Məhkəmə qərarları › İş №2(103)-3061/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3061/2022

13.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3061/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8311/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ona məxsus 1602AZ**********50 nömrəli Smart G-4 İtron Diafraqma tipli sayğacın üzərinə yazılmış 2324 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkün kimi 1997-ci ildən 4 nəfər ailə üzvü ilə birgə Sabunçu rayonu, ünvan 1 ünvanında məskunlaşaraq yaşayır. Həmin vaxtdan uşaq bağçasında onlardan başqa digər 6 məcburi köçkün ailəsi də yaşayır. 2017-ci ilədək həmin uşaq bağçasına gələn qaz xəttinin üzərində 1 sayğac olmuş və həmin sayğacdan keçən qaz xəttindən bağçada yaşayan 7 məcburi köçkün ailəsi istifadə etmişdir. Eyni zamanda məlumat üçün iddiaçı bildirir ki, 2017-ci ilədək məcburi köçkün ailələrinə kommunal xidmətlərlə bağlı hər bir ailə üzvünə görə limit müəyyən olunmuş və həmin limit çərçivəsində də qazdan istifadə olunmuşdur. Bu səbəbdən iddiaçı hər il ailəsinin 5 nəfər tərkibdən ibarət olmasına dair arayışı əldə edərək Cavabdeh İB-nin Sabunçu rayonu üzrə X4 təqdim etmişdir. 2017-ci ildən etibarən məcburi köçkünlərlə bağlı kommunal güzəştlərdə dəyişiklik edilmişdir və kommunal xərclərlə bağlı hər bir ailə üzvünə pul formasında ödənişlər edilməyə başlanılmışdır. Artıq bundan sonra hər bir ailənin istifadə edəcəyi qazın həcmini müəyyənləşdirmək üçün Cavabdeh İB bağçada yaşayan 7 ailənin hər biri üçün ayrıca sayğac quraşdırmışdır. 27.02.2017-ci il tarixdən etibarən yaşadığı ünvana 1602AX**********50 nömrəli Smart G-4 İtron Diafraqma tipli sayğac quraşdırılmışdır. Həmin dövrdən etibarən mütəmadi olaraq istifadə edəcəyi qazın həcmini karta yükləyib istifadə etmişdir. 2018-ci ildən etibarən həmin yaşayış sahəsi az istifadə olunmuşdur. Həmin dövrlərdə orada əsasən oğlu yaşamış və qaza dair ödənişləri o, həyata keçirmişdir. Təxminən 10-15 gün bundan əvvəl iddiaçı qaz kartına ödəniş edib sayğaca yükləyərkən məlum olmuşdur ki, kartdakı məbləğin yarısı çıxılmışdır. Bundan sonra Cavabdeh İB-nin Sabunçu rayonu üzrə X4 müraciət etdiyi zaman ona bildirilmişdir ki, qaz sərfiyyatı ilə bağlı 2324 manat borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8311/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh İB nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi ve prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçının borcu saldodan da göründüyü kimi dəymiş zərərin hesablanmasına dair aktlar üzrə deyil, sayğacın göstəricisi üzrə aybaay sərf etdiyi qaz üzrə borcdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan **********00000 nömrəli abonentin saldosu vərəqindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2324 manat cərimə yazılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2324 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, göstərilən qanunvericiliyinin müddəalarına əsasən kollegiya hesab edir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Və belə olan halda cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır Digər tərəfdən cavabdeh qazın dəyərinin iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8311/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar