Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3016/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 990 manat təşkil edən “Hoffmann” markalı kondisionerə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin tərəf olduğu xx.xx.2021-cu il tarixli müqavilə üzrə iddiaçıya 390,01 manat əsas borc, 39,99 manat cərimə borcu, ümumilikdə isə 430 manat borcu yaranmışdır. Mübahisəli müqavilənin predmeti olan kondisioner iddiaçıya-satıcıya qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann kondisioner üçün 390,01 manat ödənilməmiş hissə, 39,99 manat cərimə olmaqla, cəmi 430 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A. Məmmədov) iddia tələbi təmin edilmişdir.
4. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının MM-nin 442, 425, 445.1 və 445.2-ci maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi, apellyasiya şikayəti verilməsi üçün vəkil xidməti haqqı olaraq ödədiyi 60 manat və dövlət rüsumu kimi ödədiyi 15 manat pulun iddiaçı "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin etməməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh Ə.Ağazadə xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və nəticədə 390 manat ödənilməmiş əsas məbləğdə və 39,99 manat isə cərimə olmaqla cəmi-430 manat məbləğində iddiaçı tərəfə borcu yaranmışdır. Qeyd etmişdir ki, məhkəmə onun iştirakı olmadan işə baxmış və onun mövqeyini müəyyən etmədən qətnamə qəbul etmişdir. İddiaçı tərəfdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMAN kondisioneri almış və həmin kondisioneri evdə quraşdırandan sonra işlətmək istəyərkən kondisionerin içərisindən kənara su axmağa başlamışdır. O, dərhal iddiaçı tərəflə danışmış və onların nümayəndələri gəlib həqiqəti görəndən sonra xx.xx.2021-ci il tarixdə, yəni kondisionerin alınmasından 7 gün sonra təhvil alma barədə 9950 nömrəli akt tərtib etməklə HOFFMAN kondisionerini alıb aparıblar. Onun hətta iddiaçı tərəflə danışıqlarının səs yazısı da vardır ki, bunu məhkəmədə təqdim edəcəkdir. Lakin iddiaçı tərəf iddia ərizəsində göstərir ki, guya o, xx.xx.2022-ci il tarixdə HOFFMAN kondisionerindən imtina etmişdir. Bütün bunlar hamısı yalan və həqiqəti əks etdirməyən iddia tələbidir.Ona görə də məhkəmənin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Eyni zamanda apellyasiya şikayəti verməyi üçün vəkil xidməti haqqı olaraq ödədiyi 60 manat və dövlər rüsumu kimi ödədiyi 15 manat pulun iddiaçı-"xxxx"MMC-dən alınması təmin edilməlidir.
8. Cvabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə hazırki mülki işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, avadanlığı götürdüyü müddət ərzində avadanlığın içərisindən su püskürməyə başladı. Bununla bağlı servisə müraciət etmişdir. “Kontakhome”-nin 4 rəqəmli əlaqə nömrəsi var, onunla əlaqə saxlayıb. Lakin onlar 3 gün ərzində avadanlıqlarını geri götürməyiblər. Artıq 6 iş günü ərzində xx.xx.2021-ci il və 26.07.21-ci il tarixində onları geri qaytarıb. O, kondisioneri qızıl zəmanətlə alıb. Tək kondisioneri yox eyni zamanda iki ədəq qulaqcıq götürmüşdür. Qulaqcıqların pulu vaxtından əvvəl ödəyib. Kondisioneri heç bir işçi qüvvəsi olmadan, özü götürərək maşına qoyub gətirmişdir. Daha sonra avadanlıq işləmədiyi üçün geri qaytarmışdır. O, servisin mütəxəssislərinə batıq olduğu barədə məlumat vermişdir. Həmçinin suallara cavab vermişdir ki, avadanlıq təhvil-təslim aktı ilə götürüldü; “Kontakthome”-nin Binəqədi rayonu ərazisindəki bazasına özü gedərək avadanlığı götürüb. O, məhsulda qüsur olduğu üçün qaytarmaq istədiyini bildirmiş, lakin onlar 3 gün yox, 6 iş günü ərzində gələrək məhsulu götürdülər. O, avadanlığı heç bir ay ərzində işlətməmişdir. Müqavilə xx.xx.2021-ci il tarixində bağlanmışdır. Ödəniş isə xx.xx.2021-ci il tarixinə düşürdü. O, avadanlığı divara quraşdırmaq üçün öz panel divarını deşmişdir. Artıq avadanlığın nəyi çatmırsa o qapaq, qutu ola bilər, cavabdeh onları qaytarmağa hazırdır. O, kondisioneri istifadə etməmişdir. Avadanlıq tərəfindən anbardan şəxsən götürülüb. Avadanlıq götürülən zaman yoxlanılmayıb. Bayram günü olduğuna görə o avadanlığı ona heç kim təqdim etməyibdir. Avadanlığın qutusu bərbad vəziyyətdə idi. O, onu maşının içərisinə yox, baqaja yerləşdirərək gətirib. O, avadanlığın qüsurlu olduğunu gördükdən sonra 3 gün ərzində servis xidmətinə məlumat verib, lakin onlar bayramdan sonra gələcəkləri barədə bildirdilər. 6 iş günü ərzində avadanlıq geri götürüldü.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, məhsul xx.xx.2021-ci il tarixində alınmışdır. Daha sonra işçilər 26.07.23-cü il tarixində məhsulu təhvil almışlar. Məhsulun əmtəə görünüşünün sol tərəfində batıqlar var idi. Şirkətin servisi tərəfindən məhsul yoxlanılaraq heç bir qüsur aşkar olunmamışdır. Bu barədə cavabdehə məlumat verilmişdir. Cavabdeh tərəf isə məhsulu qəbul etməkdən imtina edərək yeni kondisioner istədiyini bildirmişdir. Daha sonra şirkət tərəfindən müqavilənin 3.10-cu maddəsinə əsasən məhsul qiymətləndirilmiş və yekun qiymət ümumi məbləğdən çıxılaraq yerdə qalan məbləğ cavabdehdən istənilmişdir. Həmçinin suallara cavab vermişdir ki, əməkdaşlar kondisioneri təhvil alanda onda batıq olmasına dair akt tərtib olunmuşdur, həmin akt cavabdeh tərəfindən imzalanmışdır; iddianın predmeti 390 manatdır; qiymətləndirmə rəyində kondisioner 600 manat dəyərləndirilmişdir; servisdə baxış zamanı kondisionerdə heç bir qüsur aşkar olunmamışdır, təhvil-təslim aktında görsənir ki, məhsulda batıqlar vardır. 6 iş günü ərzində qaytarmaqlarına baxmayaraq qanunda konkret olaraq göstərilib ki, məhsulun əmtəə görünüşü pozulmadığı halda geri götürülə bilərdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 425-ci maddəsinin tələblərinə görə Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 20.582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
21. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 22.601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 26.82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 27.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 28.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 29.233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
31. İş materiallarından göründüyü kimi tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 990 manat təşkil edən “Hoffmann” markalı kondisionerə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin tərəf olduğu xx.xx.2021-cu il tarixli müqavilə üzrə iddiaçıya 390,01 manat əsas borc, 39,99 manat cərimə borcu, ümumilikdə isə 430 manat borcu yaranmışdır.
32. 9950 saylı təhvil-təslim aktından görünür ki, Cavabdeh müraciətinə əsasən “Hoffmann” markalı kondisioner xx.xx.2021-ci il tarixdə geri təhvil alınmışdır. Əmtəə görünüşü: sol tərəfində batıq var, korobkası yoxdur, qapağı divarda qalıb. 33.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixində 990 manat dəyərində əşya (qızıl zəmanətlə) almış, həmin tarixdən 14 gün keçməmiş aldığı əşyanın qüsurlu olması səbəbilə geri qaytarılması üçün müraciət etmiş, əşya ondan təhvil alındıqdan sonra borcundan 599,99 manat silinmiş, aldığı kondisionerin lazımi keyfiyyətdə olmaması ilə bağlı narazılığını bildirərək qalıq borcu ödəməkdən imtina etmişdir. Kondisionerin hazırda iddiaçının sahibliyində olması işin mübahisələndirilməyən halıdır. 34.Cavabdeh apelyasiya şikayəti ilə müraciət edərək alqı-satqı predmetinin qüsurlu olması, qüsurun ona verilməzdən əvvəl və ya verilən zaman artıq mövcud olmasına istinad etmişdir. Belə ki, işin hallarına uyğun gələn Mülki Məcəllənin 588.2-ci maddəsinin dispozisiya şərtlərinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 35.Göründüyü kimi keyfiyyət qarantiyası verilmiş əşyanın alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması nəticəsində qüsurlu olmasını sübut etmək yükünü satıcı daşıdığından, o, sübuta yetirməlidir ki, alqı-satqı müqaviləsinin predmeti olan “Hoffmann” markalı kondisionerdəki qüsurlar alıcıya verildikdən sonra əmələ gəlmişdir. 36.Lakin iş materiallarından göründüyü kimi, İddiaçı MMC keyfiyyəti tərəflər arasında bağlanmış hissə-hissə ödəmə şərti ilə alqı-satqı müqaviləsinə uyğun gələn əşyanın verildiyini, kondesionerdəki qüsurların alıcıya verildikdən sonra əmələ gəldiyini sübuta yetirə biləcək, və yaxud da ki, şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının pozulmuş müqavilə üzrə əlavə ödənişlərin həyata keçirilməsini tələb etməsi və bu iddianın məhkəmə tərəfindən təmin edilməsi onun cavabdehin hesabına əsassız varlanmasına səbəb olacaqdır. 37.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. 38.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 39.Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 15 manat məbləğində pul ödəmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə 60 manat məbləğində xərc çəkmişdir. 40.Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 41.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Bu Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 43.Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 44.Beləliklə, məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edildiyindən cavabdeh tərəfindən dövlət rüsumu kimi ödənilmiş 15 manat və hüquqi xidmət xərcinə görə 60 manat məbləğində pul iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə iddiaçıdan cavabdehin xeyrinə 60 manat məbləğində pul vəsaitinin tutulması ağlabatandır. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2022 saylı 16 dekabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün vəkil xidməti haqqı olaraq ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 15 manat məbləğində pul iddiaçı "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Anar İbrahimov Günay Axundova