Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3005/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı Qasım oğludur.
2. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş KSK********** saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı məxsus “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil 363 manat sığorta haqqı müqabilində xx.xx.2022-ci il tarixinədək 11.000 manat məbləğinə sığortalanmışdır.
3. 23.01.2022-ci il tarixdə Tərtər şəhəri, Polad Ərəbov küçəsində İddiaçı məxsus minik avtomobilində baş vermiş yanğın barədə Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Yanğın haqqında Akt”ından görünür ki, yanğın hadisəsi baş vermiş minik avtomobili Tərtər şəhəri, Polad Ərəbov küçəsində X9 məxsus fərdi yaşayış evinin həyətyanı məhəlləsində hərəkətsiz vəziyyətdə, sönülü olmuşdur. Həmin aktda yanğının səbəbi kimi avtomobilin sahibi İddiaçı verdiyi izahata əsasən qısa qapanma ehtimalı göstərilmişdir.
4. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-1/1251 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarda X3 izahatında göstərilmişdir ki, İddiaçı X4 özünə məxsus «MercedesBenz C-240» markalı, **- KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün ona etibarnamə vermişdir. 23 yanvar 2022-ci iİ tarixdə avtomobil ilə Tərtər şəhəri, Polad Ərəbov küçəsində yaşayan bacısının evinə qonaq getmiş orada olarkən avtomobildə yanğın baş verməsi barədə xəbər verilmişdir. Dərhal yanğın söndürməyə çalışmış, lakin buna nail ola bilməyərək «101» qaynar xəttinə zəng edib yanğın barədə məlumat vermişdir. Bir müddətdən sonra gələn yanğınsöndürənlər yanğını söndürərək yayılmasının qarşısını almışlar. Yanğın nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə duşmuş, İddiaçı 12.500 manat maddi ziyan dəymiş lakin xəsarət alanlar olmamışdır.
5. LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanlanmış sığorta ödənişinin ödənilməsindən imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, onunla şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK0000002S64 saylı "X1 Tam Sığortası" üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında X5 barədə məlumatlar (ad soyad, ata adı) aşkar edilməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təəssüf hissi ilə bildirilmişdir ki, onunla Şirkət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KSK********** saylı "X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında X6 barədə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK000000164 saylı əmlakın icbari sığortası Şəhadətnaməsinə əsasən sığortalanmış “Mersedes Benz C240 minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətə düşdüyünə görə 11.000 manat və ödənimiş 123 manat dövlət rüsumunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, “Mersedes Benz C240 minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə aralarında “X2 Tam Sığortası” üzrə xx.xx.2022-ci il tarixli, KSK000000164 saylı sığorta müqaviləsi imzalanmış və həmin avtomobil sığorta olunaraq “kasko” növü üzrə sığorta təminatı almışdır. Mülkiyyətində olan həmin avtomobil 23 yanvar 2022-ci il tarixdə Tərtər şəhəri, P.Ərəbov küçəsində yanaraq sığorta hadisəsinə məruz qalmışdır. Buna görə də avtomobili sığortalı olduğuna görə sığorta ödənişinin ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin, həmin sığorta şirkəti 20 avqust 2024-cıi il tarixli məktubu ilə sığorta ödənişindən imtina etmişdir. Hesab etmişdir ki, sığorta şirkətinin ona sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız və qanuna ziddir. Bina görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan sığorta hadisəsi reallığı əks etdirmədiyinə dəlalət edən əsaslı dəlillər vardır. Belə ki, xx.xx.2025-ci il tarixində əməkdaşları tərəfindən yanan avtomobilə yerində baxış keçirilmiş, foto və video qeydlər aparılmışdır. Qeyd olunan fotoşəkillərlə iddiaçı ilə şirkət arasında müqavilə bağlanan zaman təqdim olunan avtomobilin çəkilmiş şəkilləri müqayisəli təhlil edilmişdir. Məlum olmuşdur ki, müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə, yanan avtomobil eynilik təşkil etmir. Belə ki, yanmış avtomobillə müqavilə bağlanan zaman şirkətə baxışa təqdim edilən avtomobilin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələri fərqlənir. Beləliklə məlum olur ki, iddiaçı şirkətin ləğv prosesində olduğunu və köhnə əməkdaşların hazırda şirkətdə çalışmadığından yenidən ödəniş almaq üçün cəhd etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ləğv prosesində olan Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən 10.900 manat sığorta ödənişi və 123 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, sığorta hadisəsi avtomobil hər hansı şəxs tərəfindən idarə edilərkən deyil, həyətdə statik vəziyyətdə olarkən baş vermişdir. Beləliklə, avtomobilin kənar təsir olmadan alovlanmaqla yanması iş materialları ilə sübuta yetirilmişdir.
11. Həmçnin məhkəmə araşdırması zamanı sığorta şəhadətnaməsində əks olunmuş avtomobilin fərdi əşya kimi identifikasiya olunmasını bildirən BAN/VİN kodu ilə yanan avtomobilin BAN/VİN kodu eynilik təşkil etməklə, cavabdehin müqavilə bağlanan zaman şirkətə təqdim olunan avtomobillə yanan avtomobilin eynilik təşkil etməməsi dəlili öz təsdiqini tapmamışdır
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1 və 888.2-ci maddələrinə; “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 5.3-cü bəndinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
13. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1101/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər RPŞ-nin İQ-nun müstəntiqi Vüqar Hüseynovun qəbul etdiyi xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, avtomobil müqavilə üzrə sürücü hesab edilməyən Nurlan Kazımlının istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən maddi hüquq normalarının tələbləri pozulmuş, qeyd olunan faktlar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. İddiaçı 12 gün kimi qısa müddət ərzində əsaslı təmir-bərpa işləri apardığını iddia etsə də bunu əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatları ilə faktlar arasında ziddiyyətlər olmasına, həmçinin müqavilə bağlanan zaman təqdim edilən avtomobillə yanan avtomobil arasında ciddi fərqlər olmasına baxmayaraq qanunvericiliyin tələblərinə əsasən xüsusi qərardad qəbul edərək prokurora məlumat verməmiş, işin hallarını düzgün qiymətləndirməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş və işin hallarının tam və obyektiv araşdırılması ilə bağlı əlavə sübutlar tələb etməmiş, bununla da, mülki işə baxılmasının sonrakı gedişatının cavabdehin zərərinə olmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkilapellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
22.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 28.883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 29.899.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 30.901.1-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 31.915-ci maddəsinə əsasən, sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. 32.916.1-ci maddəsinə əsasən, sığorta qaydalarında ....... “916.1.7. tərəflərin hüquqları və vəzifələri; 916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; 916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; 916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 916.1.13. mübahisələrin həlli qaydası” və s. müəyyən edilməlidir. 33.922.1, 922.2 və 922.3-cü maddələrinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 34.925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 35.925.5-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 36.926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 37.933.1-ci maddəsinə əsasən, sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 38.934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 39.935.1-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın
40.5.3-cü bəndinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 41.9.2.3-cü bəndinə əsasən sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq sığortalının vəzifəsidir. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir. 42.22-ci bəndinə əsasən bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 43.23.1.7-ci və 23.1.8-ci bəndlərinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə; sığorta müqaviləsində sığorta haqqının hissəhissə ödənilməsinin razılaşdırıldığı və ilk hissəsinin ödənildiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir. 44.23.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
45.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.İşin mübahisələndirilməyən hallarından görünür ki, KSK********** saylı xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin tam sığortalanması haqqında şəhadətnaməyə əsasən iddiaçıya məxsus “Mercedes Benz C240” markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobili LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2022-ci il tarixdən 11.000 manat məbləğində “avtokasko” sığorta növü üzrə sığortalanmışdır. Şəhadətnaməyə əsasən şərtsiz azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. 48.Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apyelatorun mübahisələndirdiyi məsələ - hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi təşkil edir. Belə ki, baxılan iş üzrə tərəflərin müqavilə münasibətlərində olduqlarını təsdiq edən sığorta şəhadətnaməsindən görünür ki, avtomobil “avtokasko” sığorta riski üzrə sığortalanmışdır. İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yanğın hadisəsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf sığorta hadisəsinin iddiaçı tərəfindən qəsdən edilmiş hərəkət (hərəkətsizlik) nəticəsində baş verdiyini, yəni iddiaçının sığorta hadisəsinin yaranmasında təqsirli olduğunu qeyd etmişdir. Şirkət eyni zamanda avtomobili idarə edənin sığorta müqaviləsində sığorta olunan şəxs (sürücü) qismində qeyd edilmədiyinə dair dəlillərə istinad etmişdir. 49.Cavabdehin iddiaya etirazının qanuni əsası kimi istinad etdiyi Qaydalardan (5.3) göründüyü kimi sığorta təminatının verilməsi, sığorta hadisəsi baş verən zaman avtomobilin sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) idarə etməsi ilə şərtləndirilmişdir. Belə ki, sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərin (sürücülərin) avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
50. İş materiallarından isə görünür ki, cavabdehin qeyd etdiyi normanın dispozisiya əlamətləri işin müəyyən edilmiş halları ilə ulzaşmır. Çünki sığortaçının bu hala əsaslanaraq sığorta ödənişini verməkdən imtina etməsi üçün hadisə avtomobil sığorta müqaviləsində adı qeyd edilməmiş sürücü tərəfindən idarə edilən zaman baş verməlidir. Hazırkı halda isə sığorta hadisəsi kimi göstərilən yanğın hadisəsi avtomobilin hərəkətsiz vəziyyətdə olan zaman baş vermiş, bu zaman avtomobilin üçüncü şəxs tərəfindən idarə edilməsi halı müəyyən edilməmişdir.
51. Bundan başqa sığorta hadisəsinin iddiaçının qəsdən etdiyi hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verdiyi halı da öz təsdiqini tapmamışdır.
52. Belə ki, iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Yanğın haqqında Akt”a əsasən, sığorta hadisəsinin obyektiv səbəblərdən baş verdiyi öz təsdiqini tapmışdır. İş materiallarında olan digər sübutlardan isə müəyyən edilir ki, iddiaçı baş vermiş hadisə barədə sığortaçıya və aidiyyəti dövlət qurumlarına məlumat vermiş, əmlakına dəymiş zərərin, avtomobilin və hadisə yerinin fiziki və texniki xüsusiyyətlərinin müxtəlif vasitələrlə qiymətləndirilməsinə, foto və video çəkilişlərin aparılmasına şərait yaratmışdır.
53. Cavabdehin istina etdiyi digər dəlillər (müqayisə edilən avtomobillərin salonlarının rəngi, spidometri, ön buferi, diskləri və s. hissələrinin fərqli olması) məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, sığorta şəhadətnaməsində əks olunmuş avtomobilin fərdi əşya kimi identifikasiya olunmasını bildirən BAN/VİN kodu ilə yanan avtomobilin BAN/VİN kodunun eynilik təşkil etməsi müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası hazırkı apellyasiya şikayəti üzrə müəyyən edilməli olan halları, yəni sığorta hadisəsinin baş verməsində iddiaçının qəsdi, törədilməsində təqsirli olması hallarını sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə edilməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni iddiaya etirazını əsaslandıran halların mövcud olmasının qanunvericilikdə göstərilmiş qaydada müəyyən edilmədiyi və beləliklə də mübahisələndirilən sığorta ödənişinin iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlməklə haqlı olmuşdur.
55. Belə ki, məhkəmə mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
56. Beləliklə də, iddiaçı tərəfindən sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yanlış məlumat verilməsi, sığortaçının sığorta hadisəsinin səbəblərini müəyyənləşdirmək imkanından məhrum olması barədə apellyasiya şikayətində qeyd olunan dəllilər öz təsdiqini tapmadığından cavabdehin bu dəlillərə istinadən sığorta ödənişinin verilməsindən imtinası yuxarıda sadalanan normaların məzmununa zidd kimi qiymətləndirilməli, tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlərin qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki apellyasiya şikayəti təmin edilməməlidir. 57.Çünki sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 58.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 59.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2025 saylı, 4 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova