Məhkəmə qərarları › İş №2(103)-3007/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3007/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3007/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə aşağıda qeyd edilən məbləğlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - cavabdehin MMC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 09482980 saylı “Nisyə alığı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 1.989,2 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 596,76 manat; - cavabdehin MMC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 02998192 saylı “Nisyə alığı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 1.549 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 464,7 manat; - cavabdehin MMC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 09414450 saylı “Nisyə alığı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 1.257 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 377,1 manat; - cavabdehin MMC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 01871791 saylı “Nisyə alığı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 105,9 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 31,77 manat4 - iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC-nin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 83,72 manat.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı MMC ilə bağladığı 09482980 saylı müqavilə əsasında dəyərini 18 ay ərzində hissə-hissə (müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən aylıq ödənişlər həcmdə) ödəmək şərti ilə MMC-dən qiyməti 3.000,06 manat olan “Toshiba” markalı televizor almışdır. Cavabdeh, iddiaçı MMC ilə bağladığı 02998192 saylı müqavilə əsasında dəyərini 24 ay ərzində hissə-hissə (müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən aylıq ödənişlər həcmdə) ödəmək şərti ilə MMC-dən qiyməti 1.860,07 manat (çatdırma xərci olan 109,99 manat daxil) olan “Valetta” markalı divan almışdır. Cavabdeh, iddiaçı MMC ilə bağladığı 09414450 saylı müqavilə əsasında dəyərini 18 ay ərzində hissə-hissə (müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən aylıq ödənişlər həcmdə) ödəmək şərti ilə MMC-dən cəmi qiyməti 1.796,94 manat (çatdırma xərci olan 72 manat daxil) olan “Playstaton 5” oyun konsolunu və “PS5 Dualsense” markalı oyun pultunu almışdır. Cavabdeh, iddiaçı MMC ilə bağladığı 01871791 saylı müqavilə əsasında dəyərini 12 ay ərzində hissə-hissə (müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən aylıq ödənişlər həcmdə) ödəmək şərti ilə MMC-dən qiyməti 243,96 manat olan “PS5 Mortal Kombat 1” adlı kompüter (video) oyunu almışdır. İddiaçı MMC, qeyd edilən müqavilələr üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, müqavilələrin predmeti olan malları cavabdehə təhvil versə də, cavabdeh, həmin müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələr və müqavilələrin tərkib hissəsi olan əlavələrdə qeyd edilmiş məbləğlərin bir hissəsini MMC-yə ödəmiş, qalan hissəni isə ödəməmişdir. Bu səbəbdən də cavabdehin iddiaçı MMC-yə iddia ərizəsində qeyd edilən məbləğlərdə əsas borcu yaranmışdır. MMC, cavabdehə dəfələrlə müraciət edərək, borcun ödənilməsini tələb etmiş, lakin cavabdeh borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də MMC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehə iddia ərizəsində qeyd edilən məbləğlərdə cərimələr hesablamışdır. Cavabdehin əsas və cərimə borclarını ödəməkdən yayınmasını nəzərə alan MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 83,72 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 09482980 saylı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.989,2 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 100 manat, 02998192 saylı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.549 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 40 manat, 09414450 saylı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.257 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 30 manat, 01871791 saylı müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 105,9 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 10 manat, cəmi isə 5.081,10 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC-nin ödədiyi 83,72 manat məbləğində dövlət rüsumunun 70,81 manat hissəsinin cavabdehə, qalan 12,91 manat hissəsinin iddiaçı MMC-nin özünə aid edilməsini, bu məqsəd ilə cavabdehdən iddiaçı MMC-nin xeyrinə 70,81 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında müxtəlif vaxtlarda bağlanmış "xxxx" üzrə MMC-dən həmin müqavilələrin predmeti olan əşyaları almış və satıcı olan MMC qarşısında üzərinə öhdəlik götürmüşdür ki, həmin müqavilələr və müqavilələrin tərkib hissəsi olan əlavələrdə qeyd edilmiş məbləğləri hissə-hissə, yəni müqavilənin tərkib hissəsi olan əlavələrdə qeyd edilən aylıq ödənişlər həcmdə, aybaay MMC-yə ödəyəcək. Lakin o, MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələr və müqavilələrin tərkib hissəsi olan əlavələrdə qeyd edilmiş məbləğlərin bir hissəsini MMC-yə ödəmiş, qalan hissəni ödəməmişdir. MMC-nin təqdim etdiyi “Maliyyə arayışından” görünür ki, cavabdehin iddiaçı MMCyə iddia ərizəsində qeyd edilən məbləğlərdə əsas və müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə (dəbbə) borcu var. Buna görə də, məhkəmə hesab edir ki, əsas borcun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı MMC-nin xeyrinə iddia ərizəsində qeyd edilən məbləğlər tutulmalıdır. İddianın “borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin tutulması barədə” hissəsinə gəldikdə isə məhkəmə işin hallarını, kreditorun (iddiaçının) həm əmlak, həm də bütün əsaslı mənafelərini, Mülki Məcəllənin 467-ci maddəsi ilə məhkəmələri verilmiş səlahiyyəti nəzərə alaraq hesab edir ki, cərimə azaldılmalı və iddia ərizəsində əks olunmuş cərimə məbləğlərinin təxminən 10%-i miqdarında müəyyən edilməklə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Cərimə borcunun tutulması ilə bağlı tələbin qalan hissəsi isə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni əsas borca aid hissəsinin ləğv edilməsini, həmin hissədə iş üzrə yeni və ədalətli qətnamənin qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi əsas borca aid hissədə iş üzrə sübutları düzgün araşdırmamış, həmin hissədə iddianı təmin edərkən iddiaçı MMC-nin təqdim etdiyi "xxxx" əsaslanmışdır. Əslində isə MMC-nin təqdim etdiyi “Maliyyə arayışı” etibarlı sübut kimi qəbul edilə bilməzdir, çünki cavabdehin etdiyi ödənişlərin bir hissəsi “Maliyyə arayışında” öz əksini tapmamışdır. Lakin Rayon Məhkəməsi əsas borcun məbləğinin şişirdilmiş olub-olmamasını yoxlamaq üçün iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. Apellyator olan cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

8. Bu hal işin baxılmasına mane olmadığında Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəfin gəlməməsi işə baxılmasına mane olmur.

9. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni iddianın əsas borca aid olan hissəsini mübahisələndirmiş, qətnamənin qalan hissəsini, yəni iddianın cərimə borcuna aid olan hissəsinin qismən də olsa təmin edilməsi və dövlət rüsumunun tərəflər arasında bölüşdürülməsi barədə nəticəni mübahisələndirməmişdir.

12. Odur ki, bunları və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərdən və cavabdehin apellyasiya şikayətinin məzmunundan işin mübahisəsi halı kimi müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış 09482980, 02998192, 09414450 və 01871791 saylı müqavilə əsasında dəyərini hissə-hissə (müqavilənin tərkib hissəsi olan əlavədə qeyd edilən aylıq ödənişlər həcmdə) ödəmək şərti ilə MMC-dən həmin müqavilənin pedmetlərini təşkil edən müxtəlif malları, müqavilələrdə qeyd edilən qiymətlər ilə nisyə almışdır. İddiaçı MMC, qeyd edilən müqavilələr üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, müqavilələrin predmeti olan malları cavabdehə təhvil versə də, cavabdeh, həmin müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələr və müqavilələrin tərkib hissəsi olan əlavələrdə qeyd edilmiş məbləğlərin bir hissəsini MMC-yə ödəmiş, qalan hissəni isə ödəməmişdir.

15. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

16. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır.

17. İşin mübahisəli halı (apellyasiya baxışının predmeti) da məhz ondan ibarətdir ki, icra edilməmiş öhdəliyə görə borclu olan cavabdeh tərəfindən kreditor olan iddiaçı MMCyə hansı məbləğdə pul (əsas borc) ödənilməlidir.

18. Qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh bildirir ki, işə baxmış Rayon Məhkəməsi əsas borca aid hissədə iş üzrə sübutları düzgün araşdırmamış, həmin hissədə iddianı təmin edərkən iddiaçı MMC-nin təqdim etdiyi "xxxx" əsaslanmışdır. Əslində isə MMC-nin təqdim etdiyi “Maliyyə arayışı” etibarlı sübut kimi qəbul edilə bilməzdir, çünki cavabdehin etdiyi ödənişlərin bir hissəsi “Maliyyə arayışında” öz əksini tapmamışdır. Lakin Rayon Məhkəməsi əsas borcun məbləğinin şişirdilmiş olub-olmamasını yoxlamaq üçün iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir.

19. Məhkəmə hesab edir ki, cavabdehin dəlili əsassızdır.

20. Belə ki, iddiaçı MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Maliyyə arayışında” qeyd edilmişdir ki, cavabdehin MMC-yə 09482980 saylı müqavilə üzrə 1.989,2 manat, 02998192 saylı müqaviləyə üzrə 1.549 manat, 09414450 saylı müqavilə üzrə 1.257 manat və 01871791 saylı müqavilə üzrə 105,9 manat, cəmi isə 4.901.1 manat məbləğində əsas borcu var.

21. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada (“sms bildiriş”) vasitəsi xəbərdar edilmiş (bax: iş v. 35, 47, 55) cavabdeh məhkəmə baxışı iclaslarına getməmiş, iş üzrə yazılı mülahizəsini (izahatını və ya etirazını), sübutlarını (apellyasiya şikayətində qeyd etdiyi və “Maliyyə arayışında” əks olunmadığı bildirdiyi ödənişləri təsdiq edə biləcək qəbzləri), habelə “iş üzrə ekspertizanın təyin edilməsi barədə” vəsatəti Rayon Məhkəməsinə göndərməmişdir, baxmayaraq ki, o, elektron ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir (iş v. 40).

22. Göstərilənləri və MMC tərəfindən təqdim edilmiş “Maliyyə arayışında” qeyd edilən məlumatları şübhə altına ala biləcək sübutların cavabdeh tərəfindən verilməməsini nəzərə almış Rayon Məhkəməsi də, həmin “Maliyyə arayışını” etibarlı sübut kimi qəbul edərək, iş üzrə qəbul etdiyi qətnamə ilə “Maliyyə arayışında” qeyd edilən əsas borc məbləğlərinin cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini qət etmişdir.

23. Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. MPM-in qeyd edilən tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qeyd edilənlərə dair mövqeyi əsaslı olmuşdur.

25. Göstərilən nəticəyə gələn Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh, “Maliyyə arayışında” əks olunmadığı bildirdiyi ödənişləri təsdiq edə biləcək qəbzlərin surətini nə apellyasiya şikayətinə əlavə etməmiş, nə də ki, sonradan Məhkəməyə təqdim etməmişdir.

26. Bundan başqa, hazırkı qətnamənin 21-ci bəndində qeyd edilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, hazırkı apellyasiya icraatında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün prosessual əsas yoxdur.

26. Belə ki, MPM-in tələblərinə görə, ekspert rəyi də sübutların dairəsinə daxildir və rəy, digər sübutlarla yanaşı məhkəmə tərəfindən qiymətləndirilir (maddə 101.7.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2.).

27. MPM-in 371-ci maddəsinə görə isə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Lakin iş üzrə cavabdeh, “iş üzrə ekspertizanın təyin edilməsi barədə” (başqa sözlə, sübutun eldə edilməsi barədə) vəsatətin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. h) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (1.989,20 + 1.549 + 1.257 + 105,90 =) 4.901.1 manat təşkil edir. MPM-in 402-ci maddəsinin tələbinə görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar