Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3049/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi eyni zamanda vəkili X2, Cavabdeh və onun nümayəndəsi eyni zamanda vəkili Nümayəndə iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında 22.05.2017-ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə 23.06.2018-ci tarixli əlavədə yeni tikilən mənzilin ümumi ölçüsünün 15% əlavə edilməklə 80 kv.metr mənzillə təmin edilməsi hissəsində dəyişiklik edilməsi və İddiaçı MMC ilə Cavabdeh Mövlüd oğlu arasında 22.05.2017-ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə 23.06.2018-ci il tarixli əlavədə dəyişiklik edilərək mənzil sahəsinin 60,93 kv.metr x 15%= 9,135 kv.metr + 60.93 kv.metr = 70,0695 kv.metr olmasının müəyyən edilməklə dəyişiklik edilməsi, cavabdeh tərəfindən ona əlavə verilmiş 10 kv.metr mənzil sahəsinin dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı ıl tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri Xətai Rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yaşayış binalarının tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 22.12.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 35 ünvanda yerləşən və yaşayış üçün qəzalı və təhlükəli evin əvəzinə müasir tələblərə cavab verən çoxmərtəbəli və çoxmənzilli yaşayış evinin tikintisini həyata keçirməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında 22.05.2017-ci il tarixli 6 nömrəli müqaviləyə və 23.06.2018-ci il tarixində həmin müqaviləyə əlavə edilmişdir. Əlavəyə əsasən yeni tikilən 35 saylı evin 1-ci bloku, 3-cü mərtəbəsi, 9 saylı 2 otaqlı mənzilin cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh yaşadığı iki otaqlı, ümumi sahəsi 60.93 kv.metr-dən ibarət mənzilinin əvəzinə yeni tikiləcək binada 2 otaqlı, lakin mənzilin ümumi ölçüsünün 15% əlavə edilməklə 80 kv.metr mənzillə təmin edilməsini öz üzərinə götürmüşdür. Lakin hazırda müəyyən edilmişdir ki, müqavilədə texniki hesablamalar səhv aparılmış və Cavabdeh Mövlüd oğluna verilməli mənzilin ümumi kvadratı səhv hesablanmış və cavabdehə ümumilikdə 80 kv.metr mənzil sahəsinin verilməsi göstərilmişdir. Halbuki, hazırda aparılmış hesablamalara görə müəssisə tərəfindən Cavabdeh Mövlüd oğlunun mülkiyyətində olan 60.93 kv.metr mənzil sahəsinin 15% artığı 9,1395 kv.metr təşkil edir. (60,93 kv.metr x 15% = 9,135 kv.metr). Deməli 60,93 kv.metr + 9,135 kv.metr = 70,0695 kv.metr mənzil sahəsi Cavabdeh verilməli olduğu halda, faktiki olaraq cavbdehə verilən mənzil sahəsi 80 kv.metr olmuşdur. Bu isə ona dəlalət edir ki, cavabdeh Nadirova 10 kv.metr mənzil sahəsi artıq verilmişdir. Müəssisə Cavabdeh verilmiş artıq mənzil sahəsinə görə vergilər ödəmişdir. Cavabdehlə bağlanmış müqavilədə ona verilməli yeni mənzil sahəsinin texniki səhv nəticəsində çox hesablanması ilə əlaqədar cavabdehə artıq mənzil sahəsinin ödənilməsi təklif olunmuş, lakin cavabdeh ona artıq hesablanmış mənzil sahəsinin ödənilməsi barədə təkliflə münasibət bildirməmişdir. Cavabdehə verilmiş artıq mənzil sahəsi müəssisənin ziyana düşməsi ilə nəticələndiyindən, cavabdeh ona verilmiş artıq mənzil sahəsinin dəyərini ödəməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin xahiş hissəsinin 2-ci bəndində dəqiqləşdirmə etməklə, Cavabdeh tərəfindən ona əlavə verilmiş 10 kv.m mənzil sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla cəmi 10000 manat alınaraq, "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.05.2017-ci il tarixli 6 nömrəli müqavilənin “Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair 23.06.2018-ci il tarixli əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 kv.metr olmasına dair hissələrində dəyişiklik edilərək, mənzilin sahəsinin 69,72 kv.metr olmasının müəyyən edilməsi, Cavabdeh 5426,35 (beş min dörd yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan normaya istinad edilərək iddiaçının iddia tələbinin qismən təmin olunmasına yönələn qətnamənin qəbul edilməsi qanunla yol verilməzdir. Belə ki, sözü gedən normaya o halda istinad oluna bilərdi ki, cavabdeh tərəf müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş olardı. Lakin hazırki vəziyyətdə iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Məhz bu səbəbdən də qeyd olunan norma hazırki mülki iş üzrə istinad edilə bilməz. Belə ki, mülki iş üzrə iş materiallarından da aydın olduğu kimi iddiaçı texniki yanlışlığa yol verilməsinə istinad edərək öz üzərinə götürdüyü 92.9 kv.metr sahəyə malik mənzilin təhvil verilməsindən boyun qaçırır. Cavabdeh isə bu günədək öz üzərinə götürdüyü öhdəliyi qanuni şəkildə icra etmiş, 02.05.2017-ci il tarixli, 6 nömrəli müqaviləyə 23.06.2018-ci il tarixli əlavədə də əlavə edilmiş 12.9 kv.metr üçün 7000 manat məbləğində pul ödəyərək öhdəliyini icra etdiyini bir daha sübuta yetirmişdir. Beləliklə, iddiaçı müqavilə şərtlərini pozaraq cavabdehə ziyan vurmuşdur, cavabdehin qarşı tərəfə vurduğu hər hansı bir zərərdən söhbət belə gedə bilməz. Bununla yanaşı hazırki mübahisədə isə ümumiyyətlə hər hansı əhəmiyyətli dərəcədə şəraitin dəyişməsi müşahidə olunmuş, ümumiyyətlə əhəmiyyətli dərəcədə şəraitin dəyişməsindən söhbət belə gedə bilməz. Belə ki, əgər müqavilə bağlanıldıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı olmuş olsa idi bu fakt məhkəmədə qanunamüvafiq olaraq sübuta yetirilərdi. Hər hansı bir şəraitin dəyişməsi faktı nə məhkəmədə sübuta yetirilməmiş, nə də ki məhkəmənin yekun qətnamə aktında öz əksini tapmamışdır. Eyni zamanda hazırki mülki iş üzrə iddiaçının öz üzərinə götürdüyü öhdəliyin hansı hissədə ictimai mənafeyi zidd olacağına, xeyli dərəcədə zərər vurulmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir, məhkəməyə buna dair hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa, həmin müqavilənin dəyişdirilməsi cavabdeh tərəfə xeyli dərəcədə ziyan dəyməsi ilə nəticələnir. Məhz bu səbəbdən də, məhkəmə mülki işi tam, obyektiv, hərtərəfli araşdırmalı idi. Beləliklə, məhkəmə iddiaçının müqavilə dəyişdirilməsi tələbinin cavabdehin vəziyyətinə nə dərəcədə təsir etməsi, xeyli dərəcədə ona ziyan vurması məsələsini göz ardı etmişdir. Məhkəmə sözü gedən müqavilənin sadəcə iddiaçı tərəfin vəziyyətini dəyişdirdiyinə istinad etmişdir. Lakin cavabdehin müqavilənin dəyişdirilməsi nəticəsində maddi ziyana məruz qalacağına, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməməsinə isə toxunmamışdır. Bu da birtərəfli qaydada məhkəmə yekun aktının qəbul edilməsinə əsas verir. Həmçinin qeyd edilməlidir ki, sözü gedən müqavilə pilot layihə əsasında bağlanılmışdır. Belə ki, Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydada mülkiyyətçilərlə iddiaçı arasında müqavilə bağlanılmış, qəzalı vəziyyətdə olan binalarında yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə layihə əsasında razılığa gəlinmişdir. Cavabdeh hər hansı bir mənzilin təmiri üçün MTK ilə razılaşmamışdır, məhz pilot layihə əsasında tərəflər razılığa gələrək mənzilin təmir edilməsini qərarlaşdırmışdır. İddiaçı tərəfin isə texniki yanlışlığa yol verməsi digər tərəfin məsuliyyətinə səbəb olmur, müqavilənin dəyişdirilərək şəxsin hüquqlarına toxunulmasına əsas vermir. Bütün bunlar bir daha onu təsdiq edir ki, qeyd olunan ədalətsiz qətnamə məhkəmə qaydasında ləğv edilməlidir. Tərəf özünün etdiyi texniki yanlışlığı qəbul eədərək iddia tələbinin təmin olunmasına istinad edə bilməz. Əgər cavabdeh ümumi göstərilən məbləğin 80 kv.metr deyildə 70.0695 kv.metr olduğunu bilsə idi verilmiş mənzil sahəsi ilə razılaşmazdı. MMC-in texniki yanlışlığa yol verməsi cavabdehin vəziyyətini əsaslı dərəcədə pisləşdirir. Belə olduğu halda cavabdeh tərəf nə üçün iddiaçının yol verdiyi yanlışlığa görə məsuliyyət daşımalıdır. Qeyd edir ki, mübahisənin əsasını təşkil edən 22.05.2017-ci il tarixli müqavilədə eyni zamanda müqaviləyə 1 il 1 ay sonra edilmiş 23.06.2018-ci il tarixli əlavədə 60.63 kv.metr sahədən ibarət mənzil sahəsinin təmir olunaraq 80 kv.metr sahə ilə dəyişdirilməsi razılaşdırılmış və razılıq ifadəsinin əksi kimi müqavilə imzalanmışdır. Bundan bir neçə il sonra imzalanmış 23.06.2018-ci il tarixli əlavədə də cavabdeh təvil verilməli olan 80 kv.metr sahəyə malik mənzilin əvəzinə 92.9 kv.metr mənzilin verilməsi müqabilində əlavə verilən 12.9 kv.metr sahə üçün 7000 manat pul ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi imzalanmış əlavəyə müvafiq olaraq iddiaçı cavabdehə 80 kv.metr sahəyə malik mənzilin verilməsini qəbul etmiş, əlavə sahə üçün isə ödənişin alınması da şərtləndirilmişdir. Bütün bunlardan bir daha aydın olur ki, iddiaçı texniki yanlışlığa yol vermiş olsa belə bu cavabdehin məsuliyyət daşımasına və yol verilmiş yanlışığa görə iddiaçının xeyrinə pul vəsaitinin ödənilməsinə əsas vermir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, mülkiyyətində olan mənzil pilot layihə çərçivəsində sökülmüş və ona iddiaçının tikdiyi binadan mənzil verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilə bağlanan vaxtı isə müqavilənin şərtləri razılaşdırılmışdır. Müqavilədə 80 kv.m-dən aşağı kv.m qeyd edilsə idi bununla razı olmayacaqdı. Eyni zamanda qeyd edir ki, həmin müqavilədən 4 ildən çox vaxt keçdikdən sonra iddiaçının müqavilədə səhvə yol verməsi əsası ilə hazırki iddia ilə çıxış etməsi əsassızdır. Məhkəmənin iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdehla iddiaçı arasında olan razılaşmaya əsasən cavabdehə iddiaçının tikdiyi binadan 80 kv.m sahəyə malik mənzil verilməli idi. Lakin iddiaçı tərəf müqavilə bağladıqdan sonra binada 80 kv.m sahənin əvəzinə 92.9 kv.m sahəyə malik mənzil verilməsi təklif edilmiş və cavabdeh də bunu qəbul etməklə əlavə ödəniş etmişdir. Hazırda iddiaçı ilk müqavilədə səhvə yol verdiyini bildirsə də bu real deyil, çünki iddiaçı tərəf ən azından müqaviləyə əlavə bağlanarkən səhv var idisə bunu müəyyən edə bilərdi. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi eyni zamanda vəkili X5 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, MMC-də həyata keçirilmiş vergi yoxlamaları nəticəsində vətəndaşlarla bağlanmış müqavilələr yenidən nəzərdən keçirilmiş və cavabdehlə bağlanmış müqavilədə səhvə yol verildiyi müəyyən edilmişdir. Halbuki MMC-nin tərtib etdiyi bukletlərdə cavabdehin istədiyi sahəyə malik mənzil olmamışdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayəti ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı 04.03.2021-ci il tarixli arayışından görünür ki, X10, X3, X6, X7, X1, X14, X12 və X8 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 35 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 857/2021 saylı 30.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qərardan həçinin görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.07.2021-cı il tarixli, 10/1175 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən Cavabdeh məxsus mənzil üzrə tədqiqat aparılmışdır. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsi cəmi 88,09 kv.metrdir. Qeyd olunmuşdur ki, Cavabdeh məxsus mənzildə təmin işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmir işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin sahəsini azalmasına səbəb olduğu müəyyən edilmişdir. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan Cavabdeh məxsus mənzillə eynilik təşkil edən mənzilin ümumi sahəsi, eləcədə tikililərinin cəmi sahələri 93,02 kv.metrdir. Aparılmış tədqiqat nəticəsində "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 22.05.2017-ci il tarixli 6 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilən yeni binada Cavabdeh Müvlud oğluna verilmiş mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 88,09 kv.m təşkil edir. Qeyd olunur ki, iddiaçıya məxsus mənzildə təmir işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmin işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzil sahəsinin azalmasına səbəb olmuşdur. Bundan başqa "xxxx" MMC tərəfindən inşa edilmiş binada iddiaçıya verilmiş mənzil ilə eynilik təşkil edən digər təmirsiz mənzilə baxış keçirilərək, ölçü işləri aparılmışdır. Tədqiq olunan iddiaçıya məxsus mənzil ilə eynilik təşkil edən mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 93.02 kv.metr təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9543/2021 saylı 13.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-857/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış 6 nömrəli 22.05.2017-ci il tarixli müqavilədən görünür ki, MMC qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında mülkiyyətçinin mülkiyyətində olan 60,63 kv.metrdən ibarət olan mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə əlavə 15% əlavə etməklə tikiləcək binanın 1-ci blokunda 80 kv.metrdən ibarət 3-cü mərtəbədə 9 saylı mənzili mülkiyyətçinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan olan İddiaçı MMC ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış 6 nömrəli 22.05.2017-ci il tarixli müqaviləyə 23.06.2018-ci il tarixli əlavənin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında mülkiyyətçinin mülkiyyətində olan 60,63 kv.metrdən ibarət olan mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə, 80 kv.metr əvəzində sahəsi 92,9 kv.metr olan mənzil götürmüş və 12,9 kv.metr sahə üçün 7000 manat pul ödəyir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə və müqaviləyə əlavədə təhvil verilməli mənzilin sahəsinin səhv yazılması nəticəsində, iddiaçının müqavilənin əsasında durmuş təsəvvürləri yalnış çıxmışdır. Bununla da, şərait əhəmiyyətli dərəcədə dəyişmiş və iddiaçıya maddi ziyan dəymişdir. Bununla da Tərəflər arasında bağlanmış 6 nömrəli müqavilənin “Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair 23.06.2018-ci il tarixli əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 kv.metr olmasına dair hissələrində dəyişiklik edilərək, təhvil verilməli olan mənzilin sahəsi 69,72 kv.metr (60,63+ (60,63x15/100)) olaraq göstərilməli və əlavə olaraq təhvil verilmiş 10 kv.metr sahə üçün ödənilməli olan 5426,35 manat (23.06.2018-ci il tarixli müqaviləyə əlavədə 12,9 kv.metr sahə üçün 7000 manat ödənilirsə, o zaman hər kvadrat metr üçün cəmi 542,63 manat ödənilməli və 10 kv.metr üçün həmin məbləğ 5426,35 manat etməlidir) məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən qəzalı vəziyyətdə olan ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli 8 mənzilli yaşayış binası söküldükdən sonra, həmin binada 60,63 kv.metr sahəsi olan mənzilin mülkiyyətçisi Cavabdeh yeni tikiləcək binada əvvəlki mənzilinin ümumi sahəsi olan 60,63 kv.metrə 15% əlavə edilməklə 80 kv.metr yeni mənzil təhvil verilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 60,63 kv.metrə 15% əlavə edilməklə 80 kv.metr yeni mənzil təhvil verilməlidir ki, bu zaman cavabdeh mülkiyyətində olan 60,63 kv.metrə 15% əlavə hesablanmasını deyil, məhz konrekt olaraq göstərilmiş 80 kv.metr sahəli mənzilin verilməsi ilə razılaşdırılmışdır. Bu zaman müqavilədə 80 kv.metr sahəli mənzilin verilməsi razılaşdırılmış olmasa idi cavabdeh bu formada müqavilə bağlamaya bilərdi. Digər tərəfdən iş materiallarından göründüyü kimi tərəflər həmin müqaviləyə 23.06.2018-ci il tarixli əlavə ilə həmçinin razılaşdırmışlar ki, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında mülkiyyətçinin mülkiyyətində olan 60,63 kv.metrdən ibarət olan mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə, 80 kv.metr əvəzində sahəsi 92,9 kv.metr olan mənzil götürmüş və 12,9 kv.metr sahə üçün 7000 manat pul ödəyir. Bununla da iddiaçı tərəf müqaviləyə əlavə bağlamaqla tərəflər arasında bağlanmış 6 nömrəli 22.05.2017-ci il tarixli müqavilədə cavabdehə 80 kv.metr sahədə mənzil verilməsini sonrakı hərəkətləri ilə qəbul etmişdir ki, iddiaçının qeyd olunan müqavilədə göstərilən sahəli mənzilin cavabdehə verilməsini razılaşdırılması hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış 6 nömrəli 22.05.2017-ci il tarixli müqavilədə göstərilən mənzilin sahəsinin səhv olaraq qeyd edildiyini göstərmişdir ki, bu hal özlüyündə iddiaçının müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması və şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, tərəflər ilk olaraq 80 kv.m sahədə mənzilin verilməsini razılaşdırmışlar, sonradan müqaviləyə əlavə bağlamaqla həmin sahəni 92,9 kv.metr olan mənzillə əvəz etmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddiaçının müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxmasına və şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsinə istinad etməsi işin faktiki halları baxımından düzgün olmamışdır və bununla da birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilənin dəyişdirilməsi hissəsində əsassız olduğundan iddia tələbi cavabdehdən pulun tutulması hissəsində də əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC ilə Cavabdeh arasında 22.05.2017ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə 23.06.2018-ci tarixli əlavədə yeni tikilən mənzilin ümumi ölçüsünün 15% əlavə edilməklə 80 kv.metr mənzillə təmin edilməsi hissəsində dəyişiklik edilməsi və İddiaçı MMC ilə Cavabdeh Mövlüd oğlu arasında 22.05.2017-ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə 23.06.2018-ci il tarixli əlavədə dəyişiklik edilərək mənzil sahəsinin 60,93 kv.metr x 15%= 9,135 kv.metr + 60.93 kv.metr = 70,0695 kv.metr olmasının müəyyən edilməklə dəyişiklik edilməsi, Cavabdeh tərəfindən ona əlavə verilmiş 10 kv.m mənzil sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla cəmi 10000 manat alınaraq, "xxxx" MMC-nə ödənilməsi» barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödəmiş olduğu rüsumunun məbləği isə onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3049/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3049/2022
20.04.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver