Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3049/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(006)- 659/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilinin Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 4ə-77 saylı bağışlama müqaviləsinin, Cavabdeh1 adına aparılmış mülkiyyət hüququnun qeydinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X10 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 90 saylı mənzil olmuşdur. xx.xx.1936-cı il təvəllüdlü bacısı X13 vəfat etdikdən sonra Bakı şəhəri 29 saylı notariat ofisində 22 may 2023-cü il tarixdə vərəsəlik işi açılmış və iddiaçı vərəsə qismində müəyyən olunmuşdur. Lakin, buna qədər bacısın əmlakına dair əhəmiyyətli müqavilə bağlanmışdır. Belə ki, 18 mart 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən bacısının əmlakı etibar edilən şəxs Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Göstərilən hal iddiaçıya indi məlum olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən bacısı X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, buna baxmayaraq, xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən bacısı X13 guya Cavabdeh2 etibarnamədə göstərilən hüquqları etibar etmişdir. Bu halda həmin etibarnamə tamamilə qanunsuzdur. Təbii olaraq həmin etibarnamə əsasında edilən hərəkətlər, başqa sözlə bağışlama müqaviləsi də qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(006)- 659/2024 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, X5 iddiaçının bacısı olmaqla yaşlı və xəstə olmuş, Cavabdeh1 tərəfindən iddiaçıdan gizlədilmiş, ona iddiaçının ölməsi bildirilmişdir. X13 fəaliyyət qabiliyyətli olmamış, Cavabdeh1 isə onun bu vəziyyətindən istifadə edərək əmlakını ələ keçirmək məqsədilə adından etibarnamə almış və mərhumun mənzilinin bağışlama yolu ilə adına keçirmişdir. İddiaçı əvvəllər də bir neçə dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, daha əvvəl Cavabdeh1 adına alınmış digər etibarnamənin etibarsız sayılmasına nail olmuş, lakin cavabdehlər tərəfindən başqa etibanamənin alınaraq, mərhumun mənzilinin özgəninikləşdirilməsindən məlumatlı olmamışdır. Halbuki, iddiaçının ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən bacısı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət olunmuşdur. İddiaçı bacısının qanun üzrə vərəsəsidir, bu barədə məhkəmə qətnaməsi vardır və notariat orqanında vərəsəlik işi açılmışdır. Lakin, miras əmlak qanunsuz özgəninikləşdirildiyindən hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X5 onun xalası olmuş, ona uzun müddət özü baxmış, qayğısına qalmışdır. İddiaçı isə bacısı ilə maraqlanmamış, ona baxmamışdır. Mərhum X4 olmuş, hərəkətlərinin mənasını dərk etmiş, mənzili ona bağışlamaq sahəsində iradə ifadəsi olmuşdur. Hesab edir ki, iddia tam əsassızdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh2 və ünvan 2 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 90 saylı mənzilin X10 mülkiyyətində olması, sonuncunun iddiaçının bacısı, Cavabdeh1 isə xalası olması, qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(006)-1089/2016 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə bacısı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, bundan sonra, yəni 17 fevral 2016-cı il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda sonuncunun adından Cavabdeh2 adına daşınmaz əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsi səlahiyyəti də daxil olmaqla müvafiq etibarnamənin rəsmiləşdirilməsi, həmin etibarnamə əsasında təmsilçi kimi Cavabdeh2 tərəfindən X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 90 saylı mənzilin Cavabdeh1 bağışlanması, bu barədə həmin şəxslər arasında Bakı şəhəri 6 saylı notariat kontorunda 18 mart 2016-cı il tarixli bağışlama müqaviləsinin rəsmiləşdirilməsi, X10 11 may 2019-cu il tarixdə vəfat etməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(006)-27/2018 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış X13 tərəfindən Cavabdeh1 və onun əsasında 40 saylı Notariat kontorunda 24 dekabr 2015-ci il tarixdə 7E-6493 nömrəsi ilə qeydə alınmış X7 verilmiş etibarnamələr etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X13 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, onun etibarnamə verilməsi ilə bağlı iradə ifadəsi etibarlı sayıla bilməz, bu səbəbdən də etibarnamələr (birtərəfli iradə ifadəsi) etibarsızdı. Həmçinin, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1091/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı DNK-na qarşı iddiası qismən təmin olunmuş, İddiaçı X2 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müddəti üzrlü hesab edilərək uzadılmışdır (işdə olan Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilən 07 iyun 2023-cü il tarixli, 1020№-li arayışdan görünür ki, 11 may 2019-cu il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaka dair, bacısı İddiaçı müraciəti üzrə 22 may 2023-cü ildə vərəsəlik işi açılmışdır). Eyni zamanda, işdə olan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 140 saylı 25 aprel 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh1 xalası xx.xx.1936-cı il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfin mövqeyinə (iddiasına) görə - X5 fəaliyyət qabiliyyətli olmamış, yəni özünü idarə etmək, hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onlara rəhbərlik etmək (əqddə həqiqi iradə ifadəsini həyata keçirmək) iqtidarında olmamışdır. Cavabdeh1 bu halları bilsə də, məqsədi mərhumun əmlakını ələ keçirmək olmuş, bu səbəbdən mərhumun adından qohumu Cavabdeh2 adına etibarnamə almış və mərhumun mənzilinin bağışlama yolu ilə adına keçirilməsinə nail olmuşdur. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən göstərmişdir ki, iddiaçı 27 yanvar 2016-cı il tarixdə bacısı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamənin qəbulundan sonra mərhumə bacısı tərəfindən guya Cavabdeh2 verilən etibarnamənin tamamilə qanunsuz olmasını göstərsə də, həmin etibarnamənin onun tərəfindən mübahisələndirilməsi, bu etibarnamənin ləğv edilməsi və ya etibarsız sayılması işin materiallarından görünmür. Əksinə, işin materiallarından görünür ki, iddiaçı mərhumə bacısı tərəfindən Bakı şəhəri, 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E- 22941 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh1 verilən etibarnaməni mübahisələndirmiş və məhz bu etibarnamə etibarsız sayılmışdır. Beləliklə də, göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması üçün əsas olan X13 tərəfindən xx.xx.2016-cı ildə Bakı şəhəri, 52 saylı Notariat X1 verilmiş etibarnamə ləğv edilməmiş və buna görə də məhkəmə hesab edir ki, qeyd edilən etibarnamənin əsasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4ə-77 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni mübahisə predmeti olan əqdin mübahisələndirilməsi üçün tələb hüququnun mövcudluğu; 2) Əgər müvafiq sübyektiv hüquq mövcuddursa, cavabdehlərin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Yuxarda da qeyd edildiyi kimi, iddiaçı X2 bacısı olmaqla, onun qanun üzrə vərəsəsidir. Bununla yanaşı, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından (yuxarıda ətraflı şərh olunmuşdur) görünür ki, iddiaçının əvvəlki iddiaları üzrə - X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, həmçinin Bakı şəhəri 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış X13 tərəfindən Cavabdeh1 və onun əsasında 40 saylı Notariat kontorunda 24 dekabr 2015-ci il tarixdə 7E-6493 nömrəsi ilə qeydə alınmış X7 verilmiş etibarnamələr etibarsız hesab edilmiş, bununla yanaşı İddiaçı tərəfindən X2 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müddəti üzrlü hesab edilərək uzadılmışdır və s. Qeyd edilən məhkəmə aktları özü-özlüyündə iddiaçının müvafiq subyektiv (tələb) hüququna malik olmasını müəyyən edir. Bununla yanaşı, iddiaçı X2 qanun üzrə vərəsəsi kimi sonuncunun hüquqlarının pozulması ilə əmlakından məhrum olmasına səbəb olan halları mübahisələndirməkdə şübhəsiz ki, subyektiv hüquqlara malikdir. Bu hüquq vərəsəlik hüququnun tələblərindən irəli gəlir (Mülki Məcəllənin 1133, 1145, 1146, 1151, 1159, 1255 və s.) Eyni zamanda iddia da əsaslıdır. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qeyd olunmalıdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmçinin qeyd edilməlidir ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Mülki Məcəllənin 28-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların bağladığı əqdlər əhəmiyyətsizlik səbibilə özü-özlüyündə etibarsızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(006)- 1089/2016 saylı qətnaməsindən və həmin icraat üzrə alınmış məhkəmə psixiatrik ekspertizasının 03 dekabr 2015-ci il tarixli rəyindən açıq-aşkar (mübahisəsiz) müəyyən olunur ki, 1936-ci il təvəllüdlü X11 QOCALİQ (SENİL) PSİXOZU müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – bələdliyin pozulması, ünsiyyətdi qeyri-adekvat olması, cəfəng məzmunlu sayıqlama fikirləri söyləməsi, yaddaş və intellekt funksiyalarının zəifləməsi və s. sübut edir. X13 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında həmçinin vurğulamışdır ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. X19 Məhkəməsinin presedent hüququna əsasən köməksiz vəziyyətdə olan şəxsin mülkiyyətinin müdafiəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən dövlətin pozitiv öhdəliyini təşkil edir və belə mübahisələrə qeyd edilən maddə tətbiq olunur. Bu zaman məhkəmə, maraqların ziddiyyətinin olub-olmamasını, köməksiz vəziyyətdə olan şəxsin ailə və əmlak vəziyyətini, mənafelərinin müdafəsini nəzərə almalıdır («S.L. və J.L. Xorvatiyaya qarşı» xx.xx.2015-ci il tarixli Qərar, eləcə də fiziki 6 şəxslər arasında mübahisələr zamanı - tərəflərdən biri köməksiz vəziyyətdə olan şəxs çıxış etdikdə - 1 saylı Protokolun 1-ci maddəsinə əsasən Dövlətin pozitiv öhdəliyinin yaranması ilə bağlı “Zehentner Avstriyaya qarşı” xx.xx.2009-cu il tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, istər etibarnamə verilən zamanı, istərsə də həmin etibarnamə əsasında cavabdehlər tərəfindən X10 mülkiyyətində olan müvafiq yaşayış sahəsinin özgəninikləşdirilməsi həyata keçirilərkən sonuncunun buna iradə ifadə mövcud olmamış, o ümumiyyətlə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır (etibarnamənin qüvvədə olması, onun ləğv edilmədiyi halda bağışlama müqaviləsinin etibarlı olması və s.). Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi etibarnamənin ləğv olunmaması, əqd rəsmiləşdirilən zamanı qüvvədə olması vəziyyəti dəyişdirmir. Yuxarıda da qeyd edildiy kimi əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.3-cü mad.) Yəni, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 sonradan X2 qəyyumu təyin olunması halı da əqdi etibarlı hala gətirmir. Yəni, Cavabdeh1 sonradan qəyyum kimi həmin əqdi bəyənməsi halı mümkün deyildir, çünki əqd bilavasitə onun özü ilə bağlanmışdır. Belə olan halda isə onun özünün xeyrinə olan əhəmiyyətsiz əqdi bəyənməsi hüquqdan sui-istifadə olmaqla, yolverilməzdir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Eyni zamanda cavabdeh tərəf də yuxarıda qeyd olunanların əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində əsaslıdır. Qeyd edilən əqd etibarsız olduğundan, onun hüquqi nəticələri, yəni həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeyd) da ləğv edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(006)- 659/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasi şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(006)-659/2024 saylı qətnaməsi ləğv edilsin, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilsin. X2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilinin Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 18 mart 2016-cı il tarixli, 4ə-77 reyestr saylı bağışlama müqaviləsi etibarsız sayılsın və həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeyd və adına verilmiş çıxarış ləğv olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3049/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3049/2024
30.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver