Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3041/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) X3 oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Məmmədova Nərminə Rəşid qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(011)-2217/2020 saylı qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə İddiaçı ilə Cavabdeh1 ½ hissədə paylarının müəyyən edilməsi barədə iddia tələbi rədd edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 27 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə onlar bir sıra əmlaklar əldə etmişlər. Həmin əmlaklara Nissan X Trail” markalı, **-DV-*** dövlət nömrə nişanlı, “Daimler Benz” markalı, **-GB- *** dövlət nömrə nişanlı, “Nissan Armada” markalı, **-XD-*** nömrə nişanlı avtomobillər daxildir. 20 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə cavabdehin arasında baş verən mübahisədən sonra cavabdeh iki qızı ilə birlikdə iddiaçını evdən qovmuşdur. Əmlak bölgüsü ilə əlaqədar BDYPİ-nə müraciət olunarkən cavabdehin hər şeyi planlı şəkildə etdiyi iddiaçıya məlum olmuşdur. Cavabdeh iddiaçını evdən qovmağa çoxdan hazırlaşdığına görə birgə nikah dövründə əldə etdikləri hər üç avtomobili iddiaçının xəbəri olmadan 17 oktyabr 2019-cu il və 18 oktyabr 2019-cu il tarixdə digər cavabdehlərə satmışdır. Cavabdeh “Nissan X-Trail” və “Nissan Armada” markalı maşınları alqısatqı ilə birinci nikahdan olan oğlu Cavabdeh2 adına, digər “Daimler Benz” markalı avtomobili isə X1 adına keçirmişdir. Yəni alğı-satqı müqaviləsi formal bağlanmışdır, birgə nikah dövründə əldə edilmiş olan avtomobillərin mülkiyyətçisi öz əmlakı üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Nissan X Trail” markalı, **-DV-*** nömrə nişanlı və “Nissan Armada” markalı **-XD-*** nömrə nişanlı avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərə İddiaçı ilə Cavabdeh1 ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eyni olmaqla əlavə dəlillər qismində göstərilmişdir ki, cavabdeh tərəf avtomobillərin nikahdan əvvəl etdiyi digər avtomobillərin satışından əldə olunmuş vəsait hesabına əldə olunmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə iddiada göstərilən iki avtomobilin birgə vəsait hesabına əldə edilməməsi barədə qənaətə gəlməsini göstərsə də, bunun əsaslandırmaq üçün hər hansı mötəbər sübuta istinad etməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı iclasında Cavabdeh1 nümayəndəsi və vəkili qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz hallarından görünür ki, “Nissan X Trail” markalı, Ban:JN1TBNT30Z0141756, 11.10.2008-cü il tarixdə verilmiş şəhadətnamə əsasında Cavabdeh1 məxsus olan, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.10.2019-cu il tarixli alqı-satqısı müqaviləsi əsasında Cavabdeh2 satılmış və sonuncuya AD624158 nömrəli şəhadətnamə verilmişdir. “Nissan Armada” markalı, Ban:5N1AA08B35N732247, 29.09.2005-ci il tarixdə verilmiş şəhadətnaməyə əsasən Cavabdeh1 məxsus olan, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən 18.10.2019-cu il tarixli alqı-satqısı müqaviləsi əsasında Cavabdeh2 satılmış və sonuncuya AD624155 nömrəli şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddianın predmetini təşkil edən “Nissan X Trail” və “Nissan Armada” markalı avtomobillər ər-arvadın birgə vəsaiti hesabına əldə edilməmişdir və həmin mövqeyini belə əsaslandırmışdır ki, tərəflər nikaha daxil olduqları zaman cavabdehin özünün mülkiyyətində avtomobillər olmuşdur. Bu səbəbdən iddiaçı iddia tələbində əvvəl üç avtomobil tələb etsə də, daha sonra “Daimler Benz” markalı avtomobilin nikahdan öncə alınması səbəbindən iddia tələbinin həcmini həmin hissədə azaltmışdır. Eyni zamanda məhkəmədə izahat verən iddiaçı qeyd etmişdir ki, onlar evli olduqları dövrdə Cavabdeh1 daima iddiaçının xəbəri olmadan özünə məxsus olan avtomobillərin birini digəri ilə əvəz etmişdir. İş materiallarına əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkəti barədə Baş Dövlət Yol Polis tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, Cavabdeh1 adında həmin nikahdan əvvəlki dövr üçün, həm də nikah dövrünü əhatə edən kifayət qədər avtomobillər mövcud olmuş və onlar satılaraq digər şəxslərin xeyrinə özgəninkiləşdirilmiş və bununla da alğı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş hallar mövcud olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 27 sentyabr 1997-ci ildə nigaha daxil olmaqla olmaqla ailə qurmuşlar, 2019-cu ilin oktyabr ayına kimi birlikdə yaşamaqla 22 il müddət ərzində birgə təsərrüfat aparmışlar. Sözügedən avtomobillərin tərəflərin birgə nikah dövründə əldə edilməsi iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur. Avtomobillər məhz tərəflərin münasibətləri pozulduğu ərəfədə (2019-ci ilin oktyabr ayında) Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Bu fakt iş materialları ilə də öz təsdiqini tapır. Məhkəmə kollegiyası hər iki tərəfin irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, əvvəla mübahisənin predmeti olan iki avtomobil tərəflər arasında rəsmi nikah münasibətlərinin mövcud olduğu dövrdə satılsa da, həmin dövrdə artıq tərəflər arasında nikah münasibətlərinin faktiki olaraq pozulduğu müəyyən olunur. Belə ki, tərəflər arasında uzun müddət davam edən ailədaxili sözsöhbətlər və münaqişələr həqiqətən mövcud olmuş, buna görə də Cavabdeh1 18 oktyabr 2019-cu il tarixdə avtomobilləri özgəninkiləşdirdikdən iki gün sonra iddiaçını evdən qovması barədə gətirdiyi dəlillər daha inandırıcı qəbul olunur. Başqa sözlə, avtomobillərin alqı-satqı müqavilələrinin tarixlərindən göründüyü kimi cavabdeh tərəfindən avtomobillər iddiaçı ilə aralarındakı münasibətlərin kəskinləşdiyi dövrdə satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Qeyd olunmalıdır ki, cavabdeh tərəf nə birinci instansiya, nə də apellyasiya instansiyası qaydasında işə baxılarkən hər iki avtomobilin ailənin birgə gəlirləri hesabına alınmadığını və onların özgəninkiləşdirilməsi zamanı pul vəsaiti əldə olunmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin faktiki hallarından görünür ki, Cavabdeh1 mübahisə predmeti olan avtomobilləri birinci nigahından olan oğlu Cavabdeh2 adına 18.10.2019-cu il tarixdə formal müqavilə bağlamaqla “özgəninkiləşdirmişdir” və elə həmin tarixdə mübahisə predmeti olan hər iki avtomobilə dair Cavabdeh1 özünə 26.07.2024-cü il tarixədək etibarnamə verilmişdir. Bu halın mövcüdluğu bir daha özü-özlüyündə sübut edir ki, müqavilələr formal olaraq görünüş üçün bağlanılmışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfin ziddiyyətli izahatını, bu izahatda qeyd olunan hallarla bağlı hər hansı sübutun təqdim olunmamasını nəzərə alaraq, iddiaçı tərəfin mübahisə predmeti olan hər iki avtomobilin həqiqətən tərəflər arasında nikah münasibətlərinin mövcud olduğu dövrdə birgə gəlirlər hesabına alındığı və onların tərəflər arasında nikah münasibətlərinin faktiki pozulduğu dövrdə özünün birinci nigahından olan oğlunun (Cavabdeh2) adına formal olaraq alqı-satqı edildiyi barədə dəlillərini inandırıcı hesab edir. Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırki işdə mübahisə predmeti olan hər iki avtomobilin alqı-satqısına dair müqavilə bağlansa da, həmin müqavilələr üzrə cavabdehə satdığı avtomobillərə görə hər hansı məbləğin ödənilməsi faktı iş materialları ilə təkzib olunur və bu hal onu deməyə əsas verir ki, alqı-satqı formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Buna görə də, mübahisə predmeti olan avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri formal xarakter daşımaqla, görünüş üçün bağlanıldığından həmin müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, sözügedən avtomobillər tərəflərin birgə nikah dövründə əldə edildiyindən hər iki avtomobilin üzərində tərəflərin hər birinin ½ hissədə bərabər pay hüquqları müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (36.3). Ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (37.1). Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya iddia tələblərinin təmin olunması nəticəsinə gələrkən həmçinin qeyd edir ki, X4 oğlu tərəfindən iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə münasib olaraq Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilən prosessual hüquq normanın tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(011)-2217/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edisin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində bağlanılmış, “Nissan X Trail” markalı, Ban:JN1TBNT30Z0141756, şəhadətnaməsi AD624158 olan, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18 oktyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsində bağlanılmış, “Nissan Armada” markalı, Ban:5N1AA08B35N732247, şəhadətnaməsi AD 624155 olan, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Nissan X Trail” markalı, Ban:JN1TBNT30Z0141756 olan, **-DV-*** dövlət qeydiyyat nişanlı və “Nissan Armada” markalı, Ban:5N1AA08B35N732247 olan, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər birinin üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh1 payları müəyyən edilsin. Dövlət rüsumuna görə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 (on beş) manat, cəmi 45 (qırx beş) manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3041/2021
29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver