Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3041/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 7.102,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivində yerləşən fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı evdən kənarda, yəni küçədə smart tipli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********02030). İddiaçı, hər dəfə kart vasitəsilə ödəniş edərək təbii qazı istehlak etmişdir. Birliyə borcu olmamışdır. Ünvanda quraşdırılmış qaz sayğacı 2022-ci ilin sentyabr ayında Biliyin əməkdaşları tərəfindən iddiaçıya bu barədə məlumat verilmədən çıxarılmış və yoxlanılması üçün laboratoriyaya aparılmışdır. Bir müddətdən sonra iddiaçıya 7.102,60 manat məbləğində borc hesablanmışdır. Bunun səbəblərinin araşdırılması üçün Birliyə müraciət etmiş iddiaçıya bildirlmişdir ki, sayğac işlək vəziyyətdə deyil, sayğaca müdaxilə edilmişdir. İddiaçı hesab edir ki, Birliyin ona bu kimi borc hesablaması əsassızdır, çünki nə o, nədəki ailə üzvləri qaz sayğacına müdaxilə etməmişlər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçıya hesablanmış 7.102,60 manat məbləğində borcun silinməsini, cavabdeh Birlikdən 91,03 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birlik tərəfindən iddiaçıya 7.102,60 manat məbləğində borcun hesablanmasına əsas Birliyin əməkdaşlarının xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar olmuşdur. Həmin aktlarda qeyd edilmişdir ki, qaz sayğacının çıxış plastmas borusu deşildiyi üçün sayğac, ondan keçən təbii qazın həcmini hesablamır. Lakin nəzərə alınmalıdır ki, qaz sayğacı küçədə quraşdırılıb və Birliyin əməkdaşları sayğacda aşkar edilmiş problemin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də, borcun hesablanması əsassız, “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddia isə əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan istifadə etməsi, yəni təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə maddi ziyan dəymişdir. İddia tələbində qeyd edilən borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxsin izahatı barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. İddiaçı isə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) işdə olan sənədlər barədə məlumat
9. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı evdən kənarda, yəni küçədə smart tipli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********02030). İddiaçı, hər dəfə kart vasitəsilə ödəniş edərək təbii qazı istehlak etmişdir.
10. Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, qaz sayğacının çıxış plastmas borusu deşildiyi üçün sayğac, ondan keçən təbii qazın həcmini hesablamır.
11. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən aktlarda əks olunmuş fakta görə Birlik tərəfindən iddiaçıya aid abonent koduna 7.102,60 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
13. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (maddə 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
15. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. g) apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət
16. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
17. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir.
20. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırkı iş üzrə iddiaçı bu qətnamədən kassasiya şikayəti verə bilməz.