Məhkəmə qərarları › İş №2(103)-3023/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3023/2025

27.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3023/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3023/2025 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil3, Cavabdeh2 nümayəndəsi-vəkilləri Vəkil2 və Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin e-2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsindəki NZS yaşayış massivindən keçən dəmiryolu xəttinin mühafizə zolağına düşən hissəsində, Y.Səfərov küçəsində uzun illər öncə sakinlər tərəfindən özbaşına fərdi yaşayış evləri inşa edilmişdir. Bu ərazidə yerləşən 4 (dörd) tərəflərindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuş və bunun əsasında Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən sözügedən yaşayış evlərinə vizual texniki baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Agentliyin mütəxəssislərinin verdiyi 21 iyun 2019-cu il tarixli rəyə əsasən, Şakir Əliyevə, Cavabdeh1, Hacınisə Qurbanovaya və Səidi Şəhriyara məxsus sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmişdir. Bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəri zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin göstərilən texniki araşdırma ilə məşğul olan əməkdaşları evin texniki vəziyyətini qəzalı kimi qiymətləndirmişlər. Bununla əlaqədar Agentliyin mütəxəssisləri hesab edir ki, sakinlər köçürülməli, evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri (qaz, su, işıq və s.) kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi mütəxəssis rəyinə əsasən Rayon İcra Hakimiyyətinin dəfələrlə etdiyi cəhdə baxmayaraq qeyd olunan ünvanda yaşayan sakinlər müvafiq qabaqlayıcı və möhkəmləndirmə işlərinin aparılmasına öz etirazlarım bildirmiş və evlərinin sökülərək kompensasiya və ya mənzillə təmin olunmaqlarını tələb etmişlər. Məlumat üçün bildirir ki, Keşlə stansiyasının 2-ci blok postundan Yeni Bakı Neftayırma zavoduna gedən dəmir yolu vasitəsi ilə Dübəndi Terminalından göndərilən neft və neft məhsullarının, habelə "xxxx" QSC üçün aviasiya kerosininin daşınması həyata keçirilir. Həmin ərazidən keçən dəmiryolu xətlərinin ətrafındakı yaşayış evlərinin strateji məhsullar daşınan ərazidə dəmiryolu xətlərinin mühafizə zonasında yerləşməsi, qatarların hərəkəti zamanı müxtətiv növ təhlükələrin, fövqəladə hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd olunan ünvanda fövqəladə hadisənin yarandığı zaman xüsusi təyinatlı texnikanın həmin əraziyə yaxınlaşmasına ciddi problemlər yarada bilər. Bununla əlaqədar olaraq həmin ərazidə baş verə biləcək fövqəladə hadisənin qarşısının alınması məqsədi ilə dəmir yolu xətlərinin mühafizə zonasında yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin köçürülməsinə zərurət yaranmışdır. Sözügedən ərazidən 2017-ci ilin avqust ayından başlayaraq 2018-ci ilin mart ayına qədər "xxxx" QSC tərəfindən 477 fərdi yaşayış evinin köçürülməsi həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi 32 ünvanında uzun illər öncə özbaşına inşa edilmiş və hal-hazırda qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

2. 21 iyun 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evi 1965-cı illərdə tikilib, NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xətti səviyyəsindən 6-7 metr yüksəklikdə, yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada, ümumi sahəsi 45.76 m2 olub, qonşu evə bitişik inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşından tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, mətbəx və ayaqyolu yamacda primitiv qaydada metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı, biryamaclı çardaq tipli olmaqla, ağac materialı üzərində dalğalı azbest-şifer materialındandır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismarından ovulub yararsız hala düşmüşdür. Mətbəx, hamam və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Sakinlər tərəfindən mənzillərdə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 4 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin girişinin, hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyəti və hər an uçma təhlükəsinin olduğunu, dəmiryolunun mühafizə zonasında yerləşməsini və evdə yaranmış çatların mövcudluğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməzdir. Evin girişinin altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir. Hacınisə Qurbanovaya məxsus fərdi yaşayış evi 1960-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xəttindən 6- 7 metr yüksəklikdə yamacda yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada olub, 32,46 m2 sahədə qonşu evə bitişik halda inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla, mişarlanmış əhəngdaşı ilə tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, hamam və ayaqyolu, yamacda metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı biryamaclı, çardaq tipli olmaqla ağac materialı üzərində dalğalı azbest-şifer matenalındandır. Evə giriş üçün metal boru dayaqları üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğundan hər an uçma təhlükəsi vardır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mənzillərin uzun müddət təmirsiz istismar olunduğundan ovulub yararsız hala düşmüşdür. Sakinlər tərəfindən mənzillərdə pərakəndə qaydada su, kanalizasiya və işıq xətləri çəkilmişdir. Borulardan və damın yararsız örtüklərindən daxilə su sızmaları mövcuddur. Otaqların pəncərə boşluqlarında ağac atmaların bəzilərinin çürüməsi müşahidə olundu. Mətbəxdə, hamamda və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 mm olan müxtəlif İstiqamətli birtərəfli çatlar yaranmışdır. Tikilidə yaşayan ailənin özləri üçün ayrıca tikdikləri hamam və ayaqyolunun divarlarında suların sızması nəticəsində əmələ gələn nəmişlik suvaqların tökülməsinə səbəb olmuş və eni 1-6 mm olan çoxlu sayda müxtəlif istiqamətli birtərəfli çatlar yaratmışdır. Yamacda primitiv inşa edilmiş meydança hazırda istismara yararsız vəziyyətdədir və hər an uçma təhlükəsi vardır. 3 nəfərdən ibarət ailə üzvünün həyatı üçün yolverilməz şərait yaranmışdır. Evin giriş hissəsi, hamam və ayaqyolu, yamacda dəmiryolunun mühafizə zonasında hündürlükləri 6-7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatların mövcudluğunu və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasından hər an uçma təhlükəsinin olduğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Evin giriş hissəsi, hamam və ayaqyolunun altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir.

3. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən evə dair kommunal xidmətlər Cavabdeh1 adınadır.

4. Kommunal xidmətlərə dair qəbzlərdən görünür ki, ünvan 6 yerləşən evə dair kommunal xidmətlər Cavabdeh2 adınadır.

5. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat verilmişdir.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 3 ünvanda yerləşən dord fərdi yaşayış evinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə birdəfəlik maddi yardım ödənilməklə onların köçürülməsi və bu evlərin sökülməsinin məqsədəuyğun hesab edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna və əlavələrə aidiyyəti üzrə baxılmışdır. Sözügedən evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və hir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti norma-qaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərdi evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmədən və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "xxxx" QSC tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X4 və Cavabdeh1 İsrafil qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlər X3 və Cavabdeh1 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair təklif irəli sürmüşdür. Məhkəmə Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" QSC-nin (ADY) balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda X6 və Cavabdeh1 tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evlərin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin X5 və Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla bağlı ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 2(007)-92/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi kimi cavabdehlər tərəfindən özbaşına tikili tikməmişlər. Qeyd olunan evlər başqa şəxslər tərəfindən 1960-cı ildə tikilmiş və cavabdehlər satın almışlar.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir. İddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cavabdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 7, 180.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 5.3, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin baş vermə ehtimalı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qanunsuz tikili heç bir halda alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə də, məhkəmənin qeyd etdiyi “cavabdehlər satın almışlar” istinadı qanuna ziddir və sübuta yetirilmir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, özbaşına tikili 1960-ci illərdə inşa edilmiş, lakin məhkəmə bu qənaətə gəldikdə hansı mötəbər sübuta əsaslanıb aydın deyildir. Məhkəmə nəzərə almamışdır ki, qərar 2005-ci ildə qəbul olunsa da həmin ərazidə dəmir yolu 1950-ci illərdə tikilmiş və özbaşına tikili tikildiyi vaxtda dəmir yolu artıq mövcud idi. Göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Belə ki, ekspert rəyini, cavabdehlərin izahatlarını nəzərə almamış, həmçinin yerində müayinə aparmamışdır. Məhkəmə dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə məhkəmə qərəzli və cavabdehlərin özləri üçün təhlükəli bir qərar qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbləri təmin edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər - ünvan 1 ünvanında yerləşən ev və ünvan 6 yerləşən ev iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hər bir kvadrat metrə görə 1500 manat hesablanmaqla kompensasiya ödənilməklə cavabdehlər X6 və Cavabdeh1 hesabına sökülməsi, kompensasiya verilməsi və tikililərin sökülməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, hazırda sökülməsi tələb edilən tikililər 30 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən dəmir yolunun mühafizə zonasında inşa edilmiş və real olaraq qəzalı vəziyyətdə olmuşdur. Bu hallar cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur. Belə ki, sözügedən ünvanda özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmiş və həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişlər. Həmçinin, cavabdehlər göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi evlərin mühafizə ərazisində yerləşməsindən də daha vacibi, orada yaşayan insanların həyat və sağlamlığının qorunmasının əhəmiyyəti baxımından iddia tələbləri əsaslı olmuşdur və iddia təmin olunmalıdır, bununla belə, cavabdehlərin məhrum olacaqları yeganə yaşayış yeri olan əmlaklarının əvəzinin ödənilməsi də təmin olunmalıdır. Əks halda, cavabdehlər yeganə yaşayış yerindən məhrum olmaqla yanaşı, həm də oxşar vəziyyətdə olan və əvəz ödənilməklə köçürülən şəxslərə münasibətdə ayrı seçkiliyə məruz qala bilərlər ki, bunun da yolverilməzliyi şəksizdir. Hazırkı halda cavabdehlərə məxsus əmlaklara - tikililərə münasibətdə bir kvadrat metr üçün 1500 manat məbləğində kompensasiya ödənilməklə sökülməsi işin halları baxımından mütənasib və ağlabatandır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 9, 22 və 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 05 mart 2025-ci il tarixli 2(102)-751/2025 nömrəli qərarı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4349/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi müvafiq kompensasiya müqabilində cavabdehlərə məxsus olan tikililərin sökülməsi ilə bağlı öhdəliyin iddiaçının üzərinə qoyulması barədə hüquqi dəyərləndirmə apararkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuşdur. Belə ki, iddia tələbi bir hissədən ibarət olmaqla, cavabdehlərin evlərinin hər hansı məbləğ ödənilmədən sökülməsi ilə bağlıdır. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan, cavabdehlərə kompensasiya məbləğinin ödəməsi ilə bağlı qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Bununla belə apellyasiya instansiyası məhkəməsi də iddiaçının hazırkı tələbi irəli sürməklə hüquqdan sui-istifadəyə yol verilib-verilməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

26. Cavabdehin nümayəndə-vəkilləri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 28.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

33. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

39. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

40. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

41. Maddə 459.6.Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.

42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

43. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

44. Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.

45. Maddə 22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 50.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

54. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. İşin müəyyən edilmiş və mübahisə edilməyən hallarına görə ünvan 7 ünvanında özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmişdir. Həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər, başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşdur. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəyirlər.

57. İddiaçı satın alma məsələsini mübahisələndirsə də nəzərə alınmalıdır ki, heç bir qeydiyyat olmayan özbaşına tikililər belə maddi dəyərə malik olmaqla yanaşı, cavabdehlərin yaşayış yeri kimi ehtiyacını ödəyir.

58. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.

59. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

60. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

61. Qanunvericiliyin tələbindən də görünür ki, hazırki halda Nazirlər Kabinetinin qərarının geriyə qüvvəsi cavabdehlərin vəziyyətini pisləşdir. Belə olan halda cavabdehlərin konstitusion hüquqları pozulur.

62. Dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” kompensasiya olunmalıdır.

63. Cavabdehlərin sökülməsi tələb olunan evlərdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir.

64. İş materiallarına əlavə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da görünür ki, cavabdehlərin mülkiyyətində heç bir əmlak yoxdur. Belə olduqda isə iddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cavabdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.

65. Kompensasiya məsələsinə münasibətdə isə Kollegiya qeyd edir ki, əvvəlki apellyasiya icraatı kollegiya kompensasiya məbləği müəyyən etsə də, iddiaçı bununla razılaşmamış və qətnamədən kassasiya şikayəti vermişdir.

66. Belə olduqda isə hazırki vəziyyətdə iddiaçı kompensasiya məbləğinin miqdarını cavabdehlərlə müzakirə etməli, razılığ əldə olunmadığı təqdirdə isə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. İddiaçının isə hazırda cavabdehlərə hər hansı kompensasiya ödəmək barədə tələbi yoxdur. Halbuki daha əvvəl analoji tələblər üzrə kompensasiya ödənilmişdir.

67. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 68.Göründüyü kimi, hazırda iddiaçı kompensasiya təklif etmədən cavabdehlərin uzun illər ərzində faktiki istifadə və sahibliyində olan tikililərin sökülməsi onun hüquqlarından sui-istifadədir. Belə ki, qeyd edildiyi kimi tikililər 1960-cı illərə aid olmaqa yanaşı ərazidə uzun illərdir sakinlər yaşayır. Hazırda isə iddiaçı cavabdehləri yaşadıqları evlərindən çıxarmaq və onları sökmək istəyir. 69.İddiaçı illər ərzində təşəkkül tapmış və cavabdehlərin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirməsinə nail olmağa çalışıır.

70. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. 71.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-92/2024 nömrəli iş üzrə 08 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar