Məhkəmə qərarları › İş №2(103)-3027/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3027/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3027/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “X1-Bakı” MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “X1-Bakı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(010)- 2714/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1-Bakı” MMC Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən klinikanın xeyrinə 20613,33 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 13 noyabr 2019-cu il tarixində cavabdehin anası X3 “X1-Bakı” MMC-yə gətirilmişir. Cavabdeh ilə klinika arasında 13 noyabr 2019-cu il tarixində müvafiq tibbi xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və xəstəyə müqavilə çərçivəsində tibbi yardım göstərilmişdir. Cavabdehin anası X3 23 dekabr 2019-cu il tarixdə klinikada ölmüşdür. 23 dekabr 2019-cu il tarixədək xəstəyə klinika tərəfindən 28113,33 manat dəyərində tibbi xidmət göstərilmiş, həmin məbləğin 7500 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, 20613,33 manat hissəsi ödənilməmişdir. Xəstənin həm klinikada yatdığı dövr, həm də sonrakı dövr ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehə borcun ödənilməsi və xəstənin pulsuz tibbi yardımdan faydalana bilməsi üçün digər dövlət tibb müəssisəsinə köçürülməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. 13 noyabr 2019-cu il tarixli “tibbi xidmət müqaviləsi”nin 8-ci maddəsinə əsasən klinika cavabdehlərin razılığı olmadan xəstəni digər dövlət tibb müəssisəsinə köçürə bilər. Beləliklə, klinika xəstənin pulsuz tibbi yardımdan istifadə edə bilməsi və klinikada aparılıb və aparılacaq müalicənin (tibbi yardımın) pulunu ödəyə bilməməsi halını nəzərə alaraq, xəstənin köçürülməsi ilə bağlı müvafiq dövlət tibb müəssisəsi ilə danışıqlar apararaq, razılıq əldə etmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, köçürülmənin baş tutmaması üçün xəstənin yaxınları həmin xəstəxanaya gedərək müvafiq təzyiqlər göstərmiş və nəticədə köçürülmənin baş tutmamasına nail olmuşlar. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi klinika özəl tibbi fəaliyyətin subyekti olduğundan, maliyyələşməsi bilavasitə xəstələrlə həmçinin üçüncü şəxslərin (xəstənin) xeyrinə vətəndaşlarla bağlanan müqavilələrə görə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi nəticəsində formalaşır. Lakin faktura üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi nəticəsində klinika müalicəni öz vəsaiti hesabına həyata keçirmək məcburiyyətində qalmışdır. Bununla da klinika lazımi tibbi xidmətlərin göstərilməsində çətinliklərlə yanaşı xeyli miqdarda maddi ziyana uğramışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(010)- 2714/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynidir və əlavə olaraq belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ödənilən avans müqavilənin əlavəsi olan fakturada öz əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsi müqavilədə avans məbləğinin müqavilədə qeyd edilməməsi barədə formal mülahizəyə əsaslanaraq tərəflər arasında bağlanmış müqaviləni şübhə altına almışdır. Halbuki cavabdeh klinikada göstəriləcək xidmətlərin dəyəri barədə məlumatlı olmuş və günlər üzrə formalaşmaqda olan fakturaya görə yaranan borcun ödənilməsi barədə klinikanın əməkdaşları tərəfindən qəbul şöbəsində cavabdehə və onun digər övladlarına dəfələrlə xəbərdarlıq edilmişdir. Müqavilənin 3.1.5-ci maddəsində nəzərdə tutulan qiymət cədvəlindən əlavə olaraq faktura üzrə müəyyənləşdirilən məbləği də ödəməyi cavabdeh öz üzərinə götürmüşdür. Qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi hüquq normalarını səhv təfsir etmiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsini, cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(010)-2714/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, bir tərəfdən “X1” MMC, digər tərəfdən Cavabdeh və Sevil Zeynalova müvafiq tibbi xidmətin göstərilməsi barədə müqavilə bağlamışlar. Həmin müqaviləyə görə klinika cavabdehin mərhum anasına müalicə və tibbi xidmətlər göstərməli, cavabdeh isə bunun qarşılığı olaraq müvafiq ödənişlər həyata keçirməlidir. İddiaçı tərəf ona əsaslanır ki, cavabdeh müəyyən ödənişlər həyata keçirdikdən sonra ödənişi dayandırmış, ona xəstənin dövlət müəssisəsinə keçirilməsi ilə bağlı təklif edilmiş və bu istiqamətlərdə işlər görülmüş, lakin cavabdeh köçürülmənin qarşısını aldığına görə müalicə davam etdirilmiş, nəticədə qeyd edilən məbləğdə borc yaranmışdır. Cavabdeh tərəfin tələbə etirazı ondan ibarətdir ki, anasının müalicəsi klinikada müəyyən müddət davam edəndən sonra o, klinikanın rəhbərliyi ilə razılığa gəlmişdir ki, tələb edilən dərmanların onun tərəfindən alınması şərtilə anası klinikada müalicəsini davam etdirə bilər. Cavabdeh bunun sübutu kimi məhkəməyə həkim reseptlərini və bu reseptlər əsasında aldığı dərmanların ödəniş qəbzlərini təqdim etmişdir. Bundan əlavə, cavabdeh izahatında bildirmişdir ki, o heç vaxt anasının dövlət tibb müəssisəsinə köçürülməsinə maneçilik törətməmiş, heç kimə təzyiq göstərməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.2-ci maddəsinə görə müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarından görünür ki, müqavilədə göstəriləcək tibbi xidmətlərin növləri və istifadə ediləcək dərman preparatlarının qiymətləri, ümumiyyətlə göstəriləcək xidmətlərin qiymətləri ilə bağlı digər müqavilə tərəfinə hər hansı məlumat verilməmiş, bununla bağlı razılaşma əldə edilməmiş, xəstə və ya yaxını tərəfindən avans şəklində ilkin ödənişin ödənilməsi nəzərdə tutulsa da, məbləğ qeyd edilməmişdir. Hazırkı işə əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçı xəstənin klinikaya girişi günündən vəfat etdiyi günədək olan bütün dövrü əhatə edən fakturaya əsaslanır, hansı ki, bu məbləğlərlə bağlı ayrı-ayrı dönəmlərdə və ya ümumilikdə cavabdehin məlumatlandırılması və xəbərdar edilməsi müəyyən edilmir. Halbuki göstəriləcək xidmətlərə görə qiymətin müəyyən edilməsi mübahisə premetinin əsasını təşkil edən müqavilədə də nəzərdə tutulmuşdur. Lakin bunlara baxmayaraq klinika müqavilənin mühüm şərti olan qiymətlə bağlı tələblərə əməl etməmişdir. Bundan əlavə iddiaçı tərəfin cavabdehin yaranan borc məbləğini ödəyə bilmədiyi üçün müqavilənin 8-ci bəndinə əsaslanaraq xəstənin köçürülməsi ilə bağlı dövlət tibb müəssisəsi ilə danışıqlar apardıqlarını, lakin xəstə yaxınlarının buna mane olduqlarını, buna baxmayaraq klinikanın humanist mövqe tutması və xəstəni məcburi qaydada klinikadan uzaqlaşdırmaması ilə bağlı dəlillərinə gəldikdə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müqavilənin 8-ci bəndi klinikaya ödəniş edilmədiyi təqdirdə cavabdehin razılığı alınmadan xəstənin dövlət səhiyyə müəssisəsinə köçürülməsi hüququnu nəzərdə tutur. Yəni müqavilə şərti yerinə yetirilmədiyi təqdirdə klinikanın müqavilədən birtərəfli qaydada imtina etmək hüququ vardır. Lakin iddiaçı bu hüququnu cavabdeh tərəfin törətdiyi əngəl səbəbi ilə həyata keçirə bilmədiyini bildirsə də, qeyd etdiyi halı əsaslı dəlillərlə sübut edə bilməmişdir. Müqavilənin 3.1.5-ci bəndində göstəriləcək tibbi xidmətin Əlavə 1 də təqdim olunan “Qiymət Cədvəli” nə əsasən müəyyən edildiyi bildirilsə də, həmin qiymət cədvəli iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X1-Bakı” MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X1-Bakı” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(010)- 2714/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar