Məhkəmə qərarları › İş №2(103)-3053/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3053/2024

14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3053/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1390/2024 nömrəli 04 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin əməkdaşları və iddiaçının iştirakı ilə tərtib edilmiş 11 aprel 2023-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən iddiaçıya məxsus mənzildən sayğac çıxarılmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 27 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5-4349-1 nömrəli akta əsasən iddiaçının evindən götürülmüş sayğaca baxış keçirilmiş, xx.xx.2023-cü il tarixə elektron göstərici 2243 kubmetr olmuşdur. Sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomblarının kəsildiyi, istismara yararsız olduğu göstərilmişdir. Həmin akt əsasında cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, dəymiş ziyanın hesablanmalı olduğu göstərilmişdir.

3. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnaməyə görə iddiaçının evi ilə bağlı qaz sayğacının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 12960 m3 müəyyən edilmişdir.

4. Abonentin saldosuna əsasən 2023-cü ilin yanvar ayına qalıq və aktlar üzrə iddiaçıya 12960 m3 qazın sərfiyatına görə ziyan hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı əsassız hesablanmış 1624,65 manat borc məbləğin hesab kodundan (kod: **********13400) silinməsi, Cavabdeh İB tərəfindən onlara vurulmuş 480 manat maddi ziyan (2021-ci ilin sentyabrında onların mülkləri sayılan iki ədəd smart tipli sayğacın qiyməti) və onlara şər ataraq şərəf və ləyaqətlərini təhqir etdikləri üçün 5000 manat təzminat ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı 1624,65 manat borc hesablanmışdır. İB işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Haqqında akt tərtib edilmiş sayğac, hələ 2021- ci ilin sentyabr ayında İB “qoçuları” tərəfindən onlara xəbər vermədən oğurluq olaraq onların smart tipli iki sayğaclarını oğurlayaraq yerinə quraşdırılmış sayğaclardan biridir. Bu barədə İB direktoruna müraciət etmişlər. Sayğac onların mülkiyyəti hesab edilir və onlardan xəbərsiz götürülməsi oğurluq sayılır. Yeni quraşdırılmış sayğaclar isə həmin oğru dəstə tərəfindən quraşdırılarkən yenə də istehlakçı hüquqları da pozulmuşdur, bu sayğacların onlar tərəfindən qəbul edilməsinə dair heç bir sənəd yoxdur. Müraciətlərindən sonra yalnız sayğaclardan biri smart tipli sayğacla dəyişdirilmiş və akt tərtib olunmuşdur. Lakin köhnə sayğacın yoxlanılması onların iştirakı olmadan həyata keçirilmiş və borc hesablanmışdır. Sayğaca heç bir müdaxilə olunmamış, sayğacda heç bir qüsur olmamışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 mart 2024-cü il tarixli 2(001)-1390/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev üzrə (abonent kodu: **********13400) hesablanmış 1555,2 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iddianın 1624,65 manat borcun silinməsi hissəsinə dair qeyd etmişdir ki, bu məbləğin iddiaçı tərəfindən hansı mənbədən müəyyən etdiyi məlum deyil. Belə ki, ******* saylı akta əsasən iddiaçıya “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, iddiaçının evi ilə bağlı qaz sayğacının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 12960 m3 müəyyən edilmişdir. Cavabdeh ziyanı 1555,2 manat məbləğində dəyərləndirmişdir. İddiaçıya borcun hesanlanmasına əsas olan xx.xx.2023-cü il tarixli akt məhz cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” akt əsasında tərtib edilmişdir. Sayğacda aşkar edilən “müdaxilə” olmuşdur ki, bu da vizual görülə bilən müdaxilə olmadığından xx.xx.2023cü il tarixdə həmin sayğac iddiaçının evindən götürülərkən tərtib edilmiş aktda bu barədə qeyd aparılmamışdır. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Hazırkı halda isə qaz sayğacına iddiaçı tərəfindən hər hansı müdaxilənin edilməsi sübut olunmur.

9. İddiaçı 480 manat maddi zərərin vurulmasını maddi hüquq normaları ilə əsaslandırmamaqla yanaşı, bu zərərin nədən qaynaqlandığını, cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsinə əmələ gəldiyinidə əsaslandıra bilməmişdir.

10. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu, zərərin əvəzinin 5000 manat təşkil etdiyini göstərsə də, mənəvi zərərin konkret nədən ibarət olmasını, habelə, zərərin miqdarının 5000 manat olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən, iddia mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Məcəllənin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - “İddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsi, iddianın tamamilə təmin edilməsi və Cavabdeh İB tərəfindən onlara vurulmuş 480 manat maddi ziyanı (2021-ci ilin sentyabrında onların mülkləri sayılan iki ədəd smart tipli sayğacın qiyməti), 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayınadək akt yazılmış sayğacın əvəzinə quraşdırılmış “Smart-kart” tipli sayğaca kartla ödəmələrdə ödənişlərin 50% qanunsuz tutulan ziyanın hesablanmasından alınan maddi ziyanın və şər ataraq şərəf və ləyaqətlərinizi təhqir etdikləri üçün 5000 manat təzminat ödəmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, vaxtı ilə smart sayğaclar quraşdırılarkən, Azəriqaz İB-nin Binəqədi qaz idarəsi, həmin sayğacların qiymətinin 240 manat olması və bu məbləğin abonentlər tərəfindən ödənilməli olmasını bildirilmiş və hər dəfə qaz üçün karta pul yükləyəndə həmin məbləğin 50%-i borc kimi tutulmuşdur. Cavabdehin ona qarşı olan hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab, baş ağrısı, həyəcan hissləri keçirtmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. İddiaçı cavabdeh tərəfindən onlara vurulmuş 480 manat maddi ziyan (2021-ci ilin sentyabrında onların mülkləri sayılan iki ədəd smart tipli sayğacın qiyməti) və onlara şər ataraq şərəf və ləyaqətlərini təhqir etdikləri üçün 5000 manat təzminat ödənilməsini tələb etmişdir.

28. Kollegiya hesab edir ki, məhkəmə bu hissələrdə iddia tələbinin rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.

29. İddiaçı iki ədəd sayğacın dəyəri olaraq 480 manatın cavabdehdən tələb edilməsi hissəsində tələbini əsaslandıra və sübut edə bilməmiş, məhkəmə də haqlı olaraq həmin tələbi təmin etməmişdir. İddiaçının həmin tələbi əsassızdır.

30. Məhkəmə mənəvi zərər tələbini də təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.”

32. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.

33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1390/2024 nömrəli 04 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə (maddi və mənəvi zərər) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar