Məhkəmə qərarları › İş №2(103)-3042/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3042/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3042/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, ərin razılığı olmadan daşınmaz əmlakın özgəninkiləşdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 18 saylı Notariat Kontoru cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-420/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşıdır.

2. X2 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 104.000 manata satmış, sonuncunun mənzil üzrərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86,54 kv.metr olan mənzili alıcıya 160.000 manata satmış, sonuncunun mənzil üzrərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

4. Dağıstan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş A-01461 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək nikahın bağlanması haqqında akt qeydi mövcud deyil.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)- 922/2024 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə dəymiş ziyanı tam şəkildə könüllü olaraq ödəməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixə, sonu xx.xx.2025-ci il tarixə müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İddiaçı ərizəsi təmin edilərək, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan 10 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.

6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı izahatında məhkum olduğu dövrdə arvadı Cavabdeh2 pul lazım olduğu üçün mənzili satmaq istədiyini, bir neçə notariusa müraciət etsə də, ərin razılığını tələb etdiklərindən alqı-satqının baş tutmadığını, 18 saylı Notariat Ofisinin notariusu X11 rüşvət alaraq alqı-satqı müqaviləsini rəsmişləşdirdiyini, 10.000 manat pulun isə müqaviləyə razılıq versə ona ödənilməsi üçün notariusda girov kimi saxlanıldığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X20 qeyd etmişdir ki, Cavabdeh2 Rusiya vətəndaşı olmaqla subay olduğunu və həmin əmlakın subay olduğu dövrdə əldə edildiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatında adını xatırlamadığı “makler”lə birlikdə evi satmaq üçün xx.xx.2023-cü il tarixdə 32 saylı Notarius ofisinə müraciət etdiyini, mənzilin satılması üçün qanuni nikahda olduğu əri İddiaçı razılığının tələb olunduğunu, “makler”in dediklərinə əsasən Rusiya Federasiyasından nikahda olmadığına dair sənəd aldığını və bundan sonra “maklerlər” vasitəsilə sənədləşmə işlərinin baş tutduğunu, Anar Bəşirovun qanunsuz olaraq onun Azərbaycan Respublikasında rəsmi nikahda olubolmadığını yoxlamadan müqaviləni rəsmişləşdirdiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X10 qeyd etmişdir ki, İddiaçı onun qardaşının qaynıdır. Ə.Ramis 2022-ci ilin may ayında oğurluq cinayəti törətməklə zərərçəkmişə 105.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyandan 70.000 manatı Ramisin evində aşkar edilərək götürülmüş və zərəşəkmişə təhvil verilmişdir. Yerdə qalan pulu isə xərcləmişdir. Həbsdə olduğu müddətdə zərərçəkmişə dəymiş maddi ziyanı o, ayrı-ayrı şəxslərdən borc alaraq ödəmişdir. Ramis isə cinayət işinin istintaqını aparan müstəntiqə Vunq Tau küçəsində yerləşən evi satmaq istədiyini bildirmişdir. Müstəntiq Bakı İstintaq Təcridxanasına notariusun daxil olmasına razılıq vermiş, lakin Ramisin şəxsiyyətini təsdiq edən sənəd sistemdə görünmədiyi üçün notariusa evin alqı-satqısı barədə razılığın verilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs işin məhkəmə gedişində zəymiş zərərin əvəzi olaraq Ramisdən əlavə 10.000 manat pul istəmiş, Ramisə bildirəndə etiraz etməmişdir. O, şəxsi hesabından zərəçəkmiş şəxsə ümumilikdə 39.800 manat pul vermişdir. Ramis də ona demişdir ki, yaşayış evi satılan kimi onun pulunu ödəyəcəkdir. Bir müddət sonra Ramis və Aminat ona telefonla zəng edərək, demişlər ki, ev 18 saylı Notariat Ofisində satılacaq, ev satılan kimi pulunu götürə bilər. Mənzilin satışından əldə olunmuş 10.700 manat pul ona olan borcun qarşılığı olaraq verilmişdir.

7. X12 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı və Camal Sultan tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və onlarla barışdığı üçün heç bir şikayəti, tələbi və iddiası yoxdur.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini tərəfindən Bakı İstintaq Təcridxanasının rəisinə, Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlıya və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İddiaçı arvadı Cavabdeh2 müraciətinə əsasən onlara məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 nömrəli mənzilin satılması üçün razılıq ərizəsinin verilməsi üçün Bakı şəhəri 39 saylı Notariat ofisinin xüsusi notariusu X21 ilə görüşüb müvafiq notariat hərəkətinin aparılmasına (digər notariat hərəkətlərinin rəsmiləşdirilməsi istisna olmaqla) etiraz etmirlər.

9. Bakı şəhəri 39 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 138 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində onunla notariat hərəkətlərinin aparılması ilə bağlı Bakı İstintaq Təcridxanasına daxil olunmamış və orada onun barəsində heç bir notariat hərəkəti aparılmamışdır. Həmçinin, ofisdə də İddiaçı tərəfindən heç bir notariat hərəkəti rəsmiləşdirilməmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində 39 saylı Notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlı ilə notarial hərəkətlər aparılması üçün görüşməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 18 saylı Notariat Ofisinin xüsusi notariusu X11 əməli barəsində xüsusi qərardadın çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin barəsində 18 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, alqı-satqıda ödənilmiş rüsumların geri qaytarılması və müqavilə əsasında dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin X4 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahda olduqları dövrdə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı mənzilin dəyərini ödəməklə əldə etmişlər və mənzil xx.xx.2021-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********02- 05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb və iddiaçı 3 il müddətinə məhkum olunaraq cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 2024-cü ilin may ayında şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmış və evə qayıtdıqdan sonra ona məlum olub ki, onun cəzaçəkmə müəssisəsində olduğu müddətdə həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı həmin mənzili Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 18 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Buna görə ailə münasibətləri pozulub və boşanma həddinə çatıb. İddiaçı 18 saylı Notariat Ofisinin rəisi X15 onların birgə nikah dövründə əldə etdikləri mənzil barəsində bağlanmış alqı-satqı müqaviləsini iddiaçının iştirakı olmadan necə təsdiq etdiyini soruşduqda, notarius ona hədə-qorxu gəlib, onu yenidən həbsxanaya göndərəcəyi ilə hədələmişdir.

13. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həbsdə olduğu vaxtı arvadı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 86,54 kv.metr olan dörd otaqlı mənzili onun icazəsi olmadan satmışdır. Buna görə ailə münasibətləri pozulub və boşanma həddinə çatıb. Cavabdeh tərəf iddia edir ki, Seyfulla onun evini satıb, o, pulla dəymiş zərər ödənilib. Lakin qeyd edir ki, borc 8 ay qabaq ödənilib. Notarius Seyfulla və “makler”lə birgə 10.000 manatı girov saxlayıblar. Həmin pulun ona qaytarılmasına dair qəbzlər də var. Notariusa verilən arayış saxtadır. Həmi arayışın surəti ilə notariuslara getmiş, ona bildirmişlər ki, bu sənəd keçərli deyil.

14. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı oğurluq cinayəti edib və buna görə məhkəmə tərəfindən məhkum edilib. İstintaq zamanı oğurlanmış puldan yalnız 76.000 manat hissəsi aşkar olunub, qalan 30.000 manat pulu isə iddiaçı ordan-burdan tapıb yığmışdır ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilsin. İddiaçının mübahisəli mənzilin arvadı tərəfindən satılması barədə məlumatı olmuşdur. Alqı-satqı iddiaçının razılığı və istəyi ilə aparılmışdır. Hətta xx.xx.2022-ci il tarixdə mübahisəli mənzilin satışının təşkil olunması üçün dəvət edilən notarius iddiaçının saxlanıldığı təcridxanaya da daxil olmuşdur ki, mənzilin satışı üçün sənədləşdirmə işi aparsın, lakin Aminat xanımın sənədlərində problem olduğu üçün iddiaçının adından etibarnamənin verilməsi məsələsi alınmayıb. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda bildirmişdir ki, evin satılmasından iki ay sonra xəbər tutub. Lakin sonradan bildirmişdir ki, mübahisəli mənzilin satılmasından həbsdən çıxandan sonra xəbər tutub. Belə çıxır ki, iddiaçı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür.

15. Cavabdeh1 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.

16. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 izahatında qeyd etmişdir ki, nikah pozulmayıb. Evi satan zaman yoldaşı birinci razılıq vermiş, daha sonra satmadığını bildirmişdir. 160 min manata satmışdır, lakin ona 150 min verdilər və dedilər 10 min manat da saxlanır depozit hesabında.

17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 420/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli AN-l № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 160.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87,08 kv.m olan yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli (reyestr nömrəsi: **********02-05101-093011) əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

18. Məhkəmə öz mövqeyini əsaslandırarkən hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a ünvanındakı 76 saylı mənzilin İddiaçıla Cavabdeh2 birgə nikahı dövründə əldə edilmiş daşınmaz əmlak olmasına baxmayaraq, Cavabdeh2 mənzili özgəninkiləşdirərkən iddiaçının notarial qaydada təsdiq edilmiş yazılı razılığını almamışdır. Nəticədə, alqı-satqı müqaviləsi bağlanan zaman nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi qaydalarını müəyyənləşdirən qanunvericilik tələbləri pozulmuşdur.

19. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a ünvanında yerləşən 76 saylı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli və əqd əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş müvafiq əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

20. Məhkəmə həmçinin hesab etmişdir ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunduğundan, satıcı Cavabdeh2 müqavilə üzrə Cavabdeh1 aldığı 160.000 manat pul vəsaitini ona geri qaytarmalıdır.

21. ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86,54 kv.m olan dörd otaqlı mənzilin X4 adına qeydiyyata alınması və onun adına çıxarışın verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbləri təmin edilərək müqavilənin etibarsız hesab edilməsi nəticəsində Cavabdeh1 adına verilmiş əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyindən və müqavilənin bağlanmasınadək mövcud olan əmlakın hüquqi rejim bərpa edildiyindən, sözügedən iddia tələbləri müqavilənin etibarsızlığı nəticələri ilə ehtiva olunur və onların təkrar qeyd olunmasına zərurət yoxdur.

22. Bundan başqa məhkəmə iddiaçının iddia müddətini ötürməsi barədə Cavabdeh1 nümayəndəsinin dəlillərini əsaslı hesab etmir. Belə ki, mülkiyyətin müdafiəsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən, qeyd olunan dəlillə əsasən iddianın rədd edilməsinə əsas yoxdur.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.6, 337.1, 337.5, 372.1, 384.4.4-cü maddələrinə, Ailə Məcəlləsinin 31, 32.1, 33.1, 33.3, 33.4-cü maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 7.8-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 420/2025 nömrəli əlavə qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “alqı-satqıda ödənilmiş rüsumların geri qaytarılması” tələbi barədə iddiası təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə formal münasibət göstərmiş və işi dərindən araşdırmamışdır. İşin qısa şəkildə məğzi ondan ibarətdir ki, cavabdeh iddiaçı tərəfdən aldadılıb. Özünü problemli ailə kimi qələmə verən iddiaçı və həyat yoldaşı nümunəvi ailə olmuşdur. Mehriban yaşayıblar və iddiaçı keçmiş yol polisi işçisi olub. Keçmiş polis əməkdaşı olan iddiaçı bir nəfər həkimin evinə qrup şəklində oğurluğa girir və ordan pul oğurlayır. İşə düşür buna pul lazım olur. Evini satışa çıxarır. Qrupun digər üzvünün əmisi Seyfulla zərəri qarşılayır. Seyfullaya da deyirlər ki, vəkilə qədər hər şeyin pulunu sən ver, biz evi satıb sənə qaytaracıq. Evin satışı üçün Ramis daim yoldaşına təlimatlar verir, həİə notariusun bu məqsədlə Bakı İstintaq Təcridxanasına gəlməsi üçün icazə verilir, bu icazə məktubu isə onun həyat yoldaşı iş üzrə formal cavabdeh Aminata ünvanlanır. Lakin notarius deyəsən Ramisin şəxsiyyət vəsiqəsində problem olduğu üçün əməliyyatı yerinə yetirə bilmir. Lakin icazə verilməsi ilə bağlı məktubun surəti məhkəməyə təqdim edilib. Həmin bu məktubdan qısa müddət sonra 32 saylı notariat ofisində cavabdeh Pərvizlə İddiaçının həyat yoldaşı olan digər cavabdeh Aminat arasında alqı-satqı həyata keçirilərkən Aminat xarici vətəndaş olduğundan sənədlərdə problem çıxır və əməliyyat yarım qalır. Xatırladır ki, bu hadisədən öncə Aminat Rusiyadan subaylıq arayışı alır. 32 saylı notariat ofisinə gedəndə artıq bu sənəd Aminatda olub. Yəni subaylıqla bağlı problem olmayıb. Sonradan 18 saylı notariat ofisində alqı-satqı baş tutmuş və evin pulunu alarkən Seyfullaya oğurluq cinayətində zərərçəkənə ödənilən puldan 10 min manat Aminat tərəfindən ödənilmişdir. Seyfulla cavabdeh Pərvizin yox, iddiaçının qohumudur. Bir şeyi də qeyd edir ki, Aminat evə Pərvizdən öncə də beh almış, təxminən sentyabr oktyabr aylarında gənc bir ailə mübahisəli evi almaq üçün Aminata beh də verir. Lakin ipoteka üçün 10 günləri qaldığına görə Aminat sənədləri yığıb çatdıra bilmir və alqı-satqı baş tutmur. Pərvizə ev satıldıqdan və 170.000 manat pul alındıqdan sonra isə qabaqcadan plan quran Ramis arvadına təlimat verir ki, Ramisin öz bacısı oğlu X9 adına mənzil alsın. Aminatın alınan mənzili öz adına deyil, Ramisin bacısı oğlu Hüseynin adına alması da göstərir ki, ər və arvad plan üzrə hərəkət edirlər. Həİa Ramisin prosesdən xəbəri olmamış olsa belə bu qədər uzun müddət sakit durub gözləməsi, evin qohumunun adına alınması, Seyfullanın izahatları əqdin bəyənilməsi hesab edilir. Seyfulla dəfələrlə Ramisin evin satışı ilə bağlı Aminatla telefonda danışdığının şahidi olmuşdur və eləcədə Sefulla özü də Ramislə danışmışdır. Məhkəmə həİə qərar verməyə necə tələsmişdirsə Pərvizin vicdanlı əldə edən olub-olmamasına belə münasibət bildirməmiş, evin ipotekada olduğunu müəyyən edə bilməmişdir. Ev hal-hazırda bankda ipotekadadır, yüklüdür. Məhkəmədə iddiaçı öz arvadı olan digər cavabdeh tərəfindən ona etibarnamə verildiyini və onun əvəzindən iştirak edə biləcəyini vurğuladı. Bu da göstərir ki, onlar birlikdə hərəkət edirlər. Ramis köhnə polis əməkdaşıdır və müqavilənin etibarsızlığını məqsədli şəkildə qoymuşdur. Belə ki, onun həyat yoldaşı evi Ramisə görə satdığını etiraf edir. Ramis də məhkəmədə bunu etiraf etmişdir. Ramisin xəbəri olmadan evin Ramisin həyat yoldaşı tərəfindən Ramisə görə satılması nə dərəcədə ağlabatandır. Bundan başqa satılan evin puluna Ramisin bacısı oğlunun adına mülk alınmış və cavabdeh Aminat xanım həmin tarixdən orada yaşamış, Ramisdə həbsdən çıxdıqdan sonra həmin evdə yaşayır. Əgər arvadı ilə zidd fikirlərdə idilərsə necə ola bilər ki, Ramisin fikrinə zidd hərəkət edən Aminat özünün adına deyil, Ramisin bacısı oğlunun adına mənzil alır. Bundan əlavə, Aminat xanım əgər Ramisin fikrinə zidd hərəkət edirdisə necə olur ki, evin satılması üçün razılıq verilməsinə notariusu istintaq təcridxanasına göndərir. Ramisin vəsiqəsində problem olduğu üçün notarius bu əməliyyatı yerinə yetirə bilmir, lakin notariusun təcridxanaya girməsinə icazə verilməsinə dair sənəd məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edir ki, Ramisin makler olaraq təqdim etdiyi Seyfulla adlı şəxs onunla birgə oğurluqda tutulan şəxsin dayısıdır. Həmin Seyfulla da cinayət işinin rədd qərarında etiraf etmişdir ki, evin satılmasından Ramisin xəbəri olmuşdur. Sonradan da Ramisin həbsdə ola-ola çöldə öz bacısı oğlunun adına satılan evin puluna yeni evalınmasını təşkil etməsi, amma müqavilənin etibarsızlığı ilə bağlı heçnə etməməsi, aldanmışam deyən Aminatın heçnə etməməsi, bir ildən artıq müddət susması, ən azından notariusdan heç bir şikayət etməməsi, lakin çıxdıqdan sonra arvadı ilə birlikdə hərəkət etməsi, notariusdan sonradan şikayət etməsi həqiqəti bariz şəkildə ortaya qoyur, Ramisin həyat yoldaşı ilə birgə hərəkət edərək müqavilədə imzasının olmamasından sui-istifadə etdiyini göstərir. Ramis məhkəmədə əvvəl özü etiraf etdi ki, alqı-satqıdan iki ay sonra xəbər tutub. Sonra gedib məsləhətləşəndən sonra bu etirafını növbəti iclasda danmağa çalışdı. Məhkəmə video kadrları açıldı, iclas protokollarına baxıldı və onun etirafı onun üzünə oxundu. Alqısatqıdan keçən bu qədər müddətdə keçmiş polis əməkdaşı olan şəxsin hərəkətsiz qalması absurddur. Ramis bütün izahlarında evin hazırki qiymətinin çox yüksəldiyini və fərqin ona ödənilməli olduğunu bildirir. Ramisin fikri zikri evin müddət keçdikcə artdığı dəyərini almaqdır. Məhkəmə niyəsə Aminat xanımın gəlməsini gözləmədi, alınan yeni ev barədə heç bir araşdırma aparmadı, sual vermədi, Ramisin niyə Aminata etibarnamə verdiyini, Aminatın iştirak etmədiyi məhkəmədə onun (cavabdehin) əvəzindən etibarnaməsinin olduğunu bildirməsi, ortaq iddiaçı kimi iştirak etmək cəhdinin işin mahiyyəti üzrə həllinə təsir edən hissədə araşdırmadı, sanki cavabdehin xeyrinə qərar çıxaracağı təəsüratı yaradaraq ətraflı araşdırma aparmadan təcili qərar otağına getdi. Halbuki, iddiaçı ilə onun arvadı olan cavabdehin birlikdə hərəkət etməsi belə işin mahiyyətini açıq-aşkar ortaya qoyurdu və iddianın rədd edilməsi üçün əsas idi. Ramisin imza formallığını sui-istifadə etməsi tam yəqin deyildisə, ən azından məhkəmə bununla bağlı əlavə araşdırma aparmalı idi. Axı onlar konkret faktlar ortaya qoymuşdular. Məhkəmə bu faktlarla bağlı Ramisə heç bir sual vermədi. Ramisin Aminatın əvəzindən etibarnamə ilə iştiraka cəhd etməsi, Aminat xanımın gəlməməsi, vəkilin Aminatı da gözləyək növbəti iclas gəlsin deməsi, hakimin isə Aminatı gözləmədən sanki xeyirli qərar verirmiş kimi müşavirə otağına yollanması video kadrlarda var və bu prosesin qərəzli şəkildə aparıldığını göstərir. Beləliklə, iddiaçının vəziyyətdən sui-istifadə etməsi açıq-aşkar olduğu halda iddiaçının şəxsiyyətini, oğurluq cinayəti törətmiş şəxs olmasını, onun keçmiş polis əməkdaşı olmasını, ortaya qoyulan faktları, onun vəziyyətdən istifadə edərək varlanmağa çalışmasını nəzərə almadan məhkəmə tam qərəzli şəkildə iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə həİa qərar çıxarmağa o qədər tələsmişdir ki, yadddan çıxan məqamlarla bağlı yeni xx.xx.2025 tarixli əlavə qətnamə çıxarmağa məcbur olmuşdur.

27. Cavabdeh1 nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq həmçinin bildirmişdir ki, iddiaçı görünüşdə notariusu tutdurmaq istəyir, amma başa düşmür ki, onun hər şeyi arvadı ilə planlı şəkildə etməsinin sübutları var. Evin satılmasında başdan sona, hətta Aminatın məhkəmədə danışdıqlarına qədər hər şeyin memarı məhz iddiaçıdır. İddiaçının arvadı ondan icazəsiz addım belə atmır, amma guya cavabdehdir. Necə cavabdehdirsə etibarnamə verib iddiaçıya ki, onun əvəzindən iştirak etsin, ədalətsiz qərar verən məhkəmə isə həmin formada iştirakı qəbul etmədi. İddiaçı guya arvadının ona etibarnaməni uzun müddət əvvəl başqa niyyətlə verməsini bildirmək üçün qazın suyun işığın müqaviləsini əlavə edib. İddiaçı birinci instansiya məhkəməsində arvadının əvəzindən iştirak etmək üçün cəhd edəndə onun etibarnaməsinin olduğunu demişdir. Yəni, etibarnamə qaza, suya görə yox, arvadını məhkəmədə təmsil etməyə görə istifadə edilmişdir. Adam arvadını cavabdeh kimi qoyduğunu unutmuş, tapşırıq fonunda maraqlı hərəkətlər sərgiləmişdir. Maraqlıdır ki, 160.000 manat pulu Pərvizə ödəməli olan Ramislə guya aralarının pis olduğu arvad apellyasiya şikayəti vermir. Ondan da maraqlısı odur ki, Ramis kənarda ona dediyi bir sözü məhkəmədə də təkrarladı və dedi ki evin satışından əldə edilən pullar ondadı. O, pula dəyilmədiyini, həmin pula heçnə alınmadığını iddia edir. Ramis həm də məhkəmədə boşanma ərəfəsində olduqlarını bildirdi. Birinci instansiya məhkəməsində isə həbsdə olanda arvadı ilə bir dəfə görüşdüyünü və aralarının pis olduğunu demişdi. Lakin onda olan məlumata görə onların təcridxanada və 9 saylı cəzaçəkmə müəssisəsində dəfələrlə qısa və uzun görüşləri, eləcədə telefon danışıqları olmuşdur. Şahid kimi dəvət edilən Elçin adlı şəxs də bu işlərin içində olmuş və o da onunla görüşmüşdür. Elçini evin satılmasında şahid qismində qoyan iddiaçı başa düşmür ki, özü hər şeyi etiraf edir. Elçin adlı şəxs isə Ramisin bacısının əridir. X24 fəaliyyətinin dayandırılması İddiaçı şikayətinə görə deyil. Notairusun işdən çıxması və ya çıxarılmasının bu işə heç bir aidiyyəti yoxdur. Onda belə çıxır həmin notariusun təsdiq etdiyi bütün əqdlər etibarsızdır? Cavabdehin mövqeyi Ramisin evin satışından xəbərdar olması, hər şeyi təşkil etməsi və imza formallığından sui-istifadə edərək Aminat xanımla birgə hərəkət etməsidir. Notarius nəyi düz edib, nəyi səhv edib, Ramisin göstərişi ilə Aminatdan rüşvət alıb, ya almayıb, qanunu pozub, ya pozmayıb onlara maraqlı deyil. Evin alqı satqısında Ramisin qohumları iştirak edib, Aminatın deyil. X28 5 illik faəliyyəti 2025-ci ilin iyun ayında bitdiyinə görə beş illik fəaliyyətin yoxlanılması nəticəsində beş il ərzində yol verdiyi nöqsanlara görə şəhadətnaməsinin müddəti uzadılmamış, fəaliyyətinə xitam verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iş materiallarına Cavabdeh2 adına apostil olunmamış, tərcümə edilməmiş, xx.xx.2022-ci ildə Rusiya Federasiyasında əldə edilmiş və Azərbaycan Respublikasında keçərsiz sayılan saxta subaylıq kağızı əlavə edilmişdir. X5 həmin saxta kağızı əsas götürüb xx.xx.2023 cü il tarixdə qanunsuz əqdi təsdiqləmişdir. xx.xx.2022 ci il tarixdə Cavabdeh2 Qurbanməhəmməd qızı ondan rəsmi razılıq ərizəsi almaq üçün DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmişdir. Müraciətə əsasən İstintaq orqanı Xətai rayon Vunqtau küçəsi ev 11A , 76 nömrəli dörd otaqlı mənzilin satılması üçün 39 saylı notariat ofisinin xüsusi notariusu Rövşən Qasımlının BİT-ə gəlib, onunla görüşüb razılıq ərizəsi almasına etiraz etmir. Lakin o, imtina etmişdir. Notariusun qanunsuz əməlindən Prokurorluq orqanına etdiyi şikayət Xətai Rayon Prokurorluğuna yönləndirilmişdir. X3 qərəzli mövqe tutaraq, heç bir araşdırma aparmadan xx.xx.2024 cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxardı. Həmin qərardan məhkəməyə şikayət vermişdir. xx.xx.2025 ci il tarixdə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmədə X25in qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilib, yenidən araşdırılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. Hal-hazırda araşdırılır. xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinin ləğv olunması üçün iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. xx.xx.2024 cü il tarixdə saat 15:00 da keçirilən məhkəmə hazırlıq iclasında hər iki cavabdeh mənzili satan şəxs Cavabdeh2 və alan şəxs Cavabdeh1 həqiqəti olduğu kimi etiraf etdilər. Bu etiraflar protokoldan çıxarılıb. Lakin Məhkəmənin həmin tarixli video yazısında sübut kimi durur. Belə ki, Aminat ona pul lazım olduğu üçün mənzili satmışdır. Əvvəlcə 32 saylı notariusda Cavabdeh1lə alqı-satqı etmək istəsələr razılıq ərizəsinə görə baş tutmamış, sonradan 18 saylı notariusda həyat yoldaşının rəsmi razılığı olmadığı üçün 2.500 manat rüşvət verməklə, razılıq ərizəsi qarşılığında 10.000 manat girov saxlanılmaqla mənzili satmışdır. Cavabdeh1 isə 4 otaqlı mənzilin super təmirli olduğu uçun, ərazi olaraq əlverişli mövqedə yerləşdiyi üçün, dəyərindən çox ucuz satıldığı üçün və rəsmi razılıq olmadan satıldığını bilə-bilə mənzili almışdır. Cavabdeh1 qanunsuz alqı-satqıya görə notariusa 2.500 manat rüşvət verdiyini inkar etdi ki, bu da normal haldır. xx.xx.2025-ci il tarixdə onun ərizəsi əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 nümayəndəsi iddia edir ki, güya Pərvizin heç nədən xəbəri olmayıb, o, vicdanlı alıcıdır. Halbuki, Cavabdeh1 bütün sənədləri özündə saxlamış, xx.xx.2022-ci il tarixi göstərən rus dilində yazılmış saxta subaylıq sənədi, xx.xx.2022-ci il tarixli 39 saylı Notariusun razılıq ərizəsi üçün BİT-ə gəlmək göndəriş məktubu cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən sübut kimi məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da, qarşı tərəfin səsləndirdiyi bütün arqumentlərdən də aydın olur ki, Cavabdeh1 alqı-satqıdan 5-6 ay əvvəl mənzilin sənədsiz olması barədə məlumatlı olub. 31 yanvar 2023 tarixdə 32 saylı notariusda saxta sənədlə alqı-satqı baş tutmamış, nəhayət 4 gün sonra xx.xx.2023 tarixdə 18 saylı Notarius saxta sənədlə əqdi təsdiqləyir. Bütün bunlar Pərvizin və daha 3 nəfərin şahid kimi iştirakı ilə olmuşdur: X10, X17 və X18. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, iddiaçı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. Mülkiyyətin müdafiəsinə dair iddialara iddia müddəti şamil edilmədiyindən nümayəndənin şikayətinin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, cavabdeh şəxsin və onun nümayəndəsinin apellyasiya şikayətində səsləndirdikləri arqumentlər "nağıldan" başqa bir şey deyil.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə "xxxx" QSC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı ilə hazırki münasibəti belədir ki, nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hər şeyi təhvil almışdır, pulu özü Cavabdeh1 qaytaracaq. Notarius Bakı İstintaq Təcridxanasına gəlməyib və bütün baş verənlərdən, göndərişdən onun məlumatı olmayıb, habelə notarisun gələcəyi barədə də ona məlumat verilməyib. Seyfullanın 70.000 manat əldə etməsi evin qanunsuz satılması reallığını dəyişdirmir. Qanunvericilikdə də bu qeyd olunur. Onun Aminatla əlaqəsi yoxdur. Onunla mülki məsələni həll etmişlər. O, başqası vasitəsilə Aminata məhkəmə iclası barədə məlumat vermişdir, lakin Aminat bu məsələyə qarışmaq istəmədiyini qeyd etmişdir. Bank üzrə faizlərin ona heç bir aidiyyatı yoxdur. Pul hal-hazırda özündədir. Seyfulla onun bacısının qaynıdır və onunla ümumiyyətlə ünsiyyəti olmamışdır. Moskvada olarkən Seyfulla ilə mübahisəsi olmuşdur. O, həbs olunarkən polislər Aminatın qızıllarını götürmüşdülər və bunun nəticəsində onların münasibətləri pozulmuşdu. Polislər onların evinə gəldikdə Aminat uşaqla birlikdə parka getmiş, evdə olmamışdır. Aminat və oğlunu da polis bölməsinə gətirmişdilər, lakin daha sonra onları buraxdılar. Evi satmaqda məqsəd qisas almaq idi. Evi satmaq üçün ilk növbədə Elçinlə birlikdə 30 saylı notariusa getmişlər və orada Aminata bildirilib ki, siz evli olduğunuzdan Ramisin razılığı lazımdır, onun razılığı olmadan ev satıla bilməz. Daha sonra isə Elçinin oğlunun adına 1 həftəlik mülki etibarnamə verilməsini fikirləşirlər, lakin bu alınmır. Növbəti dəfə isə 18 saylı notariusda Elçin, Seyfulla, Pərviz 5.000 manata razılaşaraq evi satmaq üçün Elçin Aminata zəng edir. Aminat notariusa gələrək alqı-satqı müqaviləsini imzalayır, bu müqavilə imzalanarkən otaqda Pərviz, Elçin, Hüseyn və Aminat olmuşdur. 10.000 manat pulun qəbul etməyinin səbəbi onun pulu olması idi. Onun pulu nəyə görə başqasında qalmalıdır ki. Notarius onun razılığı olmadan bu evin satılmasının etibarsız olduğunu bildirmişdir. Qarşı tərəf notariusda bildirmişdir ki, Ramis razılıq vermişdir, notarius buna inanaraq razılıq vermişdir. Aminatın əldə etdiyi pul vəsaiti ondadır. O, Aminata dəfələrlə bildirmişdir ki, notariusa gedib şikayət etsinlər. Seyfulla onun evini öz qardaşı oğlunu polisdən qurtarmaq üçün satmışdır. Həbsdən çıxdıqdan təxminən 1 ay sonra şikayətlərini vermişdir. 2024-cü il idi. Birinci dəfə notariusa getdikdə bu məsələnin araşdırılacağını bildirdilər. Daha sonra isə notarius onu və Aminatı polisə şikayət etməklə hədələdi. O, iddiaçı kimi müraciət etmişdir, onun razılığı olmadan ev satılıb. Aminatın payı artıq özünə çatmışdı.

31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, avqust ayının 29-una kimi məzuniyyətlə əlaqədar kənarda olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməməsini, hər hansı araşdırma aparılmamasını, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

32. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, iddia əsassızdır. Beləki, iddiaçı azadlıqdan məhrum olunur və həyat yoldaşı olan Cavabdeh2 evi satdırır, daha sonra isə məhkəmədə iddia qaldıraraq, evin satılmasından məlumatı olmadığını bildirir. Qeyd edir ki, şəxsin cəza çəkdiyi dövrdə həyat yoldaşı Cavabdeh2 ilə dəfələrlə telefon danışıqları, uzun müddətli görüşləri olmuşdur. Bununla bağlı müvafiq təşkilatlara vəkil sorğusu ilə müraciət etmişdir. İddiaçı əldə etdiyi pul ilə bacısının oğlunun adına ev alır, həmin bacısının oğlu isə iddiaçının həyat yoldaşına etibarnamə verir. İddiaçı həyat yoldaşı ilə boşanma ərəfəsində olduğunu bildirsə də, bu həqiqəti əks etdirmir. Belə ki, hazırda onlar Zabrat ərazisində birlikdə yaşayırlar. Onda olan məlumata görə, iddiaçı 2013-cü ildə evlənməsinə baxmayaraq 2018-ci ildə şəxsiyyət vəsiqəsi alarkən özünün subay olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay olaraq qeyd edilmişdir. Notarius bu səbəblə ona şəxsiyyət vəsiqəsini dəyişdirməli olduğunu bildirmişdir. Təcridxana Zabratda yerləşir. Alaydan keçdikdən sonra sizin heç bir qeydiyyatınız olmur. Əgər görüşməyə gedilirsə, bununla bağlı qeydiyyat şöbəsində qeydiyyat aparılır və əgər qeydiyyat aparılmayıbsa, rejim bunu bilə bilməz və təcridxana da bu barədə məlumata malik ola bilməz. Vəkil təcridxanaya gedərkən bir nəfər üçün gedir, lakin notarius gedirsə, hər beşinci gün 15-20 nəfər üçün gedə bilər. Qarşı tərəf birinci instansiya məhkəməsinin hazırlıq iclasında 160.000 manatdan 70.000 manatı qəbul etdiyini etiraf edir və eyni zamanda bildirir ki, 160.000 manatdan 70.000 manatını 30.000 manat və 40.000 manat olmaqla Seyfullaya vermişdir. Bununla bağlı etiraf hazırlıq iclasında edilmişdir və o, bu iclasın video-audio yazısına baxmaq istədikdə video-audio yazıya baxmağa icazə verilmədi. İddiaçı bunu da qeyd edir ki, onu qurtarmaq üçün bir əmlak da satılmışdır. Cavabdeh2 mənzili həyat yoldaşına kömək etmək üçün satmışdır. Qarşı tərəfə bildirilib ki, 10.000 manat notariusdadır və gedib ordan götürə bilərsən, iddiaçı notariusa getdiyi zaman hədələnib. Qəbzlər də qarşı tərəfin vəkili vasitəsilə materiallara tikilib. Həmin qəbzlərdən 10.000 manatı, digəri isə 699 manatı göstərən qəbzdir. 10.000 manatı öz vəkili vasitəsilə almışdır. 10.000 manatı aldıqdan sonra iddiaçı yenidən pul almaq qənaətinə gəlib. Əgər qarşı tərəf evin satılmağını istəmirdisə, 10.000 manatı nəyə görə qəbul edirdi. Cavabdeh etibarnamələr axtarırdı və bununla bağlı verilmiş sorğuya cavab gözləyirlər. İddiaçı etibarnamələrdən birini səhvən iş materiallarına əlavə edib. xx.xx.2024-cü il tarixli ərizənin qoşması mövcuddur, qoşmada 32 saylı notariusun alqı-satqı müqaviləsinin imtinasını vermək istəyib, bununla onu göstərmək istəyib ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 arasında müqavilənin bağlanması alınmayıb. xx.xx.2023-cü il tarixdə olan başqa bir etibarnaməni iddiaçı səhvən sistemə yükləmişdir. Aminat pulun götürülməsi ilə bağlı Hüseynə etibarnamə vermişdir. Yanvar ayının 23-də isə Hüseyn Aminata baş etibarnamə vermişdir. 31 yanvarda hər ikisi notariusa gedərək Aminat Hüseynə depozitdən pulu götürə bilməsi ilə bağlı etibarnamə vermişdir. Lakin Hüseynin depozitdən pulu götürməsi baş tutmur. 4 fevral tarixdə yenidən müqavilə bağlanır. Seyfulla öz növbəsində öz qardaşının övladının məsələsini həll etməyə çalışmışdır. İddiaçı bildirir ki, 2 ildir ki, Aminatı görmür. Qarşı tərəf özü etiraf edir ki, iddiaçının işini həll etmək üçün yetmiş min manat Seyfullaya verilmişdir. Evin satılmasından iddiaçının iki ay sonra xəbərdar olmasını qarşı tərəf özü etiraf etmişdir, iddiaçı bu barədə şikayət verə bilərdi. Ziyan Seyfulla tərəfindən ödənilib. Aminat qeyd edir ki, ev fevral ayında satılıb, aprel ayında Aminatın adına ev almış və may ayında hökm çıxarılmışdır. Ziyanın bu mövzuya heç bir aidiyyatı yoxdur. İddiaçının həyat yoldaşı yetmiş min manatı iddiaçını qurtarmaq məqsədilə Seyfullaya vermişdir. Ev satıldığı vaxtdan bəri evin hazırki qiyməti qırx min manat artmışdır. İddiaçı hal-hazırda həmin məbləği tələb edir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

35. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı: Bənd 7.8. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz.

36. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə Cavabdeh1 tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. İşdə olan sənədlərlə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 iddiaçı ilə birgə nikah dövründə əvəzli əqd üzrə alınmış və Cavabdeh2 adına dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11a, 76 nömrəli mənzili iddiaçının razılığı olmadan alıcı Cavabdeh1 160.000 manata satmışdır.

42. Belə ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğuna görə müqaviləni təsdiq edən Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X15 onun xx.xx.1997-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək nikahın bağlanması haqqında akt qeydinin mövcud olmaması barədə Dağıstan Respublikası Ədliyyə Nazirliyinin arayışını təqdim etmiş, notarius isə Cavabdeh2 Azərbaycan Respublikasında nikahının qeydə alınıb-alınmamasını yoxlamamışdır.

43. Qanunvericiliyin yuxarıda istinad olunan imperativ normalarına əsasən ərarvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. Həmçinin, hazırki iş üzrə tələb mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması haqqında olduğundan iddia müddəti şamil edilmir. O da qeyd edilməlidir ki, məhkəmə aktı ilə mənzilin əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarılması ipoteka ilə yüklü edilmiş həmin mənzilin ipotekasına xitam verilməsi üçün əsas deyil.

44. Cavabdeh iddiaçının mənzilin satışına razı olduğunu bildirsə də, işdən görünür ki, iddiaçının arvadı Cavabdeh2 Bakı şəhəri 39 saylı Notariat ofisinin xüsusi notariusu X14 onlara məxsus mənzilin satılması məqsədilə razılıq ərizəsinin verilməsi üçün iddiaçı ilə görüşüb müvafiq notariat hərəkətinin aparılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmiş və İdarə tərəfindən buna razılıq verilmişdir. Lakin işə apellyasiya qaydasında baxılarkən verilmiş sorğulara gələn cavablarla müəyyən edilir ki, notarius sözügedən notariat əməliyyatı üçün İstintaq Təcridxanasına daxil olmamış və hər hansı əməliyyat aparılmamışdır.

45. Bu hal ona dəlalət edir ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilin özgəninkiləşdirilməsinə razılıq verməmiş və məhz bu səbəbdən də Cavabdeh2 mənzilin alğı-satqısı zamanı notariusa Dağıstan Respublikası Ədliyyə Nazirliyinin arayışını təqdim etmişdir.

46. İddiaçının mənzilin özgəninkiləşdirilməsinə razılığının olmaması həmçinin onunla təsdiq olunur ki, iddiaçı ona təyin olunmuş cəzanın çəkilməsindən xx.xx.2024-cü il tarixli qərarla azad edildikdən sonra dərhal mənzilin alqı-satqısını rəsmiləşdirmiş notarius barəsində hüquq-mühafizə orqanlarına şikayət ünvanlamış, xx.xx.2024-cü il tarixində isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

47. O da nəzərə alınmalıdır ki, iddiaçının cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan mənzilin alqı-satqısı tarixindən (xx.xx.2023-cü il) bir neçə ay qabaq ödənilmiş və bununla bağlı zərərçəkmiş şəxs X22 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Yəni, iddiaçının barəsində olan cinayət təqibi ilə bağlı mənzilin satışı üçün əsasların olduğu müəyyən edilmir.

48. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mənzilin özgəninkiləşdirilməsi ilə bağlı iddiaçının razılığının olması barədə polis orqanında araşdırma zamanı X7 izahatlarına istinad etsə də, sonuncu izahatında müstəntiqin Bakı İstintaq Təcridxanasına notariusun daxil olmasına razılıq verdiyini, lakin iddiaçının şəxsiyyətini təsdiq edən sənədin sistemdə görünmədiyi üçün notariusa evin alqı-satqısı barədə razılığın verilməsi mümkün olmadığını bildirmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi, notariusun iddiaçı ilə görüşməsi və hər hansı notariat əməliyyatlarının aparılması iş materialları ilə təsdiq olunmur.

49. Bundan başqa, iddiaçı məhkəmə iclaslarında notariusun Seyfulla və “makler”lə birgə 10.000 manatı girov saxladığını, Seyfullanın onun evini öz qardaşı oğlunu polisdən qurtarmaq üçün satdığını bildirmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, həmin məbləğ xx.xx.2024-cü il tarixdə bir bank kredit kartından digər karta köçürülmüş və həmin tarixdə iddiaçı və onun arvadı Aminat X1 qarşı heç bir şikayətinin olmadığı barədə ərizələr vermişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı ilə X10 arasında münasibətlər gərgin olmuş və belə olan halda sonuncunun bildirdikləri hazırki iş üzrə mötəbər hesab edilə bilməz.

50. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının mənzilin satışından əldə olunmuş vəsaiti toplaması sonradan əqdin bəyənilməsi hesab edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ona təyin olunmuş cəzanın çəkilməsindən azad edildikdən sonra dərhal mənzilin qaytarılması istiqamətində hüquqi addımlar atmışdır. İddiaçının bildirdiyinə görə mənzilin pulunu toplamaqda məqsədi mənzilin dəyərini ödəmiş cavabdehə qaytarmaq, mənzili yenidən Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak statusuna qaytarmaq olmuşdur.

51. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-420/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar