Məhkəmə qərarları › İş №2(103)-3003/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3003/2022

20.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3003/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, M.Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması, etibarsızlığı ilə bağlı nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətinin bərpa edilməsi, yəni əsassız olaraq əldə edilmiş mənzillərdən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma qaydalarına cavab verməyən binalardan biri olan Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən tikili Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC (iddiaçının hüquqi varisi) arasında bağlanmış 18.08.2017-ci il tarixli müqavilə və 11.08.2017-ci il tarixli 340 saylı Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə iddiaçı hüquqi şəxsə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin sökülməsi məqsədi ilə həmin mənzildə yaşayan şəxslərə məlumat verilmiş və özünü mülkiyyətçi kimi təqdim edən cavabdeh ilə 12 mart 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, cavabdehə məxsus olduğu iddia edilən 2 otaqlı, 58 kv.m sahəsi olan mənzil üçün cavabdehə 20% əlavə sahə verilməklə, XİV mərtəbədə tam təmirli, bir ədəd 63,4 kv.m sahəsi olan 2 otaqlı və XV mərtəbədə yenə 63,4 kv.m sahəsi olan 2 otaqdan ibarət mənzillərin verilməsi öhdəliyi iddiaçı tərəfindən öz üzərinə götürülmüşdür. Cavabdeh də öz növbəsində qəzalı vəziyyətdə olan mənzilini sökülməsi üçün iddiaçıya vermişdir. Lakin cavabdeh ilə müqavilə bağlanan zaman o, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş və əslini sonradan təqdim edəcəyi əsası ilə iddiaçıda inam yaratmışdır. Bu prosesdən sonra, X8 adlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzilin qanunsuz olaraq sökülməsinə görə iddiaçıdan kompensasiyanın tutulmasını xahiş etmiş, həmin iş üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olduğu iddia edilən mənzil cavabdehin kredit öhdəliyinin təminatı kimi “NİKOYL” X5 ipoteka yüklülüyündə olmuşdur. Cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etmədiyindən kredit borcunun tutulması mənzilə yönəldilməklə həyata keçirilmiş və sözügedən mənzil hərracda bank tərəfindən alınmışdır, bu fakt hərracın nəticələri haqqında 29 dekabr 2014-cü il tarixli, Y-457 nömrəli yekun Protokol ilə də təsdiqlənir. Bankın mənzil üzərində mülkiyyət hüququ 17 mart 2015-ci il tarixdə qeydə alınmış və RX seriyalı ******* nömrəli çıxarışla da müəyyən olunur. Daha sonradan bank mənzili 09 iyul 2015-ci il tarixdə X2 və sonuncunun mənzilə dair mülkiyyət hüququ 14 iyul 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir. X6 iddiası üzrə başlanmış mülki işdə "xxxx" MMC qarşılıqlı iddiaçı kimi, X7 və Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, M.Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə Cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi X8 ilə bağlanılaraq, ona 72 kv.m sahəsi olan mənzil və aylıq 350 manat kirayə haqqı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi ilə X6 iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən həm ilkin iddiaçı, həm də qarşılıqlı iddia üzrə cavabdeh olan Cavabdeh ayrılıqda apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)- 667/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019- cu il tarixli 2(005)- 1307/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, məhkəmə kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)-667/2020 saylı qətnaməsi ilə X6 apelyasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia qismən təmin edilərək "xxxx" MMC-dən 154675 manat məbləğində pulun ilkin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehin əqdin halları ilə bağlı düzgün olmayan məlumat verməsi, mülkiyyətində olmayan əmlakın mülkiyyətçisi kimi özünü təqdim etməsi, onun əsassız olaraq faydalanmasına gətirib çıxarmışdır. Dəqiq məlumat versə idi, əvəzləşdirilmə müqaviləsi bağlanan zaman 2 mənzil yox, 1 mənzil verilərdi. Məhkəmə qətnaməsi ilə X1 tutulması qət edilmişdir, belə olan halda MTK mənzilə görə 3 dəfə ödəniş etmişdir. Cavabdeh Şirkətin etibarından sui-istifadə edərək, MTK-nı aldatmışdır, ona verilən artıq 1 mənzil üzrə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. MTK Ali Məhkəmənin qərarı ilə baxılmamış saxlanmış iş üzrə əqdi mübahisələndirdiyi üçün kəsici müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili ərizə göndərərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, qeyd etdiyi halı təsdiq edən hər hansı sənəd əlavə etməmiş, həmçinin iddiaçı hüquqi şəxs olmaqla, başqa nümayəndə ilə təmsil edilmək imkanına malik olduğundan, Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. 12.07.2006-cı il tarixli, 347 nömrəli Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının Sərəncamından görünür ki, Nərimanov rayon İcra hakimiyyətinin Mənzil məsələləri üzrə ictimai komissiyasının M.Sənani küçəsindəki 31 nömrəli evin 1 nömrəli mənzilinə dair 10.07.2006-cı il tarixli aktı təsdiq edilmiş (akt işə əlavə olunur). M.Sənani küçəsindəki 31 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91,5 kv.m, köməkçi sahəsi isə 103,0 kv.m olmaqla 5 otaqlı hesab edilsin. Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 53 saylı MKİS-nə tapşırılmış, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. Cavabdeh adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi idarəsinə tövsiyə olunmuş, Sərəncamın surətlərinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinə, 53 saylı MKİS-nə və vət. Cavabdeh göndərilməsi aparatın ümumi şöbəsinə həvalə edilmişdir. 46-31/2018 saylı 12 mart 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 mənzil 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 58 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə “E” girişində 14-cü mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli bir ədəd 63,4 kv.m olan 2 otaqlı və 15-ci mərtəbədə 63,4 kv.m olan 2 otaqdan ibarət mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, - nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12874 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 31, mənzil - X6 adına hüquqi rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)- 1307/2019 saylı qətnaməsi ilə X6 "xxxx" MMC-yə qarşı "vurulmuş ziyana görə kompensasiyanın verilməsi" tələbinə dair ilk iddiası təmin edilməmiş, "xxxx" MMC-nin X7 və Cavabdeh qarşı "müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi ilə bağlanaraq ona mənzil və aylıq kirayə haqqı verilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi MMC ilə Cavabdeh arasında bağlanmış 12.03.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə "xxxx" MMC ilə X8 arasında yeni müqavilə bağlanılması, həmin müqavilə əsasında X7 ünvan 3 ünvanında yerləşən mənzilin əvəzində MMC-nin maddi vəsaiti hesabına həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında sahəsi 72 kv.m olan tam təmırli mənzilin verilməsi və həmin mənzilə köçürülənədək X7 350 manat kirayə haqqının ödənilməsinin MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(03)-667/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə X6 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 2(005)-307/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın qismən təmin edilməsi, cavabdeh MMC-dən 154.675 manatın tutularaq X7 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(03)-667/2020 saylı 21 fevral 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Həmid oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollekiyasının 23 noyabr 2020-ci il tarixli 2(102)-5756/2020 saylı Qərarı ilə iddiaçı X8 və cavabdeh “Qaranti lnşaat-2012" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-667/2020 nömrəli iş üzrə 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollekiyasının 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.07.2017-ci il tarixli qətnaməsi qismən – ünvan 4 ünvanında yerləşən 2 otaqlı tikilinin boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi və əşyaların qaytarılması hissəsində ləğv edilməsi və əşyaların qaytarılması barədə tələbinin rədd edilməsi, həmin qətnamənin X3 ünvan 2 ünvanında yerləşən 2 otaqlı tikiliyə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ipoteka predmeti 31 nömrəli fərdi yaşayış evidir, həmin ev 3 otaqlıdır. 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir... Cavabdeh “Nikoyl” İKB apellyasiya şikayətində 2 otaqlı tikilini “qanunsuz tikili” adlandırıb, bununla da etiraf edib ki, 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil.... 1-ci instansiya məhkəməsində yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 31 nömrəli 3 otaqlı fərdi yaşayış evi ilə 2 otaqlı tikili eyni həyətdə yerləşir, həyətə giriş ümumi olmaqla bir yerdəndir. Onların eyni həyətdə yerləşməsi 2 otaqlı tikilinin 31 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsində yerləşməsi mənasını vermir. Hər hansı tikilinin yerləşdiyi yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi həmin tikilinin texniki pasportu və digər bu kimi sənədlərlə müəyyən olunur. Göründüyü kimi tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 1.1-ci bəndində söküntüsü nəzərdə tutulmuş əmlakın 2 otaqdan ibarət olduğu, habelə, mübahisəli fərdi yaşayış evinin ünvanı kimi ünvan 5ir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə mübahisəli tikili ilə bağlı məsələyə hüquqi qiymət verilmiş, ipoteka ilə yüklü edilmiş əmlakdan əlavə cavabdehin yaşadığı qanunsuz tikili də mövcud olmuşdur, yəni mübahisəli müqavilədəki əmlakla X7 məxsus ünvan 7 ünvanında yerləşən mənzil eyni deyildir. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd olunanlara əsaslanaraq, iddia tələbinin əsassız olması və rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddət ötürülmüşdür (iddiaçı ən azı 2019-cu ildə Orxan Məmmədov ona qarşı iddia qaldırdıqdan sonra ehtimal etdiyi hüquqlarının pozuntusunu bilmişdir). Kollegiya onu da qeyd edir ki, iddiaçının dəlilləri həm də ona görə əsassızdır ki, iddia ərizəsində göstərilənlərə görə, cavabdeh ilə müqavilə bağlanan zaman sonuncu mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş və əslini sonradan təqdim edəcəyi əsası ilə iddiaçıda inam yaratmış, lakin sonradan məlum olmuşdur ki, mənzil bankda girovda olmuş, bank mənzili hərracdan almış və Orxan Məmmədova satmışdır. Lakin qeyd olunmalıdır ki, cavabdehin adına olmuş MH seriyalı ******* saylı çıxarışda mülkiyyətdə olan daşınmaz əmlakın «Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, nömrəli mənzil» olduğu göstərildiyi halda, 12 mart 2018-ci il tarixli müqavilədə «Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 31 nömrəli evin sahəsi 58 kv.m olan 2 otaqlı 1 nömrəli mənzil» göstərilmişdir. Başqa sözlə, tərəflər arasında müqavilə bağlanarkən cavabdeh mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş olsaydı, onda müqavilədə sahəsi 58 kv.m olan 2 otaqlı 1 nömrəli mənzil yox, sahəsi 60 kv.m olan 3 otaqlı nömrəsiz mənzil qeyd olunardı. Göstərilənlər onun deməyə əsas verir ki, tərəflər arasında bağlanmış 12 mart 2018ci il tarixli müqavilədə cavabdeh tərəfindən banka girov qoyulmuş 3 otaqlı mənzil yox, eyni həyətdə yerləşən və cavabdehin faktiki istifadəsində olan digər - 2 otaqlı mənzil nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində «cavabdeh dəqiq məlumat versə idi, əvəzləşdirilmə müqaviləsi bağlanan zaman 2 mənzil yox, 1 mənzil verilərdi» göstərilməsi də yuxarıda qeyd olunan nəticənin əsaslı olmasına dəlalət edir. İddiaçının söküntüsü barədə müqavilə bağladığı yaşayış, qeyri-yaşayış və həyətyanı sahənin hüquqi və faktiki cəhətdən hansı ölçülərdə və kimə məxsus olmasını öncədən bilmədən cavabdehlə razılığa gəlməsi də inandırıcı deyildir. Göstərilənlərə əsasən apelyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, rayon məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar