Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3056/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 65000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşmədiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Aytəkin Əsədzadə) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, faktiki sahibliyində və istifadəsində olan daşınmaz əmlaka dair cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, onların həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Sökülməsi tələb edilən daşınmaz əmlaka cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan hazırkı iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının “sübutların yerində müayinəsi və yerli baxış kimi hərəkətlərin həyata keçirilməsinin mümkünlüyünü praktiki baxımdan təmin etməklə bağlıdır” hissəsi ilə bağlı qeyd edilməsi zəruridir ki, mülki işə məhkəmənin yanaşdığı nöqteyi nəzərdən yanaşırıqsa, onda sübutların yerində müayinəsi, yerli baxış, eləcə də ekspertiza hərəkətlərinin keçirilməsi ilə bağlı mülki işlər yurisdiksiya üzrə paytaxt Bakı şəhərinin məhkəmələrində baxılmalıdır. Üstəlik qeyd edilən əsaslandırma prosessual qanunvericiliyin müddəları ilə ziddiyyət təşkil edir. Məhkəmənin 27 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbindən görünür ki, o, qanuni sahibin (iddiaçının) hüquqlarının pozulmasının aradan qaldırılması (özbaşına tikilinin sökülməsi) ilə bağlıdır. Kollegiya hesab edir ki, baxılan iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyət məsələsini tənzimləyən 39-cu maddəsinin təsir dairəsinə düşür, bu səbəbdən mübahisə predmetinin Yasamal rayonunun inzibati ərazi hüdudlarında yerləşdiyini nəzərə alaraq, hazırkı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, cavabdehin konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilir: ”Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxınmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqları məhkəmə təminatı hüququ ilk növbədə qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasın nəzərdə tutur”. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Beləliklə kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin vəsatətini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmaqla qanuni və əsaslı qərardadın ləğvi üçün əsas yaratmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1454/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3056/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3056/2025
07.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver