Məhkəmə qərarları › İş №2(103)-3021/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3021/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3021/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Tamara Məmmədovanın və cavabdeh İkız Muratın iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh İkız Murata qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İkız Muratın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında 1.500 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, sığorta ödənişi kimi 1.500 manat, dövlət rüsumunun əvəzi kimi 35,40 manat iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh İkız Murat apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Tamara Məmmədova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2022-cı ildə sığorta hadisəsi baş verib. Cavabdeh idarə etdiyi “Mercedes Benz 320” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq başqa şəxsə məxsus olan avtomobilə - “Mercedes Benz E270 CDİ” markalı **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə mexaniki zədə yetirib. Cavabdehin idarə etdiyi avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən icbari qaydada sığortalanadığına görə iddiaçı zərərçəkənə zərərin əvəzi kimi 1.500 manat sığorta ödənişi verib. Hazırda iddiaçı subroqasiya qaydasında 1.500 manatı tələb edir. Tələb onunla əsaslandırılıb ki, cavabdeh xarici ölkə (Türkiyə) vətəndaşıdır, onun sürücülük vəsiqəsi Türkiyənin səlahiyyətli orqanı tərəfindən verilib. xx.xx.2021-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən cavabdehə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi verilib. Həmin icazənin alındığı gündən 1 ay müddətində cavabdeh sürücülük vəsiqəsini dəyişdirməli olduğu halda, bunu etməyib. Ona görə də cavabdeh Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququna malik deyil. Belə halda iddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehə (sığortalıya) qarşı subroqasiya hüququ yaranır. Bu qayda “İcbarı sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində müəyyən edilib. Məhkəmə qeyd edir ki, əcnəbi şəxslər Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Göstərilən qayda “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsində müəyyən edilib. Bu maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qərar qəbul edib. Həmin qərara görə, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Odur ki, iddiaçı həmin maddənin tələbi baxımında nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs hesab edilir, çünki o, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aldığı gündən bir ay müddətində sürücülük vəsiqəsini dəyişdirməyib. Buna baxmayraq, iddiaçının subroqasiya hüququ yaranmayıb. Çünki sığorta münasibəti mülki münasibətdir, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin göstərişi və həmin maddə ilə bağlı Konstitusiya Məhkəməsinin şərhi yol hərəkəti ilə bağlı münasibətə aiddir, həmin münasibət isə inzibati münasibət hesab olunur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranma əsası belə göstərilib: “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi”. Bu maddədə qeyd olunan “hüququ olmayan şəxs” ifadəsi mülki (sığorta) münasibətləri baxımından şərh olunmalıdır. Belə şərh verildikdə “hüququ olmayan şəxs” deyiləndə avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmayan şəxs nəzərdə tutulur. Çünki belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır və sığortaçının əsaslı mənafeləri pozulur. Cavabdehə Türkiyənin səlahiyyətli orqanı tərəfindən sürücülük vəsiqəsi verilib, bununla da avtomobilin idarə edilməsi ilə bağlı onun nəzəri və təcrübi biliklərinin olduğu təsdiq olunub. Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında xx.xx.2016-cı ildə Ankara şəhərində “Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Saziş imzalanıb. Həmin Saziş Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə təsdiq olunub. Sazişin 1-ci maddəsinin 3-cü bəndinə görə, Tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahibləri, digər Tərəfin dövlətinin ərazisində yaşamaq hüququna malik olduqda, bu Sazişin müddəalarına müvafiq olaraq həmin digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrini həmin digər Tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilərlər. Bu maddənin 4-cü bəndinə görə, Tərəflər müraciət edənlərdən onların nəqliyyat vasitəsini idarə etmək bacarığını müəyyən etmək məqsədilə hər hansı yoxlamadan keçmələrini tələb etmədən, bu maddənin 3-cü bəndinə müvafiq olaraq sürücülük vəsiqələrini dəyişdirirlər. Göründüyü kimi, Sazişin müddəaları da onu təsdiq edir ki, cavabdehin sürücülük vəsiqəsi Azərbaycan Respublikasında tanınır, sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı onun nəqliyyat vasitəsini idarə etmək bacarığının müəyyən edilməsi məqsədilə hər hansı yoxlamadan keçməsi tələb olunmur. Bu isə onu təsdiq edir ki, mülki (sığorta) münasibətləri baxımından cavabdehin avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərinin olmsı da tanınır. Sürücülük vəsiqəsinin dəyişdirilməsi isə inzibati məsələdir, bunun mülki (sığorta) münasibətlərinə aidiyyəti yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq nromasını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" ASC-nin cavabdeh İkız Murata qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar