Məhkəmə qərarları › İş №2(103)-301/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-301/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-301/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzil-tikinti kooperativinin üzvlüyündən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Etalon İnşaat MTK-nın üzvülüyündən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, o, digər dörd nəfərlə birlikdə 2006-cı ildə həmin MTK-nı təsis etmişlər, onun MTK-nın təsis olunmasında iştirakı formal xarakter daşımış, yəni qanunvericiliklə tələb olunan minimal beş nəfərlik say həddini təmin etmək olmuş, o, MTK-nın fəaliyyətində də hər hansı formada iştirak etməmişdir. Hazırda iddiaçı həmin MTK-dakı üzvlüyünə xitam verilməsini, başqa sözlə MTK-dan çıxmaq istəyir. Bu məqsədlə o, MTK-nın dörddə bir səs hüququ olan üzvü kimi növbədənkənar ümumi yığıncağının cağrılması təşəbbüsü ilə çıxış edərək MTK-nın nizamnaməsinə uyğun olaraq bütün tədbirləri görmüş, digər üzvlərə -təsisçilərə rəsmi bildiriş göndərmiş, yığıncağın gündəliyi də həmin bildirişə əlavə olunmuşdur. İddiaçıdan başqa MTK-nın heç bir üzvü yığıncaqda iştirak etməmiş, bu zaman təsisçilərdən birinin vəfat etdiyi də məlum olmuşdur. Beləliklə, də yetərsay təmin olunmadığından ümumi yığıncağın keçirilməsi, demək həm də iddiaçının MTK-nın üzvlüyündən konüllü çıxmaq istəyi baş tutmamışdır. Bundan sonra iddiaçı qanunla qorunan hüququnun təmin edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının da üzvü olduğu MTK-nın təsisçilərinin sayı beş nəfərdir. Mülki Məcəllənin 109-1.1-ci maddəsinin tələbinə görə kooperativ beşdən az olmayan şəxs tərəfindən yaradılmalıdır. MTK-ın yaradılması ilə bağlı isə Mənzil Məcəlləsində xüsusi norma nəzərdə tutulmuşdur. Həmin Məcələnin 110.1-ci maddəsinin imperativ tələbinə əsasən də MTK üzvlərinin sayı beşdən az ola bilməz, 110.3-cü maddə isə qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə, MTK üzvlərinin çıxmaq hüququnun olduğunu təsbit etmişdir ki, buradan da göründüyü kimi, qanunvericilikdə kooperativlərin, eləcə də MTK-nın mövcudluğu üçün onların ən azı beş üzvünün olması (qalması) tələb olunur. Bu səbədən də beş üzvü olan kooperativlərdən, eləcə də MTK-dan hər hansı üzvün çıxması və ya çıxarılması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi R.Əzizov şikayəti müdafiə etməklə yanaşı, həm də bəyanat verərək göstərdi ki, iddiaçının hər hansı formada-məhkəmə qaydasında və ya ümumi yığıncağın qərarına əsasən MTK üzvlüyündən çıxarılmasından asılı olmayaraq, qanunvericiliyin tələbləri baxımından, onlar tərəfindən həmin qərarın icrası mümkün deyildir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, kooperativlərin yaradılmasını tənzimləyən həmin normaların məhdud təfsiri yolverilməzdir və bu cür yanaşma həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada təsbit olunmuş birləşmək hüququna da ziddir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan İddiaçı tərəfindən Etalon İnşaat MTK-ya ünvanlanmış 20.06.2019-cu il tarixli bildirişdən görünür ki, 04.07.2019-cu il tarixdə saat 17:00-da onun Etalon İnşaat MTK-nın üzvlüyündən könüllü qaydada çıxması ilə bağlı növbədən kənar ümumi yığıncağın keçirilməsi ilə bağlı məlumat vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin Kommersiya qurumunun dövlət reyestr məlumatlarını haqqında çıxarışdan görünür ki, "xxxx" MTK-nın qeydiyyata alındığı tarix- 01.05.2006; № - **********. Qanuni təmsilçisi – Ziyafət Gülmalıyev Qocakişi oğlu. X1 Reyestrindən çıxarışdan görünür ki, Etalon İnşaat MTK 01.05.2016-cı il tarixdə qeydiyyata alınmış, Təsisçilər və nizamnamə kapitalındakı payların miqdarı: Cavabdeh1, X2, X5, Cavabdeh2, Cavabdeh3 Mülzahil oğlu-40 AZN – 20 %. Qanuni təmsilçisi – Ziyafət Gülmalıyev Qocakişi oğlu. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxsin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6609/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1ci maddəsi ilə Mənzil Məcəllənin 110.1 və 110.3-cü maddələri müqayisəli şəkildə və Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin tələbləri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 11-ci maddəsinə dair Avropa Məhkəməsinin presedent hüququ baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 dekabr 2021-ci il tarixli qərarı qəbul etmişdir. Həmin qərarda qeyd edilir ki, ...kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir. Hazırkı mülki iş üzrə iddiaçının “mənzil-tikinti kooperativinin üzvlüyündən çıxarılma” barədə iddia tələbin cavabdeh qismində hüquqi şəxs olaraq kooperativin özünə yox, kooperativ üzvlərinə yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sürülmüşdür. Belə olan halda məlum olur ki, iddiaçı tərəfindən cavabdeh düzgün müəyyən edilməmiş, hazırkı halda tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdehlər- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl cavabdehə qarşı irəli sürülmədiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, iddiaçıya əsl olan cavabdehə qarşı yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5140/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçıya əsl olan cavabdehə qarşı yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar