Məhkəmə qərarları › İş №2(103)-3037/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3037/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3037/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(004)-293/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (X6 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Hyundai Elantra” markalı, Az **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X5 adlı şəxslə tanış olaraq aralarında dostluq münasibətləri yaranmışdır. Bir müddət sonra Sərxanlı Hüseyn iddiaçının etibarından sui-istifadə edib onu aldatmış, ona məxsus Az **-LZ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il olan “Hyundai Elantra” markalı avtomobili girov qoyaraq, əvəzində 8000 manat pul götürmüşdür. Lakin avtomobilin texniki pasportundan görünür ki, girov adı altında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, hal-hazırda həmin avtomobil Cavabdeh mülkiyyətindədir. X1 dələduzluğu ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunmuşdur. Faktiki olaraq Cavabdehla aralarında alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Digər girov müqaviləsi isə həmin alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmış əqddir. Həmin avtomobil xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən cavabdehin mülkiyyətindədir. Bundan sonra qeyd olunan avtomobil xx.xx.2021-ci il tarixində 7E-2223 reyestr nömrəli etibarnamə əsasında iddiaçıya sürülmək üçün (qeydiyyat şəhadətnaməsi ilə birlikdə) verilmiş, lakin həmin etibarnamə xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Cavabdeh isə İddiaçı qarşı qeyd olunan avtomobilin İddiaçı alınaraq ona qaytarılması barədə məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, həmin avtomobil Cavabdeh mülkiyyətindədir. Avtomobil xx.xx.2021-ci il tarixində İddiaçı etibarnamə əsasında sürülmək üçün (qeydiyyat şəhadətnaməsi ilə birlikdə) verilmiş, həmin etibarnamə xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli2(004)-293/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında “Hyundai Elantra” markalı, Az **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, əqdin etibarsızlığı ilə bağlı nəticələrə dair Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X4 və İddiaçı tərəfindən tərtib olunaraq imzalanmış ərizədən görünür ki, tərəflər, X2 xx.xx.2021-ci il tarixində 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədi ilə borc kimi götürdüklərini, borcu 15 ay müddətinə, hər ay 930 manat ödəməklə xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan X6 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin məzmunundan görünür ki, X6, etibarnamə əsasında nümayəndəsi olduğu, xx.xx.2021-ci il tarixli AE № 092040 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan 2011-ci il buraxılışlı KMHDH41EBCU287392 ban nömrəli **-LZ-*** dövlət nömrə nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin 13950 manata satılması barəsində X4 ilə razılığa gəlmiş, həmin məbləğ 15 ay müddətinə, hər ay 930 manat ödənilməklə, tam ödənildikdən sonra həmin avtomobilin müvafiq QİS-də X3 adına keçməsini öhdəsinə götürmüşdür. X4 həmin məbləği 15 ay müddətinə, hər ay 930 manat ödənilməklə, tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-də satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı özünə məxsus olan “Hyundai Elantra minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili 15000 manata alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2021-cı il tarixli 124050-1221 saylı məktubundan görünür ki, “Hyundai Elantra” markalı, Az **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq Cavabdeh adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair İddiaçı adına xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, müvafiq notariat ofisinə müraciət edərək, avtomobilə dair İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin ləğv olunmasını və bu barədə məlumatın “Elektron notariat” informasiya sisteminə yerləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Belə ki, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.3-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırkı mübahisənin araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, X4 və İddiaçı X2 13950 manat məbləğində pul vəsaitini borc almış, borcun təminatı qismində İddiaçı məxsus olan “Hyundai Elantra” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh satılmış, X6 ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinə görə isə qeyd olunan borc ödənildikdən sonra avtomobilin yenidən sonuncunun adına qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin Cavabdeh “Hyundai Elantra” markalı, Az **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq, sonuncu tərəfindən eyni tarixdə həmin avtomobilə dair İddiaçı etibarnamə verməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı barədə nəticəni yaradır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini yalan əqd kimi qiymətləndirib etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Əqd etibarsız hesab olunarkən Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiyanın tətbiq olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, qqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, avtomobilin alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma X6 ilə X4 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə X4 və İddiaçı tərəfindən X2 götürülmüşdür. Göründüyü kimi, avtomobilin alqı-satqısına görə alıcı satıcıya heç nə verməmişdir. Buna görə də birinci instansiya məhkəməsi alq-satqı müqaviləsini etibarsız hesab edərkən Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiyanı tətbiq etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(004)-293/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(004)-293/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar