyən olmamışdır. Satıcının aləti geri götürmək və ödədiyi məbləği geri qaytarmaq niyyətinin olmadığını görən cavabdeh xx.xx.2022-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada təkrar şikayət ərizəsi göndərərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi və satıcı olan iddiaçının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna baxmayaraq şikayət ərizəsi ilə bağlı heç bir tədbir görülməmiş və araşdırma nəticəsi barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Cavabdeh hesab edir ki, aldığı pianino keyfiyyətsiz və qüsurlu olduğundan iddiaçıya geri qaytarılmalı və alətə görə onun tərəfindən iddiaçıya ilkin ödəniş kimi verilmiş 3.000 manat məbləğində pul iddiaçıdan onun xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, cavabdehdən 5.800 manat məbləğində əsas borcun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 87 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında pianonun alğı-satqısına dair şifahi qaydada xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Onlar arasındakı razılaşmaya əsasən pianinonun qiyməti 8.800 manat müəyyən edilmiş, cavabdeh qeyd olunan vəsaitin 3.000 manatını ilkin ödəniş olaraq, qalan 5.800 manatını 8 ay, hər ay 725 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. “Alğı-satqı müqaviləsi” şifahi qaydada bağlansa da, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə yazılı qaydada “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmış və yuxarıda qeyd edilən şərtlər həmin müqaviləyə daxil edilmişdir. Pianino iddiaçı tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçıya hissə-hissə ödəməli olduğu 5.800 manatı ödəməmişdir. Bununla da, iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, borc öhdəliyinin yaranmasından müqavilənin xx.xx.2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. Cavabdeh məhkəmə baxışı müddətində də borcun ödənilməsinə yönəlmiş hərəkətlər etməmişdir ki, bunlar özlüyündə borclunun ödəniş qabiliyyətini itirməsi deməkdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında ilkin iddia üzrə iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb hüququ mövcuddur. Cavabdeh iddiaçıdan aldığı pianinonun qüsurlu vəziyyətdə ona satıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları təqdim etməmiş, məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, pianinodakı qüsurlar iddiaçının deyil, cavabdehin pianinodan istifadəsi nəticəsində yaranmışdır. Bu səbəbdən də, borcun ödənilməsi məqsədi ilə cavabdehdən 5.800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia isə əsassız hesab edilərək, rədd edilməlidir. Bununla yanaşı həmçinin müəyyən edilmişdir ki, ilk iddianın “cərimənin (dəbbənin) tutulması barədə şərt tərəflər arasında şifahi və yazılı qaydada bağlanmış müqavilələrdə nəzərdə tutulmamışdır. Buna görə də ilk iddianın həmin hissəsi rədd edilməlidir. Həmçinin Rayon Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət ilə bağlı iddiaçı tərəfindən vəkilə çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış, işin hallarını obyektiv araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
9. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və qarşılıqlı iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışının sonuncu iclasına gəlməmiş və ərizə ilə Məhkəməyə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh işə vəkilinin (nümayəndəsinin) iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirdiyindən Məhkəmə işə cavabdehin vəkilinin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. İddiaçının nümayəndələri (vəkili və bacısı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. e) apellyasiya baxışının həddi barədə məlumat
11. İlk iddia qismən təmin olunsa da, ilk iddia üzrə iddiaçı ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisəlndirməmiş, bu nəticə ilə razılaşmışdır.
12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o da ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisəlndirmir.
13. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin hazırkı apellyasiya baxışının predmdeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında qiyməti 8.800 manat olan “Hailun VD6” markalı pianinonun alğı-satqısı dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh, 3.000 manatı ilkin ödəniş kimi iddiaçıya ödəmiş və qalan 5.800 manatın 8 ay ərzində, hər ay 725 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu şərtlər ilə bağlı iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə yazılı qaydada “Mövcud borcun etirafı haqqında müqavilə” bağlanmışdır. xx.xx.2022-ci il tarixdə pianino cavabdehin göstərdiyi ünvana iddiaçının işçiləri tərəfindən çatdırılmış və həmin ünvanda yerləşən binanın 5-ci mərtəbəsindəki mənzilə (iddiaçının yaşadığı mənzilə) iddiaçının işçiləri tərəfindən qaldırılmış, cavabdehə təhvil verilmişdir.
17. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, pianino cavabdehə təhvil verildikdən sonra cavabdeh, daşınmanı həyata keçirən şəxslərin yanında pianinonu aldığı və iddiaçıya məxsus mağazaya zəng edərək, pianinonun qapağının açılıb-bağlanmasında problemlərin olduğunu bildirmiş və mağazanın əməkdaşı tərəfindən cavabdehə bildirilmişdir ki, bu normal haldır, istənilən pianino bir yerdən başqa yerə daşınanda yeri tarazlaşdırılmalıdır, heç bir detala toxunmasınlar, növbəti gün mütəxəssis gəlib alətə baxacaq və problemi aradan qaldıracaq. Növbəti gün, günün birinci yarısında mağazanın satış meneceri (iddiaçının hazırkı iş üzrə nümayəndəsi, bacısı) Nümayəndə və təmir üzrə mütəxəssis usta Ruslan cavabdehin mənzilinə gedərək, cavabdehin arvadının yanında pianinonu dayaq nöqtələrini tarazlamış, problemi aradan qaldırmışlar.
18. Həmin gün günorta saatlarında cavabdeh yenidən onlarla əlaqə saxlayaraq, pianinonun sağ tərəf dillərindən (klavişlərindən) bir və ya ikisində xırda problemlər olduğunu bildirmişdir. Mağazanın meneceri Nümayəndə və piano kökləyicisi Valeh adlı şəxs elə həmin gün axşam cavabdehgilə gedərək, piano kökləmiş və bundan sonra getmişlər.
19. Cavabdeh bildirir ki, bundan sonra pianinonun problemləri bitməmişdir. Belə ki, o, həmin gün işdən evə qayıtdıqdan sonra pianinonun dillərini yoxlamış və musiqi təhsilli olduğundan alətin düzgün işləmədiyini müəyyən etmişdir. O, bundan sonra Nümayəndə ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, bundan sonra aralarında mübahisə yaranmış və yekunda Nümayəndə ona bildirilmişdir ki, «“istəsəniz də istəməsiniz də alət belə “işləyir”». Bu səbəbdən cavabdeh pozulmuş hüquqlarının müdafiəsi məqsədilə xx.xx.2022-ci il tarixdə pianinonu aldığı mağazaya və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək, ona satılmış qüsurlu malın geri götürülməsini və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmişdir. Təxminən 2 həftə sonra (xx.xx.2022-ci il tarixdə) mağazanın əməkdaşı onunla əlaqə saxlayaraq mütəxəssis iştirakı ilə pianoya baxış keçirməyi xahiş etmişdir. O razılaşmış və özünü mütəxəssis kimi təqdim edən Akif adlı şəxsin, mağaza meneceri və əməkdaşının iştirakı ilə pianoya baxış keçirilmiş və guya heç bir qüsur olmadığı, alətin yüksək fortepiano standartlarına cavab verdiyini, pianinonun görünüşündə olan zədələrin onun özbaşına müdaxiləsi nəticəsində yaradığı barədə akt tərtib etmişlər. O, həmin saxta aktla razılaşmadığı üçün aktı imzalamamışdır. Satıcı olan iddiaçı pianinonu geri götürmək və ödədiyi məbləği geri qaytarmaq niyyətinin olmadığını görərək o, xx.xx.2022-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron qaydada təkrar şikayət ərizəsi göndərərək pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi və satıcı olan iddiaçının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna baxmayaraq şikayət ərizəsi ilə bağlı heç bir tədbir görülməmiş və araşdırma nəticəsi barədə cavabdehə hər hansı məlumat verilməmişdir.
20. Cavabdehin bildirdiyi və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Malın müayinə edilməsi barədə aktdan” görünür ki, mübahisəli pianinoya baxış keçirilən zamanı aşkar olmuşdur ki, pianinoda heç bir istehsal qüsuru yoxdur, alət tam normal şəkildə işləyir, alət yüksək fortepiano standartlarına cavab verəcək səviyyədədir. Pianonun zahiri görünüşündə yaranan zədələr müştərinin özbaşına müdaxiləsi nəticəsində yaranmışdır, istehsal qüsuru deyil.
21. İddiaçıya məxsus “Piano Gallery” mağazası tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdehin müraciəti il əlaqədar mağazaya ünvanlanmış xx.xx.2022-ci ıl tarixli, 10/09-5/3868 nömrəli məktubda göstərilənlər araşdırılmış və müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-cı il tarixdə mağazadan qiyməti 8.800 manat olan pianinoya görə ilkin olaraq 3.000 manat ödəniş edərək pianinonu əldə etmişdir. Pianino cavabdehin ünvanına çatdırılmış və qüsursuz vəziyyətdə təhvil verilmişdir (bunu təsdiq edən fotoşəkillər və video çəkilişlər var). Pianinonu bir neçə gün istifadə etdikdən sonra cavabdeh, pianinonda guya qüsurlar olduğunu iddia edərək pianinonun geri götürülməsini tələb etmişdir. Tərəflərindən cavabdehin mənzilindəki pianinoya baxış keçirilməsi üçün mütəxəssis dəvət edərək pianinoya baxış keçirilmiş və müəyyən olunmuşdur ki, pianinoda istehsal xarakterli qüsur yoxdur. Cavabdehin bildirdiyi qüsur, cavabdehin dəvət etdiyi və pianinoya onların iştirakı olmadan özbaşına şəkildə qeyri-peşəkar şəxs (usta) tərəfindən müdaxilə etməsi nəticəsində yaranmışdır. Bundan başqa müəyyən edilmişdir ki, pianino fiziki olaraq da zədələnmişdir. Həmin zədələr pianonun dillərinin üzərini örtən qapağın yan tərəflərində, yəni korpus hissəsində aşkar etmişlər. Bu isə fiziki zədələnmənin nəticəsində əmələ gəlmişdir (yəni nəsil pianoların klaviatura qapağının açılma mexanizmi köhnə nəsil pianolardan tam fərqlidir və yeni pianolar ilə mütəmadi məşğul olmayan ustalar qapağın açılma qaydasını bilmir). Cavabdeh məhz həmin zədələrə görə hər vəchlə pianinonu qaytarmaqda israr edir. Lakin cavabdehin iddiaları əsassızdır və yanlışdır. Belə ki, cavabdeh hər bir nüansa diqqət edən bir müştəridir. Belə bir müştərinin cızılmış, zədələnmiş pianonu həmin zədələrlə qəbul edib evinə yerləşdirməsi heç bir halda mümkün deyil. Pianino taxta və qalın kartondan ibarət olan qablaşdırmada cavabdehin yaşadığı mənzilə aparılmış, alətin germetik folqa bağlaması cavabdehin mənzilində açılmış, cavabdeh tərəfindən ona baxış keçirilmiş və qəbul edilmişdir. Halbuki həmin hissələrin zədəli olduğunu vizual olaraq rahatlıqla görmək olur, pianinonu təhvil götürən zaman bu zədələri görməmək mümkün deyil. Bunu pianinoya baxış və texniki müayinə prosesində iştirak edən Şahid (pianonun cavabdehin mənzilinə daşınmasında iştirak edən 2 fəhlədən biridir) cavabdehin şikayətinin doğru olmadığını, pianinonun cavabdehin mənzilə heç bir zədə almadan çatdırıldığını bildirdi və cavabdeh, Şahid dediklərinə etiraz etmədi. Bütün bunlardan əlavə pianinonun mənzilə daşınmasından bir gün sonra pianino kökləyən usta ilə birlikdə cavabdehin mənzilində pianinonu yerində kökləyib cavabdehə təhvil vermişlər. Təhvil-təslim zamanı cavabdeh pianinoya öz qonşuluğunda yaşayan peşəkar pianoçu ilə birlikdə baxış keçirib, hətta pianinoda ifa edib, tam razı qalmışdır. Bundan başqa daha sonra pianinonu müayinə etmək üçün dəvət etdikləri piano üzrə mütəxəssis Akif Mirzəyev də pianinoda heç bir istehsal qüsuru olmadığını, pianinonun bütün piano standartlarına uyğun olduğunu bildirmişdir. Bu barədə cavabdehə ətraflı izah və məlumat verilmişdir. Araşdırma nəticəsini təsdiq edən akt tərtib edilib, lakin cavabdeh pianinonun geri götürülməsini tələb edir. Pianinon geri götürülməsi mümkün deyil, çünki pianinoda aşkar edilmiş qüsur istehlakçının təqsirindən əmələ gəlmişdir. Buna görə də, əmtəə görünüşünü itirmiş və qeyd edilən vəziyyətdə olan pianinonun geri götürülməsindən və ya başqası ilə dəyişdirilməsindən imtina etmişlər.
22. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi tərəflər arasında mülki mübahisənin yaranmasına səbəb olmuş pianoda qüsurların mövcud olubolmamasını, qüsurlar varsa onların istehsal qüsuru olub-olmamasını və sair xüsusatların araşdırılması üçün iş üzrə qəbul etdiyi qərardadlar ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza qarşısında qoyulmuş sualların əmtəəşünaslıq ekspertizasına aid olmadığını əsas gətirərək ekspertizanın keçirilməsindən üç dəfə imtina etmişdir (“məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məlumatlar).
23. Məhkəmə Ekspertizası Mərkəzi “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli məlumatda qeyd etmişdir ki, mübahisəli piano ilə bağlı ekspertiza qarşısında qoyulmuş suallar müvafiq sahədə ixtisaslaşdırılmış mütəxəssis tərəfindən cavablandırıla bilər.
24. Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının Baş piano kökləyicisi X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, o, təqribən 2022-ci ilin oktyabr ayının sonlarında cavabdehin dəvəti ilə, cavabdehin iddiaçıya məxsus “Piano Gallery" mağazasından aldığı akustik pianonun mexanizminə və klaviaturasına mütəxəssis baxışı keçirib rəy verməyi üçün cavabdehin mənzilinə getmiş və pianinoya baxış keçirmişdir. Baxış zamanı pianonun mexanik olaraq tam sağlam və işlək olduğunu, alətin heç bir problemi olmadığını bildirmişdir.
25. Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, o, xx.xx.2024-cü il tarixdə cavabdehin mənzilində akustik pianoya baxış keçirmişdir. Baxış zamanı alətdə heç bir istehsal qüsuru aşkarlanmadı. Alətin hal-hazırda olan vəziyyəti onun satış tarixindən (1 il 4 ay müddətində) indiyədək olan müddət ərzində köklənmədiyini və texniki xidmət göstərilmədiyini nəzərə alsaq, onun 0,15 HZ kökdən düşməsi yüksək standartlar çərçivəsindədir. Cavabdehin iddia etdiyi və qüsur olaraq bildirdiyi mexaniki iş prinsipini bir mütəxəssis kimi tamamilə səhv hesab edir, alətin yoxlanma üsulunun tamamilə yanlış olduğunu bildirir. Qeyd edir ki, tərəflərin, o cümlədən cavabdehin iştirakı ilə alətə tərəfindən keçirilən mütəxəssis baxışı zamanı alətin mexanizminin və klavişlərinin, həmçinin digər bütün detallarının düzgün fəaliyyət göstərdiyini bildirmiş və alətin düzgün yoxlama üsulunu tərəflərə əyani şəkildə izah edərək göstərmiş və bütün bunları yerli baxış zamanı qeydə alınmış 5 ədəd videoçəkilişdə bildirmiş və həmçinin öz yazılı rəyi ilə təsdiq edir.
26. Bakı Musiqi Akademiyasının xx.xx.2024-cü il tarixli, 113 nömrəli arayışından görünür ki, X5 həqiqətən xx.xx.2017-ci il tarixdən həmin Akademiyada kökləyici vəzifəsində işləyir, ümumi iş stajı 6 il 2 ay təşkil edir.
27. Cavabdeh tərəf isə öz növbəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli rəyini Rayon Məhkəməsinə təqdim etmişdir. Həmin rəydə qeyd edilir ki, iş üzrə cavabdeh iddiaçıdan aldığı pianino haqqında rəy verilməsi üçün Komissiyaya müraciət etmişdir. Dəvət olunmuş ekspert, piano üzrə mütəxəssis X2 pianoya baxış keçirmişdir. Piano ekspertizadan keçdikdən sonra Komissiya aşağıdakı nəticəyə gəlmişdir: Pianonun texniki göstəricilərinə dair sənəd (pasport) təqdim edilmədiyindən istehsal ilini, harada istehsal edildiyini, həqiqiliyini və mənşəyini müəyyən etmək mümkün olmadı. Pianonun vin kod üzrə axtarışı heç bir nəticə vermədi. Pianonun mövcud vəziyyəti qənaətbəxşdir. Piano dillərinin üzərini bağlayan qapağının sağ tərəf hissəsində xırda cızıq aşkar edilmişdir. Yaranma səbəbi qapağın nizamsız və səliqəsiz açılmasından ola bilər. Restavrasiya, yəni cilalanma üsulu ilə cızığın aradan qaldırılması mümkündür. Piano 88 dilli peşəkar musiqi aləti hesab edilir, məişət, məşğələ və dərsdə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Konsert və orkestr tələblərinə uyğun deyildir. Piano mütəxəssisi X2 tərəfindən müayinə edilərək xüsusi proqram vasitəsilə yoxlanılmışdır. Qəbul edilmiş standartlara əsasən alətin tonallığı kamertonda, yəni birinci oktavanın LYA notunda 440 HZ eşitmə tezliyində olmalıdır. Lakin hazırda təqdim edilmiş piano 430 HZ tezliyindədir, 10 HZ standartdan aşağıdır. Pianonun dillər mexanizminin işləmə tezliyi qaydasında deyil və düzgün işləmir. Belə ki, trell yoxlanışı (ardıcıl sürətli toxunuş) zamanı bir neçə zərbədən bir piano dillərinin boşluğa düşdüyü, toxunuş sayına uyğun cavab vermədiyi müəyyən edilmişdir. Halbuki yoxlama üsulundan asılı olmayaraq dillər toxunuş sayına uyğun olaraq geri qayıtmalı, hər toxunuşa görə səs effekti verməlidir. Pianonun kök saxlamadığını, pianonun qara dillərinin düzgün işləmədiyini bildirmişdir. Bundan başqa, pianonun səs artırmaq üçün nəzərdə tutulmuş sağ pedalı basıldığı zaman küt və kənar səslər verdiyi, digər iki pedalda belə kənar səslər olmadığı aşkar edilmişdir. Səbəbin müəyyən edilməsi üçün alətin pedal hissəsinin sökülməsi zəruridir. Bu istehsal qüsuru hesab edilir və təmirlə aradan qaldırılması mümkün deyildir.
28. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o, pianinonun cavabdehin mənzilinə daşınması zamanı iştirak etmişdir. Daşıma zamanı 4 nəfər olmuşlar. İki nəfər daşıyıcı, yəni o və digər daşıyıcı, sürücü və pianonun sahibi olmuşlar. Onlar pianinonu qutuda aparmışlar, iç folqası qalmaqla qutudan çıxarmışlar. Folqanı cavabdehin müəllimin yanında açmışlar. Qapaq açılmış, amma bağlanmamışdır. O, pianonu kəmərə bağlayıb, o formada qaldırmışlar. O, pianoda heç bir cızıq görməmişdir.
29. Apellyasiya icraatı zamanı Məhkəmə hazırkı qətnamənin 22-27-ci bəndələrində göstərilənləri nəzərə alaraq və iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranması əsas olmuş halların araşdırılması məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini, ekspertizanın keçirilməsinə Bakı Musiqi Akademiyasında kökləyici vəzifəsində işləyən X5 və Azərbaycan Milli Konservatoriyasında kökləyici işləyən X2 mütəxəssis qismində cəlb edilməklə ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmasını qərara almışdır.
30. Məhkəmə Ekspertizası Mərkəzi ekspertiza qarşısında qoyulmuş sualların (mübahisəli pianoda istehsal qüsuru mövcud olub-olmaması, pianonun kök saxlama xüsusiyyəti normal fortepiano alətinin kök saxlama xüsusiyyətinə uyğun səviyyədə olubolmaması və sair sualların) araşdırılması məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.
31. Göründüyü kimi nə birinci instansiya məhkəməsindəki icraat, nə də ki, apellyasiya baxışı icraatı zamanı xüsusi biliyə malik olan ekspertlərin rəyini almaq mümkün olmamışdır.
32. Buna baxmayaraq apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alıcı olan cavabdeh tərəfindən satıcı olan iddiaçı tərəfə məlumat verilmədən mübahisəli pianoya müdaxilə edilmişdir.
33. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntülərə apellyasiya icraatı zamanı iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, pianoda qüsurların olması ilə bağlı cavabdehin iddiaçı tərəfə verdiyi məlumata əsasən iddiaçıya məxsus “Piano Gallery” mağazasının işçiləri, o cümlədən iddiaçının hazırkı iş üzrə nümayəndəsi olan (bacısı) Nümayəndə pianoya baxmaq üçün cavabdehin mənzilinə daxil olarkən, video çəkil aparmışlar. Video çəkilişdən aşkar surətdə görünür ki, pianonun aşığı hissəsinin (pianonun pedallarının mexanizminin, simlərinin və başqa hissələrinin yerləşdiyi hissənin) daxilində istehsalatçı tərəfindən yerləşdirılmiş və əski materialdan hazırlanmış torbanın içində olan nəmçəkən maddə pianonun üzərindədir.
34. Apellyasiya baxışı iclasında cavabdeh bildirdi ki, içində nəmçəkən maddə olan torbanın hansı şəraitdə və kimi tərəfindən çıxarılmasından xəbəri yoxdur.
35. İddiaçının nümayəndəsi Nümayəndə isə bildirdi ki, içində nəmçəkən maddə olan həmin torbanın çıxartmaq üçün pianonun aşağı hissəsi mütləq açılamlıdır. Bu isə pianoya müdaxilə kimi qiymətləndirilməlidir.
36. Bundan başqa video görünütdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan məlum olur ki, mübahisəli piano cavabdehin mənzilinə gətirilib, yerləşdirildikdən 1 gün sonra pianonun üzərində görünən cızıqlar aşkar edilmişdir.
37. Cavabdeh bildirdi ki, həmin cızıqların əmələ gəlməsində iddiaçı tərəfin təqsiri var. Cızıqlar pianonun ya mağazada saxlanılması dövründə, ya da pianonun iddiaçının işçiləri tərəfindən daşımasını zamanı yaranmışdır.
38. İddiaçının nümayəndəsi Nümayəndə isə bununla bağlı bildirdi ki, pianonun cızıqları pianonun mağazada saxlanılması dövründə yaransa idi, cavabdeh onları mütləq görərdi. Çünki cavabdeh fortepiano və pianino alətindən kifayət qədər anlayışı olan qarmon ifaçısıdır və hər bir nüansa diqqət edən bir şəxsdir. Yox əgər cızıqlar pianonun daşımasını zamanı yaranmış olsa idi, onda cavabdeh, piano onun mənzilinə gətirilib, yerləşdirildikdən sonra cızıqları görməli idi. Çünki o, pianoya evdə də baxış keçirmiş, bununla bağlı iradı bildirməmiş, yalnız bir neçə gün sonra pianonun üzərində cızıqların olmasını bildirmişdir.
39. Göstərilənlərə əsasən müəyyən edilir ki, satışı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında daşınar əmlak olan pianonun dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı nisyə alğı-satqı müqaviləsi bağlanmış, lakin onlar aralarında olan bu münasibətin rəsmiləşdirilməsi ilə bağlı bağladıqları müqavilənin adını “Mövcud borcun etirafı haqqında müqavilə” adlandırmışlar.
40. Həmin müqavilənin mətnini və müqavilədə qeyd edilmiş şərtləri nəzərə alan Məhkəmə hesab edir ki, həmin müqavilə “Əşyanın dəyərinin hissə-hissə ödənilməsi barədə” nisyə alğı-satqı müqaviləsidir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.).
42. İşin mübahisəsiz halıdır ki, iddiaçı həmin pianonu cavabdehə təhvil vermişdir.
43. İş üzrə tərəflər arasında mübahisə doğuran hal ondan ibarətdir ki, piano iddiaçı tərəfindən cavabdehə satılan və (və ya) satıldıqdan sonra təhvil verilən zaman qüsurlu olmuşdur, ya yox. Çünki iddiaçı bildirir ki, piano onun tərəfindən cavabdehə satılan və (və ya) təhvil verilən zaman qüsurlu olmamışdır. Cavabdeh isə bildirir ki, piano ona satılan və (və ya) təhvil verilən zaman artıq qüsurlu olmuşdur.
44. İşin mübahisəli halı ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin 581-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur (maddə 581.1.). Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur (maddə 581.2.). Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur (maddə 581.3.). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər (maddə 581.4.).
45. Mülki Məcəllənin 571-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir (maddə 571.1.). Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir (maddə 571.2.). Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir (maddə 571.3.).
46. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Məhkəmə bildirir ki, adi qaydada hər hansı bir əşyanın, xüsusən də, səthi xüsusi boya ilə boyanmış və mebel materialından hazırlanmış (və sair) bahalı əşyanın alınması zamanı alıcının həmin əşyaya satış nöqtəsində, həmçinin həmin əşya iri qabaritli və ağır olduğu halda əşyanın ona hər hansı qaydada çatdırılmasından sonra dəfələrlə və diqqətlə baxış keçirməsi adi haldır. Bu mənada Məhkəmə, (1) cavabdehin fortepiano və pianino alətindən kifayət qədər anlayışı olan musiqiçi, yəni musiqi alətlərindən anlayışı və bu sahədə zəruri biliyə malik olan şəxs olmasına, (2) pianoda qüsurların olması ilə bağlı cavabdehin iddiaçı tərəfə verdiyi məlumata əsasən iddiaçının işçilərinin pianoya baxmaq üçün cavabdehin mənzilinə daxil olarkən pianonun aşığı hissəsinin (pianonun pedallarının mexanizminin, simlərinin və başqa hissələrinin yerləşdiyi hissənin) daxilində istehsalatçı tərəfindən yerləşdirilmiş və əski materialdan hazırlanmış torbanın içində olan nəmçəkən maddə pianonun üzərində olmasına, (3) pianonun üzərində cızıqlar və pianonun dillərindəki problemlər barədə narazılığın piano artıq cavabdehin mənzilinə gətirildikdən 1 gün sonra yaranması halına yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən yanaşaraq hesab edir ki, pianonun iddiaçı tərəfindən cavabdehə qüsurlu vəziyyətdə satılması və ya satıldıqdan sonra nəqliyyat vasitəsi ilə ona çatdırılması zamanı pianoda qüsurların əmələ gəlməsini sübut etmə yükü artıq cavabdehin üzərinə düşür, lakin o, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
48. Beləliklə də, qəbul edilməlidir ki, mübahisəli pianondakı qüsurlar pianonun cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş qarşılıqlı iddia, habelə apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə aid dəlilləri əsassızdır.
49. Qarşılıqlı iddiaya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən yanaşdıqda da müəyyən edilir ki, qarşılıqlı iddia əsassızdır.
50. Belə ki, həmin Qanunun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” adlı 7-ci maddəsinin tələblərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini (hissə 1.). Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir (hissə 2.). İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər (hissə 3.). Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır (hissə 4.). İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir (hissə 6.). İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir (hissə 7.). İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir (hissə 8.). Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir (hissə 9.). Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir (hissə 10.).
51. Yuxarıda qeyd edildiyi kimi pianondakı qüsurlar pianonun cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. İşin bu halına “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin tələblərindən yanaşdıqda müəyyən edilir ki, qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə aid dəlilləri əsassızdır.
52. İlk iddianın əsaslılığına gəldikdə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. İşin hallarından müəyyən edilir ki, satıcı olan iddiaçı alıcı olan cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehin bəyəndiyi pianonu cavabdehə satmış və cavabdehə təhvil vermişdir. Lakin cavabdeh pianonun qiymətinin ödənilməsi məqsədi ilə iddiaçıya ilkin olaraq 3.000 manat ödəsə də, qalan 5.800 manatı iddiaçıya ödəməmiş, bununla da iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
54. İşin bu halını müəyyən etmiş Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).
55. Qeyd edilənlər nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddianın hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsi – satıcı olaraq iddiaçı ilə alıcı olaraq cavabdeh arasında pianonun alğı-satqısı dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.800 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 87 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır. g) apelyasiya baxışının nəticəsi
56. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə həmçinin bildirir ki, iddiaçı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
60. Cavabdehin apellyasiya şikayətin təmin edilmədiyindən cavabdeh, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. 61 Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.