Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3060/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh Şəhla İslamovanın, onun nümayəndəsi, vəkil Emin Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6892/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı (üçüncü şəxslər Bakı şəhəri 18 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) bağışlanmasına dair mərhum X9 ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib, işin faktiki halları araşdırılmayıb, sübutlara tam və obyektiv qiymət verilməyib. Bağışlama müqaviləsinin həyata keçirilməsi ilə bağlı notariat ofisinə müraciət xx.xx.2019-cu il tarixdə daxil olub, bununla bağlı notariat hərəkəti aparılıb, müqavilə tərəfə xx.xx.2019-cu il tarixdə təqdim edilib. İş materiallarından da görünür ki, müqavilədəki fotoşəkillər xx.xx.2019-cu il tarixdə saat 18:55-də çəkilib, əmlakın yüklülüyü barədə arayış xx.xx.2019-cu il tarixində verilib. Beləliklə, Mina Aslanova xx.xx.2019-cu il tarixdə ölüb, onun adından hərəkətlər isə xx.xx.2019-cu il tarixdə icra edilib. İşin halları göstərir ki, xx.xx.2019-cu il tarixdə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə müqavilə bağlanıb. Bu baxımdan sənədləşdirmə işlərinin gecikdirilməsi vətəndaşın səhvi və yaxud günahı olaraq qiymətləndirilməməli, onun hüquqları məhdudlaşdırılmamalıdır. Apellyasiya baxışı zamanı cavabdeh bildirdi ki, mərhum bibisi Mina Aslanova ağır xəstə olub və ona özü baxıb. X10 bacısının qızıdır. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının xalası, cavabdehin isə bibisi X5 məxsus olmuşdur. Sonuncu xx.xx.2019-cu il tarixdə saat 08:45də mədə xərçəngi xəstəliyindən ölmüşdür. Mina Aslanova xx.xx.2011-ci il tarixli notariat qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə mübahisəli mənzili iddiaçıya vəsiyyət etmişdir. xx.xx.2019-cu il tarixli etibarnamə ilə X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə etmək və s. haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X6 (cavabdehin bacısı qızı) etibar etmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixədək verilmişdir. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə X10 həmin etibarnamə əsasında mübahisəli mənzili cavabdehə bağışlamış, müqavilə əsasında mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Bağışlama müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surəti əsasında, həmçinin müəyyən edilir ki, bağışlama müqaviləsini imzalayan şəxslərin fotoşəkilləri xx.xx.2019-cu il tarixdə axşam saat 18:55 radələrində çəkilib, müqavilə xx.xx.2019-cu il tarixdə saat 10:35də çap edilib. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 6.2, 324, 390, 359, 362.1, 365.1.7, 337.1, 337.2, 337.4, 337.5, 666.1, 1091 və 1093.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilin bağışlanmasına dair mərhum X9 ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə X4 ölümündən sonra təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmlş şərtlərin pozulması ilə bağlanmışdır. Ona görə də iddia təmin edilməli, müqavilə etibarsız hesab olunmalı, həmçinin əqdin hüquqi nəticəsi olaraq mənzilə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəlləyə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir (maddə 365.1.7). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (maddə 406.1). Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (maddə 407). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1). Beləliklə sadalanan hüquq normalarının tələblərinə əsasən etibarnamə vermiş şəxsin ölümü etibarnamənin qüvvəsinə xitam verir. Eyni zamanda tərəflər arasında etibarlı bağışlama müqaviləsinin bağlanması üçün tərəflər arasında yazılı müqavilə imzalanmalı və həmin müqavilə notariat qaydasında təsdiqlənməliidir. İş materiallarında göründüyü kimi mübahisəli bağışlama müqaviləsi xx.xx.2019-cu il tarixdə saat 10:35-də çap edilib. Yazılı müqavilənin imzalanması üçün onun ilk növbədə çap edilməli olduğu şübhəsizdir. Beləliklə, Mina Aslanovanın adından bağışlama müqaviləsi bağlanarkən sonuncu artıq öldüyündən onun verdiyi etibarnamənin qüvvəsi olmamışdır. Bu baxımdan təmsilçinin də onun adından bağışlama müqaviləsini imzalamaq (bağlamaq) səlahiyyəti olmamışdır. Qanunda yazılı müqavilənin bağlanması üçün ilk növbədə onun imzalanması tələb edildiyindən təmsil edənin bağışlama əqdinin rəsmiləşməsi üçün notariat orqanına müraciət etməsi, əqdin rəsmiləşməsi üçün zəruri sənədlərin toplanması və texniki prosedurların həyata keçirilməsi (müqavilə formasının tərtib olunması, bunun üçün müqavilədə əks olunacaq məlumat və fotoşəkillərin götürülməsi) əqdin bağlanmasına bərabər tutula və ya etibarlı əqdin bağlanmış hesab edilməsi üçün əsas ola bilməz. İş üzrə bağışlama müqaviləsinin imzalandığı anda təmsil olunanın artıq öldüyü müəyyən edildiyi üçün etibarlı bağışlama müqaviləsi bağlanmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsi bağışlama müqaviləsini etibarsız hesab etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya nəzərə alır ki, Mülki Məcəlləyə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir (maddə 366.1, 366.2). Baxılan iş üzrə cavabdeh əqdin ona bağışlanması üçün verilmiş etibarnamənin etibar edənin ölümü ilə xitam verildiyini bilməli idi. Çünki etibar edən cavabdehin bibisidir. Aşkardır ki, etibarnamə üzrə səlahiyyətlər məhz cavabdehin təşəbbüsü ilə onun bacısı qızı X6 verilmişdir. Mübahisəli bağışlama müqaviləsinin bağlandığı tarixdən 3 gün əvvəl etibarnamənin verildiyi tarixdə cavabdehin bibisi olan Mina Aslanova mədə xərçəngindən əziyyət çəkmişdir. Apellyasiya baxışı zamanı cavabdeh bibisinə özünün baxdığını bildirmişdir. Belə olan halda onun bibisinin ölümünü bilirdi, yaxud bilməli idi. Bu baxımdan Mülki Məcəllənin 366-cı maddəsi hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6892/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-3060/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3060/2020
17.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver