Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3043/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-3558/20) iddia təmin olunmuşdur. Cavabdeh İB apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh İB tərəfindən 1202AQ**********5 saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac onun yaşadığı ünvan 1 ünvanında quraşdırılmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixdə bu barədə akt tərtib edilmişdir. Bundan bir müddət sonra o, qaz sayğacına ödəniş edən zaman ödədiyi məbləğin tam yüklənmədiyinin şahidi olmuşdur. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən ona tərtib eidlmiş akt əsasında sözügedən qaz sayğacı dəyişdirildikdən sonra sayğacda nasazlıq aşkar edilmiş və guya bu da sayğaca müdaxilə və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında ona 486 manat məbləğində borc hesablanmışdır. O, istifadə etdiyi qaza görə borcunu hər ay vaxtlı-vaxtında ödəmiş və heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Sözügedən aktda qeyd olunan plomb ona məlum olmayan səbəbdən qırılmışdır. Cavabdeh qaz sayğacına onun tərəfindən müdaxilə edildiyini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermis hadisəyə görə öhdəlik daşımır. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcılarının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar tədqiqatın aparılması Cavabdeh İB-nin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi deyil, təsbitlənmiş müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş külli miqdarda ziyanın ödənilməsidir. İddiaçının nümayəndəsi M.Rəsulov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında akta əsasən **********00030 sayla qeydiyyata alınmış İddiaçı məxsus ünvanda xx.xx.2018-ci il tarixli 58/0308 saylı əsas akt üzrə 2430 kub metr ziyan hesablanmışdır. İddiaçı bununla bağlı ondan tələb olunan 486 manat məbləğində borcun əsassız hesablandığını qeyd edərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, istehlakçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18-ci maddələrinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə düzgün hesablanmamış borcla bağlı cavabdeh qarşısında məsuliyyət daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3043/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3043/2021
31.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver